525.Az

İllərdə illik qalmadı...


 

ŞAİR HÜSEYN KÜRDOĞLUNUN HAQQ DÜNYASINA QOVUŞMASINDAN 15 İL ÖTÜR

İllərdə illik qalmadı...<b style="color:red"></b>

Bu gün tanınmış Azərbaycan şairi Hüseyn Kürdoğlunun haqq dünyasına qovuşmasından 15 il ötür.

Tale elə gətirib ki (həm də təəssüf edirəm ki), mənim Hüseyn müəllimlə həyatda heç bir görüşüm olmayıb – eləcə bilmişəm ki, Laçından belə bir gözəl şair var. Amma, yaşıdı və müasiri olan qələm adamlarından və ədəbiyyatşünaslardan onun haqqında həmişə xoş sözlər eşitmişəm. Bir həmyerli kimi bu gözəl şairimizin şəxsiyyəti və yaradıcılığı haqqında xoş sözlər eşidəndə qürur duymuşam, sevinmişəm. Hüseyn Kürdoğlu özündən geriyə zəngin irs saxlayıb gedən sənətkarlarımızdandır. Vvikipediada 12 şeir kitabının adı çəkilir.

Qismət olsa, gələcəkdə o kitablardan seçmələr edib Hüseyn Kürdoğlu yaradıcılığının nüvəsini ortaya qoymaq kimi fikrimiz də var. Məncə, buna onun yaradıcılığının çox ehtiyacı var.

Fikrimə söykək üçün deyim ki, Hüseyn Kürdoğlu bir şair kimi geniş oxucu kütləsindən daha çox ədəbiyyatşünaslar, elm xadimləri arasında tanınır. Bu da belə bir şair taleyidir... Məncə, onu yuxarıdan aşağıya endirmək, geniş oxucu kütləsinə qovuşdurmaq lazımdır. Buna daha çox sadə oxucunun ehtiyacı var. Çünki Hüseyn Kürdoğlu çətin anlaşılan şair deyil, o açıq mətnlə xalqın anlaya biləcəyi şeirlər yazıb.
 
Onun zəngin yaradıcılığının əsas özəlliklərindən biri də Laçında (Zəngəzurda) olan canlı xalq danışıq dilini ədəbi dilimizə yol yoldaşı etməsidir.
 
Məncə, bunu bacarmaq hər qələm adamına müyəssər olmur. Onun şeirlərindəki dil folklor diliylə kitab dilimizin ortasındadır. Dünyadan köçdüyü bir gündə şairi anmağın ən gözəl yolu onun könül dünyasına işıq tutmaq olar. Ona görə də:

“Uca bir dağdadır ilham çeşməsi,
Almışam bir dolu piyalə dağdan”

- deyən ustad şairin qələmindən çıxan şeirlərlə “525”in oxucularını baş-başa qoymaqdan gözəl nə ola bilər?!

İlham QƏHRƏMAN

DURNA MƏZARI

Bir payız günündə qürub zamanı,
Keçirdi dağ üstən durna karvanı.
Vida nəğməsiylə bir durna dindi,
Qatardan üzülüb göylərdən endi,
Burula-burula bir dağa düşdü.

Çığrışdı durnalar, ləngidi qatar,
Durna harayına hay verdi dağlar.
Havada göründü neçə ağ lələk,
Küləyə sovrulmuş bir dəstə gültək
Çiçəyi saralmış yaylağa düşdü.

Öldü qərib durna günbatan çağı,
Uca göylər idi onun oylağı.
İqlimdən-iqlimə hər il köçsə də,
Ulduzlar içindən min yol keçsə də,
Torpağın övladı torpağa düşdü.

Bir qəbir qazdılar orda çobanlar,
Üstündə ağ lələk dəstəsi də var.
Daşına yazdılar: “Durna məzarı”.
Ağladı qəribə çoban qızları,
Bu xəbər oymaqdan-oymağa düşdü.

