525.Az

“Hər birimiz dövlətimizin, xalqımızın yanında olmalıyıq”


 

RESPUBLİKANIN MƏDƏNİYYƏT VƏ İNCƏSƏNƏT XADİMLƏRİ GƏNCƏDƏ BAŞ VERƏN HADİSƏLƏRƏ KƏSKİN MÜNASİBƏT BİLDİRDİLƏR

“Hər birimiz dövlətimizin, xalqımızın yanında olmalıyıq” <b style="color:red"></b>

İyulun 10-da Gəncə şəhərində baş vermiş iğtişaş və iştişaş nəticəsində iki nəfər yüksək çinli polis əməkdaşının qətlə yetirilməsi ölkə ictiamiyyətinin kəski etirazı ilə qarşılanıb.

İctimaiyyət nümayəndələri, ziyalılar, cəmiyyətin tanınmış simaları baş verən hadisələrlə bağlı öz kəskin mövqelərini bildirir, ölkəmizdə əmin-amanlığı pozmağa çalışan qüvvələrə qarşı nifrətlərini dilə gətirirlər.

Azərbaycanın hər zaman dünya ölkələri arasında əmin-amanlığı ilə seçildiyini deyən Xalq artisti Nurəddin Mehdixanlı bu iğtişaşların Azərbaycandakı sabitliyi həzm edə bilməyən qüvvələr tərəfindən törədildiyini qeyd edib: “Gəncədə səbəbindən və məqsədindən asılı olmayaraq cinayət baş vermişdi. Bunu fürsət bilən bəzi marıqda yatan qüvvələr öz məkrli əməllərini davam etdirdilər, cinayət törətdilər. Azrbaycan Respublikasının iki nəfər yüksək rütbəli polis zabiti qətlə yetirildi. Bu, Azərbaycan dövlətinə, xalqına qarşı edilmiş cinayətdir və bu cinayət cəzasız qalmamalıdır. İkinci bir tərəfdən, heç bir halda Azərbaycanda dini fanatizmə yol vermək olmaz. Dünyanın hər yerində dini fanatizmin tüğyan etdiyi ölkələrdə xaos, anarxiya, özbaşınalıq baş alıb gedir. Azərbaycanda bu cür hallara heç bir vəchlə yol vermək olmaz. Azərbaycan qanunla idarə olunur və hamı qanun qarşısında bərabərdir. Buna görə də hər kəs tutduğu əmələ görə qanun qarşısında cavab verməlidir. Biz hər birimiz vəzifəsindən, statusundan asılı olmayaraq, vətəndaş kimi Azərbaycanı bu təhlükələrdən qorumalı, dövlətimizin, xalqımızın yanında olmalıyıq. Heç bir halda bu cür cinayətlərin bir daha baş verməsinə qətiyyən imkan vermək olmaz. Çünki cəzasız qaldıqca sayı çoxalır və xaosa, özbaşınalığa aparır. Azərbaycan dövlətinə və xalqına qarşı törədilmiş bu cinayətin kökü qazılmalı, dövlətimiz öz gücünü göstərməli və cinayətkarlar ən sərt şəkildə cəzasını almalıdırlar”.

Xalq artisti Faiq Ağayev bu hadisələrin əsl din adıyla pərdələndiyini deyib: “Azərbaycanda millətlərarası və dini məsələlərdə tarixən qarşılıqlı hörmət, qondarma olmayan, təbii dözümlülük olub. Bu torpaqda azərbaycanlılarla bərabər ruslar, yəhudilər, gürcülər, zamanında ermənilər belə, heç bir fərq qoyulmadan bir-biri ilə mehriban yaşayıblar”. Xalq artisti qeyd edib ki, ölkəmizdə heç kimlə  müsəlman, xristian, iudaist olduğuna görə münasibət qurulmayıb: "Məhz buna görə də, həmişə məmləkətimizdə bu zəmində çaxnaşma yaratmaq cəhdləri fiaskoya uğrayıb. Gəncədə baş vermiş hadisələrin mənbəyi birmənalı olaraq ölkədaxili məsələ deyil. kənardan qurulan və kənardan da idarə edilən qərəzli, çirkin məqsədli, dövlətimizi uçuruma sürükləmək üçün hesablanan açıq-aydın bir intervensiya - məxfi müdaxilədir. Bu vətən nələr görməyib? Heç şübhəsiz ki, bu hücuma da sinə gərəcəyik, əminəm. Lakin bu murdar qərəzi hərəmiz özlüyümüzdə soyuqqanlı, detallı şəkildə araşdırıb qiymətləndirməliyik. Mütləq".

