525.Az

Şeytanın telefon nömrəsi - Kəramət Böyükçöl


 

Şeytanın telefon nömrəsi - <b style="color:red">Kəramət Böyükçöl </b>

Cəmi bircə dəfə ofisiant işləmişəm. Səhv eləmirəmsə, birinci kursda oxuyurdum. Restoranı işlədən yaxın dostum idi. Dedim ki, bir gün pulsuz işləyim, xoşuna gəlsə, sonra günü 10 manatdan razılaşarıq. Rayon toyu idi. Təxminən, belə başa düşdüm ki, qız evi Bakıda yaşayır, oğlan evi isə şəhərə gəlib toyu burda yola verib getmək fikrindədi.

Restoranda iki yüz nəfər adam olardı, çox olmazdı, amma az olardı. Stollar bölünmüşdü, bir tərəfdə qız evi, o biri tərəfdə oğlan evi. Düzü, heç mən bilmədim qulluq elədiyim adamlar hansı tərəfdəndi, ya da çoxdanın söhbətidi deyə dəqiq yadımda qalmayıb.

Qulluq elədiyim stolda əvvəlcə 4-5 nəfər kişi oturdu. Oturan kimi də məni yanına çağırıb soruşdular:

- Bu stola sən baxacaqsan?

- Bəli...

- Bizə yaxşı qulluq elə, axırda yaxşı olacaq.

Dedi, yaxşı olacaq... Bildim nəyi nəzərdə tutur. Yəni demək istəyir ki, cibinə pul qoyacağam. Mətbəxdə nə vardısa hamısını daşıyıb tökdüm bunların qabağına. Bir az keçəndən sonra həmin stola kişilərin sayı qədər qadınlar da gəldi, hərəsinin yanında bir, ya iki uşaq da vardı. Təcrübəsiz olduğumu qəti bildirmədim, tez bir əlimi belimə qoyub qadınların birinə sarı əyildim:

- Xanım, hansı sudan süzüm?

Bu sözü deyən kimi elə bil üzümdə şimşək çaxdı. Bu cür səhnələr Hindistan filmlərində tez-tez olur. Qadın bir neçə saniyə üzümə zilləndi. Əvvəlcə elə bildim məni tanıyır. Fikirləşdim bəlkə, haradasa görüb, ola bilər, cin kimi burdan batıb o tərəfdən çıxan adamam.

- Heç nə istəmirəm, çox sağ olun - xanım ehtiraslı bir səslə dedi.

Sonra o biri qadınlara yaxınlaşdım, hərəsi bir şey istədi, hamısını canla-başla yerinə yetirdim. Toy boyu üzərimdə iki baxış hiss eləyirdim. Birinci baxış restoranı işlədən dostumun idi, uzaqdan mənə fikir verirdi. Yəni o mənada ki, təcrübəsizəm, birdən qonaqları məmnun eləyə bilmərəm. İkincisi isə həmin o qadın! Hansı ki, yaxınlaşıb nə istədiyini soruşdum, o da dedi ki, heç nə istəmirəm. İlahi, üzümə necə baxırdı... Bəlkə də ömrümdə mənə elə baxan olmamışdı.

Toyun gedişində bir çox məsələlər mənə aydın oldu. Məsələn, bildim ki, bu stolda oturan kişilərin hamısı qardaşdı, qadınlar da arvadları. Ta böyük qardaş hansıdı, kiçik qardaş hansıdı, orasını dəqiq bilmədim. Stolda bir qaynana da vardı. Fikirləşdim ki, yəqin, qayınata rəhmətə gedib. Gözləri mənə zillənən qadınsa toy boyu çox sakit və təmkinli idi. Əyninə yaşıl rəngdə don geyinmişdi, çiynində də nazik şərf. Uşağı qucağında oturmuşdu, hiss elədim ki, uşağa qarşı o qədər məhəbbət hissi yoxdu. Tez-tez əri ona tərəf əyilir, nəsə lazım olub-olmadığını soruşur, uşağın üzündən bir çimdik alıb təzədən qayıdırdı rumkasının yanına.

Hərdən restoranın həyətinə siqaret çəkməyə çıxırdım. Ofisiant işləyən uşaqlar küncdə-bucaqda ciblərinə qoyulan pulları sayır, saya-saya pulu sanki, sığallayır, hamarlayıb səliqə ilə ciblərinə qoyurdular. Həmin mənzərə gözümün qabağından getmir. O vaxtdan hansı restoranda, kafedə otururamsa həmişə çalışıram ofisiantın cibinə pul qoyum.

Düzü, siqaret çəkə-çəkə o qadın da mənim ağlımdan çıxmırdı, əməlli-başlı fikrimdə özünə yer eləmişdi. Sarı saçları vardı. Zahirən aldadıcı təmkini olsa da,  hiss elədim ki, daxilən çox şeytandı. Yəni adamın qarnına bıçaq soxdurar, sonra kənarda dayanıb meyitinə tamaşa eləyər, özü də məsələdən alnıaçıq, üzüağ elə çıxar ki, Allah da baş açmaz nə işdi.

