525.Az

Azərbaycanı Suriyaya çevirmək istəyənlərin arzusu gözündə qaldı


 

Azərbaycanı Suriyaya çevirmək istəyənlərin arzusu gözündə qaldı <b style="color:red"></b>

İyulun 10-da saat 20 radələrində 150-200 nəfərdən ibarət radikal dini yönümlü bir qrup şəxs Gəncə şəhər İcra Hakimiyyətinin inzibati binasının önündəki meydana toplaşaraq asayişi kobud şəkildə pozmağa cəhd göstərib.

Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin yaydığı birgə məlumatda qeyd olunub ki, xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarının xəbərdarlığına məhəl qoymayan qanunazidd hərəkətlərin iştirakçıları özləri ilə gətirdikləri küt və kəsici-deşici alətlərlə asayiş keçşikçilərinə müqavimət göstəriblər. Nəticədə qanunsuz hərəkətlərin qarşısı alınarkən xidməti vəzifələrini yerinə yetirən iki polis zabiti - Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini,  polis polkovniki İlqar Balakişiyev və Nizami Rayon Polis İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Səməd Abbasov radikal ünsürlərin kəsici-deşici alətlərlə yetirdikləri zərbələr nəticəsində şəhid oldular.

Asayiş keşikçiləri Gəncədə sabitliyi pozmağa cəhd edən 30-dan çox iğtişaşçını saxlayıblar, hadisə ilə bağlı cinayət işi açılıb. Hazırda  Gəncədə normal, sabit vəziyyət hökm sürür.  Lakin baş vermiş hadisə, iki polis zabitinin qətlə yetirilməsi sözsüz ki, bəzi qüvvələrin ölkəni qarışdırmaq niyyətini açıq şəkildə ortaya qoydu. Azərbaycanın inkişafını, mövcud sabitliyi, dünyanın ən təhlükəsiz dövlətlərindən biri olmasını həzm edə bilməyən bəzi qüvvələr ölkəni Azərbaycanın ikinci böyük şəhəri, qədim Gəncədən qarışdırmaq istədilər.

Soyuq silahlarla silahlanıb  şəhərin mərkəzi meydanına gələn bu dəstənin məqsədi məhz sabitliyi pozmaq, Azərbaycanı Suriyaya çevirmək olub.  Çirkin məqsədləri naminə dini şüarlar da səsləndiriblər,  amma unudublar ki, Azərbaycanda əsrlər boyunca dini zəmində münaqişə, məzhəb ayrımçılığı olmayıb. Məlumat üçün bildirək ki, qətlə yetirilən polis zabiti Səməd Abbasov Gəncədəki məşhur İmamzada kompleksinin axundu, Gəncənin tanınmış və köklü dindarlarından olan Hacı Tahir Abbasovun qardaşıdır. Bu fakt da göstərir ki, hadisələr zamanı dövlətçilik, sabitliklə yanaşı, din də hədəfə alınıb.

Amma həm də onu unudublar ki, Azərbaycan 90-cı illərin Azərbaycanı deyil. Bu gün heç bir xarici və daxili qüvvə ölkəmizdə sabitliyə,  təhlükəsizliyə, dövlətçiliyə zərbə vura bilməz. Azərbaycan dövləti bütün zərbələri dəf edəcək gücə malikdir. Gəncədə baş verən hadisələr, həyata keçirilən terror hadisəsinə sadə insanların, ictimaiyyət nümayəndələrinin reaksiyaları, bu cinayəti törədənlərə ağır cəza tələb etmələri  bir daha sübut etdi ki, xalq öz dövlətinin yanındadır.

