525.Az

Təbrizdə Şəms Təbrizi konfransı


 

Təbrizdə Şəms Təbrizi konfransı<b style="color:red"></b>

Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu ilə Təbriz Dövlət Universitetində imzalanmış əməkdaşlıq protokoluna əsasən iki elmi-tədqiqat və ali təhsil qurumu ildə iki dəfə Bakıda və Təbrizdə "Azərbaycan ədəbiyyatı klassiklərini birgə öyrənək" layihəsi əsasında elmi konfranslar təşkil edir. İndiyədək Məhəmmədhüseyn Şəhriyara aid Ədəbiyyat İnstitutunda, Saib Təbriziyə dair isə Təbriz Dövlət Universitetində müştərək elmi konfranslar keçirilib.

Bugünlərdə Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu ilə Təbriz Dövlət Universiteti böyük Azərbaycan mütəfəkkiri və ədibi Saib Təbriziyə (1601-1677) həsr olunmuş birgə konfrans keçirməklə mövcud əməkdaşlıq layihəsinə daha bir səhifə əlavə edib. Konfrans çərçivəsində Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli ilə Təbriz Dövlət Universitetinin rektoru, professor Məhəmmədrza Purməhəmmədi arasında keçirilmiş görüşdə qarşılıqlı elmi əməkdaşlığın əhəmiyyətindən danışılıb və perspektivləri müzakirə olunub.

Təbriz Dövlət Universitetində keçirilmiş "Şəms Təbrizi" konfransını Ədəbiyyat fakültəsi Türk dili kafedrasının müdiri, professor Fərşbafiyan açıb. Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli "İrfan ədəbiyyatının Şəmsi" mövzusunda etdiyi məruzəsində XIII-XIV əsrlər Azərbaycan ədəbi-ictimai fikrinin görkəmli nümayəndəsi Şəms Təbrizinin həyatı və yaradıcılığından danışıb, orta əsrlər ədəbiyyatı və fəlsəfəsinin ümumi mənzərəsinin müəyyən edilməsində böyük xidmətləri olan Şəms Təbrizinin çoxcəhətli fəaliyyətinin indiyədək az öyrənildiyini və bu istiqamətdə birgə araşdırmalara ehtiyac olduğunu bildirib.

Təbriz Dövlət Universitetinin professoru, doktor Mehdipur Şəms Təbrizi-Mövlana baxışından, AMEA Humanitar Elmlər Bölməsinin akademik-katibi, Əlyazmalar İnsatitutunun direktoru, akademik Teymur Kərimli "Saib Təbrizi və klassik ədəbi irs", Təbriz Universitetindən doktor İqbali "Şəms Təbrizinin ürfana münasibəti", doktor Xakpur "Şəms Təbrizinin baxışlarına bir baxış", doktor Abadi "Şəms Təbrizi və Mövlana Cəlaləddin Rumi", Nizami adına Ədəbiyyat İnstitutunun Təhsil şöbəsinin müdiri, sosiologiya üzrə fəlsəfə doktoru Samir Səttarov "Şəms Təbrizi polyak ədəbiyyatşünaslığında" mövzularında elmi məruzələrlə çıxış ediblər.

AMEA-nın nümayəndə heyətinə Şəms Təbrizinin "Məqalət" traktatı və Mövlana Cəlaləddin Ruminin "Saib Təbrizi divanı" kitabları hədiyyə olunub.

Eyni zamanda, AMEA-nın nümayəndə heyəti son illərdə İran İslam Respublikası Qərbi Azərbaycan vilayətinin Xoy şəhərində tapılmış Saib Təbrizinin məzarını və orada yaradılmış xatirə kompleksini ziyarət ediblər.

Bu vaxtadək haqqında elmi tədqiqatların az olduğu nəzərə alınaraq Şəms Təbrizi konfransının materiallarının Təbriz Dövlət Universitetində kitab halında çap olunması qərara alınıb.

2019-cu ildə Nizami adına Ədəbiyyat İnsdtitutunda Əliağa Vahidə, Təbriz Dövlət Universitetində isə Nəsirəddin Tusinin ədəbi fəaliyyətinə həsr olunmuş birgə elmi konfransların keçirilməsi haqqında razılıq əldə edilib.

Milli Elmlər Akademiyasının nümayəndə heyəti Azərbaycan Respublikasının İran İslam Respublikasınıın Təbriz şəhərindəki Baş konsulu Əliyyənnağı Hüseynovla da görüşüblər.

 





12.07.2018    çap et  çap et