525.Az

"Uşaqlara qarşı zorakılıq bütün sağlam cəmiyyətlər tərəfindən pislənilir"


 

"Uşaqlara qarşı zorakılıq bütün sağlam cəmiyyətlər tərəfindən pislənilir"<b style="color:red"></b>

"525"in müxbirinin suallarını Azərbaycan Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin sədr müavini Sevinc Fətəliyeva cavablandırır. 

- Sevinc xanım, AŞPA-nın son sessiyasında yenidən "siyasi məhbus" məsələsi gündəmə gətirildi, Azərbaycan yenidən monitorinq altına alındı, yeni məruzəçi təyin olundu. Bu məsələyə nə vaxt son qoyulacaq, "siyasi məhbus" məsələsi "qınağı" nə vaxt üzərimizdən götürüləcək? Azərbaycan bu məsələnin kökündən həlli üçün hansı addımlar atacaq?

- Bilirsiniz ki, Azərbaycan dinamik iqtisadi inkişafına, ictimai-siyasi sabitliyə, beynəlxalq müstəvidə nüfuzuna və mövqeyinə görə güclü bir dövlətə çevrilib. Şübhəsiz ki, Azərbaycanın uğurlu inkişafı, beynəlxalq nüfuzunun artması və digər müsbət reallıqlar dostlarımızı sevindirdiyi kimi, antiazərbaycan dairələr tərəfindən narahatlıqla qarşılanır. Həmin dairələr öz məhdud maraqları naminə ölkəmizin daxili və xarici siyasət kursuna müdaxilə etməyə, bunun üçün də Azərbaycana qarşı təzyiq mexanizmi formalaşdırmağa çalışır, "qara piar" kampaniyası aparırlar. İyunun 26-da Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyasında qurumun Hüquq məsələləri və insan haqları komitəsində "Azərbaycanda siyasi məhbuslar" adlı hesabatın hazırlanması üzrə məruzəçinin təyin edilməsi də məhz bu məqsədə xidmət edir. Erməni lobbisinin sifarişi ilə qəbul edilən AŞPA-nın məlum qərarına gəlincə, bu, ikili standartlar nümunəsi olmaqla yanaşı, həm də subyektiv mülahizələrə söykənən və siyasi məqsədlərə xidmət edən qərəzli addımdır. Əlbəttə, hər hansı bir təsirə malik olmayan, Azərbaycana qarşı təzyiq kampaniyasının tərkib hissəsi olan bu qərarın nəticəsi fiaskodur. Çünki yüksək beynəlxalq nüfuza və dayanıqlı inkişafa malik olan Azərbaycan öz prinsipial mövqeyindən və müstəqil siyasətindən geri çəkilmək niyyətində deyil. Bu cür vasitələrlə ölkəmizdə ictimai rəyə təsir etmək və Azərbaycanın pozitiv beynəlxalq imicinə kölgə salmaq mümkün deyil.

- "Siyasi məhbus" məsələsindən bəhanə kimi istifadə edilib, gələcəkdə Azərbaycana qarşı daha sərt addımlar, sanksiyalar tətbiq oluna bilərmi?

- Ümumiyyətlə, AŞPA-da belə bir qərarın verilməsinin heç bir əsası yoxdur və belə bir addımın atılmasında məqsəd müstəqil dövlətimizə təzyiq etməkdir. Azərbaycanda insan hüquqları tam qorunur və heç kim siyasi baxışlarına görə həbs olunmayıb. Azərbaycan hüquqi dövlətdir və qanun qarşısında hər kəs bərabərdir. Bu məruzəçinin təyin olunması isə Azərbaycana təzyiq məqsədi daşıyır. Antiazərbaycançı mərkəzlərə çalışan müəyyən "QHT" və "hüquq müdafiəçiləri" var ki, onlar saxta "siyasi məhbus" siyahıları tərtib edirlər. Həmin dairələr isə bu saxta siyahılardan öz məqsədləri üçün sui-istifadə edirlər. Ölkəmizə qarşı təzyiqlər göstərmək cəhdləri hər zaman iflasa uğrayıb. AŞPA-da müxtəlif vaxtlarda ölkəmizə qarşı xoş niyyətə söykənməyən belə kampaniyalar müşahidə edilib və Azərbaycan dövləti belə addımlara qarşı müvafiq tədbirlər görüb.

- Hər dəfə Azərbaycan Qarabağ münaqişəsinin həllinə yaxınlaşanda, illərdir davam edən münaqişənin həlli istiqamətində müsbət işartılar ortaya çıxanda, mütləq beynəlxalq qurumlarda ölkəmizlə bağlı qalmaqallı məsələlər ortaya çıxır və ya çıxarılır. Sizcə, bunlar təsadüfdür, yoxsa bunlar arasında bir paralellik var, yəni Azərbaycanın diqqətinin yayındırılması üçün çeşidli ssenarilər sərgilənir?

