525.Az

Zaman və Saat


 

Zaman və Saat <b style="color:red"></b>

Vaxt qızıldır deyiblər. Zaman bizə məlum olan ən dəyərli anlayışdır.
 
Təəssüf ki, biz onun qədrini bilmirik. Zamanla bağlı kifayət qədər fəlsəfi suallar və cavablar  var. Ancaq hələ də onun necə yaranması bizim üçün müəmmadır. Zaman bizim üçün önəmli olan, amma dəyərini bilmədiyimiz mücərrəd qavrayışdır. Zamanla bağlı insanların beynində daim suallar olub. Zaman hardan başlanır? Başlanğıcı və sonu varmı? Neçə-neçə dahilər bu suallara cavab tapmaq üçün illərlə araşdırmalar aparıblar. Buna baxmayaraq, hələ də zamanı tam şəkildə ifadə edəcək cavab tapılmayıb. İngilis alimi Stiven Houkinq zamanın başlanğıcını "Biq-Bənq" - yəni böyük partlayışdan hesablayırdı. Lakin çox keçmədən o, öz fəlsəfi düşüncəsini inkar etməli oldu. Axı sonsuz yaradılan kainatda böyük partlayışdan əvvəl də zaman var idi. Alimlərin bu məsələ ilə bağlı hələlik son qərarı belədir: Zaman sonsuzluqdan başlayıb və sonsuzluğa doğru gedir...

Qədim dövrlərdən ta bugünədək bəşər övladı zamanı hesablamaq, müşahidə etmək üçün müxtəlif cihazlar hazırlayıb. Saat adlandırdığımız bu qurğular müxtəlif formalarda olub. Ən qədim dövrlərdən etibarən günəş, su, qum saatları ixtira olunub. Lakin bütün bu cihazlar zamanı tam dəqiq təyin edə bilmirdi. Zamanın ən dəqiq göstəricisi mexaniki saatların kəşfi ilə mümkün oldu. Dünyada ilk mexaniki saat 1335-ci ildə İtaliyada yaradılıb. Müasir mexaniki saatın ixtirası isə 1657-ci ildə holland Kristian Haygensə məxsusdur. Onun yaratdığı kəfkirli saat sonralar ingilis saatsazı Klement və Qraham tərəfindən təkmilləşdirilir. Və həmin mexaniki saatlar artıq 4 əsrə yaxındır ki, insanların ayrılmaz aksessuarına çevrilib.

Zaman daim irəli gedən və heç vaxt dayanmayan sistemdir. Saat isə bu sistemi bizə əyani şəkildə göstərən vasitədir. Gəlin həyatımızı saatsız təssüvvür edək. Saat olmasa, heç bir yerə vaxtında gedə, əvvəlcədən planlaşdırdığımız işi vaxtında başlayıb, bitirə bilmərik. İnsanların kollektiv fəaliyyətini tənzimləyən də məhz saatdır. Zər qədrini zərgər bilər deyiblər. Zamanın qədrini isə saatsaz... Azərbaycanın məşhur saatsazı Hacı Fətəliyev istənilən saatı təmir edə bildiyini deyir. Bəs onun üçün saatın anlamı nədir? "Saat cansız bir əşya olsa da, insan ömrü kimi yaşayır. Saat insanın ömrüdür, saat insanın həyatıdır. İnsanların bütün işləri saatla tənzimlənir. Saatsız nəsə etmək mümkün deyil. Həyat saatla ölçülür. Zaman olmazsa, həyat da olmaz".

Zamanı geri almaq mümkünsüzdür. Ömrümüzdən gedən hər bir saniyəni yenidən yaşamaq imkanımız yoxdur. Ancaq saatsaz Hacı absurd səslənən bu fikri əyani şəkildə göstərən saat düzəltmək fikrindədir. Belə ki, onun üzərində çalışdığı mexaniki saat əsk istiqamətdə hərəkət edəcək. "Saat işlədikcə dəqiqələr, vaxt, zaman insanın həyatından, ömründən, günündən gedir. Ona görə də mən məcazi mənada deyirəm elə saatlar düzəldirəm ki, insan saata baxanda fikirləşməsin ki, ömür gedir. Məsələn saatı geriyə işlədirəm, əqrəbləri geriyə işlədirəm, vaxtı zamanı geriyə işlədirəm". Bəzən insanlar dünyasını dəyişərkən istifadə etdiyi saat da dayanır. Tarixdə bu kimi faktlara çox rast gəlinib. Alimlər bunun saatın insandan aldığı enerji ilə işlədiyi üçün baş verdiyini deyirlər. Bir müddət istifadədən sonra saat sahibinin enerjisini özünə cəlb edir. Həmin şəxs öldükdən sonra isə dayanır. Ömürdən gedən hər saniyə bizi sona daha da yaxınlaşdırır. Bu səbəbdən də hər saniyəmizin qədrini bilək.

MƏCİDLİ

 





17.07.2018    çap et  çap et