525.Az

Mətbuat Şurası Gəncə hadisələrini müzakirə etdi


 

Mətbuat Şurası Gəncə hadisələrini müzakirə etdi<b style="color:red"></b>

Dünən Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin genişləndirilmiş iclası keçirilib.

Mingəçevirdə baş vermiş enerji qəzasının və Gəncə terrorunun mediada işıqlandırılması vəziyyətinə həsr olunmuş toplantıda Şuranın İdarə Heyətinin üzvləri, ölkənin ictimai rəyə təsir göstərən kütləvi informasiya vasitələrinin, o cümlədən, internet informasiya resurslarının rəhbərləri iştirak ediblər.

İclası giriş sözü ilə MŞ sədri, Milli Məclisin deputatı Əflatun Amaşov açaraq bildirib ki, enerji böhranı və Gəncədə icra başçısı Elmar Vəliyevə qarşı terrorla başlamış iğtişaşlar ölkənin gündəmində olan başlıca mövzulardandır: "Azərbaycan Mətbuat Şurasının müşahidələri göstərir ki, media ümumən hər iki hadisəyə obyektiv prizmadan yanaşdı və ictimai rəyi düzgün istiqamətə yönləndirməklə peşəkarlıq nümayiş etdirdi. Lakin məsələyə fərqli aspektdən yanaşmış internet informasiya resursları və sosial şəbəkə profilləri oldu. Onlar özlərinə sərfəli fikir və düşüncələri bir növ, fakt kimi təqdim edərək cəmiyyətdə çaşqınlıq yaratmaq yolu tutdular. Eyni zamanda, biz aşkar təfriqəçilik meyillərinin, insanları hakimiyyətə qarşı qaldırmaq cəhdlərinin, din pərdəsi altında iğtişaşlar yaradaraq Azərbaycanın nüfuzunu ləkələmək istəklərinin şahidi olduq. Proses Mingəçevirdəki qəza ilə başladı. Təbii ki, ölkəni bürüyən enerji böhranı insanlarda narahatlıq doğurdu. Hər kəs buna görə cavabdehlik daşıyan şəxslər barədə ölçü götürülməsini tələb etdi. Azərbaycan Prezidenti cənab İlham Əliyev məsələyə kifayət qədər sərt mövqeyini açıqladı. Biz onu da gördük ki, kimlərsə enerji böhranı ilə bağlı guya hakimiyyətin fəaliyyətsizliyi görüntüsünü formalaşdırmaqla geniş etirazlar yaratmağa cəhd göstərir. Eyni xoşagəlməz tendensiya özünü Gəncə hadisələrinə münasibətdə bir qədər də qabarıq tərzdə göstərdi. İcra başçısı cənab Elmar Vəliyevə sui-qəsddən sonra bəzi sosial şəbəkə profilləri və internet saytlar terroru az qala haqq işi kimi təqdim edərək iki polis zabitinin qətlə yetirilməsi ilə nəticələnmiş iğtişaşların bir növ anonsunu verdilər. Sumqayıtda da Gəncə terrorunun törədiləcəyinə dair çağırışları gördük. Bütün bunlara Azərbaycan ictimaiyyəti olduqca sərt reaksiya verdi. Hesab edirəm ki, bu reaksiyanın formalaşmasında media ictimaiyyətinin rolu böyükdür. Azərbaycan mediası olaraq qarşımızda hansı vəzifələr dayanır? Nəyə daha çox diqqət yetirməliyik? İstərdim ki, bugünkü toplantımızda bu məqamları birlikdə müzakirəyə çıxaraq".

