525.Az

Bütün xalq Gəncə hadisələrinin iştirakçılarına qarşı öz nifrətini ifadə etdi


 

Bütün xalq Gəncə hadisələrinin iştirakçılarına qarşı öz nifrətini ifadə etdi<b style="color:red"></b>

Gəncədə baş vermiş hadisələr Azərbaycan dövlətinə, onun müstəqilliyinə, ölkəmizdə hökm sürən sabitliyə qarşı törədilmiş cinayət xarakterli hərəkətlər idi.

Həmin cinayətləri törədən terrorçu qruplaşmanın məqsədi  müəyyən xarici dairələrin göstərişi ilə Azərbaycanda gərginlik yaratmaq, ölkəmizi xaosa sürükləmək olub. Amma Azərbaycanın təkcə regionda deyil, dünyadakı mövqeyini, nüfuzunu, malik olduğu gücü deyəsən, unudublar. Bu gün ölkəmiz hərtərəfli inkişafı, apardığı müstəqil siyasəti, sabitlik və təhlükəsizliyin təmini ilə dünyaya bir nümunədir. Məhz bu sabitliyə görə, təkcə paytaxt Bakıya deyil, regionlarımıza da səfər edən xarici turistlərin sayı gündən-günə artmaqdadır. Əldə edilmiş uğurları, inkişafı həzm edə bilməyən qüvvələr təxribata, cinayətə əl ataraq Azərbaycanı Suriyaya, Liviyaya çevirmək istədilər. Təxribata xaricdən idarə edilən bəzi saytlar, xarici ölkələrdə məskunlaşmış Azərbaycan əleyhinə qaralama kampaniyası aparan məlum qrup da qatılmışdı. Onlar sosial şəbəkələr vasitəsilə baş verən cinayətlərə haqq qazandırmaqdan, polis zabitlərini qətlə yetirənləri "qəhrəman" elan etməkdən çəkinmirdilər. Amma bu dəfə də istəklərinə nail ola bilmədilər. Qarşılarında yenə də güclü Azərbaycan dövlətini gördülər. Xalq öz dövlətinin yanında olmaqla terrorçuları, polis qatillərini lənətlədi, həmin qüvvələrə yerini göstərdi.

Azərbaycan prezident İlham Əliyev hüquq-mühafizə orqanları rəhbərlərinin iştirakı ilə keçirilən iclasda vurğulayıb ki, müstəqillik illərində bir neçə belə cinayət törədilib, onlar niyyətlərinə çatmayıb. Çünki Azərbaycanda xalq-iqtidar birliyi var.  Xalq-iqtidar birliyinə nə xarici, nə də hər hansı daxili qüvvə təsir edə bilər.

Dövlət başçısı qeyd edib ki, xaricdən idarə olunan media tərəfindən də qaralama kampaniyası aparılır: "Bunun da nəticəsi olmur. Özlərini QHT adlandıran bir qrupun kampaniyasının da heç bir təsiri olmadı".

Prezident Gəncədə törədilmiş cinayət aktlarını dövlətçiliyə qarşı törədilmiş cinayətlər adlandırıb: "İki polis əməkdaşı şəhid olub, Gəncə şəhər İcra Hakimiyyətinin başçısı isə yaralanıb. Bu cinayəti törədən cinayətkar qrup Azərbaycanda sabitliyi pozmaq istəyir. Cəmiyyətimizi qorxutmaq üçün bu qanlı terror aktları törədilib. Bu terror aktları dini şüarlar altında törədilib. Bu, özlüyündə islam dininə qarşı ən böyük cinayətdir. İslam sülh, mərhəmət dinidir. Azərbaycan islam mədəniyyətini dünyada ən çox təbliğ edən ölkələrdən biridir".

Qeyd edək ki, iyulun 10-da Gəncə şəhərində ictimai asayişi pozmağa cəhd göstərərək xidməti vəzifələrini yetirən polis əməkdaşına küt və kəsici-deşici alətlərlə hücum edərək qətlə yetirmiş Gəncə şəhər sakini, 1988-ci il təvəllüdlü Böyükkişiyev Rəşad Məmmədəli oğlu zərərsizləşdirilib.

Daxili İşlər Nazirliyinin iyulun 15-də yaydığı məlumata görə, Şəmkir rayonu, Moranlı kəndi ərazisində saxlanılarkən hüquq mühafizə orqanları əməkdaşlarına atəş açaraq silahlı müqavimət göstərmiş R.Böyükkişiyev əlində olan qumbaranı istifadə etməyə cəhd göstərərkən DİN-in Bakı şəhərindən getmiş xüsusi təyinatlı dəstəsi - "Aslanlar" tərəfindən məhv edilib. Məlumatda bildirilir li, R.Böyükkişiyev öz doğma anasını qətlə yetirdiyinə görə də həbsdə olub, həbs müddəti bitdikdən sonra isə Rusiyaya gedib.

