525.Az

Kürdəmirli məzunların 40 il sonrakı görüşü


 

Kürdəmirli məzunların 40 il sonrakı görüşü<b style="color:red"></b>

İyulun 7-də Kürdəmir şəhər 2 saylı orta məktəbdə məzunların görüşü keçirildi. Görüşün iştirakçıları məktəbin 1978-ci il buraxılışının məzunları idi. 1978-ci ildə məktəbi bitirən dörd sinif üzrə 130 şagirddən yarısı 40 ildən sonra doğma ocağa toplaşmışdılar.

Hər zaman azyaşlı uşaqların və yeniyetmələrin gəzişdiyi məktəb həyəti bu dəfə fərqli ab-havadaydı. Saçı-saqqal ağarmış, artıq nənə-baba titulu daşıyan köhnə məzunlar yeniyetmə sevinci ilə bir-biri ilə görüşür, doğmalar kimi qucaqlaşır, sevincdən kövrəlirdilər. Bir-birinin ailə, iş həyatı, sağlamlığı ilə maraqlanan, hal-əhval tutan, məzunların səs-küyünə qəfil çalınan məktəb zəngi son verdi. Köhnə məzunlar dəstə-dəstə məktəb dəhlizinə daxil oldular. Onları dəhlizdə qarşılayan təqaüdçü müəllimləri ilə səmimi görüşdən sonra sinif otaqlarına keçən məzunlar keçmiş partalarında əyləşdilər. Bir andaca uşaqlaşan, kövrələn məzunlar vaxtsız  dünyasını  dəyişən sinif yoldaşlarının boş qalan partalarına tər qərənfil qoydular.

Görüş məktəbin akt zalında davam etdi. Öncə müəllimlər sinif jurnalları üzrə məzunların adını çəkdikcə ayağa qalxıb:

- Burdayam - deyən uşaqlar özləri haqda məlumat verdilər. Keçmiş sinif nümayəndələri  40 il ərzində dünyasını dəyişən, ölkə xaricində yaşayan, üzürlü səbəbdən görüşə gələ bilməyənlər haqqında qısa məlumat verdikdən sonra səhnədə quraşdırılmış monitorda vəfat edən sinif yoldaşları haqqında sujeti kədərlə izlədilər.

Daha sonra isə ölkə xaricində yaşayan məzunlar monitordan köhnə dostarını, müəllimlərini salamlayaraq, onlara iş və ailə məlumatları, uğurları barədə məlumat verərək onları izləyənlərə qəlbən birlikdə olduqlarını, arzularını çatdırdılar.

Daha sonra məşhur "məktəb illəri" mahnısının sədaları altında foto slaytı izləyən məzunlar uşaq kimi sevindilər.

- Bax, o mənəm, o da Məhbubə, Sevil, Südabə, Şahin, Araz, Əzizə baxın hələ... 

Dünya hələ bizim üçün nağıldı,
Min arzuyla alışırdıq, yanlırdıq
Özümüzü biz hamıdan ağıllı
Özümüzü nə bəxtəvər sanırdıq.
Məktəb illəri,
Ömrümün ən şirin, duyğulu,
Qayğısız günləri
Hər anı bir ömrə bərabər
Sevimli günləri...

Bir neçə saatlıq uşaqlaşan, qayğısız illərinə qayıdan məzunlar çox xoşbəxt görünürdülər.

Görüşdə iştirak edən müəllimlərdən Abutalıb Talıbov, Akif Hacıyev, Elmira Şıxalıyeva, Axirə Salmanava, Xanlar Kərimov çıxış edərək məzunları uşaqlıq, müəllimləri gənclik illərinə qaytardıqları, onları unutmayan, əvvəlki hörmət, ehtiramla xatırlayan məzunlarla görüşdürən, görüş iştirakçılarına sevinc fərəh dolu gün yaşatdıqları üçün tədbirin təşkilatçıları olan məzunlara, xüsusilə orta məktəb illərində təşkilatçılığı ilə fərqlənən Yaqut Əşrəfovaya minnətdarlıqlarını bildirdilər.

Görüş unudulmayan xatirələr, məzəli əhvalatlarla çay süfrəsi arxasında davam etdi.

SEVİNC

 





10.07.2018    çap et  çap et