Gəncədə sabitliyi pozmaq, iğtişaş törətmək istəyən cinayətkar və antidövlətçi dəstənin ifşa olunması, müstəqil və hüquqi, eləcə də demokratik quruluşlu dövətçilik ənənələrimizin müdafiəsi uğrunda şəhid olan polis zabitlərimizin həyatlarnı qurban vermələri pozucu qüvvələrin acizliyinin, qorxaqlıqlarının və namərdlik xüsusiyyətlərinə malik olmalarının bariz göstəricisidir. Söz yox ki, qanunlarımız Vətən xainlərini dərhal ifşa edib, ən sərt cəzalara layiq görəcək. Belə ki, Azərbaycan dövləti etibarlı əllərdədir - ölkə Prezidenti cənab İlham Əliyevin vurğuladığı kimi, heç bir xarici və daxili düşmənlər müstəqil Azərbaycan dövlətinin xalq-iqtidar birliyinin təməlli monolitliyinə zərər vurmaq iqtidarında deyildir. Çox yəqin ki, Gəncədə baş verən hadisələrdə Azərbaycan dövlətinin və xalqının vəhdəti, sarsılmaz bilriyi həmin mənfur qüvvələrə yetərincə və amansız dərs vermiş oldu. Azərbaycan xalqı, Azərbaycan dövlətinin və dövlətçiliyinin yanında olduğunu bir daha təsdiq etdi.

Azərbaycanın  Xarici İşlər Nazirliyi  də Gəncə şəhərində polislərin qətlə yetirilməsini pisləyib. XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev  bildirib ki, Azərbaycanın inkişafı Ermənistanla yanaşı, bəzi qüvvələri də narahat edir. O qeyd edib ki, həmin destruktiv qüvvələr, Azəbaycandakı inkişaf və sabitlikdən narahat olan qüvvələr ölkədə sabitliyi pozmaq istəyir: "Azərbaycan Ordusunun 100 illiyi ilə əlaqədar keçirilən parad Ermənistan və digər deskruktiv qüvvələri narahat edib. Amma həmin qüvvələr bilməlidir ki, bu cür təxribatlara cəhd edərkən onlar öz qarşılarında Azərbaycan dövlətini görəcəklər".

Millət vəkili, AMEA-nın müxbir üzvü Musa Qasımlı bildirib ki, Gəncədə baş verən iğtişaşın əsl dindarlarla heç bir əlaqəsi yoxdur: "İlk növbədə, Gəncədə törədilən iğtişaş zamanı həlak olan polis işçilərinə Uca Yaradandan rəhmət, ailələrinə və yaxınlarına səbr diləyirəm. Qəbirləri nurla dolsun. İğtişaşın imanlı, inanclı adamlarla, əsl dindarlarla da heç bir əlaqəsi yoxdur. Çünki ölkəmizdə din dövlətdən ayrı olsa da, dövlət bütün dinlər üçün şərait yaradıb və onların işlərinə qarışmır. Hadisəni törədənlər xaricdən maliyyələşən, idarə olunan, Azərbaycan Respublikasını Suriyaya çevirmək və dövlətimizin dünyəvi təməllərini sarsıdıb dini dövlət qurmaq istəyən radikal qruplaşmalardır. Hesab edirəm ki, belə cəhdlərin qarşısı dövlətimizin bütün qanunları ilə qətiyyətlə və amasızlıqla alınmalıdır. İctimai təhlükəsizliyi qoruyan  və dövlətin  orqanı olan polisə qaldırılan əl elə kəsilməlidir ki, digərlərinə də dərs olsun. İşğalçı Ermənistanın təcavüzünə qarşı mübarizədə rəşadət göstərmiş, həyatını dövlətə xidmətdə keçirən və daim dövlətimizə sədaqətli olan polisə necə əl qaldırmaq olar? Bunu edənin adı nədir?"

Millət vəkili bu iğtişaşın gözlənilən olduğunu söyləyib: "Hələ Prezident seçkilərinin vaxtının dəyişdirilməsi zamanı səbəb kimi baş verən mürəkkəb proseslərin getdiyinə dair fikirlər səsləndirilirdi. Radikal dini qruplaşmaların fəaliyyətinin artması və baş verən digər xoşagəlməz son hadisələrin hamısının bununla bağlı olduğu qənaətindəyəm. Bundan sonra da digər belə iyrənc cəhdlər, terror hadisələri gözləniləndir. Firkrimcə, daha üç hadisə Azərbaycan dövlətçiliyinə qənim kəsilən radikal qüvvələri iğtişaş törətməyə vadar etdi: Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin ölkəmizdə və xaricdə bayram edilməsi;  millətimizin bağrından çıxan ordumuzun möhtəşəm paradı; Naxçıvanda Günnüt əməliyyatı nəticəsində düşmənin qovulması və torpaqlarımızın azad edilməsi. Yenə də sual olunur: millətimizdə qürur yaradan bu üç hadisəni kimlər, hansı qruplaşmalar və ölkələr istəmir? Elə isə iğtişaş kimə xidmət edir? Ancaq iğtişaşları törətməyə can atanlar unudurlar ki, bu gün Azərbaycan Respublikası dövləti çox güclüdür, bütün təxribatların qarşısını almağa qadirdir. Azərbaycan xalqı isə etimad göstərdiyi Prezident İlham Əliyevə güvənir və arxasındadır, pozucu qüvvələrə heç bir zaman meydan verməz. Millətimizin iradəsi hər şeydən üstündür".