Siqareti çəkib restorana daxil olanda gördüm ki, aləm qarışıb bir-birinə. Mənim qulluq elədiyim stolda bir adam qalmamışdı. İşıqlar sönmüşdü, yarıqaranlıq bir vəziyyətdə hamı rəqs eləyirdi. Həmin qadın, hansı ki, yaxınlaşıb nə istədiyini soruşdum, o da dedi ki, heç nə istəmirəm, qayınanasını qucaqlayıb restoranın bir az işıqlı tərəfində dingildəyirdi. Üzünə qəribə bir gülüş qonmuşdu, elə bil ağ göyərçin sudan çıxıb budağın üstündə çırpınır, özünü qurulayır. Yanından keçəndə barmağını çiynimə yarpaq kimi yavaşca toxundurdu, sonra göz vurdu, sonra da yüngülcə gülümsündü. Dəli oldum. Məni titrətmə tutdu. Tez stoldan artıq şeyləri yığıb mətbəxə keçmək istəyəndə gördüm ki, mən tərəfə bükülmüş bir kağız tulladı. Qəfil geri necə çəkildimsə elə bil üstümə qumbara atdılar. Bir az tərəddüd elədim. Tərəddüd elədim deyəndə ki, qorxdum. Dedim yaxşı deyil, əri görüb eləyər, qayınları da burdadı, məni eşşək sudan qayıdana kimi çırparlar. Nə bilim, bəlkə öldürə də bilərlər. Amma qadın da çox şeytandı, ona görə ölmək yox, bəlkə də yaralanmağa dəyər.

Həyəcanlı bir vəziyyətdə kağızı götürüb cibimə necə qoydumsa elə bil kimsə cibimə pul basdı. Restoranın həyətində gizlin bir yer vardı, çəkilib həmin küncə təzədən bir siqaret yandırıb kağızı açdım ki, şeytan telefon nömrəsini yazıb. Deyəsən, nömrəni oxumadım, qatlayıb qoydum cibimə, çox qorxurdum, elə bildim kimsə məni güdür.

Toy qurtarmaq üzrə idi. Bir azdan aş gələcəkdi. Qorxumdan stolun yanına qayıda bilmirdim. Mənə elə gəlirdi ki, qadının əri hər şeyi bilir. Xüsusən, bükülmüş kağızı cibimə qoyandan sonra əri məni tez-tez yanına çağırırdı. Hər dəfə çağıranda isə şübhə məni basırdı. Amma yanına gələn kimi deyirdi ki, filan şeydən gətir, araq gətir, pivə gətir. O nə deyirdi, mən də o saat həll eləyirdim. Bir tərəfdən də ürəyim tələsirdi, elə bil üstümdə narkotik vardı. Bilmədim nə edəm, gördüm baş qarışıb, tez kağızı cibimdən çıxarıb corabımın boğazında gizlətdim. Ancaq yenə də canımda gizilti vardı. Elə bil əmin idim ki, toyun axırında qadının əri mənimlə haqq-hesab çürüdəcək.

Əslində, mənim heç bir günahım yox idi. Nömrəni sənin arvadın mənə verib. Ancaq bir məsələ də vardı ki, onun arvadının telefon nömrəsi mənim üstümdə idi. Nömrəni götürəndən sonra qorxumdan qadının üzünə də baxa bilmirdim. Özümü elə aparırdım ki, guya heç nədən xəbərim yoxdu, o kağızı da adicə bir zibil kimi harasa atmışam gedib. Yenə də arxayın oldum deyə imkan tapıb kağızı corabımın boğazından sürüşdürüb lap aşağı tərəfə ayağımın altına kimi gətirib çıxardım. Həyəcandan tər məni basmışdı. Fikirləşdim ki, yəqin telefon nömrəsi də tərin içində oxunmaz bir hala gəlib. Kimsə ayaqqabımı çıxarsaydı, corabımın içinə baxsaydı, görərdi ki, həqiqətən də belədi, yəni nömrə oxunmur.

O günü unutmaram, toy boyu çəkdiyim streslər heç vaxt yadımdan çıxmır. O gündən sonra bu hadisəni dost-tanışa nağıl kimi danışıram. İndiki ağlım olsaydı, təbii, belə bir vəziyyətə düşməzdim. Ümumiyyətlə, zaman-zaman mənim başıma çox belə maraqlı hadisələr gəlib. Həvəsim olduqca bir-bir yazıram. Həmin toy da qəribə bir tərzdə başa çatdı. Axıra yaxın dava düşdü, qışqır-bağır qopdu. Davanın ən qızğın yerində qadının əri uzaqdan əl eləyib məni yanına çağırdı. Qardaşları da yanında idi. Artıq hər şeyi ürək ağrısı ilə dərk elədim. Bildim ki, məsələ nədir. İstədim qaçam. Ancaq restoranı işlədən yaxın dostumun olduğu üçün fikirləşdim ki, hansı yolla olur-olsun məni tapacaqlar. Ən yaxşısı odur ki, qoy gedim, hadisə necə olubsa danışım, məsələ qurtarsın.

Qollarım boşaldı. Dizlərim əsirdi. Sidik də bir yandan qarnımı deşirdi. Az qala şalvarımı isladam.

Dörd qardaşın dördü da canavar kimi dayanıb mən gələn tərəfə baxırdılar. Dilim-dodağım qurumuşdu. İstədim qışqırıb hamını çağıram, mənə kömək eləsinlər. Ancaq səsim də batmışdı. Çatan kimi qadının əri qolunu boynuma salıb məni bir az kənara çəkdi, əlini cibinə salıb bir kağız parçası çıxardı.

- Bu mənim telefon nömrəmdi - barmağı ilə restoranın çıxışı tərəfdə qırmızı paltarlı ayrı bir qadını göstərdi - xahiş edirəm bu kağızı ona verərsən.

Zəhmət haqqı kimi cibimə pul da qoydu...

 





14.07.2018    çap et  çap et