525.Az

Cümhuriyyət xadimləri Fransada: bioqrafiyalardan fraqmentlər


 

Cümhuriyyət xadimləri Fransada: bioqrafiyalardan fraqmentlər<b style="color:red"></b>

Paris Fransanın paytaxtı olmaqla yanaşı, Avropa sivilizasiyasının nəhəng mərkəzidir.

Qərb mənəviyyatı, davranışları və adətləri, işıqlı həyat və xeyirxahlıq, bəzi hallarda isə adekvat olmayan ideyalar məhz burada inkişaf etmiş, inkişaf edir və yetişir. Bu şəhər elm, fəlsəfə və incəsənətin mənbəyidir. O, dibində qiymətli metalları, daşları, mirvariləri gizlətmiş nəhəng okeana bənzəyir.

Bundan başqa, Paris azadlığın beşiyidir. Məhz Fransanın paytaxtından 14 iyul 1789-cu ildə ilk dəfə olaraq "azadlıq, bərabərlik, qardaşlıq" sözləri səslənmişdir. Məhz Parisdən həddən artıq güclü enerji ilə bütün Avropa cəmiyyətini silkələyən xalq hakimiyyəti öz yoluna başlamışdır. Həmin dövrdə yazılmış "Marselyoza" bu günə qədər də Fransanın dövlət himni olaraq qalır, 14 iyul - Bastilyanın alınması günü isə Fransanın milli bayramıdır.

Fransa inqilabının ruhu Azərbaycana, onun xalqına da gəlib çatmışdır. Vətənimizin qabaqcıl oğulları xalq kütlələrində milli özünüdərk, oyanış, azadlığa və müstəqilliyə can atmaq kimi hissləri oyatdılar, əsrlərin sərhədlərində milli - azadlıq əhval-ruhiyyəsini yaydılar və möhkəmləndirdilər. Bunun nəticəsi olaraq, 1918-ci ilin may ayında müsəlman Şərqində ilk demokratik respublika - Azərbaycan Xalq Cümhuriyyəti yaradıldı.

Güman edə bilərik ki, məhz demokratiya, humanizm, tolerantlıq, milli dirçəliş, azadlıq və müstəqillik cəhdləri XIX əsrin sonu XX əsrin əvvəllərində milli ziyalıların bəzi nümayəndələrinin öz təhsillərini "liberal əsrin" Avropasının mədəni paytaxtı olan Parisdə davam etdirmək arzularını stimullaşdırdı. Sonralar, təhsillərini başa vurandan və öz doğma vətənlərinə qayıdandan sonra onlar milli ictimai-siyasi hərəkatın fəal iştirakçıları olaraq, Azərbaycan Xalq Cümhuriyyətinin parlamentinin və hökumətinin üzvləri oldular.   

Onların arasında 1868-ci ildə kübar ailədə anadan olmuş Əhməd bəy Ağayevi qeyd etmək lazımdır. O, əvvəl Şuşada, sonra isə Tiflisdə olan gimnaziyada oxumuş, 1887-ci ildə  Peterburqa gedir, Mərkəzi Mühəndis Texniki İnstitutuna daxil olmaq üçün imtahan verir. Lakin imtahan komissiya üzvlərinin qərəzli münasibəti nəticəsində Əhməd bəy imtahandan keçə bilmir.

1888-ci ildə ali təhsil almaq üçün Əhməd  bəy Parisə gedir. Burada o, şərq dilləri məktəbində - De Frans Kollecində (Sorbonna) oxuyur, eyni zamanda, Ali tədqiqat məktəbinin dinləyicisi olur. Əhməd bəy burada  məşhur fransız şərqşünasları Ernest Renan və professor Ceyms Darmestete ilə tanış olur, mühazirələrini dinləyir. Ağayev Parisdə elmləri mənimsəyərək Avropa liberalizm ideyalarını qəbul edir, islamşünaslıq və siyasi nəşrlər üçün məqalələr yazır. O, burada məşhur fransız siyasi nəşrin - "Journaldesdebats"ın İran üzrə müxbiri kimi fəaliyyət göstərir.

Fransada təhsil aldığı dövrdə Avropa demokratik ideyalarından və fransız şərqşünas-alimlərinin əsərlərindən təsirlənən Əhməd bəy Qarabağa qayıdan kimi  tezliklə Azərbaycan xalqının milli özünüdərketmə və türkçülük ideyalarının yayılması işinə başlayır. Ağayev Şuşa şəhərində ilk dəfə qiraətxana-kitabxana açır, şəhərin realnı məktəbində fransız dilini tədris edir. Fransiz dilindən dərs deyərək el arasında "Firəng Əhməd" ləqəbini alır.

