525.Az

"Ölkədə qarşıdurma yaratmaq istəyənlər dindən istifadə edirlər"


 

KOMİTƏ SƏDRİ QEYD EDİB Kİ, AZƏRBAYCAN GÜCLÜ DÖVLƏTDİR VƏ BU CÜR TƏXRİBATLARIN ÖZ MƏQSƏDİNƏ ÇATMASINA İMKAN VERMƏYƏCƏK

"Ölkədə qarşıdurma yaratmaq istəyənlər dindən istifadə edirlər"<b style="color:red"></b>

Dünən Bakıda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə "Dini radikalizmlə mübarizədə birgə fəaliyyətin təşkili və əhəmiyyəti" mövzusunda konfrans keçirilib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbərliyinin, Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin rəsmilərinin, həmçinin, Azərbaycan Milli Elmlər Akademiyası, qeyri-hökumət təşkilatlarının rəsmi nümayəndələrinin, eyni zamanda ölkədə fəaliyyət göstərən dini konfessiya rəhbərlərinin və gənclərin iştirak etdiyi tədbiri giriş sözü ilə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı açıb.

M.Qurbanlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən ölkədə dövlət-din münasibətlərinin yüksək səviyyədə tənzimlənməsi, dini radikalizm və ekstremizmə qarşı effektiv mübarizənin aparılması, eləcə də müxtəlif dinlərə, məzhəblərə etiqad edən ölkə vətəndaşlarının qarşılıqlı hörmət, mehribançılıq və əməkdaşlıq şəraitində birgəyaşayış ənənələrinin daha da möhkəmləndirilməsi məqsədilə müxtəlif formatlarda silsilə tədbirlər həyata keçirildiyini bildirib. O qeyd edib ki, hər il dünyada 30-35 min insan terrorun qurbanı olur: "Ölkələr var ki, terroru himayə edirlər, dövlət səviyyəsində də terroru müdafiə edən ölkələr var. Artıq terroru müdafiə edən ölkələr təcrid olunurlar. Dini radikalizm, ekstremizmin davamı mütləq terrora gətirib çıxarır və bu terror təhlükəsi ümumilikdə hər bir ölkə və fərd üçün olduqca təhlükəlidir. Dindən sui-istifadə edərək insanlara qarşı terror törətmək, ayrı-ayrı ölkələrdə qarışıqlıq, müharibə yaratmaq böyük faciələrə gətirib çıxarır. Buna qarşı mübarizə lazımdır. Bu mübarizədə ən başlıca vasitə maarifləndirməkdir, dinlərin mahiyyətini insanlara olduğu kimi başa salmaqdır".

M.Qurbanlı bildirib ki, Gəncədəki din adı altında baş vermiş hadisə əvvəldən təşkil olunmuş terror hadisəsidir və bunu təşkil edənlərin məqsədi Azərbaycanda ictimai-siyasi sabitliyi pozmaqdır. Onun sözlərinə görə, ölkədə qarşıdurma yaratmaq istəyənlər dindən istifadə edirlər: "Bununla onlar dini də təhrif edirlər".

Komitə sədri qeyd edib ki, Azərbaycan güclü dövlətdir və bu cür təxribatların öz məqsədinə çatmasına imkan verməyəcək: "Gəncədəki hadisənin dinə aidiyyəti yoxdur. Bununla bağlı hüquq-mühafizə orqanları araşdırma aparır, saxlanılanlar var və tezliklə hadisənin arxasında dayanan daxili-xarici qüvvələr ifşa edilib, ictimaiyyətə elan olunacaq. Hadisəni törədəni dəstəkləyənlərə nəzər yetirdikdə - hansı ki, onlar hətta Ermənistanda oturaraq Azərbaycan əleyhinə təbliğat aparanlardır - o zaman məsələ aydın olur. Bu, ölkəmizə qarşı terror hadisəsidir”.

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) şöbə rəisi Suad Mahmudov isə deyib ki, son bir ildə Azərbaycanda xaricdən idarə olunan 7 qeyri-qanuni dini icmanın fəaliyyətinin qarşısı alınıb. On iki əcnəbi ekstremist şəxs Dövlət Miqrasiya Xidmətinin köməyi ilə ölkədən çıxarılıb. O qeyd edib ki, Dövlət Sərhəd Xidməti ilə birgə iş nəticəsində xaricdəki münaqişələrdə iştirak edən 20 ekstremist ölkəyə qayıdarkən saxlanılaraq istintaq orqanlarına təhvil verilib: "Dövlət Təhlükəsizliyi Xidməti bu gün aidiyyəti orqanlarla birgə ölkədə ekstremizm və radikallıq meyillərinin qarşısını almaq məqsədilə ardıcıl və sistemli iş aparır. Bu gün dinlə bağlı məsələlərə sırf insan hüquqları və milli-mənəvi dəyərlər prizmasından deyil, həm də təhlükəsizlik baxımından yanaşılması dövlətin hüququdur".

DTX rəsmisi bəyan edib ki, din dövlətdən ayrı olsa da, dövlət ölkədəki dini duruma və vətəndaşların təhlükəsizliyinə görə bilavasitə məsuliyyət daşıyır.

Qafqaz Müsəlmanları İdarəsinin Aparat rəhbəri Simran Həsənov deyib ki, Qafqaz Müsəlmanları İdarəsi yarandıqdan sonra, ən azı müstəqillik dönəmində onun tərkibində bir dənə də olsun radikal qrup, radikal cərəyan olmayıb: "Azərbaycanda islam təmayüllü bu cür cərəyanların olmamasını söyləmək fikrində deyiləm. Amma onların məhz QMİ-nin strukturunda, icmalarında yaranmasını təkzib edirəm". Onun sözlərinə görə, islam dininin radikalizmlə heç bir əlaqəsi yoxdur: "Ümumiyyətlə, bütün səmavi dinlər səbr və təmkin konsepsiyasına əsaslanır. Oksford Universitetinin bir professoru radikalizmi psixoloji xəstəlik adlandırıb. Ümumdünya Səhiyyə Təşkilatından xahiş olunub ki, radikalizm xəstəliklərin siyahısına salınsın. Həqiqətən də dini radikalizmin mahiyyətini araşdırdıqda onun psixoloji xəstəlik olması qənaətinə gəlirsən". S.Həsənov onu da qeyd edib ki, son illər ərzində Azərbaycanda dini radikalizmin qarşısının alınması üçün çoxsaylı tədbirlər keçirilib. Tədbirdə Bakı şəhəri Dağ yəhudiləri dini icmasının sədri Milix Yevdayev, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun aparat rəhbəri Ataxan İsayev, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktor əvəzi Rəvan Həsənov, Alban-Udi Xristian dini icmasının sədri Robert Mobili, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının nümayəndəsi Konstantin Pominov, Roma Katolik kilsəsinin Azərbaycandakı apostol prefekturasının nümayəndəsi Vladimir Baksa da çıxış ediblər.

Konfransda Azərbaycanda dini radikalizmə və ekstremizmə qarşı mübarizə istiqamətində görülən işlər və qarşıda duran vəzifələr, eləcə də bu sahədə birgə fəaliyyətin təşkili və əhəmiyyəti müzakirə edilib.

S.QARAYEVA

 





11.07.2018    çap et  çap et