525.Az

Sabitliyin pozulması istiqamətində çağırışlar qanunla qadağandır


 

"AZƏRBAYCANIN MÜSTƏQİL SİYASƏT YÜRÜTMƏSİ VƏ ÖLKƏDƏ DAVAMLI SABİTLİYİN OLMASI ÇOXLARINI NARAHAT EDİR"

Sabitliyin pozulması istiqamətində çağırışlar qanunla qadağandır<b style="color:red"></b>

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Baş Prokurorluğu ölkə ərazisində elektrik enerjisinin kəsilməsi və Gəncədə baş verən məlum cinayət hadisəsini dövlətə qarşı kütləvi narazılıqlara çevirməyə, ictimai sabitliyi pozmağa çalışanlara qarşı hüquqi müstəvidə iş qaldırıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumatda bildirilib ki, bəzi kütləvi informasiya vasitələrinin vəzifəli şəxsləri, həmçinin, ayrı-ayrı şəxslər internet informasiya resursları vasitəsi ilə həqiqətə uyğun olmayan təxribat xarakterli məlumatlar yayır: "Həmin məlumatlara ictimai rəyi çaşdırmaq, ictimai-siyasi sabitliyi pozmaq, terrorçuluğu dəstəkləyən, vətəndaşlar arasında dövlətin həyata keçirdiyi tədbirlərə inamsızlıq yaratmaq, cinayətkarlığa qarşı mübarizə sahəsində hüquq mühafizə orqanları tərəfindən görülən işlərin üzərinə kölgə salmaq məqsədi ilə bilə-bilə yalan məlumatlar, eləcə də yayılması qanunla qadağan edilən informasiyalar daxil edilərək terrorçuluğa və hakimiyyətin zorla ələ keçirilməsinə və Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn açıq çağırışlar edilib. Bəzi profillər vasitəsi ilə sosial şəbəkələrdə müxtəlif məzmunlu paylaşımlarda və ya şərhlərdə terrorçuluğa açıq çağırışlar edilməsi faktları üzrə Cinayət Məcəlləsinin 214-2-ci (terrorçuluğa açıq çağırışlar) maddəsi ilə cinayət işləri başlanıb. Bundan başqa, sosial şəbəkələrdə müxtəlif məzmunlu paylaşımlar etməklə insanları qanunsuz etiraz aksiyaları təşkil edərək hakimiyyətin zorla ələ keçirilməsinə və Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn açıq çağırışlar edilməsi faktı ilə bağlı isə Cinayət Məcəlləsinin 281.1-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar) maddəsi ilə cinayət işi başlanıb. Həmin cinayət işləri ibtidai istintaqın aparılması üçün Dövlət Təhlükəsizlik Xidmətinə göndərilib və hazırda təqsirli şəxslərin müəyyən edilib məsuliyyətə cəlb edilmələri üçün əməliyyat-istintaq tədbirləri davam etdirilir".

