525.Az

Qida əlavələrinin istehsalında istifadəsi qadağan edilən maddələr açıqlandı


 

Qida əlavələrinin istehsalında istifadəsi qadağan edilən maddələr açıqlandı <b style="color:red"></b>

Azərbaycanda bioloji fəallığa malik qida əlavələrinin (BFMQƏ) tərkibinə dair tələblər müəyyənləşib. 

APA-nın məlumatına görə, bu, Nazirlər Kabinetinin təsdiq etdiyi “Bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi Qaydası”nda əksini tapıb. 

BFMQƏ-nin hazırlanmasında istifadə olunan komponentlər insanın həyat və sağlamlığına zərərli təsir göstərməməlidir. BFMQƏ-nin istehsalında genetik modifikasiya olunmuş məhsullardan, nanomateriallardan, hormonlardan, pestisidlərdən, həmçinin narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarından, güclü təsir edən və zəhərli maddələrdən və Beynəlxalq Anti-Dopinq Agentliyinin qüvvədə olan siyahısı ilə müəyyən olunan dopinq maddələrindən istifadə edilməsi qadağandır. BFMQƏ-nin tərkibinə vitamin və mineral maddələrin Səhiyyə Nazirliyinn təsdiq etdiyi siyahıda göstərilən təsiredici maddə formalarında və dozada daxil edilməsinə yol verilir. 4-14 yaş arası uşaqlar üçün nəzərdə tutulan BFMQƏ-nin tərkibinə daxil olan vitamin və mineral maddələrin miqdarı Səhiyyə Nazirliyinin təsdiq etdiyi və bu Qaydada nəzərdə tutulmuş siyahıda göstərilən həddin 50 faizini təşkil etməlidir. BFMQƏ-nin və dərman vasitələrinin tərkibi eyni və ya bu məhsulun komponentlərinin dozaları onun yol verilən istifadə səviyyəsindən yuxarı ola bilməz. 

BFMQƏ-nin tərkibində onu yeyinti məhsullarından və dərman vasitələrindən fərqləndirən aşağıdakı əsas xüsusiyyətlərin olması nəzərə alınmalıdır: 

- BFMQƏ-nin insan orqanizminin normal fizioloji funksiyalarını qoruyub saxlamaq və insanın gündəlik normal fizioloji rasionunu təmin etmək üçün nəzərdə tutulması;

- BFMQƏ-nin terapevtik effektinin olmaması;

- BFMQƏ-nin ciddi əlavə təsirinin olmaması. 

BFMQƏ-nin qablaşdırılması dövriyyənin bütün mərhələlərində onların təhlükəsizliyi və keyfiyyətini təmin etməlidir. BFMQƏ-nin qablaşdırılmasında onlarla təmasa yol verilməyən materiallardan istifadə edilməməlidir. İdxal olunan BFMQƏ-nin qablaşdırması üzərində xarici dildə olan yazılar Azərbaycan dilində də olmalıdır. BFMQƏ-nin qablaşdırmasında BFMQƏ-nin istifadə qaydası, tərkibində göstərilən komponentlərin beynəlxalq adları, aktiv komponentlərin isə miqdarı və istehsalçı tərəfindən tövsiyə edilən sutkalıq doza miqdarı göstərilməlidir. Bu Qaydaya əsasən 4-14 yaş arası uşaqlar üçün nəzərdə tutulmuş BFMQƏ-nin qablaşdırmasında onun əmtəə nişanı ilə yanaşı, “4-14 yaş arası uşaqların istifadəsi üçün uyğundur” ifadəsi göstərilməlidir. Bu yaş qrupu üçün nəzərdə tutulmayan BFMQƏ-nin qablaşdırmasında uşaqlar üçün nəzərdə tutulduğunu göstərən şəkil, rəsm və ifadə verilə bilməz. BFMQƏ-nin qablaşdırması üzərində aydın seçilən, qalın hərflərlə, silinməsi mümkün olmayan formada çap olunmuş “Dərman vasitəsi deyildir” və “Uşaqların əli çatmayan yerdə saxlayın” sözləri yazılmalıdır.

 





12.07.2018    çap et  çap et