525.Az

"İstək" liseyi ciddi maliyyə sıxıntısı yaşayırdı


 

TƏHSİL MÜƏSSİSƏSİNİN FƏALİYYƏTİNİ DAYANDIRMASI İLƏ BAĞLI YARANMIŞ MƏSƏLƏLƏRİN HƏLLİNƏ TƏHSİL NAZİRLİYİ OPERATİV REAKSİYA GÖSTƏRDİ

"İstək" liseyi ciddi maliyyə sıxıntısı yaşayırdı<b style="color:red"></b>

Xəbər verdiyimiz kimi, iyulun 5-də "İstək" liseyinin təsisçisi bu təhsil müəssisəsinin fəaliyyətinin dayandırılması ilə bağlı qərarın qəbul edilməsi barədə Təhsil Nazirliyinə müraciət edib.

Müraciətdə "İstək" liseyində çalışan pedaqoji heyətin digər təhsil müəssisələrində işlə təmin edilməsi və şagirdlərin təhsillərinin digər ümumi təhsil müəssisələrində davam etdirməsinə köməklik göstərilməsi məsələləri əksini tapıb.

Təsisçinin müraciəti əsasında Təhsil Nazirliyi "İstək" liseyinin şagirdlərinin və pedaqoji heyətin ölkəmizin təhsil müəssisələrində yerləşdirilməsi məqsədilə İşçi qrup yaradıb və prosesin normal gedişini təmin etmək üçün müvafiq hazırlıq işlərinə başlanılıb.

Təhsil Nazirliyi "İstək" liseyində təhsil alan şagirdlərin və onların valideynlərinin diqqətinə çatdırıb ki, şagirdlərin seçimi əsasında müvafiq təhsil müəssisələrində təhsillərinin davam etdirməsi, eləcə də bu məktəblərdə çalışan pedaqoji heyətin istəyindən asılı olaraq digər təhsil müəssisələrində yerləşdirilməsi üçün lazımi şərait yaradılacaq.

Təbii ki, "İstək" liseyinin fəaliyyətini dayandırması onun təsisçisinin qərarı və müstəsna səlahiyyətidir. Bildirilir ki, illər əvvəl ümumi təhsil sistemində yüksək keyfiyyəti, yeni tədris metodologiyalarının və innovasiyaların tətbiqi sahəsində öncül yerlərdən birini tutan bu məktəblərdə son dövrlərdə təhsilin səviyyəsi nisbətən zəifləyib. 2017/2018-ci tədris ilində Bakıda 4, bölgələrdə isə 8 "İstək" liseyi fəaliyyət göstərirdi. Lakin bu məktəblər artıq ölkəmizin ən qabaqcıl məktəbləri sırasında yer almırdılar. Əgər 3-4 il öncə beynəlxalq fənn olimpiadalarında ölkəmizə medallar gətirən məktəblər sırasında "İstək" liseyi ön sıralarda yer alırdısa, bu gün bu tendensiya rəqabətli təhsil bazarında fəaliyyət göstərən digər məktəblərin xeyrinə dəyişib. Son illərdə bu məktəblərə müraciət edənlərin sayında da azalma müşahidə edilməkdə idi. "İstək" liseyinin "Çağ Öyrətim" şəbəkəsi ilə bağlarının ictimai yaddaşda özünə möhkəm yer tutduğuna görə onlara ictimai inamsızlıq da var idi. Yüksək hazırlıqlı peşəkar müəllimlərin bu məktəbləri tərk etməsi də öz sözünü deyib.

Qeyri-rəsmi mənbələrə görə, son illər "İstək" liseyi ciddi maliyyə sıxıntısı yaşamaqda idi. Bunun də səbəblərindən biri "Çağ Öyrətim" şəbəkəsinin fəaliyyət göstərdiyi dövrdə mövcud olmuş maliyyə mənbələrinin olmaması və daha az məktəbli və valideynin bu məktəblərə üz tutmasındadır. Buna görə də "İstək" liseyi artıq rəqabətə davam gətirə bilmirdi.

Təhsil Nazirliyi "İstək" liseyinin şagirdlərinin onların valideynlərinin seçiminə uyğun olaraq istənilən dövlət məktəblərində yerləşdirməyə hazır olduğunu bəyan etsə də, heç şübhəsiz, bəzi vətəndaşların narahat olması, hətta narazılıq etməsi də başadüşüləndir. Ancaq bəzi media qurumlarında bu narazılıqların dövlət əleyhinə siyasi kampaniyaya çevirməyə hesablanmış addımlar isə heç cür başadüşülən və anlaşılan məsələ deyil.

Birmənalı olaraq "İstək" liseyinin fəaliyyətini dayandırmasi ilə bağlı yaranmış məsələlərin həllinə Təhsil Nazirliyinin operativ reaksiya göstərməsi sözügedən liseydə təhsil alan şagirdlərinin valideynlərinin narahatlığının aradan qaldırılmasına hesablanmaqla bərabər, Azərbaycanda dövlət tərəfindən təhsilə, şagird və müəllimlərin maraqları və mənafeyinə diqqətin və qayğının prioritet sahələrdən biri olduğunu növbəti dəfə nümayiş etdirib.

Məsələ ilə bağlı fikirlərini bildirən Yeni Azərbaycan Partiyasının İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, Milli Məclisin deputatı Aydın Mirzəzadə qeyd edib ki, bütün sahələrdə olduğu kimi, təhsil sahəsində də çox ciddi rəqabət var. O, SİA-ya bildirib ki, valideynlər bu gün övladlarına keyfiyyətli, müasir tələblərə cavab verən təhsil verməkdə maraqlıdırlar: "Bu baxımdan, mümkündür ki, son dövrlərdə "İstək" liseyində işlər kifayət qədər yaxşı qurulmadığına artıq bu lisey rəqabətə davam gətirə bilmir".

Deputat deyib ki, liseydə mövcud olan problemlərlə əlaqədar artıq valideynlər övladlarını başqa məktəblərə köçürüblər: "Yəni ilk növbədə, bu məktəb digər məktəblərdən şagird qəbuluna, təhsil səviyyəsinə görə gerilədiyini görərək, bundan sonra fəaliyyətini davam etdirməyə ehtiyac hiss etməyib. Yüksək hazırlıqlı müəllimlərin bu məktəbi tərk etməsi də öz sözünü deyir".

A.Mirzəzadənin sözlərinə görə, sözügedən liseyin bazasında yeni məktəb yarana bilər: "Ola bilsin ki, lisey başqa məktəbin tərkibinə də daxil olsun. İstənilən halda, bu gün təhsil sahəsində rəqabət məktəbləri işini daha yaxşı qurmağa, valideynlərin marağını nəzərə almağa məcbur edir".

Deputat qeyd edib ki, "İstək" liseyinin fəaliyyətini dayandırması, onun təsisçisinin qərarı və müstəsna səlahiyyətidir: "Liseylə bağlı yaranan məsələlərin həllinə Təhsil Nazirliyinin operativ reaksiyası Azərbaycanda dövlət tərəfindən təhsilə, şagird və müəllimlərin maraqları və mənafeyinə diqqət və qayğının prioritet sahələrdən biri olduğunu növbəti dəfə göstərmiş oldu".

İldən-ilə ölkəmizdə şagirdlərin təhsil səviyyəsi yüksəldiyini vurğulayan A.Mirzəzadə söyləyib ki, hər il ali məktəbə qəbul olunan tələbələrin təhsil səviyyəsində müsbət dəyişiklik özünü göstərməkdədir.

C.ABASOV

 





10.07.2018    çap et  çap et