525.Az

"525-ci qəzet" və "Olaylar" Mərkəzi Elmi Kitabxana ilə müqavilə imzaladı


 

QƏZETLƏRİN RƏQƏMSAL NÜSXƏLƏRİ KİTABXANANIN FONDUNDA MÜHAFİZƏ EDİLƏCƏK

"525-ci qəzet" və "Olaylar" Mərkəzi Elmi Kitabxana ilə müqavilə imzaladı<b style="color:red"></b>

Dünən Mərkəzi Elmi Kitabxanada "Elektron resursları birləşdirək və paylaşaq" proqramı çərçivəsində "525-ci qəzet"in və "Olaylar" qəzetlərinin baş redaktorları 2018-ci ilin yanvar-iyun ayları arasındakı nömrələrinin rəqəmsal nüsxələrini Mərkəzi Elmi Kitabxananın fonduna bağışlayıblar. Bununla əlaqədar hər iki qəzetin baş redaktorları ilə MEK arasında müəllif hüquqları müqaviləsi imzalanıb.

Görüşdə MEK-in direktoru Leyla İmanova proqram haqqında redaktorlara geniş məlumat verib. Deyib ki, Mərkəzi Elmi Kitabxana yarandığı gündən bir sıra yeniliklərə imza atıb, keçirdiyi layihələrlə hər zaman media və ictimaiyyətlə qarşılıqlı əlaqədə olub. O bildirib ki, qəzetlərin rəqəmsal nüsxələrinin kitabxanada mühafizə olunması bütün mənalarda əhəmiyyətlidir. Bu vasitə ilə həm qəzetlərin arxivi daha təhlükəsiz şəkildə mühafizə olunacaq, həm də internet istifadəçilər istənilən an istədikləri yazını və ya qəzetin hansısa nüsxəsini rahatlıqla əldə edə biləcəklər. L.İmanova bu işbirliyinin davamlı olacağını, altı aydan bir arxivin elektron versiyalarının qəzetdən alınıb fonda daxil ediləcəyini vurğulayıb.

Görüşdə çıxış edən "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid deyib ki, qəzetin elektron versiyası hələ 1999-cu ildən yaradılıb: "Saytın fəaliyyəti isə belədir ki, yaddaş dolur, onu yenidən yeniləmək lazım gəlir. Keçmiş yazıları ya özümüzdə saxlayırıq, ya da hazırda saytda "Köhnə 525" adlı bölmədə toplayırıq. Bu da ən çox 7-8 il mümkündür. Məsələn, indi 2000-ci ilə aid hansısa materialı axtarsaq, tapmaq olmur. Buna görə də sizin bu addımınızı lazımlı və təqdirəlayiq hesab edirəm. İnanıram ki, bu arxiv bizim özümüz üçün də böyük bir istinad mənbəyi olacaq". 

Bundan əlavə, R.Məcid MEK-in qısa müddətdə gördüyü əhəmiyyətli işlərdən də söz açıb: "Mərkəzi Elmi Kitabxana qısa zamanda çox böyük işlərə imza atıb. Burada tez-tez ictimaiyyətimiz, mədəniyyətimiz, elmimiz üçün əhəmiyyətli tədbirlər, konfranslar keçirilir. Onun fəaliyyətini həm birbaşa, həm də mətbuat vasitəsilə izləyirik. Burada daim hərəkət var, inkişaf var. İctimaiyyətlə əlaqələr şöbəsi də çox fəal iş rejimindədir. Yeni ideyanız da dəstəkləyir və məmnuniyyətlə qol çəkirik".

"Olaylar" qəzetinin baş redaktoru Yunus Oğuz layihəni yüksək qiymətləndirib, öz təcrübələrindən çıxış edərək bu proqramın əhəmiyyətini vurğulayıb: "Biz bir müddət öncə saytımızı yenidən qurmaq istəyəndə, təəssüf ki, bizim arxiv materiallarımız itdi və biz onları bərpa edə bilmədik. Amma indi bütün arxivin Mərkəz Elmi Kitabxanada mühafizəsi həm təhlükəsizlik baxımından, həm də oxucularla qəzetin qarşılıqlı əlaqəsi üçün önəmlidir. Düşünürəm ki, bu proqram çox lazımlı və vacibdir. İndi elektron dünyada hər şey asan olduğu qədər, həm də təhlükə altındadır. Çünki bir virus hər şeyi silə bilər. Sizin bu proqram həm də bu qəzetləri bu təhlükələrdən mühafizə edir".

Daha sonra tərəflər qarşılıqlı razılaşma əsasında müqavilələri imzalayıblar.

Şahanə MÜŞFİQ

 





17.07.2018    çap et  çap et