525.Az

Yoxluğundan boşana bilmirəm


 

Yoxluğundan boşana bilmirəm  <b style="color:red"></b>

Həmişə İlahə axırıncı imtahandan çıxan kimi birbaşa vağzala qaçırdı, avtomobil qəzalarından gözü qırılmışdı deyə Tovuza qatarla gedib-gəlirdi.
 
Bir gün qolundan yapışıb ona dedim:

- Mən də sənlə getmək istəyirəm.

- Dəli olmusan? Rayonda harda qalacaqsan?

- Axşam qayıdacam.

- Oralarda atamın dostları çoxdu, səni yanımda görsələr nə olacaq?

Nə qədər dil tökdüm SV-yə razı olmadı. Axırda kupeyə bilet aldıq. Qatarda yemək üçün dönər, kola da götürdük. Uzandıq kupenin ikinci mərtəbəsində. Düz Tovuza qədər. Birinci mərtəbədə iki yaşlı qadın gecənin yarısına kimi zəhləmizi tökdü, ordan-burdan çoxlu suallar verdilər.

- Bala, bir-birinizin nəyisiniz? - arvadın biri maraqla soruşdu.

İlahə qəfil üzümə baxdı, sanki baxışları ilə o da eyni sualı verdi: mən sənin nəyinəm? Doğrudan, İlahə mənim nəyimdi? Bəlkə sevgilim? İstədim beləcə də deyəm. Ancaq qızdan belim bağlı deyildi. Qəfil etiraz eləsə pərt olacaqdım.

- Biz bacı-qardaşıq - dedim.

Arvadlar gözlərini süzdürdü. Hiss olundu ki, inanmadılar. Dallarını bir-birinə çevirib yuxuya getdilər. Onların dedi-qodusundan canımızı sağ-salamat qurtardığımız üçün allaha şükür eləsək də, yenə rahat söhbət eləyə bilmədik. Bir az pıçıltı, bir az əl-qol hərəkətləri... Heç aramızda bir metr məsəfə olmazdı, bir-birimizlə mesajlaşırdıq. Belə xoşumuza gəlirdi, elə bil sevgi-sevgi oynayırdıq. Amma son sözümü deməyə konturum çatmadı. Guya sağollaşıb yatacaqdıq. İlahə mənə kontur göndərdi, yenidən mesajlaşmağa başladıq. Axırda onun da konturu qurtardı, yuxuya getdi.

Telefonun işığında İlahənin gözlərinə baxdım, elə bil üzündə ay doğmuşdu. Saçlarını boynunun dalından dolayıb tökmüşdü sinəsinə, döşləri köynəyinin altında fəlakət kimi yırğalanırdı. Heç istəmirdim səhər açılsın. Hərdən əllərimi uzadıb onun əlinə toxundurur, barmaqlarını siqaret kimi sümürmək istəyirdim. Tez-tez əlini geri çəkirdi, diksinirdi, yuxulu-yuxulu mızıldanırdı:

- Buralarda atamın dostları çoxdu.

Üzüqoylu qatarın pəncərəsindən çölə baxır, yoldakı işıq dirəklərini saymağa başladım: sevir, sevmir, sevir, sevmir... Düşmək istəmirdim qatardan. Kaş bu qatar Tovuza çatmayaydı, ya da Bakıya qayıdıb yenidən yola düşəydi. Qatar təkərlərinin taqqıltısını ürəyimin döyüntüsü ilə cütləşdirib ömrümün axırına kimi getmək istəyirdim bu yolu. Amma rayona çatmışdıq. Vağzalda düşən kimi İlahə qəfil içini çəkdi. Qorxdum, elə bildim atasının dostu bizi gördü. Sən demə, yadımızdan çıxıb dönərimizi yeməmişik, kolamız da qalıbmış. Xeyli güldük. İlahəyə xoş getsin deyə mən lap uca səslə, ürəklə güldüm. Elə gülə-gülə də onu evlərinə qədər ötürdüm. Şübhəli, tanış bir adam görən kimi iti addımlarla məndən irəli keçirdi. Guya tanımır...

Arxasınca xeyli baxdım. Yaşıl rəngdə dəmir darvazaları var idi. Sarmaşıq gülü qapını qucağına almışdı. Bəxtəvər başına sarmaşıq gülünün. İlahə qapılarından içəri girəndə gözləyirdim geri çevriləcək, mənə əl eləyəcək. Amma çevrilmədi, əl də eləmədi, eləcə qapını örtüb getdi.

Həmin gün Tovuzda bir xeyli veyilləndim, buraları ilk dəfə görürdüm. Gecə qatarla Bakıya qayıtdım. Yenə dörd nəfərlik kupe, təsadüfən yenə iki yaşlı qadın. Bircə İlahənin yeri boş idi. Bileti satılmamışdı o yerin. Səhərə kimi yatmadım. Yoxluğundan boşana bilmirdim. Qapıdan çevrilib baxmamağı ürəyimi yaman pis eləmişdi. Görəsən, o niyə mənə əl eləmədi?

 





15.07.2018    çap et  çap et