525.Az

Seçim artıq ermənilərin, Ermənistanındır...


 

"AZƏRBAYCAN PREZİDENTİNİN BRÜSSEL SƏFƏRİ BÖYÜK DİPLOMATİK UĞURDUR VƏ HEÇ ŞÜBHƏSİZ Kİ, BU UĞURLARIN DAVAMI DA GƏLƏCƏK"

Seçim artıq ermənilərin, Ermənistanındır...<b style="color:red"></b>

"Azərbaycan prezidenti İlham Əliyevin Brüsselə səfəri, keçirdiyi görüşlər, imzalanmış sənədlər tarixi hadisədir. Hər bir Azərbaycan vətəndaşı kimi, mən də bu səfəri, onun nəticələrini böyük uğur və zəfər hesab edirəm. Hesab edirəm ki, Brüssel səfəri həm xarici, həm də daxili düşmənlərimiz, antiazərbaycançı qüvvələr üzərində Azərbaycan dövləti və onun müdrik rəhbəri cənab İlham Əliyevin parlaq qələbəsidir".

Bunu "525"ə açıqlamasında millət vəkili, professor Eldar İbrahimov deyib.

O qeyd edib ki,  Brüssel səfəri Azərbaycanla Avropa İttifaqı və Qərb arasında münasibətlərin, siyasi, iqtisadi, energetika, nəqliyyat və digər sahələrdə uğurlu əməkdaşlıq əlaqələrinin daha da dərinləşməsinə xidmət edir və edəcək. 

E. İbrahimov xüsusilə, NATO Sammitinin yekun kommunikesində Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin, suverenliyinin dəstəklənməsi məsələsini qeyd edərək vurğulayıb ki, bu, NATO-nun sülhə və təhlükəsizliyə töhfə verən Azərbaycana diqqətindən xəbər verir. Bu, Azərbaycanın işğalçı Ermənistan üzərində qazandığı növbəti diplomatik uğurdur.

E. İbrahimovun sözlərinə görə, istər Azərbaycanla Avropa İttifaqı arasında paraflanmış "Tərəfdaşlıq prioritetləri" sənədində, istərsə də NATO Sammitinin yekun sənədində Azərbaycanın ərazi bütövlüyünə birmənalı dəstək ifadə olundu:

"Ermənistanın NATO-nun yekun kommunikesinə xalqların öz müqəddəratını təyinetmə prinsipini daxil etmək cəhdi iflasa uğradı. Bundan başqa, Paşinyanın Ermənistanla Azərbaycan arasında danışıqlar prosesinə Dağlıq Qarabağın separatçı rejimini cəlb etmək cəhdləri də iflasa uğradı. Avropa Komissiyasının vitse-prezidenti Federika Moqerini açıq şəkildə bəyan etdi ki, danışıqlar prosesi heç bir şərt qoyulmadan davam etdirilməlidir. Beləliklə, Ermənistanın baş naziri Nikol Paşinyan Brüssel səfərindən məyus və əliboş qayıtdı. Bu, çox böyük diplomatik uğurdur və heç şübhəsiz ki, bunun davamı da gələcək, Ermənistan daha da ifşa olunacaq, təcrid ediləcək. Ona görə ya işğalçılıq, təcavüzkarlıq siyasətlərinə birdəfəlik son qoymalı, ya da təcrid, blokada vəziyyətində qalaraq, daha da böyük fəlakətlərə şahidlik etməlidirlər. Seçim onlarındır..." - deyə, millət vəkili sözlərinə əlavə edib.

"Yeni Azərbaycan" qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu da bildirib ki, Azərbaycan prezidentinin Brüsselə səfəri, orada keçirilən görüşlər və imzalanan sənədlər Azərbaycanın xarici siyasətində növbəti mühüm uğur kimi qiymətləndirilməlidir:

"Əslində, bu cür ciddi əhəmiyyətli strateji sənədlərin imzalanması ilə bağlı ilkin anonsu Prezident İlham Əliyev iyul ayının 8-də Nazirlər Kabinetinin 6 ayın yekunlarına həsr olunmuş toplantısında vermişdi. İlk növbədə, dövlət başçısı Azərbaycanda keçirilən son prezident seçkilərinə toxunaraq bunu Azərbaycan cəmiyyətinin, Azərbaycan xalqının legitim iradəsinin hüquqi əsaslarda nəticəsi kimi qeyd etdi. Əlbəttə ki, Prezident bu seçkilərə beynəlxalq reaksiyanın üzərində dayandı. Biz bilirik ki, hər bir dövlətin xarici siyasəti onun daxili siyasətinin davamıdır. Daxili vəziyyətlə bağlı təsbitlər və qiymətləndirmədən sonra ölkə rəhbəri Azərbaycanın xarici siyasət məsələlərinə toxundu və Azərbaycanın beynəlxalq nüfuzunun hər gün daha da artdığını, beynəlxalq təşkilatlarla və dünya siyasətini müəyyənləşdirən dövlətlərlə Azərbaycanın xüsusi münasibətlərinin olduğunu bildirdi".