Gəncədə törədilən iğtişaşların birbaşa dövlətə qarşı təxribat olduğunu vurğulan Xalq artisti Mənsum İbrahimov xalqı bir olmağa, dövlətin və dövlət başçısının ətrafında sıx birləşməyə çağırıb: “Gəncədə yaşanan son hadisələr, mənim fikrimcə, Azərbaycanı istəməyən həm xairici, həm də daxildəki separatçı qüvvələrin ölkəmizdə təxribat cəhdləridir. İndi bildiyiniz kimi bütün dünyada xaosdur. Azərbaycanımızda isə sözün əsl mənasında stabillik, əmin-amanlıq hökm sürür. Bu da dövlətimizin uğurlu siyasəti, hüquq-mühafizə orqanlarının səyi və xalqımızın birliyi nəticəsində yaranıb. Əlbəttə ki, bu stabilliyi bəzi qüvvələrin gözləri götürmür”. Xalq artisti bəzi insanların bu hadisələrə düzgün qiymət verə bilməməsindən, onu məişət səviyyəsində şərh etmələrindən də gileylənib: “Gəncə şəhər İcra Hakimiyyətinin başçısına qarşı olan sui-qəsd fikrimcə, dövlətə qarşı həyata keçirilmiş terror aktı idi. Elmar Vəliyev Azərbaycanın ikinci böyük şəhərində dövlət başçısının səlahiyyətli nümayəndəsidir. Gəncədə onun gördüyü abadlıq, quruculuq işləri hamımızın gözümüzün qabağındadır. Son illər Gəncə müsbət mənada tamam simasını dəyişib. Bütün bunlar öz-özünə yaranmayıb, Elmar müəllimin başçılığı ilə böyük bir komandanın işidir. İyulun 10-da Gəncədəki insident nəticəsində iki yüksək rütbəli polis zabitinin qətlə yetirilməsi yenə də bəzi qüvvələrin Azərbaycanda iğtişaş yaratmaq istəyinin bariz nümunəsidir. Bunlar din pərdəsi altında gizlənən qüvvələrdir. İnanıram ki. onların arxasında nələrin və kimlərin dayandığı  tezliklə hüquq-mühafizə orqanları tərəfindən aşkarlanacaq və günahkarlar qanun çərçivəsində layiqli cəzasını alacaqlar. Mən bir Azərbaycan vətəndaşı və bu xalqın sənətkarı kimi dövlətimizə, millətimizə qarşı törədilən bu təxribatı pisləyirəm və inanıram ki, bizim xalqımız heç zaman bu cür təxribatlara uymayacaq. Çünki tarix boyu bu xalq heç bir təxribata uymayıb, çox sınaqlardan alnı açıq, üzüağ çıxıb, həmişə yaxşıya yaxşı, pisə pis deməyi bacarıb”. M.İbrahimov 1990-cı illərdə baş verən hadisələri xatırlayaraq indiki Azərbaycanın o vaxtkı Azərbaycan olmadığını vurğulayıb: “Bu gün biz dövlətimizin ətrafında sıx birləşməliyik. Çünki zaman bunu tələb edir. Biz bundan pis zamanları yaşamış millətik. Çox uzaq keçmiş deyil, 1990-cı illərin hadisələri hamımızın yaddaşındadır. O dövrün xaosunu, hərc-mərcliyini yaşamışıq. Bu gün isə 25 il ərzində biz artıq güclü dövlətə çevrilmişik. İqtisadiyyatımız, xarici və daxili siyasətimiz, mədəniyyətimiz günü-gündən inkişaf etməkdədir, dövlətimiz hər sahədən öz qayğısını əsirgəmir. Azərbaycan güclü dövlətdir və biz kimsəyə heç bir halda bu əmin-amanlığı pozmasına icazə verməyəcəyik. Mən bir daha xalqımızı ayıq-sayıq olmağa, dövlətimizin ətrafında sıx birləşməyə çağırıram. Bu ölkə bizim hamımızındır. Xalqın hər bir nümayəndəsinin başına gətirilən bir olay hamımızı narahat etməlidir. Biz öz üzərimizə düşən missiyanı yerinə yetirməli və bu hadisələrə zamanında qarşı çıxmalıyıq. Bu, bizim vətəndaşlıq borcumuzdur”.