1897-ci ildə Bakıya gələrək, "Kaspi" qəzetini nəşr edir. O, həmçinin, Ə.Hüseynzadə ilə "Həyat" qəzetinə redaktorluq etmişdir. 1910-cu ildə isə ailəsi Türkiyəyə köçür. Türkiyədə yaşayan Əhməd bəy Azərbaycanla əlaqəni kəsməmişdir. 1915-ci ildə o, Rusiyada yaşayan milli azlıqların Lozannada keçirilən konfransında Azərbaycanın təmsilçisi kimi çıxış etmişdir. Birinci Dünya müharibəsi dövründə ABŞ prezidenti V.Vilsona ünvanlanmış Rusiya müsəlmanlarının haqlarının qorunması müraciətinə imza atanlardan biri də Əhməd bəy idi.

Azərbaycan Xalq Cümhuriyyəti yaradılandan sonra Ağayev onun Parlamentinə deputat seçilir. 1919-cu ildə Əhməd bəy Paris sülh konfransında Azərbaycanı təmsil edən nümayəndə qrupunun üzvlərindən biri olmuşdur. Lakin Parisə gedərkən Britaniya hakimiyyəti onu İstanbulda həbs etdirir və Maltaya göndərir. 1921-ci ildə Türkiyə qayıdandan sonra "Hakimiyyeti-milli" qəzetinin redaktoru işləmiş, sonra Baş mətbuat idarəsinin direktoru olmuş, Türkiyənin Böyük Millət Məclisinin deputatı seçilmişdir. Əhməd bəy 1939-cu ildə İstanbulda vəfat etmişdir.

Axundov Bəhram bəy Cəfər bəy oğlu 1872-ci ildə Şuşa şəhərində anadan olmuşdur. Realnı məktəbi və sonra gimnaziyanı bitirmişdir. 1893-cü ildə Lill şəhərində Fransa Akademiyasının aspiranturasına qəbul olunmuş, burada qarışıq elmləri (fizika, kimya, biologiya) öyrənmişdir. 1896-cı ildə aspiranturanı bitirərək, təhsilini elə həmin akademiyada tibb fakültəsində davam etdirmiş və tibb doktoru diplomu almışdır. 1904-cü ildə Xarkov Universitetində qəbul imtahanlarını uğurla verərək, müsabiqə üzrə tibb fakültəsinə qəbul olunmuşdur.

Azərbaycan Milli Şurasının "Azərbaycan Məclisi-Məbusanının təsisi haqqında qanunu"na əsasən Azərbaycan Xalq Cümhuriyyətinin parlamentinin tərkibinə daxil edilmişdir. 1919-cu ildə Azərbaycan hökuməti ona xaricə təhsil almağa gedən tələbələrin sağlamlığına nəzarət etməyi tapşırmışdır. Azərbaycanda sovet hakimiyyəti qurulandan sonra Sovnarkomda həkim işləmişdir. B. Axundov 1932-ci ildə Bakıda vəfat etmişdir.

Kaplanov Rəşid xan Zavid oğlu 1885-ci ildə Aksay kəndində kumık knyaz ailəsində anadan olmuşdur. R. Kaplanov Dağıstan Respublikasının təşkilatçılarından biri olmuşdur. 1919-cu ilin yazında Denikinin qoşunları tərəfindən Dağıstan işğal ediləndən sonra Azərbaycan Xalq Cümhuriyyətinin rəhbərliyinin dəvəti ilə Bakıya gəlir.

O, 1919-cu ilin aprelində Azərbaycan Xalq Cümhuriyyətinin hökumətində maarif və məzhəb işləri üzrə nazir vəzifəsini tutmuş, Bakı Dövlət Universitetinin yaradılmasında iştirak etmişdir. 1919-cu ilin dekabrından 1920-ci ilin aprel ayına qədər maliyyə naziri olmuşdur.

Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra Moskvada yaşamış, Moskva Şərqşünaslıq İnstitutunda Türkiyə tarixi üzrə mühazirələr oxumuşdur. 1937-ci ilin oktyabr ayında həbs edilmiş və 10 dekabr 1937-ci ildə güllələnmişdir.

Ceyhun Əbdülhüseyn oğlu Hacıbəyli görkəmli Azərbaycan bəstəkarı Üzeyir bəy Hacıbəylinin qardaşıdır.