Qeyd olunub ki, "criminalaz.com" və "bastainfo.com" internet saytlarının internet informasiya resurslarına məlumatları yerləşdirməyə məsul olan vəzifəli şəxsləri ötən dövr ərzində "Kütləvi informasiya vasitələri" haqqında Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin tələblərini pozduqlarına görə Baş Prokurorluq tərəfindən iki dəfə rəsmi xəbərdarlıq edilmələrinə baxmayaraq, həmin qanunun tələblərini qərəzli şəkildə yenidən pozaraq 03-06  iyul 2018-ci il tarixlərdə dərc edilmiş müxtəlif başlıqlı məqalələrdə ictimai rəyi çaşdırmaq, ictimai-siyasi sabitliyi pozmaq, vətəndaşlar arasında dövlətin həyata keçirdiyi tədbirlərə inamsızlıq yaratmaq məqsədi ilə bilə-bilə yalan məlumatlar, eləcə də yayılması qanunla qadağan edilən informasiyalar daxil edərək yayımlayıblar: "Həmin faktlarla bağlı Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı, yəni vəzifəli şəxs tərəfindən informasiya resurslarına bilə-bilə yalan məlumatların daxil edilməsi) maddəsi ilə cinayət işi başlanmaqla ibtidai istintaqın aparılması Bakı şəhər prokurorluğuna tapşırılıb. Azərbaycan Respublikası Baş Prokurorluğunda aparılmış araşdırmalarla "topxeber.az"  və "fia.az" internet saytlarının vəzifəli şəxsləri tərəfindən "Kütləvi informasiya vasitələri" haqqında Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin tələblərinin kobud şəkildə pozulması, cəmiyyətdə çaşqınlıq yaranmasına səbəb olan, konkret faktlara əsaslanmayan, sensasiya xarakterli məlumatların məqsədli şəkildə yayılması müəyyən edilib. Bununla əlaqədar, internet saytlarının rəhbərləri Baş Prokurorluğa dəvət edilərək, onlardan "Prokurorluq haqqında" Qanunun tələblərinə müvafiq olaraq rəhbəri olduqları internet saytlarında sensasiya naminə informasiyaların yayılmasına son qoyulması tələb edilməklə, gələcəkdə dövlətin rəsmi qurumlarının mətbuat xidmətləri ilə dəqiqləşdirmə aparmadan qanunazidd əməllərini davam etdirəcəkləri təqdirdə barələrində cinayət məsuliyyəti də daxil olmaqla qanunvericilikdə nəzərdə tutulmuş daha ciddi tədbirlər görüləcəkləri barədə rəsmi xəbərdarlıq ediliblər. "Bastainfo.com", "criminalaz.com", "topxeber.az" və "fia.az" internet saytlarının internet informasiya ehtiyatına müraciətlərinin məhdudlaşdırılması və digər məhdudiyyətlərin tətbiqi üçün müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə müraciət edilib. Baş Prokurorluq tərəfindən bir daha kütləvi informasiya vasitələrinə, o cümlədən, sosial şəbəkə istifadəçilərinə ("facebook", "twitter", "instagram" və s.) "Kütləvi informasiya vasitələri" haqqında Qanunun tələblərinə riayət etmələrinə dair xəbərdarlıq olunmaqla ölkəmizdə bərqərar olmuş ictimai-siyasi sabitliyin pozulmasına, terrorçuluğu dəstəkləyən, əhali arasında vahimə yaratmaq məqsədilə dövlət və ictimai xadimlərin həyatına sui-qəsd etməklə terrorçuluğa açıq çağırışlar, vətəndaşlar arasında dövlətin həyata keçirdiyi tədbirlərə inamsızlıq yaratmaq, insanları konkret yeri və vaxtı göstərilərək qanunsuz etiraz aksiyaları keçirməyə təhrik etməklə hakimiyyətin zorla ələ keçirilməsinə və Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn açıq çağırışlar və digər istənilən qanunazidd hərəkətlərin qarşısının alınması üçün respublikanın hüquq mühafizə orqanları tərəfindən monitorinq həyata keçirilməklə bu cür hərəkətlərə yol verən müvafiq şəxslər barəsində ən ciddi məsuliyyət tədbirlərinin görülməsi təmin ediləcək".

Məsələ ilə bağlı fikirlərini bildirən "SƏS" qəzetinin baş redaktoru Bəhruz Quliyev qeyd edib ki, Azərbaycan demokratik və hüquqi bir dövlət olaraq, istər beynəlxalq, istərsə də ölkə daxilində mövcud olan qanunlar çərçivəsində öz uğurlu siyasətini yürüdür. O, SİA-ya bildirib ki, xaricdən idxal olunan itaətsizliyə çağırışlarla ölkədə vəziyyəti mürəkkəbləşdirmək mümkün deyil.

Ölkəmizin uzun illərdir erməni terroruna məruz qaldığını deyən B.Quliyev hesab edir ki, hansısa qüvvələrin sabit və inkişaf edən Azərbaycanda suyu bulandırmaq cəhdləri, ictimaiyyəti kütləvi itaətsizliyə çağırışları qəbuledilməzdir: "Bəzi antiazərbaycan qüvvələrin ölkəmizdə həyata keçirməyə cəhd göstərdikləri itaətsizliyə və silahlı qarşıdurmaya çağırışları hüquq-mühafizə orqanları tərəfindən qarşısı alınacaq. Azərbaycanda bu cür cəhdlər heç vaxt baş tutmayacaq. Çünki öz dövlətini, Vətənini sevən hər bir kəs vətəndaşlıq mövqeyindən çıxış edərək, belə cəhdləri lənətləyir. Hesab edirəm ki, hər bir azərbaycanlı bənzər məsələlərdə həssas olmalı, dövlətçilik maraqlarının qorunması üçün əlindən gələni əsirgəməməlidir. Ümumiyyətlə, ölkəmizin sabitliyini istəməyən bir sıra qüvvələrin cəhdlərinin qarşısının alınmasında xalq hər zaman olduğu kimi, indi də, gələcəkdə də öz dövlətinin yanındadır, xalq-hakimiyyət birliyi reallığından çıxış edir. Çünki bu, həm də bir ümummilli məsələdir".

