525.Az

Putin ilin sonuna qədər prezidentləri görüşdürməyə çalışacaq


 

"ERMƏNİSTAN RƏSMİLƏRİ DƏ ARTIQ MÜHARİBƏNİN QAÇILMAZ OLDUĞUNU ETİRAF EDIRLƏR"

Putin ilin sonuna qədər prezidentləri görüşdürməyə çalışacaq<b style="color:red"></b>

"Ermənistan rəsmiləri də artıq müharibənin qaçılmaz olduğunu etiraf edirlər. Təsadüfi deyil ki, Ermənistan prezidenti Armen Sarkisyan deyib ki, müharibə hamı üçün dağıdıcı olacaq. Yaxşı ki, hələ bunu anlayır".
 
Bu sözləri "Atlas" Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu deyib. Onun sözlərinə görə, buna baxmayaraq, Armen Sarkisyan İlham Əliyevlə görüşə hazır deyil: "O, Azərbaycan prezidenti ilə Nikol Paşiyanın görüşüb müzakirə aparması vacibliyini bildirib". E.Şahinoğlu hesab edir ki, Armen Sarkisyan baş naziri ona görə qabağa verir ki, Ermənistanda Konstitusiya dəyişikliyindən sonra əsas səlahiyyət sahibi prezident deyil, baş nazirdir.

Mərkəz sədrinin fikrincə, mümkündür ki, yaxın zamanda Kreml Azərbaycan prezidenti ilə Ermənistanın baş nazirini görüşdürməyə çalışsın: "Bu payız aylarında baş tuta bilər. Unutmayaq ki, avqustun 30-da İlham Əliyev Moskvada rusiyalı həmkarı Vladimir Putinlə görüşəcək. Nikol Paşinyanı dinləməkdə qəbahət görmürəm. Ancaq elə birinci görüşdəcə, o, Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılmasını bölgənin statusu ilə əlaqələndirərsə, onunla növbəti görüşə ehtiyac qalmayacaq. Ümumiyyətlə diplomatiyanın arxa plana keçdiyi və ordunun yeni strateji hədəfləri olduğu halda qarşı tərəflə mənasız görüşlərə ehtiyac yoxdur".

"Rusiya Dağlıq Qarabağ münaqişəsinin mərhələli və sülh yolu ilə həllinin tərəfdarıdır". Bu fikri Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev ermənistanlı həmkarı Armen Qriqoryanla görüşündə bildirib. Həqiqətənmi Rusiya Təhlükəsizlik Şurasının katibi Dağlıq Qarabağ münaqişəsinin mərhələli həllinin tərəfdarıdır? Başlıq aldada bilər. Xəbərin içini oxuyuruq: "Rusiya regionda sabitliyin bərqərar olunmasının, habelə Dağlıq Qarabağ probleminin bütün tərəflərin maraqları nəzərə alınmaqla, sülh yolu və mərhələli həllinin tərəfdarıdır".

Bu cümlənin əsas yükü "bütün tərəflərin maraqları nəzərə alınmaqla" ifadəsinin üzərindədir. Yəni, tərəflərdən biri - Ermənistan və ya Dağlıq Qarabağ separatçıları mərhələli həll planını istəmirlərsə, onları nəyəsə məcbur etmək düzgün deyil. Patruşevin sözlərindən çıxan nəticə budur. Ona görə də, rusiyalı rəsmilərin və diplomatların sətiraltı ifadələrinə diqqət yetirmək lazımdır. Necə deyərlər, şeytan detalda gizlənib", - deyə E.Şahinoğlu fikrini tamalayıb.

Qeyd edək ki, Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan  SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb. 1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb.

Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb. Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. Qrup ATƏT-in Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə yaradılıb. Qrupun üzvləri Azərbaycan, Ermənistan, Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa, Polşa, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveçdir. 1996-cı ilin dekabrından onun Rusiya, ABŞ və Fransadan ibarət həmsədrlik institutu fəaliyyət göstərir.Ermənistan qoşunlarının Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qısa fasilələrlə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri, o cümlədən, BMT Baş Assambleyası, AŞPA, ATƏT, İƏT və digər təşkilat və qurumların qətnamələri mövcuddur.

Ceyhun ABASOV

 





10.07.2018    çap et  çap et