525.Az

Brüssel sammiti: Azərbaycanın uğuru


 

ERMƏNİSTAN ÜÇÜN NÖVBƏTİ TƏRS SİLLƏ

Brüssel sammiti: <b style="color:red">Azərbaycanın uğuru </b>

Azərbaycan müstəqillik əldə etdikdən sonra Avropaya və Qərbə inteqrasiya siyasətini aparmağa başladı. Bu siyasət yalnız sözdə deyil, konkret addımlarla həyata keçirildi.

Ölkəmiz Avropa İttifaqı, NATO, Avropa Şurası və digər beynəlxalq qurumlarla sıx əməkdaşlığa başladı. Təbii ki, Azərbaycan  ikitərəfli və çoxtərəfli əməkdaşlığı bərabər hüquqlu prinsiplər əsasında aparır. Ölkəmiz hər zaman müstəqil siyasi xəttini qoruyub saxlayıb. Bu gün həm Avropa, həm də Qərb Azərbaycanı özünün ən yaxın müttəfiqi hesab edir. Azərbaycan öz müttəfiqləri tərəfindən etibarlı  tərəfdaş kimi qəbul edilir.

Bu mənada Azərbaycan prezidenti İlham Əliyevin Brüsselə səfəri böyük əhəmiyyət daşıyır. İlham Əliyev NATO-nun baş katibi Yens Stoltenberqin dəvəti ilə NATO-nun Zirvə toplantısında iştirak etmək üçün iyulun 10-da Brüsselə səfər edib. Dövlət başçısının keçirdiyi görüşlər, imzalanmış sənədlər Azərbaycanla Avropa İttifaqı və Qərb arasında münasibətlərin, siyasi, iqtisadi, energetika, nəqliyyat və digər sahələrdə uğurlu əməkdaşlıq əlaqələrinin daha da dərinləşməsinə xidmət edir.

Azərbaycan Avropa ilə müxtəlif sahələrdə uğurlu əməkdaşlıq edir, xüsusilə, Avropanın enerji təhlükəsizliyinin təminində mühüm rolu var. Azərbaycanın liderliyi ilə həyata keçirilən transmilli enerji layihələri Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına vacib töhfədir.

Prezident İlham Əliyevin Brüsselə səfəri zamanı Azərbaycanla Avropa İttifaqı arasında “Tərəfdaşlıq prioritetləri” sənədi paraflandı ki, bu da ikitərəfli tərəfdaşlıq əlaqələrinin gələcək inkişafı üçün yeni imkanlar açır. Sənədin birinci bəndində qeyd edilir ki, əməkdaşlığın daha da gücləndirilməsi məqsədilə qarşılıqlı maraq və birgə dəyərlərə əsaslanaraq Azərbaycan və Avropa İttifaqı tərəfindən birgə tərəfdaşlıq prioritetləri razılaşdırılıb. Eyni zamanda, birinci bənddə hər iki tərəfin ölkələrin ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi ilə yanaşı, dövlətlərin beynəlxalq sərhədlərin toxunulmazlığının dəstəklənməsinə sadiqliyi ifadə olunur.

Tərəfdaşlıq və qarşılıqlı hörmətə əsaslanan sənəd, həmçinin, Azərbaycanın öz iqtisadiyyatının şaxələndirilməsinə yönəlmiş siyasətini, ölkəmizdə iqtisadi islahatlar gündəliyinin dəstəklənməsi istiqamətində görülən işlərə Avropa İttifaqının mümkün töhfəsini qeyd edir.

Sənəddə Azərbaycanın əlverişli geostrateji mövqeyə malik olması, ölkəmizin Şərq-Qərb və Şimal-Cənub nəqliyyat və enerji layihələrinin həyata keçirilməsinə verdiyi töhfə də Avropa İttifaqı tərəfindən vurğulanır. Eyni zamanda, “Cənub Qaz Dəhlizi” layihəsinin tezliklə tam yekunlaşmasının və bunun nəticəsində Avropa bazarlarına təbii qazın çatdırılmasının əsas prioritetlər sırasında olduğu bildirilir.

Sənəddə Azərbaycanın mədəniyyətlərarası dialoqun inkişafına verdiyi töhfənin əhəmiyyəti vurğulanır və bu sahədə Avropa İttifaqının Azərbaycanla əməkdaşlığa xüsusi marağı olduğu bildirilir. Eyni zamanda, paraflanan sənəddə Azərbaycan ilə Avropa İttifaqı arasında vizaların ləğvi sahəsində dialoqun perspektivləri də əksini tapıb.