Deputat sonra deyib ki, dünya siyasətini müəyyənləşdirən ölkələrdən biri olan ABŞ Prezidenti aprel və may aylarında Azərbaycan Prezidentinə üç dəfə məktub göndərib, Avropa İttifaqı ilə mühüm sazişin imzalanması ərəfəsindəyik, digər beynəlxalq təşkilatlarla Azərbaycanın münasibətləri keyfiyyətcə yeni mərhələyə qədəm qoymaqdadır və bu da Azərbaycanın beynəlxalq münasibətlər sistemində yerini və rolunu möhkəmləndirir:

"Bu fikirlərin alt məzmunu isə ondan ibarət idi ki, bütün bu addımların hamısının məqsədi Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi, sərhəd toxunulmazlığını təmin etməsidir. Bundan bir qədər sonra, iyul ayının 11-də çox mühüm tarixi hadisələr baş verdi. Onlardan birincisi, tərəfdaşlığın prioritetləri ilə bağlı Avropa İttifaqı və Azərbaycanın münasibətlərini keyfiyyətcə yeni mərhələyə daşıyan sənədin paraflanması oldu. İkinci əsas məsələ isə NATO-nun Brüssel Sammitində qəbul edilən yekun kommunikedə Azərbaycanın ərazi bütövlüyünün və sərhəd toxunulmazlığının xüsusi olaraq qeyd edilməsidir. Azərbaycan 2002-ci ildən NATO ilə tərəfdaşdır, Qətiyyətli Dəstək missiyası çərçivəsində əməkdaşlıq edir, Əfqanıstana sülhməramlı hərbçilərini göndərir. Amma bunlar heç də məsələlərin hamısı deyil, Azərbaycanın Şimali Atlantika Alyansı ilə əlaqələrinin olduqca dərin və çoxspektrli kökləri var. Buraya həm kommunikasiya, həm təchizat, həm iqtisadi əlaqələri, həm də Azərbaycanın nəqliyyat-kommunikasiyası vasitəsilə Qərbdən gələn strateji yüklərin Əfqanıstana daşınması məsələsi daxildir. Bu kontekstdə Azərbaycan Prezidentinin Brüsseldə Əfqanıstan Prezidenti ilə görüşməsi də təsadüfi deyildi".
 
H. Babaoğlu vurğulayıb ki, Brüsseldə diqqət çəkən məsələlərdən biri Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı erməni tərəfinin siyasi avantürasına son qoyulması oldu:

"Məlum olduğu kimi, Ermənistanda baş verən hakimiyyət dəyişikliyindən sonra yeni baş nazir tərəfindən avantürist fikirlər səsləndirilir, Dağlıq Qarabağ ermənilərinin danışıqlarda tərəf kimi təqdim olunması kimi məsələlər gündəmə gətirilirdi. Ancaq bu mötəbər toplantıda dünya siyasətini müəyyənləşdirən, onun keyfiyyətini, istiqamətlərini təyin edən beynəlxalq təşkilatların mövqeyi bir daha ölkəmizin lehinə oldu.

NATO-nun qəbul etdiyi kommunikeni, habelə Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanan sənədi buna misal göstərmək olar".

Eyni zamanda, Rusiya tərəfinin də mövqeyinin aydın göründüyünü deyən H.Babaoğlu bildirib ki, bu günlərdə Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev bəyan etdi ki, Rusiya tərəfi də Ermənistan-Azərbaycan münaqişəsinin mərhələli şəkildə həll olunmasının tərəfdarıdır:

"Əslində, bu üç mövqenin hər biri Paşinyanın irəli sürdüyü iddiaları rədd etməklə yanaşı, son dövrlərdə işğalçı Ermənistan tərəfinin, onun baş nazirinin siyasi avantüra ilə məşğul olduğunu sübut etdi. Azərbaycan tərəfi isə ciddi diplomatik missiya ilə diplomatik uğurlar əldə etdi. Birmənalı olaraq demək olar ki, qəbul edilmiş bu iki sənəd Azərbaycanın beynəlxalq münasibətlər sistemində siyasi-hüquqi baxımdan yerini və rolunu daha da möhkəmləndirdi. Bu gün hər kəsə bəllidir ki, Azərbaycan tərəfdaşlıq və əməkdaşlıq məkanıdır. Ayrı-ayrı ölkələrin baş qərargah rəislərinin, güc strukturlarının rəhbərlərinin görüşləri, Qoşulmama Hərəkatının Azərbaycanda keçirilən tədbirləri həmin ölkələrin Azərbaycana etimad və etibar göstərməsindən xəbər verir.

Tərəfdaşlıq və əməkdaşlığın ən gözəl nümunələrindən biri Brüsseldə baş verdi. Çünki Avropa İttifaqı ilə Azərbaycan arasında yeni sazişin əsaslarını müəyyənləşdirəcək prioritetlər gündəmə gətirildi və paraflandı.

Bundan başqa, digər vacib məqam ondan ibarətdir ki, insan hüquqlarından, iqtisadi sahədən başlamış mədəni inteqrasiyaya, demokratik təsisatlarla əməkdaşlığa qədər bütün məsələlər Azərbaycan və Avropa İttifaqı arasında imzalanan sənədlərdə öz əksini tapıb. Bu isə Azərbaycanın maraqları çərçivəsindədir".

Kamil HƏMZƏOĞLU

 





18.07.2018    çap et  çap et