Baş redaktor qeyd olunanlarla yanaşı, media sahəsində çalışanlara da çağırış edib. O, mətbuat təmsilçisi olaraq bildirib ki, Azərbaycanda özbaşınalıq yaratmağa çalışanların qarşısında cavab verməyinin tərəfdarıdır: "Təəssüflə bir faktı da qeyd etməliyik ki, məlum hadisədən sonra maraqlı qüvvələr tərəfindən istər saytlarda, istər portallarda, istərsə də sosial mediada bir-birinin ardınca, vəziyyəti mürəkkəbləşdirməyə yönəlmiş yazılar, informasiyalar və çağırışlar yer aldı. Ancaq Azərbaycan xalqı belə informasiyaları həqiqət kimi qəbul etmədi. Bu səbəbdən, mən bir jurnalist olaraq, fəaliyyət göstərən qəzet və sayt rəhbərlərinə, eləcə də sosial şəbəkə istifadəçilərinə çağırış edərək bildirirəm ki, bizlər ayıq-sayıq olmalı, əldə etdiyimiz informasiyaların hər birini tam dəqiqliyi ilə yoxladıqdan sonra ictimailəşdirməli, eləcə də bədxah qüvvələrin qarşısını birlikdə almalıyıq. Əks halda, düşmən dəyirmanına su tökmüş olacağıq. Ümidvaram ki, Azərbaycan Respublikasının Baş Prokurorluğunun rəsmi məlumatından sonra bizlər - mətbuat təmsilçiləri də daxil olmaqla, hər kəs dövlətimizin mənafeyinin qorunması istiqamətində, ölkədə özbaşınalıq yaratmağa çalışanlara qarşı birgə və səmərəli mübarizə aparacağıq".

Milli Məclisin deputatı Bəxtiyar Sadıqov da qeyd edib ki, Azərbaycanda sosial şəbəkələr və digər vasitələrlə dövlətçilik əleyhinə çağırış edən şəxslər cəzalandırılmalıdır. O, "Trend"ə bildirib ki, Azərbaycanın müstəqil siyasət yürütməsi və ölkədə davamlı sabitliyin olması çoxlarını narahat edir: "Hətta bəzi dövlətlər və müəyyən qruplar məqam düşən kimi Azərbaycanda sabitliyi pozmağa, iqtidarla xalq arasında narazılıq yaratmağa cəhd edirlər. Amma dəfələrlə buna cəhd olunsa da, onlar istədiklərinə nail ola bilməyiblər. Çünki Azərbaycanda xalqla iqtidar arasında möhkəm birlik var, Azərbaycan iqtidarı xalqın bütün arzu-istəklərini gerçəkləşdirir".

B.Sadıqov qeyd edib ki, müəyyən qüvvələr insanları etiraz aksiyasına çağırmağa cəhd edirlər: "Bu qüvvələr Azərbaycanda sabitliyə xələl gətirmək istəyirlər. Həmin şəxslər kimliyindən asılı olmayaraq məsuliyyətə cəlb edilməli və qanun qarşısında cavab verməlidirlər".

Deputat bildirib ki, dövlət əleyhinə, ölkədə sabitliyin pozulması istiqamətində çağırışlar qanunla qadağandır: "Həmin şəxslər qanun qarşısında cavab verəcəklər. Onların istəkləri heç vaxt baş tutmayacaq. Hər kəs törətdiyi əmələ görə cavab verməlidir. Hər kəs qanun qarşısında eynidir".

Qeyd edək ki, Baş Prokurorluğun açdığı məlum cinayət işi ilə əlaqədar 20-dək saxlanılan şəxs var.

C.ABASOV

 





11.07.2018    çap et  çap et