525.Az

"Gəncədə baş verənlər dövlətə qarşı təxribat və terror aktıdır"


 

DEPUTATLARDAN GƏNCƏ HADİSƏLƏRİ İLƏ BAĞLI QƏTİ MÖVQE

"Gəncədə baş verənlər dövlətə qarşı təxribat və terror aktıdır"<b style="color:red"></b>

İyulun 10-da Gəncədə baş vermiş hadisələr cəmiyyətdə ciddi narahatlıq, etirazlar doğurmaqda və hər kəs tərəfindən açıq şəkildə pislənilməkdədir.

Azərbaycan vətəndaşları bir qrup radikal dini yönümlü şəxs tərəfindən Gəncə şəhərində ictimai asayişi pozmağa yönəlmiş cəhdləri təxribat, terror əməlləri kimi qiymətlədirərək, Azərbaycan dövlətinin yanında olduqlarını, dövlət başçısının ətrafında birləşdiklərini, bu hadisələri törədənlərin son nəfərinicən aşkarlanaraq, layiq cəzalarına çatdırılacaqlarına əminliklərini ifadə edirlər və etməkdədirlər.

Qeyd edək ki, Azərbaycan siyasiləri, millət vəkilləri də son hadisələri pisləyərək, Azərbaycan dövləti və dövlətçiliyinin belə cəhdlərlə sarsıdıla bilməyəcəyini vurğulayırlar.

Gəncədən seçilən millət vəkili Musa Quliyev bildirib ki,  Gəncə Şəhər İcra Hakimiyyətinin binası qarşısında ekstremist dini radikal təmayüllü şəxslər qeyri-qanuni aksiya keçirməyə cəhd ediblər: "Qanunsuz aksiyanın qarşısının alınması zamanı Gəncədə 2 yüksək rütbəli polis zabiti şəhid olub. Yüksək rütbəli zabitlərin həlak olması və Gəncədə keçirilən qeyri-qanuni aksiya bütün Azərbaycan xalqı tərəfindən pislənilir və lənətlənir. Mən bu hərəkətləri törədənlərin, təşkilatçıların, onların arxasında dayanan qüvvələrin, müxtəlif sosial şəbəkələrdə və saytlarda çağırışlar edənlərin hamısının tapılmasını, aşkar olunmasını və cəzalandırılmasını müvafiq qurumlardan tələb edirəm".

Deputat hesab edir ki, bu hadisə təkcə Gəncəyə vurulan zərbə deyil: "Bu, Azərbaycan dövlətçiliyinə vurulan bir  zərbədir. Azərbaycanı güclü dövlət kimi və  inkişafını görmək istəməyən qüvvələrin məkirli niyyətinin Gəncədə təzahürüdür. Hesab edirəm ki, bu hadisələrdə Gəncə sakinlərinin bu  zorakılıq aksiyasına qarşı çıxması, heç bir dəstək verməməsi və pisləməsi bir daha onu göstərdi ki, bütün Azərbaycan xalqı və Gəncə sakinləri bu qanunazidd dini radikalizm hərəkətini pisləyir, bunu törədənlərə ən ağır cəzaların verilməsini tələb edir. Mən sizin vasitənizlə Azərbaycandakı bütün siyasi qüvvələrə, partiyalara, Qeyri-Hökumət Təşkilatlarına, dini qurumlara müraciət edirəm ki, hər kəs öz rəsmi mövqeyini ortaya qoysun və dövlətçiliyi dəstəkləsin.

Şübhəsiz ki, Azərbaycan dövləti güclüdür. Belə niyyətli insanların heç vaxt Azərbaycanda öz məqsədlərinə çatmasına dövlətimiz və əhalimiz imkan verməyəcək. Amma ölkədə  sabitliyi pozmaq, insanları xof və qorxu altında saxlamaq istəyən və bu niyyətdə olan başqa qüvvələrin də olması istisna deyil. Hesab edirəm ki, qısa müddət  ərzində hüquq-mühafizə orqanlarımız bütün bu işin təşkilatçılarını, günahkarlarını, iştirakçılarını aşkara çıxaracaq.
 