Aktyor-teleaparıcı Mehman Piriyev bu işdə əli olanları Azərbaycandan, Azərbaycan dövlətçiliyindən, vətəndaşlıqdan xəbəri olmayan bir qrup ünsür adlandırıb: “Son hadisələr hamı kimi bizi də sarsıtdı. Düşünürəm ki, heç birimiz bu hadisələr qarşısında susa bilmərik. Bu heç də adi iş bu hadisə deyil. Gəncə sadəcə, bu pozuculuq siyasəti üçün seçilən bir məkan idi. Əslində isə polisə qalxan əllər birbaşa dövlətimizə və dövlətçiliyimizə uzanan qara əllərdir və o əllər mütləq kəsilməlidir. Tarix boyu Azərbaycan xalqı çox bəlalar görüb, çox hadisələrin şahidi olub. Bu gün artıq biz öz ölkəmizdə azad və asudə nəfəs ala bilirik. Bu azadlığımız, əmin-amanlığımız həm daxildə, həm də xaricdə olan bəzi mənfi qüvvələr narahat edir. Bu hadisələr onların Azərbaycanın güclənməsindən necə qorxuya düşdüklərini göstərdi. Yalnız qorxaqlar bu cür təxribata, terrora əl ata bilərdi. Amma biz hər zaman vətənimizin və dövlətimizin yanındayıq. Heç zaman onların təxribatları işə yaramayacaq. Elə xalq özü onların mundar əməllərini ifşa edəcək, necə ki etdi. Mən inanıram ki, hüquq-mühafizə orqanlarımız dövlətimizə əl uzadan bu terrorçuların qanun çərçivəsində layiqli cəzasını verəcək və bu, qıraqda fürsət gözləyən digər terrorçulara yaxşı dərs olacaq. İnanıram ki, bir daha xalqımız bu cür sınaqla üz-üzə qalmaz. Şəhid olan polis zabitlərimizə Allahdan rəhmət diləyir, onların ailələrinə və bütün xalqımıza səbr arzulayıram”.

Əməkdar artist Hüsniyyə Mürvətova da hər bir azərbaycanlı kimi polisə əl qaldıranları birmənalı şəkildə pislədiyini deyib: “Biz uşaqlıqdan belə eşitmişik ki, polislərimiz bizi qoruyur, onlar bizim güvənc yerimizdir. Bir insan öz güvənc yerinə necə əl qaldıra bilər? Polisə əl qaldırmaq dövlətə əl qaldırmaq deməkdir. Biz çox güclü dövlətik, xalqımız mərd xalqdır. O, özü yaxşını pisdən ayırmağı hər zaman bacarıb. Mən inanıram ki, xalqımız bu təxribatlara uymayacaq”. Əməkdar artist şəhid olan polis zabitlərinin ailələrinə başsağlığı verib: “Mən onların ailələrinə, millətimizə dərin hüznlə baş sağlığı verirəm. Allah səbrini əsirgəməsin. Millətimizə, dövlətimizə sülh və əmin-amanlıq arzu edirəm”.

Müğənni Şəhla Həmidova baş verən hadisələrdən üzüldüyünü bildirib: “Onsuz da kənarda düşmənlərimiz az deyil. Onlar pusquya yatıb Azərbaycanın pis gününü səbrsizliklə gözləyirlər. Bir də içimizdə parçalanmalar yaratmağa çalışanlar var. Bu hadisələrə hər kəs kimi mən də çox üzüldüm. Düşünürəm ki, biz sənətçilər də səssiz qalmamalı, xalqımızın, dövlətimizin yanında olmalıyıq. Bu, bizim ölkəyə, bizim xalqımıza yaraşan iş deyil. Olmamalı idi. Aralığı qarışdıranlara ar olsun. Şəhid polislərimizə Allah rəhmət eləsin, ruhları şad olsun. Azərbaycan bir ovuc başıpozuğun qarşısında aciz qalacaq dövlət deyil. Bizim dövlətimiz də, xalqımız da güclüdür. Qanun hər kəs üçündür və inanıram ki günahkarlar öz cəzalarına çatacaqlar”.

Şahanə MÜŞFİQ

 





12.07.2018    çap et  çap et