Ceyhun Hacıbəyli 1891-ci ildə Şuşa şəhərində anadan olmuşdur. Burada rus-tatar məktəbini bitirəndən sonra o, təhsilini Bakıda davam etdirir, sonra Peterburqa təhsil almağa göndərilir və burada universitetin hüquq fakültəsinə daxil olur. Peterburqdan sonra Ceyhun Hacıbəyli Fransaya gedir və Parisdə Sorbon Universitetinə qəbul olunur. 1916-cı ildə ali təhsilini başa vuraraq Bakıya qayıdır və burada redaktorluq fəaliyyəti ilə məşğul olur. Azərbaycan Xalq Cümhuriyyəti yaradılandan sonra onu Hökumətin mətbu orqanı olan "Azərbaycan" qəzetinin redaktoru təyin edirlər. 1919-cu ildə Azərbaycan nümayəndə heyətinin tərkibində Paris sülh konfransında iştirak etmək üçün Fransaya gedir.

1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti öz fəaliyyətini dayandırandan sonra o, Azərbaycana qayıtmır və ömrünün sonuna qədər Parisdə yaşayır və burada Azərbaycanın tarix və mədəniyyətininin təbliği ilə bağlı fəal iş aparır. 1925-ci ildə Ceyhun bəy qardaşı Üzeyir bəy Hacıbəyovun dünya şöhrətli "Arşın mal alan" operettasının librettosunu fransız dilinə tərcümə etmiş, 1928-ci ildə isə əsəri firəng dilində Parisdə tamaşaya qoymuşdur. "Arşın mal alan" hər yerdə olduğu kimi, Fransada da böyük müvəffəqiyyət qazanmışdır.

Ceyhun Hacıbəyli Parisdə yaradıcılıqla, eləcə də ictimai işlərlə məşğul olur, öz məqalələrini fransız jurnal və qəzetlərində çap etdirir. Onun ən dəyərli əsərlərindən biri 1934-cü ildə Parisdə "İki dünya jurnalı"nda çap etdirdiyi "Qarabağın dialekt və folkloru" tədqiqat əsəri olmuşdur. Həmin jurnal onun digər iki əsərinə də: "Azərbaycan tarixindən: Abbasqulu ağa Bakıxanov" və "SSRİ-də intellektual potensial" əsərlərinə öz səhifələrində yer ayırmışdır.  C.Hacıbəyli 1962-ci ildə Parisdə vəfat etmiş və burada da dəfn olunmuşdur.

Azərbaycan Xalq Cümhuriyyətinin bir sıra digər xadimlərinin də Fransa ilə əlaqəsi olmuş  və Cümhuriyyətin süqutundan sonra burada emiqrasiyada yaşamışlar.

Ağabəyzadə Məmmədsadıx bəy İsmayıl oğlu 1865-ci ildə Bakı quberniyasının Göyçay şəhərində anadan olmuşdur. 1883-cü ildə Bakı realnı məktəbini bitirmiş, bundan sonra Peterburq hərbi məktəbinə daxil olmuşdur. On ildən sonra o, Baş Ştabın nəzdində olan Sankt-Peterburq Şərq dilləri İnstitutuna daxil omuşdur.

23 oktyabr 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə Sadıx bəyi daxili işlər nazirinin müavini təyin edirlər. Xalq Cümhuriyyətinin süqutundan sonra Sadıx bəy ailəsi ilə birlikdə Türkiyəyə emiqrasiya edir, sonra Parisə gedir və Sorbon universitetində iki il fars və türk dillərini tədris edir. Parisdə o, talenin daha bir zərbəsini alır, sevimli həyat yoldaşı Güllü xanım vəfat edir və Fransa paytaxtının müsəlman qəbiristanlığında dəfn olunur. Bundan sonra alimin Parislə heç bir bağlantısı qalmır və o, 1927-ci ilin fevralın əvvəllərində Lvova gəlir və burada Lvov Universitetinin fəlsəfə faküıltəsində işləməyə başlayır.

Əsədullayev Mirzə Şəmsi oğlu 1875-ci ildə Bakı quberniyasının Əmircan kəndində Azərbaycanın zəngin neft sənayesi sahibkarının - mesenant Şəmsi Əsədullayevin ailəsində anadan olmuşdur.

Azərbaycan Xalq Cümhuriyyəti yaranandan sonra Parlamentin deputatı seçilir. AXC hökumətinin üçüncü kabinetində ticarət və sənaye naziri kürsüsünü tutmuşdur. Azərbaycanda sovet hakimiyyəti qurulandan sonra ailəsi ilə birlikdə Fransaya emiqrasiya etmişdir. Mirzə Əsədullayev - məşhur yazıçı Banunun (Ümmül Banu Mirzə qızı Əsədullayeva) atasıdır.

Mirzə Əsədullayev 1936-cı ildə Parisdə vəfat etmiş və Parisin yaxınlığındakı Bobinya şəhərində müsəlman qəbiristanlığında dəfn edilmişdir.

(Ardı var)

Rövşən AĞAYEV






















 





10.07.2018    çap et  çap et