525.Az

Rəşad Məcid: “Məkrli niyyətlərin qarşısının alınması üçün dövlətimizin yanında olmalıyıq”


 

Rəşad Məcid: “Məkrli niyyətlərin qarşısının alınması üçün dövlətimizin yanında olmalıyıq”<b style="color:red"></b>

İyulun 10-da Gəncə şəhərində baş vermiş iğtişaş və nəticədə iki nəfər yüksək rütbəli polis zabitinin qətlə yetirilməsi ictimaiyyət tərəfindən böyük hiddətlə qarşılanıb. Ölkənin tanınmış ictimai-siyasi xadimləri, elm və mədəniyyət xadimləri, ziyalılar birmənalı olaraq baş vermiş hadisədən narahatlıqlarını ifadə ediblər.

“525-ci qəzet”in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid olaya öz Feysbuk səhifəsində münasibət bildirib: “Çox təəssüf! Allah şəhid olan polislərimizə rəhmət eləsin! Qarşıdurmaya çağıranlar, Vətənimizi qanla çalxalamaq istəyənlərin dəyirmanına su tökənlər, xurafat və cəhalətin əsiri olanları qəhrəmana çevirənlər, qisas hissiylə alışıb yananlar! Sevinənlər! Durun, dayanın! Xalq siz deyilsiniz! Xalq bu təhlükəni duyan, hiss edən, dövlətimizə qarşı namərd hücumların mahiyyətini anlayan insanlardı!  Onlar çoxdular! Lap çox! İndi təmkinli dayansalar da, namərdlərə, kürəyə bıçaq saplayanlara layiqli cavab verəcəklər! İctimai fikir və çoxluq xalqın müdrik kəsimindədir! Və bu çoxluq indi dinməli, səsini qaldırmalı,Vətənimizi qana sürükləyən bir ovuc xainə qarşı kəskin münasibətini ortaya qoymalıdır!”

Bizimlə söhbətində baş verən hadisələrə daha ətraflı toxunan R.Məcid bildirib ki, Mingəçevir İşıq Elektrik Stansiyasında baş verən qəzadan sonra Gəncə İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı sui-qəsd cəhdi və iyulun 10-da Gəncədə mitinq təyin edilməsi açıq-aydın göstərirdi ki, baş verənlər xaricdən idarə olunan antiazərbaycan qruplar, ölkəmizdəki mövcud sabitliyi gözü götürməyən qüvvələr tərəfindən istiqamətləndirilib: “Təəssüf ki,  bununla bağlı çağırışlar əhalinin məhdud düşüncəli, radikal dini əhvalda olan kəsimi, bəzən isə ümumiyyətlə, məişət zəminində üzləşdiyi hansısa bir problemə görə narazı qalan şəxs və qruplar tərəfindən sosial şəbəkələrdə dəstəklənirdi. Prosesləri ardıcıllıqla, ümumi bir kontekstdə izləyəndə cərəyan edən hadisələrin bir mərkəzdən, xaricdən verilən xüsusi tapşırıqlar əsasında idarə olunması fikri daha da qətiləşir. Son illər Azərbaycanda din adı altında pərdələnən, əslində isə bəzi xarici dövlətlərə, ekstremist qruplara xidmət göstərən xeyli insan formalaşıb, onların əksəriyyəti  xaricdə radikal dini qruplaşmaların tərkibində xüsusi təlim keçiblər. Heç ibtidai təhsili də olmayan belə insanlar dində sığınacaq tapır, öz məhdud düşüncələri ilə insanlara təsir göstərməyə çalışırlar”. Mirzə Fətəli Axundov, Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir kimi böyük fikir adamlarının hələ 150 il bundan əvvəl maarifçilik ideyalarının təbliğli ilə məşğul olduqlarını xatırladan R.Məcid  deyib ki, Azərbaycanın bu illər ərzində dünyəvi dövlət olmaq yolunda qazandığı uğurları gözü götürməyən bəzi xarici güclər öz məqsədlərinə çatmaq üçün məhdud düşüncəli, xurafat və cəhalətin əsarətində olan insanlardan istifadə etməyə cəhd göstərirlər: “Xarici qüvvələr bir qayda olaraq belə adamları yönəltməyə, idarə etməyə çalışırlar. Belə məkrli niyyətlərin reallaşmasının qarşısının alınması üçün Azərbaycan ziyalıları, ölkənin düşünən insanları öz səsini qaldırmalı, dövlətimizin yanında olmalı, din adı altında dövlətçiliyə xəyanət edən bir ovuc insanlara öz kəskin sözünü deməlidirlər”.

S.QARAYEVA

 





11.07.2018    çap et  çap et