Gəncə şəhəri İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin həyatına sui-qəsd törətmiş Yunis Səfərovla bağlı da yeni faktlar açıqlanıb. Belə ki, onun əvvəllər hazırda İranda yaşayan Tohid İbrahimbəyli tərəfindən hərbi təlimlər keçmək və döyüşlərdə iştirak etmək üçün Suriya ərazisinə göndərildiyi müəyyən edilib.  Hüquq mühafizə orqanlarının məlumatına görə, mütəmadi olaraq Azərbaycan dövlətçiliyi əleyhinə radikal çağırışlar edən Tohid İbrahimbəyli hələ 2017-ci ilin yanvarında radikal şiə təriqətçilərinə məxsus "nur-az.com" internet saytı vasitəsilə Elmar Vəliyevin öldürülməsinə çağırış edib.

Y.Səfərovla bağlı məlumatın araşdırılması zamanı məlum olub ki, bır sıra Azərbaycan vətəndaşları 2013-2016-cı illər ərzində T.İbrahimbəyli tərəfindən İranın Qum şəhərində toplanaraq maddi maraq qarşılığında qanunsuz silahlı birləşmələrin tərkibində döyüşlərdə iştirak etmək üçün Suriya ərazisinə göndəriliblər.

Belə ki, istintaq zamanı Göyüşov Taleh Həsən oğlu və Tohid İbrahimbəylinin yaxın qohumları İbrahimli Həbib Əkbər oğlu, Musayev Pərviz Əlimusa oğlu, Ziyadov Elmir Savadxan oğlunun Yunis Səfərovla birgə İranın Qum şəhərində Tohid İbrahimbəyli tərəfindən təşkil edilmiş gizli toplantıda və Suriya ərazisində qanunsuz silahlı birləşmələr tərkibində döyüşlərdə iştirak etdikləri müəyyən olunub. Həmçinin, müəyyən edilib ki, Taleh Göyüşov iyulun 10-da Gəncədə polis əməkdaşlarına soyuq silahla hücum edilməsi ilə müşayiət olunan qanunsuz aksiyanın fəal iştirakçısı olub.

Qeyd edilən şəxslər iyulun 14-də Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb və cinayət məsuliyyətinə cəlb olunublar.

Radikal dini qruplar və onlara dəstək verən radikal müxalifət Sumqayıtda da Gəncə hadisələrini törətməyi planlaşdırırmış. Hüquq mühafizə orqanlarının məlumatına görə, iyulun 15-də Sumqayıt şəhərində hüquq-mühafizə orqanları qətiyyəti və peşəkarlıqla həyata keçirdiyi əməliyyat nəticəsində radikal dini qrupların və onlara dəstək verən radikal müxalifət tərəfdarlarının 18 əsas fəalı saxlanılıb. Əsasən xaricdən idarə olunan fəallar Gəncədə baş vermiş hadisələri Sumqayıt şəhərində təkrarlamaq, iğtişaş və qarşıdurma yaratmaq yolu ilə şəhərdə ictimai-siyasi sabitliyi pozmağı planlayırmışlar.

Xatırladaq ki, hüquq-mühafizə orqanları rəhbərlərinin iştirakı ilə keçirilən müşavirədə Azərbaycan Prezidenti İlham Əliyev bu hadisələrlə əlaqəsi olan hər bir kəsin məsuliyyətə cəlb olunacağı və ədalət məhkəməsi qarşısında cavab verəcəyi barədə xəbərdarlıq edib.

Millət vəkili Elman Məmmədov hesab edir ki, Gəncədə baş verən hadisələr birmənalı olaraq dövlətə, dövlətçiliyə qarşı törədilmiş təxribatdır. E.Məmmədov bildirib ki, bu cinayəti törədənlərin hamısı layiq olduqları cəzalarını almalıdırlar: "Bu, dövlətə, qanuna, polisə qarşı törədilmiş cinayətdir, terrordur və bu terrorun xarici mənbələri də məlumdur. Xaricdən idarəolunan dəstələr də aşkrlanıb, ifşa olunur, onlar haqqında lazımi hüquqi ölçülər götürülür və belə də davam etdiriləcək".