 Prezident İlham Əliyevin Brüsselə səfəri Azərbaycanla NATO arasında güclü tərəfdaşlıq əlaqələri regional təhlükəsizlik və sabitlik məsələlərində mühüm rol oynayır.

 Dövlət başçısı Brüsseldə NATO-nun müttəfiq və tərəfdaş ölkələrinin dövlət və hökumət başçıları üçün qəbulda və  NATO-nun Əfqanıstanda həyata keçirdiyi əməliyyata töhfə verən tərəfdaş ölkələrin dövlət və hökumət başçılarının və potensial əməliyyat tərəfdaşlarının iştirakı ilə Qətiyyətli Dəstək missiyası üzrə Şimali Atlantika Şurasının görüşündə iştirak edib.

Prezident iclasda çıxışında deyib ki, Azərbaycanla NATO arasında güclü tərəfdaşlıq əlaqələri regional təhlükəsizlik və sabitlik məsələlərində mühüm rol oynayır. 2002-ci ildən başlayaraq Azərbaycan sülhməramlıları NATO hərbçiləri ilə Əfqanıstanda çiyin-çiyinə xidmət edirlər. 2018-ci ilin yanvar ayından Azərbaycan Qətiyyətli Dəstək missiyasındakı hərbçilərinin sayını 30 faiz artıraraq 120 nəfərə çatdırıb.

Dövlət başçısı əlavə edib ki, Ermənistanın təcavüzündən əziyyət çəkən və bu təcavüz nəticəsində beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizi işğal olunmuş, bir milyon soydaşına qarşı məlum acınacaqlı etnik təmizləmə törədilmiş Azərbaycan işğalın və dağıntının iqtisadi və humanitar nəticələrini yaxşı anlayır.

Bir sözlə, Azərbaycan prezidenti  Brüsseldə yüksək səviyyədə qarşılandı, nəzərdə tutulmuş bütün məsələlər uğurla həll olundu. İstər Aİ ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin inkişaf etdirilməsi, istər Dağlıq Qarabağ münaqişəsinin həlli baxımından, istərsə də digər məsələlərdə Avropa İttifaqı rəsmiləri Azərbaycana və onun liderinə yüksək hörmət, etimad, böyük diqqət nümayiş etdirdilər.

Ermənistanın baş naziri Nikol Paşinyan isə Brüssel səfərindən məyus və əli boş qayıtdı. Paşinyan inqilabın lideri kimi Avropa İttifaqından və Aİ rəsmilərindən özünə və ölkəsinə qarşı böyük diqqət gözləyirdi. Amma Ermənistan mediasının iddia etdiyi kimi qırmızı xalçalar sərilmədi, Paşinyan təntənəli şəkildə, alqışlarla qarşılanmadı. Paşinyanın Ermənistanla Azərbaycan arasında danışıqlar prosesinə Dağlıq Qarabağın separatçı rejimini cəlb etmək cəhdləri iflasa uğradı. Aİ-nin ali nümayəndəsi Federika  Mogerini açıq şəkildə bəyan etdi ki, danışıqlar prosesi heç bir şərt qoyulmadan davam etdirilməlidir.

İstər Azərbaycanla Avropa İttifaqı arasında paraflanmış “Tərəfdaşlıq prioritetləri” sənədində, istərsə də NATO sammitinin yekun sənədində Azərbaycanın ərazi bötüvlüyünə birmənalı dəstək ifadə olundu. Hətta Ermənistanın NATO-nun yekun sənədinə xalqların öz müqəddəratını təyinetmə prinsipini daxil etmək cəhdi də iflasa uğradı.

Paşinyan Brüsselə səfəri zamanı ciddi cəhdlə Aİ-dən 70-80 milyon avro pul almaq istəyirdi. Bu vəsait büdcəsi boş olan Ermənistanda yeni seçkilərin keçirilməsi üçün vacibdir. Paşinyan hələ ki nüfuzu qaldığı müddətdə seçkilər keçirib məsələni tez həll etmək istəyir. Avropa İttifaqı isə açıq şəkildə bəyan etdi ki, belə bir vəsait yoxdur və Paşinyana hələlik islahatların nəticəsinin gözləndiyi bildirildi. 

Mövzunu şərh edən  Milli Məclisin deputatı Asim Mollazadə deyib ki, prezidentin Brüsselə səfəri ölkəmizlə Avropa İttifaqı arasında əməkdaşlığın daha da dərinləşməsinə xidmət edir. Dövlət başçısının səfər zamanı NATO toplantısında iştirakını xüsusi vurğulayan deputat söyləyib ki, NATO-nu öz bəyanatında Azərbaycanın ərazi bütövlüyü və suverenliyini tanıyıb, müstəqilliyinə dəstək ifadə edib: “Azərbaycanla NATO arasında güclü tərəfdaşlıq əlaqələri regional təhlükəsizlik və sabitlik məsələlərində mühüm rol oynayır”.

