525.Az

Günay Mehdizadə Azərbaycanı beynəlxalq qurumda təmsil etdi


 

Günay Mehdizadə Azərbaycanı beynəlxalq qurumda təmsil etdi<b style="color:red"></b>

İyulun 2-dən 6-na kimi Moskvada keçirilən Avrasiya Ölkələri Müəllif Hüquqları Konfederasiyasında Türkiyənin təmsilçiləri və müəllif hüquqları təşkilatlarının təmsilçiləri ilə birgə müşahidəçi qismində iştirak ediblər.

Avrasiya Ölkələri Müəllif Hüquqları Konfederasiyası Azərbaycan, Ermənistan, Qazaxıstan, Qırğızıstan və Rusiya dövlətini əhatə edir. Konfederasiyanın başlıca məqsədi öz əhatə dairəsini genişləndirməkdir. Konfransda eyni zamanda, Türkiyə, Ərəb ölkələri və İranın müəllif hüquqları üzrə nümayəndələrinin dəvəti tədbirin prinsipi olaraq qəbul edilib. Bu il Avrasiya Ölkələri Müəllif Hüquqları Konfederasiyasında  ölkəmizi Azərbaycan Rəssamlar İttifaqının üzvü, Türk və Azərbaycan dövlətləri üzrə qısa zamanda böyük şöhrət qazanmış, tanınmış rəssam Günay Mehdizadə təmsil edib. Üç günlük konfransda bir sıra yeni məsələlər ve yeni texnologiyalar barədə müzakirələr də aparılıb. YEAKOP-un bu sahədə ən böyük qurum ola bilməyi prearitet mövqe seçdiyi bildirilib.

YEAKOP baş direktoru, Azərbaycan Müəllifləri İctimai Birliyinin sədri, cənab İsmayıl Məmmədkərimov deyib: "Tanınmış rəssam Günay Mehdizadə kimi ziyalı insanların təmsil olunması yalnız və yalnız fəxarətlə qarşılanmalıdır. Avrasiya Ölkələri Müəllif Hüquqları Konfederasiyasında Avrasiya İqtisadi İttifaqı və MDB çərçivəsində təmsil olunan  dövlətlərinin müəllif hüquqları sahəsi üzrə ixtisaslaşan ziyalı insanlarla yanaşı, aparıcı milli cəmiyyətlər də, təmsil olunmaq iqtidarındadır". Onun sözlərinə görə, təşkilatda Çingiz Abdullayev, Anar, Fikrət Qoca kimi ziyalılarla yanaşı, tanınmış Azərbaycan bəstəkarlarının da, adı yer alır: "Lakin təşkilat, bildiyiniz kimi,  yalnız üzvlərdən deyil, eyni zamanda da, prezidiumdan, yəni  daimi üzv heyətindən  ibarətdir ki, bu da, səs çoxluğu ilə müəyyən olunur. Həmin prezidiumda isə  əsasən aktiv və daima inkişafa meyilli olan insanların cəlb olunmasına üstünlük verilir.  Tanınmış rəssam Günay Mehdizadə isə gənc nəslin nümayəndəsi kimi olduqca aktiv və inkişafa meyilli biridir. Belə insanların Azərbaycanı istənilən qurumda təmsil edə bilməsi hər baxımdan perspektivlidir".

İ. Məmmədkərimov eyni zamanda, bu günlərdə təşkilatın sədri Oleq Molçanın "Sputnik" informasiya portalının xüsusi buraxılışında çıxış edərkən, azərbaycanlı rəssam G.Mehdizadə haqqında müsbət fikirlər söyləməsini də, xüsusi vurğulayıb.

Türkiyənin Mədəniyyət Müşaviri, Dr. İrfan Çiftçi isə  bununla bağlı bildirib ki, Türkiyənin də müşahidəçi statusunda iştirak etdiyi bu toplantıda Azərbaycanın bir təmsilçisinin də beynəlxalq bir təşkilatda olması, eləcə də  Günay Mehdizadənin YEAKOP idarə üzvlüyünə seçilməsi, Azərbaycanın və Türk Dünyasının bir qələbəsidir: "Günümüzdə xüsusən də, internet vasitəsilə ən çox əməyi oğurlanan yaradıcı insanlardır. Bütün mədəniyyət qurumları olaraq, texnoloji vasitələrindən, müasir üsullardan istifadə edərək, əmək haqlarını, müəllif hüquqlarını qorumalıyıq. Sənəti və mədəniyyəti xüsusən də, gənclərin ən çox istifadə etdiyi internetdən təbliğ etməliyik. Eyni zamanda, dizayner və kompüter üzrə mühəndis olan Günay Mehdizadə, mətbuatdan oxuduğuma görə, yaxın zamanda eyni təşkilatın "müasir vasitələrlə mədəniyyətin təbliği" beynəlxalq sempoziumda iştirak etmişdi. Günay xanım, artıq klassik üsullarla standart sərgilərin, kitabda dərc edilmiş mətnlərin günümüzdə sənətin təbliğatı adına kifayətsiz olduğunu və bu klassik vasitələrlə dijital atmosferin birgə olmasının zərurətinə aid layihələrin olduğunu bilən, müasir fikirləri olan bir sənətçidir, buna görə də ondan mədəniyyət sahəsinə çox daha böyük yaradıcı işlər gözləyirik və buna ümidliyik".

Tanınmış rəssam Günay Mehdizadə isə, öz növbəsində baş tutan konfransda hər kəsin yekdilliklə ona səs verməsi ilə bağlı məmnunluğunu ifadə edərək,  belə təşkilatlarda Azərbaycan mədəniyyətinin tərənnüm olunmasının diaspora fəaliyyətinə, eyni zamanda, milli-mənəvi sərvətimizin tarixə həkk olunması uğrunda bir töhfəsi olduğunu qeyd edib: "Qəlbi Azərbaycanla döyünən hər bir sənətçi həmkarlarımın adının beynəlxalq təşkilatlarda çəkilməsini nəinki mənim, həm də Azərbaycanımızın sevinci kimi qəbul edirəm. Hesab edirəm ki, bu, belə də olmalıdır. Rəsm əsərlərimin beynəlxalq məkanda müxtəlif ölkələrin sənətşünasları və bu sahənin təmsilçiləri tərəfindən qəbul olunaraq, maraqla qarşılanması təbii ki, böyük sevincdir. Və mən inanıram ki, Azərbaycan mədəniyyəti adına daha böyük uğurları Vətənimə və xalqıma bəxş edə biləcəyəm".

Şahanə MÜŞFİQ

 





17.07.2018    çap et  çap et