Prezidentin hüquq-mühafizə orqanları rəhbərlərinin iştirakı ilə keçirdiyi iclasa da toxunan E.Məmmədov bildirib: "Dövlət başçısı həmin iclasda vurğuladı ki, Azərbaycanda bu istiqamətdə fəaliyyət göstərən kimlər varsa, istər hüquqi, istər fiziki şəxs olsun, qanun qarşısında cavabdehdir, cəzalarını alacaqlar. Hansı qüvvələr ki, dövlətimizə, dövlətçiliyimizə qarşı bu üsullara əl atır, qanun qarşısıda cavab verəcəklər. Hazırda istintaq-axtarış tədbirləri davam etdirilir, heç kim məsuliyyətdən kənarda qalmayacaq. Xaricdə əleyhimizə kampaniya aparanlar da vaxt gələcək ya yerləşdikləri dövlətlər tərəfindən, ya da Azərbycana gətirilərək məsuliyyətə cəlb olunacaqlar".  Millət vəkili əlavə edib ki, bir müddət idi sosial şəbəkələrdə Gəncədəki aksiya ilə bağlı radikal çağırışlar yer alırdı, bu çağırışlara qarşı daha ciddi proflaktik işlər görülməli idi, o zaman bəlkə də hadisələr bu həddə çatmazdı.

E.Məmmədov əlavə edib ki, Azərbaycan mürəkkəb regionda yerləşir, ölkəmizdə gedən iqtisadi inkişaf proseslərini, aparılan müstəqil siyasəti gözü götürməyənlər çoxdur: "Bizim  bir nömrəli düşmənimiz torpaqlarımızı işğal eləmiş Ermənistandır, işğalçıya qarşı mübarizə aparıb, torpaqlarımızı azad etməliyik. Əminliklə deyə bilərəm ki, bu hadisələrdə Ermənistan xüsusi xidmət orqanlarının dolayısı və yaxud birbaşa iştirakı var, ancaq çox təəssüflə qeyd edirəm ki, bəzi qonşu dövlətlər də bizə qarşı təxribatlar törətməkdə Ermənistandan geri qalmırlar. Bu, mərkəzlərin bəziləri elə onların ərzisində yerləşir, buna görə Azərbaycanda müvafiq qurumlar heç vaxt ehtiyatı əldən verməməli, ayıq-sayıq olmalı və lazımi ölçülər götürməklə, belə halların qarşısını əvvəlcədən almalıdırlar. Hesab edirəm ki, hüquq-mühafizə orqanlarımız kifayət qədər güclüdür, operativ fəaliyyət göstərirlər və belə hadisələrin qarşısını yüksək səviyyədə alırlar, bunu xalqımız gördü və almaqda davam edəcəklər".

E.Məmmədov xaricdən idarə edilən bəzi saytların ölkəmiz əleyhinə fəaliyyətinə də toxunub: "Bütün dövrlərdə media çox ciddi sahə olub və silahın gücündən geri qalmayan gücə malikdir. Ona görə bu sahə hər zaman diqqətdə saxlanılmalıdır. Baş vermiş hadisələrlə bağlı həmin medialarla bağlı da bəzi araşdırmalar aparılır, istintaqa cəlb edilənlər də var. Düşünürəm ki, cəmiyyətdə nə qədər demokratiya, söz və mətbuat, ifadə azadlığı bərqərar olsa da, bundan istifadə edərək dövlətimizə, vətənimizə, xalqımıza  qarşı hazırlanan təxribatlarda iştirak etməməliyik. Əgər ediriksə, demək, qanunu pozuruq, qanunu pozduqda isə onun ən sərt üzü ilə qarşılaşmalı olursan. Bir sözlə, bu cür hallarla çox ciddi mübarizə aparılmalıdır".

"Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı isə düşünür ki, Gəncədə baş verən hadisələr Azərbaycan dövlətinə, onun müstəqilliyinə, Konstitusion hüquqlarının dəyişdirilməsinə yönələn təxribat xarakterli hərəkətlərdir: "Bu hərəkətlərin qarşısı Azərbaycan dövləti, eyni zamanda, Azərbaycanın müstəqilliyini canı qədər sevən vətəndaşları tərəfindən alındı, əhali bu aksiyalara dəstək vermədi. Bunun da mahiyyəti ondan ibarətdir ki, Azərbaycanın müstəqilliyinə, onun dünyəvi quruluşuna yönələn hər bir cəhd bütün vətəndaşlarımız tərəfindən qətiyyətlə pislənilir".

PƏRVANƏ

 





17.07.2018    çap et  çap et