A.Mollazadənin sözlərinə görə, prezident İlham Əliyevin Brüsselə səfəri zamanı Azərbaycanla Avropa İttifaqı arasında “Tərəfdaşlıq prioritetləri” sənədinin paraflanması hər iki tərəf üçün böyük əhəmiyyət kəsb edir: “Bu sənəd bizim Aİ ilə gələcək əməkdaşlığımızın daha geniş və çox şaxəli olması üçün zəmin yaradır”.

Səfərin Azərbaycanın Aİ ilə ticarət əlaqələrinin inkişafı baxımından da mühüm olduğunu dilə gətirən deputat söyləyib ki, Aİ Azərbaycan ticarətinin ən əsas tərəfdaşıdır və tərəfdaşlıq daha da genişləndirilməlidir.

Deputat əlavə edib ki, Aİ ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin inkişaf etdirilməsi, istər Dağlıq Qarabağ münaqişəsinin həlli baxımından, istərsə də digər məsələlərdə ölkəmizin əhəmiyyətli və söz sahibi olduğunu ortaya qoyur: “Bu reallıq prezident İlham Əliyevin Azərbaycanın milli maraqlarına uyğun yürütdüyü məqsədyönlü və prinsipial siyasi kursun nəticəsidir”.

Millət vəkili Aydın Mirzəzadə isə deyib ki, dünya birliyi bir qayda olaraq ciddi, nüfuzlu fəaliyyəti ilə stabilliyi möhkəmləndirən ölkələrə üstünlük verir. Təbii ki, Ermənistan barəsində bunu danışmaq olmaz.

Onun sözlərinə görə, Ermənistanın baş naziri Nikol Paşinyanın hakimiyyətə gəlməsi dünya birliyində müəyyən bir ümid doğurmuşdu ki, o, Koçaryan, Sarkisyan cinayətkar rejimindən fərqli hümanist bir hakimiyyət qura biləcək: “Amma göründüyü kimi, o, hakimiyyətə gələndən sonra öz oğlunu qonşu dövlətin işğal etdirdiyi torpağa hərbi xidmətə göndərməsi, Dağlıq Qarabağ probleminin həlli üçün heç bir iş görməməsi, qonşu dövlətlərlə münasibətlərin qurulması üçün hər hansı bir addım atmaq niyyətində olmadığını ortaya qoydu. Həmçinin, onun Ermənistanın inkişafı üçün Aİ-dən 70 milyon istəməsi belə göstərir ki, Aİ, NATO Paşinyanın pul kisəsi rolunu oynamaq fikrində deyil. Paşinyanın dünyanı onu “qəhrəman” kimi qarşılayacağı ideyası da baş tutmadı.

Dünya ayaq üstdə durmağı bacaran, öz resursları hesabına iqtisadiyyatını gücləndirən, qonşu dövlətlərlə mehriban qonşuluq siyasəti yeridən, stabilliyə öz töhfəsini verən dövlətlərə hörmətlə yanaşır. Necə ki, biz bunu Azərbaycanla münasibətdə görürük. Paşinyandan fərqli olaraq Azərbaycan prezidenti İlham Əliyev Brüsseldə yüksək səviyyədə qarşılandı, ölkə başçısının ABŞ prezidenti ilə görüşü təşkil edildi, Azərbaycanla Avropa İttifaqı arasında paraflanmış “Tərəfdaşlıq prioritetləri” sazişi imzalandı. Brüssel sammiti əslində, tək Paşinyan üçün deyil, Ermənistan üçün növbəti bir tərs sillə oldu”.

O bildirib ki, Paşinyan yenə də Azərbaycan barəsində yalan məlumat verməyə, beynəlxalq ictimaiyyəti aldatmağa çalışır. Amma  beynəlxalq ictimaiyyəti heç vaxt aldada bilməyəcək. Ortada BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi var. Millət vəkili qeyd edib ki, Paşinyanın hərəkəti Sarkisyanın siyasətini məntiqi cəhətcə davam etdirdiyini göstərir: “Sarkisyanı hansı aqibət gözləyirsə, Paşinyanı da eyni aqibət gözləyir. Çünki Ermənistanın problemlərini həll etmədən, ölkənin beynəlxalq aləmdə layiqli yerini təmin etmədən heç bir Ermənistan rəhbəri cəmiyyət tərəfindən dəstəklənə bilməz”.

PƏRVANƏ

 





14.07.2018    çap et  çap et