- AŞPA-nın məlum qərarı həm də Azərbaycanın müstəqil siyasət həyata keçirməsi - ümummilli məsələlərlə bağlı qətiyyətli mövqe nümayiş etdirməsi, xüsusilə də Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi ilə əlaqədar prinsipial mövqeyindən bir addım belə geri çəkilməməsi ilə bağlıdır. Məlumdur ki, Azərbaycan öz xarici siyasət kursunda bir nömrəli məsələ olan Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli istiqamətində qətiyyətli mövqe nümayiş etdirir və bu, bəzi xarici dairələr, həmçinin, ermənipərəst mərkəzlər tərəfindən qısqanclıqla qarşılanır. Bu qüvvələr Azərbaycanın ərazi bütövlüyünün təmin olunması məsələsindəki prinsipial mövqeyindən geri çəkilməsinə nail olmaq istəyirlər. Ona görə də müxtəlif bəhanələr, ölkəmizə qarşı uydurma ittihamlar irəli sürülür. Məqsəd dövlətimizi prinsipial məqsədlərindən geri çəkmək və Ermənistanın işğalçılıq siyasətini ört-basdır etməkdir. Amma bu məqsədlər heç vaxt reallaşmayacaq.  

- Ümumiyyətlə, Qarabağ münaqişəsinin həllini bu yaşananlar, mövcud reallıqlar və şərtlər daxilində mümkün görürsünüzmü? İnanırsınızmı ki, beynəlxalq dairələr, güclər Azərbaycana bu problemi özü müstəqil şəkildə həll etmək imkanı verəcək?

- Bu gün Cənubi Qafqaz bölgəsinin təhlükəsizlik balansını pozan əsas amil Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Münaqişə bölgənin ümumi inkişafına mane olmaqla yanaşı, yeni əməkdaşlıq platformalarının da reallaşdırılmasını əngəlləyir. Azərbaycan Respublikasının xarici siyasət strategiyasında Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına əsasən, yəni ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll edilməsi prioritet istiqamətdir.Azərbaycan bu istiqamətdə prinsipial mövqeyini, işğal edilmiş torpaqlarımızın azad edilməsi - ölkəmizin ərazi bütövlüyünün bərpa olunması üçün fəaliyyətini davam etdirir. Azərbaycan üçün başlıca prinsipial məsələ məhz beynəlxalq hüquqa və ədalətə söykənərək Ermənistan-Azərbaycan, münaqişəsinin ərazi bütövlüyü prinsipi əsasında həllinə nail olmaqdır. Ermənistanın qeyri-konstruktiv mövqeyini və bir sıra aparıcı dövlətlərin münaqişəyə ikili yanaşmasını sürdürdüyü bir vaxtda Azərbaycan istər diplomatik, istərsə də iqtisadi vasitələrlə işğalçı ölkəyə qarşı təzyiq siyasətini davam etdirir. Bütövlükdə, Azərbaycan tərəfi münaqişənin həlli ilə bağlı bütün görüşlərdə və danışıqlarda siyasi iradə nümayiş etdirərək konfliktin nizamlanması yolunda konstruktiv mövqe sərgiləyib. Azərbaycan münaqişənin beynəlxalq hüquq normaları əsasında, ədalətli həllinə nail olmaq məqsədilə genişmiqyaslı iş aparır, beynəlxalq təşkilatlarla əməkdaşlığı genişləndirir. Müəyyən müddətdir ki, davam edən danışıqlar prosesində ölkəmiz nəinki öz həqiqətlərini dünyaya çatdıra bilib, həm də siyasi, diplomatik, iqtisadi, hərbi sahələrdə işğalçı Ermənistan üzərində aşkar üstünlüyə nail olub. Digər sahələrdə olduğu kimi, Azərbaycanın ərazi bütövlüyü məsələsində də ölkə rəhbərliyinin qətiyyətli və birmənalı mövqe sərgiləməsi Ermənistan və bəzi xarici ermənipərəst qüvvələrin müxtəlif qərəzli niyyətlərini dəfələrlə iflasa uğradıb. Hazırkı şəraitdə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycanın mövqeyi üstünlük təşkil edir. Dünya ictimaiyyəti anlayır ki, separatizm ciddi təhdidlər yaradır, bu səbəbdən dövlətlərin ərazi bütövlüyü əsas götürülməlidir. Yəni, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq normaları və ərazi bütövlüyü prinsipi əsasında həll olunmalıdır.

Kamil HƏMZƏOĞLU

 





13.07.2018    çap et  çap et