Nakam arzumuzdur bizim durnalar,
Odur ki, nə yurdu, nə məkanı var.
O qəbrə mənim də əyildi başım,
Üzümü yandıran odlu göz yaşım
Bu şeiri yazdığım varağa düşdü.
      
Laçın, 1979

DAĞDAN

Uca bir dağdadır ilham çeşməsi,
Almışam bir dolu piyalə dağdan.
Nakam aşıqların arzularıdır,
Hönkürüb tökülür şəlalə dağdan.

Hüsnünü doyunca görə bilmədim,
Meh kimi qoynuna girə bilmədim.
Tez solub saraldı, dərə bilmədim
Bağrı qara dağlı bir lalə dağdan.

Qızmar şimşəklərə dağlatdı məni,
Dəli sellər kimi çağlatdı məni,
O dağlar gözəli ağlatdı məni,
Getməz dünya boyu bu nalə dağdan.

1979

NƏ İSTƏR KÖNÜL

Keçdiyim dərələr dumana qaldı,
Aşdığım gədiklər borana qaldı.
Görüş bulağı da hicrana qaldı,
Bilmirəm bu dağdan nə istər könül?!

Gözümün yaşından çeşmə bulanır,
Xəyalım göylərdə yalqız dolanır.
Səməndər quşutək oda qalanır,
Bilmirəm bu dağdan nə istər könül?!

Nə fayda gecikmiş sözdən, soraqdan,
O sevda bülbülü uçmuş budaqdan.
Kimdir soruşduğu buzlu bulaqdan,
Bilmirəm bu dağdan nə istər könül?!

1970

QALMADI

Döndü düşmən tapdağına,
Çiçəklik-güllük qalmadı.
Başımıza sovurmağa
Vətəndə küllük qalmadı.

Satmışıq namusu-arı,
Xainlər düşmənlə yarı.
Dağlarda dağlıq vüqarı,
Çöllərdə çöllük qalmadı.

Çıxmadıq ər sınağından,
Qaçdıq namərd qabağından.
Bu Qarabağ torpağından
Bizə bir bellik qalmadı.

Gün sızladı, ay ağladı,
Həm çeşmə, həm çay ağladı.
Çəkdi min ah-vay ağladı,
İllərdə illik qalmadı.

Yoxdur ədalət divanı,
Kim kəsər tökülən qanı?!
El saxlar şair olanı,
Eldə də ellik qalmadı.

            ***

Mən öləndə qəbrim üstə
                   əzizlərim az ağlasın,
Kəndimizin hər çeşməsi
                    olsun bir Araz ağlasın
Ala gözlü, qara qaşlı
                   bir gözəlin qucağında
Xan Kərəmin yadigarı
                 yanar telli saz ağlasın.

***

Yenə gəlləm obanıza
            yağışlı yaz axşamı.
Leysan vurar, çadırınız
            aramsız tap-tap eylər.

Alaçığın ortasından
             daş asarıq küləkdə.
Ağ çadırın ətəkləri
           yel vurar şap-şap eylər.

Qonum-qonşu xəbər tutar,
           görüşümə yığışar.
Qocalar da ay batınca
            şirin-şirin gap eylər.

Oğrun-oğrun baxan gözün
            odlar salar canıma.
Ürəyimin tellərini
             kirpiyinə sap eylər.

ÜÇLÜKLƏR

***

Qapımızdakı çinar altında
Çılpaq çiyninə bir xəzəl qonur,
Nə gözəl yerə nə gözəl qonur.

***

Həm ağlayırdın, həm də gülürdün:
Yağdı, kəsildi dənəvər yağış,
Günəş gətirdi günəvər yağış.

***

Əliylə tutmuş məməni körpə,
Şirin yuxudan ayrılmır gözü,
Bədr olmuş aydır ananın üzü.

***

Qara boyandı dilin-dodağın,
Busə yerini örtdü böyürtkən,
Lap dadımıza yetdi böyürtkən.

***

Qovaq dibində tənha qəmli qız,
Qovaq başında leyləklər qoşa,
Qızdan danışır onlar baş-başa.

Hüseyn KÜRDOĞLU

 





12.07.2018    çap et  çap et