525.Az

"Gəncədə terror aktlarının dini şüarlar altında törədilməsi İslama qarşı cinayətdir"


 

"Gəncədə terror aktlarının dini şüarlar altında törədilməsi İslama qarşı cinayətdir"<b style="color:red"></b>

Dünən Gəncə İmamzadə Dini Kompleksində Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə müşavirə keçirilib.

Tədbirdə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı, Gəncə Şəhər İcra Hakimiyyətinin əməkdaşları, QMİ-nin bölgələr üzrə səlahiyyətli nümayəndələri, din xadimləri, dini icmaların üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə deyib ki, Gəncədə baş verən hadisələr bizi məyus edir, bu hadisəni terror adlandırır. Onun sözlərinə görə, bu hadisə düşünülmüş şəkildə dövlət xadimlərinə, o cümlədən asayişi qoruyan insanlara qarşı törədilən bir terrordur: "Bu gün Azərbaycanın naliyyətlərini, dünyada apardığı siyasəti, nüfuzunu gözü götürməyən qüvvələr var".

A.Paşazadə hesab edir ki, burada ermənilərin əlaltılarının, "yoldaşları"nın əli var: "Bilirsiniz bunu nəyə görə deyirəm. Mən axırıncı dəfə Qareginlə görüşəndə Partiarx həzrətləri ilə birlikdə idik, mən ona dedim ki, siz Azərbaycana qarşı bu qədər təxribatlar törədirsiniz, o dedi ki, siz çox inkişaf edirsiniz, varlı dövlətsiniz. O boynuna aldı ki, Azərbaycana qarşı təxribatlar aparılır".

QMİ sədri bildirib ki, Gəncə icra başçısına açılan atəş dövlətçiliyə açılan atəş idi: "Ona görə biz dindarlar bunu pisləyirik. Daha sonra insanların keşiyində dayanan iki polis zabitimizin şəhid olması bir daha göstərdi ki, bu məqsədyönlü şəkildə törədilən bir hadisə idi və Azərbaycanda iğtişaşlar törətmək istəyən, Azərbaycanın rifahını gözü götürməyən qüvvələrin işidir". A.Paşazadə əlavə edib ki, bu hadisədən sonra din xadimləri yekdilliklə bu hadisəni pislədilər: "Dindarlar da cəmiyyətin bir hissəsi kimi öz haqq səslərini qaldırdılar".

A.Paşazadə əlavə edib ki, bu hadisəni törədənlər dindən istifadə edirlər: "Bu hadisələrin İslamla heç bir əlaqəsi yoxdur. Terrorçu heç zaman islamçı, dindar ola bilməz. Bir insan terrora əl atırsa, digər insanın həyatına qəsd edirsə, bu insan dindən uzaq insandır və ona qarşı ölçü götürülməlidir".

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı  isə bildirib ki, Gəncədə baş verən hadisələr terror aktıdır. Bu hadisələri törədənlər hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıblar. İstintaq gedir və bu şəxslərin arxasında duranların kimlər olduğu araşdırlır. İlkin məlumatlara görə, bunlar din pərdəsi altında öz çirkin niyyətlərini həyata keçirən cinayətkarlardır. Bu hadisələrin ssenarasi əvvəlcədən hazırlanıb. Onların məqsədləri Azərbaycanda siyasi, ictimai sabitliyi pozmaq və Azərbaycan xalqının sosial rifah halını aşağı salmaq və müstəqilliyinə xələl gətirməkdir. Lakin bu ssenarini həyata keçirmək istəyənlərin niyyəti baş tutmadı. Onlar tam iflasa uğradılar. Prezident İlham Əliyev artıq hadisələrə hüquqi, siyasi qiyməti verib. Bu cinayəti törədənlərin İslam dininə və müsəlmanlara heç bir aidiyyəti yoxdur. Bu cinayətkarlar Azərbaycana qarşı olan dairələrin nümayəndələridir. Bunların əməlləri cəzasız qalmayacaq və onlar ədalət məhkəməsi qarşısında mütləq cavab verəcəklər".

Çıxışlarda bildirilib ki, son günlər Gəncədə baş verən hadisələr, törədilən cinayətkar əməllər İslam dinindən uzaqdır. Yalnız müəyyən qruplar var ki, din pərdəsi altında öz təxribatçı əməllərini həyata keçirməyə çalışırlar. Bu qanlı terror aktları cəmiyyətdə gərginlik yaratmaq və cəmiyyətimizi qorxutmaq məqsədilə törədilib. Dini şüarlar altında törədilən bu terror aktları özlüyündə İslam dininə qarşı ən böyük cinayətdir. Çünki İslam sülh, mərhəmət dinidir.

Qeyd olunub ki, bu qruplar ölkəmizdə sabitliyi pozmağa, onun inkişafını əngəlləməyə yönəlmiş addımları ilə Azərbaycan dövlətinə zərbə vurmaq niyyətində idilər. Lakin Azərbaycan polisi bu cinayətkar əməllərin qarşısını qətiyyətlə aldı, ölkədə sabitliyin pozulmasına imkan vermədi. Təəssüf ki, iğtişaşların qarşısının alınması zamanı iki polisimiz də şəhid oldu.

Diqqətə çatdırılıb ki, Azərbaycanın hər bir yerində olduğu kimi, Gəncə dindarları da daim dövlətimizdən qayğı görüb, şəhərdəki məscidlər, dini məbədlər yenidən qurularaq dindarların istifadəsinə verilib. Ümumiyyətlə, Azərbaycan dövləti və Azərbaycan xalqı öz milli, dini dəyərlərini daim qoruyur. Azərbaycan İslam mədəniyyətini dünyada ən çox təbliğ edən ölkələrdən biridir. Azərbaycan dövlətinin xətti və dəstəyi ilə dövlət vəsaiti hesabına tarixi-dini abidələrimiz tam bərpa olunub, yenidən qurulub, yeni məscidlər tikilib. Bu cinayəti dinimizə bağlamaq istəyənlər dinimizə qarşı ən böyük cinayət törədiblər. Cinayətkarlar və onların arxasında dayananlar heç vaxt öz məkrli arzularına çata bilməyəcəklər.

Xatırladaq ki, iyulun 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısına qarşı terror aktı törədilib, bir həftə sonra, iyulun 10-da saat 20 radələrində 150-200 nəfərdən ibarət bir qrup radikal ünsür şəhər icra hakimiyyətinin inzibati binasının önündəki meydana toplaşaraq asayişi kobud şəkildə pozmağa cəhd göstərib. Xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarının xəbərdarlığına məhəl qoymayan qanunazidd hərəkətlərin iştirakçıları özləri ilə gətirdikləri küt və kəsici-deşici alətlərlə asayiş keşikçilərinə müqavimət göstəriblər. Polis əməkdaşlarının həyata keçirdikləri qətiyyətli tədbirlərlə onların hüquqazidd əməllərinin qarşısı alınıb. Qanunsuz hərəkətlərin qarşısı alınarkən xidməti vəzifələrini yerinə yetirən polis zabitləri İlqar Balakişiyev və Səməd Abbasov radikal ünsürlərin kəsici-deşici alətlərlə yetirdikləri zərbələr nəticəsində şəhid olublar.

S.QARAYEVA

 





18.07.2018    çap et  çap et