Ə.Amaşov vurğulayıb ki, Azərbaycanda qərarlaşmış asayişi, sabitlik mühitini pozmaq istəyən antimilli qüvvələrə qarşı ictimai səfərbərliyin təmin edilməsi son dərəcə vacibdir. MŞ sədri onu da bildirib ki, ölkəmizin adı ilə bağlı olan və dünyanın energetika xəritəsini dəyişən nəhəng layihələr, Milli Ordumuzun 100 illiyinə həsr olunmuş möhtəşəm hərbi parad xaricdəki bəzi antiazərbaycançı qüvvələri hərəkətə keçirib. Onların Prezident seçkisi ilə bağlı da planları var idi. Ancaq seçkinin vaxtının dəyişdirilməsi bu planları iflasa uğratdı. 11 aprel Prezident seçkisində cənab İlham Əliyevin qələbəsi isə oktyabr ayına hazırlanmış "ssenarinin" işə salınması üçün hiddət motivi gətirdi. Gəncə terroruna bu baxımdan da qiymət verən Ə.Amaşov heç bir xarici qüvvənin məkrli siyasətinin Azərbaycanda həyata keçməyəcəyinə əminliyini vurğulayıb. "Azərbaycan gücləndikcə ona qarşı təhdidlər, o cümlədən, informasiya müstəvisindəki təxribatlar atrır. Təəssüf ki, bu prosesdə xaricdə yaşayan azərbaycanlılar da alətə çevrilirlər. Zaman-zaman biz bu kimi halların şahidi olmuşuq. Hər hansı hadisənin timsalında ölkə rəhbərliyi, ayrı-ayrı məmurlar təhqir olunur, ünvanlarına aşağılayıcı ifadələr səslənir. Məqsəd ölkədə xaos, etimadsızlıq, inamsızlıq mühiti yaratmaqla mövcud konstitusyon quruluşu devirməkdir. Hesab edirəm ki, media ictimaiyyəti olaraq biz bu kimi təhlükəli təmayüllərə münasibətdə ayıq olmalı, qətiyyətli mövqe nümayiş etdirməliyik", - deyə Ə.Amaşov vurğulayıb.

MŞ İdarə Heyətinin üzvü, "Azərbaycan" qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar Sadıqov bildirib ki, ölkəmizdəki sabitliyi pozmağa cəhd edən qüvvələr ən müxtəlif vasitələrdən istifadə edirlər.

MŞ İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Aqil Abbas bildirib ki, cəmiyyətin informasiya təminatı prosesində jurnalistlərlə yanaşı, müavfiq dövlət qurumları da iştirak edirlər. İkincilərin iş operativliyinin güclənməsinə ehtiyac duyulmaqdadır.

MŞ İdarə Heyətinin üzvü, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Məmmədov bildirib ki, Gəncə terroru və Mingəçevirdə baş vermiş qəza ilə bağlı rəsmi informasiya verilməyənədək yayılmış yanlış məlumat axınına qoşulanlar oldu. Bu sayaq məqamlara diqqət yetirilməli və belə halların gələcəkdə baş verməməsi üçün sistemli iş aparılmalıdır.

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru, MŞ İdarə Heyətinin üzvü Vüqar Səfərli diqqəti ekstremal vəziyyətlərdə əlaqədar dövlət qurumlarının ilk mənbə rolunda çıxış etməsinin vacibliyinə yönəldib. Bu baxımdan məsuliyyət hissinin artırılmasının zəruriliyini əsaslandırıb.

Gəncə hadisələri və Mingəçevirdə baş vermiş qəza zamanı medianın və dövlət qurumlarının ümumən operativ fəaliyyət göstərdiklərini önə çəkən MŞ İdarə Heyətinin üzvü, "APA Holdinq"in rəhbəri Vüsalə Mahirqızı çıxışında həmçinin, dövlət qurumları ilə kütləvi informasiya vasitələrinin əməkdaşlığının gücləndirilməsi məsələlərinə də toxunub. O bildirib ki, müvafiq dövlət qurumlarının təmsilçiləri ilə media rəhbərləri arasında qeyri-rəsmi görüşlərin təşkilinə ehtiyac var.

"Strateq.az" saytının rəhbəri Elxan Şükürlü çıxışında Gəncədə icra başçısı Elmar Vəliyevə qarşı sui-qəsdin baş verməsindən sonrakı bir neçə saatadək məsələ ilə əlaqədar rəsmi informasiya boşluğunun yarandığını deyib. O, hadisə ətrafındakı yanlış fikirlərin dövriyyəyə məhz bu zaman kəsiyində daxil olduğunu xatırladıb. Belə halların yaşanmaması üçün informasiya təminatındakı bütün tərəflərin öz işlərinə məsuliyyətlə yanaşmalarının mühüm əhəmiyyət daşıdığını bildirib.

 





17.07.2018    çap et  çap et