525.Az

"Astara" qəzetinin 85 illik yubileyi qeyd olundu


 

"Astara" qəzetinin 85 illik yubileyi qeyd olundu <b style="color:red"></b>

İyulun 13-də Astara şəhərində "Astara" qəzetinin 85 illik yubileyi və "Astarainfo.az" xəbər saytının 1 illiyinə həsr olunmuş tədbir keçirilib.

Astara Rayon Mədəniyyət Mərkəzində Milli Mətbuat Günü ərəfəsində keçirilən tədbirin iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad edib, Ulu Öndərin adını daşıyan Mərkəzdə böyük rəhbərin zəngin və mənalı ömür yolunu əks etdirən eksponatlar və şəkillərlə tanış olublar.

"Astara" qəzetinin 85 illik yubileiyi münasibəti ilə Mədəniyyət Mərkəzində təşkil edilmiş sərgi tədbir iştirakçılarının xüsusi marağına səbəb olub. Sonra Mədəniyyət Mərkəzinin akt zalında tədbirin əsas hissəsinə start verilib.

Yubiley tədbirində əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

Tədbir iştirakçıları Astara rayonunun sosial-iqtisadi inkişafına və  qəzetin fəaliyyətinə həsr olunmuş  "Cənnətməkan Astara" video-çarx nümayiş etdirilib.

Tədbiri giriş sözü ilə "Astara" qəzetinin baş redaktoru Fəridə Ağazadə qəzetin 85 illik inkişaf yolundan və bu illər ərzində qəzetin gördüyü işlərdən danışıb.

Daha sonra söz Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü, Mətbuat Şurası sədrinin müavini, Respublika Jurnalistləri Həmkarlar Təşkilatının sədri Müşfiq Ələsgərliyə verilib. Müşfiq Ələsgərli Mətbuat Şurasının sədri, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Əflatun Amaşovun təbriklərini "Astara" qəzetinin kollektivinə çatdırıb və region qəzetlərinin rəhbərliyinə gənc kardların gətirilməsinin çox müsbət bir hadisə olduğunu bildirib.

Çıxışının sonunda Müşfiq Ələsgərli "Astara" qəzetinin baş redaktoru Fəridə Ağazadəyə Azərbaycan Mətbuat Şurasının diplomunu təqdim edib.

Mətbuat Şurası İdarə Heyətinin üzvü, Azərbaycan Yazıçılar Birliyinin katibi, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid isə çıxışında "Astara" qəzetinin kollektivinə göstərdikləri fədakar əməyə görə təşəkkürlərini bildirib və Mətbuat Şurası İdarə Heyəti üzvlərinin bu cür tədbirlərdə iştirakının həm də regionlarda gənc jurnalistlərə dəstək xarakteri daşıdığını ifadə edib.

Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü, Demokratik Jurnalistlər Liqasının sədri, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi mətbuat xidmətinin rəhbəri Yadigar Məmmədli isə çıxışında "Azərbaycan bir bütöv olduğu kimi, onun mətbuatı da bir bütövdür. Buna görə də, region mətbuatı da Azərbaycan mətbuatının bir parçasıdır" , - deyib və "Astara" qəzetinin öz peşəkarlıq səviyyəsi ilə ölkə mətbuat orqanları arasında öz xüsusi yeri olduğunu bildirib.

Azərbaycan Yazıçılar Birliyinin mətbuat katibi, İLESAM-ın Azərbaycan üzrə nümayəndəsi Xəyal Rzaya verildi. Xəyal Rza da "Astara" qəzetinin kollektivini 85 illik yubiley münasibət ilə təbrik edin və qəzetin fəaliyyəti ilə yanaşı "Astarainfo.az" xəbər saytının fəaliyyətinin təqdirəlayiq bir hadisə olduğunu bildirin. Daha sonra Xəyal Rza İLESAM xətti ilə Azərbaycana hədiyyə edilən 5 min kitabdan 500-nü "Astara" qəzetinə hədiyyə etdiklərini bildirin.

Tədbirin sonunda "Astara" qəzetinin baş redaktoru Fəridə Ağazadə qəzetin fəaliyyətndə xüsusi xidmətiləri olan əməkdaşları fəxri fərmanlarla mükafatlandırıb.

 





17.07.2018    çap et  çap et