Millət vəkili Aydın Mirzəzadə isə bildirib ki, 10 iyul axşamı Gəncənin mərkəzi meydanında baş verənlər dövlətçiliyimizə və stabilliyimizə qarşı yönəlmiş bir provokasiyadır. Onun sözlərinə görə, qeyri-qanuni aksiyanın nə insan hüquqlarının müdafiəsi, nə də dinlə heç bir aidiyyatı yox idi: "İki nəfər yüksək rütbəli polis zabitinin qətlə yetirilməsi bunun düşünülmüş bir addım olmasına dəlalət edir. Bir müddət əvvəl Gəncənin icra hakimiyyəti başçısına, indi isə polis rəsmilərinə qarşı törədilən hadisələr Azərbaycanda çaşqınlıq və gərginlik salmaq istəyindən xəbər verir. Görünür, xaricdə müəyyən antiazərbaycan dairələri Azərbaycanın inkişafı, müstəqil siyasəti sərf etmir. Onlar ölkə daxilində maraqlarını müdafiə edən qüvvələr də yarada bilməyiblər. Ona görə də terrora, qeyri-qanuni hərəkətlərə üstünlük verməyə, səbatsız insanların əli ilə qarşıqlıq yaratmağa cəhd edirlər. Azərbaycan cəmiyyəti öz dövlətinin müdafiəsindədir, o heç zaman qara qüvvələrin arxasınca getməyəcək. Hadisələr göstərir ki, dövlətimizi, sabitliyimizi, inkişafımızı hər an qorumalıyıq və biz buna qadirik. Biz Gəncə gənclərinə müraciət edirik. Onlar vətənpərvərlikləri ilə seçilməli, həmrəylik nümayiş etdirməlidir. Hadisə nəticəsində həlak olan polis zabitlərinin ailəsinə başsağlığı veririk!"

Millət vəkili Rauf Əliyev isə deyib ki, Gəncədə baş verən hadisələr göstərdiki dövlətimizi istəməyən qüvvələr onun uğurlarını, inkişafını heç cür qəbul edə bilmirlər və məkrli niyyətlərini həyata keçirməyə çalışırlar. Millət vəkili vurğulayıb ki, Azərbaycan Ordusunun yaradılmasının  100-ci ildönümünə həsr edilmiş möhtəşəm parad dostlarımızı sevindirdi, düşmənlərimizi isə məyus etdi. "Xaricdə olan və dövlətimizin əleyhinə çalışan bəzi qüvvələr yerli əlaltıları vasitəsilə ölkəmizdəki sabitliyi pozmağa cəhd göstərdilər. Əvvəlcə onlar Gəncə şəhər icra başçısına sui-qəsd etdilər, sonra isə müxtəlif çağırışlar oldu.  Sonra isə onlar şəhərdə asayişi pozmağa cəhd edərək, iki polis zabitinə qarşı terror həyata keçirdilər. Ancaq belə qüvvələr bilməlidirlər ki, Azərbaycan güclü dövlətdir və hüquq mühafizə orqanlarımız hər cür təxribatların, terror hadisələrinin qarşısını almağa qadirdir. Bu, dövlətçiliyimizə yönəlmiş bir akt idi. Əminəm ki, yaxın zamanda hüquq-mühafizə orqanlarımız tərəfindən bu hadisənin təşkilatçıları və törədənlər daxil olmaqla bütün günahkarlar müəyyən edilərək məhkəmə qarşısına çıxarılacaq və əməllərinə görə cavab verməli olacaqlar".

PƏRVANƏ

 





11.07.2018    çap et  çap et