525.Az

Deputatların çoxu "Xorvatiya" deyir


 

Deputatların çoxu "Xorvatiya" deyir<b style="color:red"></b>

Rusiyada keçirilən futbol üzrə XXI dünya çempionatı artıq başa çatmaq üzrədir.

Mundialın artıq ilk finalçısı məlum olub. İkinci finalçı isə bu gün, iyulun 11-də məlum olacaq. Yəni İngiltərə və Xorvatiya milli komandaları finala vəsiqə qazanmaq uğrunda mübarizə aparacaq və ikinci finalçı da məhz bu qarşılaşmda bəlli olacaq. Xatırladaq ki, mundialda üçüncü yer uğrunda görüş iyulun 14-də, final qarşılaşması isə iyulun 15-də keçiriləcək.

Bəs görəsən, Azərbaycan siyasiləri-millət vəkilləri hansı millini 21-ci dünya çenpionu görmək istəyirlər?

Bununla bağlı "525"ə açıqlamasında millət vəkili Tahir Mirkişili öncə bildirib ki, bu mərhələdə bütün komandalar yaxşı oyun nümayiş etdirirlər. "Ancaq düşünürəm ki, Xorvatiya komandasını çempion görmək daha maraqlı olardı" - deyə o əlavə edib.

Millət vəkili Aydın Mirzəzadə konkret ölkə adı çəkməsə də, "Gözəl oyun nümayiş etdirənin" -deyib. Eyni zamanda, millət vəkili ya Azərbaycanın, ya da Türkiyənin futbol üzrə dünya çempionu olmasını arzulayıb.

Digər millət vəkili Tahir Rzayev isə yarımfinala qədər yüksələn hər bir millinin çempion olmağa haqqı çatdığını və bu baxımdan, onlar arasında seçim etməyə çətinlik çəkdiyini deyib: "Hər biri dünya çempionu olmağa layiqdir, bunu haqq edirlər. Amma eyni zamanda, 21-ci dünya çempionu kimi ya İngiltərə, ya da Xorvatiya millisini görmək istərdim".

Millət vəkili Azər Badamov bu çempionatın sürprizlərlə dolu olduğunu, "güclü"lərin əksəriyyətinin mübarizədən kənarlaşdırıldığını bildirib: "Çox maraqlı bir çempionatdır. İndiyədək güclü sayılanların əksəriyyəti mübarizəni yarımçıq dayandırdılar, necə deyərlər, kimsənin "göz yaşları"na baxılmadı, daha əzmkarlar dörddəbirə, yarımfinala yüksəldilər. İstərdim ki, bu dəfə çempion  Xorvatiya olsun".

Millət vəkili Eldəniz Səlimov da həmkarı A.Badamov kimi bu çempionatın sürprizlərlə bol olduğunu və futbol tarixinə də məhz belə düşəcəyini bildirib: "Mən Braziliya millisinə azarkeşlik edirdim, amma təəssüflər olsun ki, yarımfinala çıxa bilmədilər. Ona görə çempion kimi İngiltərəni görmək istərdim".

Kamil HƏMZƏOĞLU

 





11.07.2018    çap et  çap et