Düşünürəm ki, sosial şəbəkələrdə, saytlarda bu məsələ ilə bağlı "fəallıq" göstərən, çağırışlar edən hər kəsin  məsuliyyəti ortaya qoyulmalıdır. Əgər lazım gələrsə, həmin saytlar və sosial şəbəkələr nəzarət altına götürülməlidir. Hesab edirəm ki, öncə Gəncə şəhərinin icra başçısı Elmar Vəliyevə qarşı sui-qəsdin törədilməsi və həmin hadisənin ardınca belə bir qeyri-qanuni aksiyanın törədilməsi və hadisə nəticəsində 2 yüksək vəzifəli polis zabitinin şəhid olması bizi daha da ayıq-sayıq olmağa çağırır. Bu hadisə heç şübhəsiz ki, əvvəlcədən hazırlanmış, təşkil olunmuş və düşünülmüş bir hərəkətdir. Hazırda hadisə ilə bağlı istintaq aparılır. Yəqin ki, qısa zaman kəsiyində istintaqın nəticələri elan olunacaq.   

Burada müxtəlif düşərgələrdə təlim keçmiş və radikal yönümlü, ölkənin sabitliyini pozmaq və iğtişaş törətmək istəyən şəxslər iştirak ediblər. Bütün bunlar istintaqın gedişində aydınlaşacaq". Deputat hazırda Gəncədə olduğunu da bildirib: "Hazırda Gəncədəyəm. Şəhərdə tam sakitlik və sabitlikdir. Bütün dövlət qurumları, şəhər əhalisi, mağazalar və bazarlar işini əvvəlki kimi davam etdirir. Şəhərdə heç bir problem yoxdur".

"Azərbaycan dövlət müstəqilliyini əldə etdikdən sonra dövlətçiliyimiz belə sınaqlardan həmişə üzüağ, alnıaçıq çıxıb". Bunu isə Milli Məclis (MM) sədrinin birinci müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov söyləyib.  

Z. Əsgərov deyib ki, belə hadisələrin, cinayətlərin törədilməsi ilə Azərbaycanda hansısa xaos, vahimə törətmək cəhdlərinin heç bir perspektivi yoxdur: "Şükürlər olsun ki, Azərbaycan oturuşmuş, möhkəm dayaqlar üzərində bərqərar olmuş dövlətdir. Ona görə də belə hərəkətlərin qarşısı dərhal alınacaq və Azərbaycan Respublikasının Konstitusiya quruluşuna, dövlət müstəqilliyinə, suverenliyinə qarşı əl uzadan insanlar dərhal cəzalarını alacaqlar. Belələri xaricdəki himayədarlarına arxalanaraq bu cür hərəkətlər edirlərsə, belə cinayətlər və terror aktları törədirlərsə, bununla heç nəyə nail ola bilməyəcəklər. 1990-cı illərdə Azərbaycan dövlətinə qarşı belə hallar olub. Azərbaycan həmişə belə hadisələrdən alnıaçıq, üzüağ çıxıb. Mən Gəncədən olan bütün həmvətənlərimizi, bütün Azərbaycan vətəndaşlarını bir daha çağırıram ki, həmişə olduğu kimi, Azərbaycan dövlətçiliyi, prezidentimiz ətrafında daha sıx birləşsinlər, belə hərəkətlərin qarşısının dərhal alınmasında dövlət orqanlarına, hüquq-mühafizə orqanlarına yardımçı olsunlar".
 
Birinci vitse-spiker bildirib ki, bu hadisələr bir daha gəncəlilərin Azərbaycan dövlətçiliyinin, müstəqilliyinin qorunmasında həmişə olduğu kimi yenə də fəal olduqlarını göstərdi: "Dünən Gəncədə bir qrup cinayətkar ünsür yığışıb, xaos yaratmaq istəyiblər. Belə halların qarşısı qətiyyətlə alınacaq. Sözsüz k, xalq belə hərəkətləri dəstəkləmir. Çox təəssüf ki, ictimai asayişin bərpası zamanı iki zabitimiz həlak olub. Mən onların ailələrinə başsağlığı verirəm, Allah onlara rəhmət etsin. Həqiqətən polis zabitləri igidlik göstərib, öz vəzifələrini vicdanla, namusla yerinə yetiriblər. Onlar öz vəzifələrini icra edərkən həlak olubar".

Gəncədə baş verən hadisənin qarşısının alınması üçün hüquq-mühafizə orqanlarının öncədən daha effektiv addımlar atmasının mümkünlüyü barədə fikirlərə gəlincə, Z. Əsgərov deyib ki, məsələ ilə hüquq-mühafizə orqanları məşğuldur: "Hər şeyə aydınlıq gətiriləcək".

Kamil HƏMZƏOĞLU

 





11.07.2018    çap et  çap et