525.Az

Qüdrət Həsənquliyev: "Bizdə istirahət, turizm məkanları çox bahalıdır"


 

"ELƏ ETMƏK LAZIMDIR, ÖLKƏMİZƏ GƏLƏN TURİSTLƏRİN SAYI DAHA DA ÇOXALSIN, ÖZ VƏTƏNDAŞLARIMIZ DA XARİCDƏ DEYİL, AZƏRBAYCANDA QALIB İSTİRAHƏT ETMƏYƏ ÜSTÜNLÜK VERSİNLƏR"

Qüdrət Həsənquliyev: "Bizdə istirahət, turizm məkanları çox bahalıdır"<b style="color:red"></b>

"525"in müxbirinin suallarını millət vəkili, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev cavablandırır.

- Qüdrət bəy, artıq yay fəslidir, turizm, istirahət mövsümüdür. Ölkəmizə istirahət etməyə gələnlərlə yanaşı, ölkəmizdən xarici ölkələrə, xüsusilə, qardaş Türkiyəyə, qonşu Gürcüstana istirahətə yollananlar da var və birincilərlə müqayisədə, ikincilər daha çox üstünlük təşkil edirlər. Sizcə, niyə, köklü səbəblər nədədir?

- Burada ən böyük problem Azərbaycanda xidmət sektorunun aşağı səviyyədə olmasıdır. İllərdir ki, bu məsələ deyilir, tənqid olunur, ancaq hələ də ciddi irəliləyiş yoxdur. Bu səbəbdən də insanlarımız çox zaman başqa yerlərə, xüsusilə də, xidmət səviyyəsinin çox yüksək olduğu Türkiyəyə üz tutmalı olurlar. Çünki Türkiyə bu məsələdə dünyanın ən qabaqcıl ölkələrini belə üstələyir, bu sektorda dünya brendlərindəndir. Digər bir səbəb, yenə də heç kimə sirr olmayan bahalılıqdır. Bizdə istirahət, turizm məkanları çox bahalıdır. İnsanlarımızın çoxunun maddi durumu həmin istirahət məkanlarına üz tutmağa, orada istirahət etməyə imkan verir. Məsələn, Azərbaycanda bir-iki günə istirahətə xərclədiyin pula Türkiyənin  ən gözəl istirahət məkanlarında ən azı bir həftə əməlli-başlı istirahət etmək olar. Başqa bir səbəb Bakının həddindən artıq yüklənməsi, ekoloji cəhətdən ağır durumda olması, xüsusilə, Xəzər dənizinin ekoloji durumudur. Bildiyiniz kimi, paytaxtın bütün kanalizasiya suları, tullantıları Xəzərə axıdılır və nəticədə də dəniz çirklənir. Bununla yanaşı, Dənizkənarı Bulvarda müəyyən işlər görülsə də, hələ də mazut, üfunət iyindən durmaq olmur. Nəticədə də dəniz sevən insanlar, dəniz kənarında istirahətə üstünlük verən vətəndaşlar başqa ölkələrə üz tutmalı olurlar. Yaxud da, ölkənin, Şimal-Qərb, Şimal-Şərq bölgələrinə, Şəki-Zaqatala, Şamaxı, Quba, Qəbələ, İsmayıllı, Qusar bölgələrinə gedirlər. Onlara bu guşələrdə olmaq, dincəlmək daha çox rahatlıq gətirir və sair. Ona görə də bu məsələlər öz həllini tapmalıdır, insanlarımız pullarını kənara deyil, öz ölkələrində xərcləməlidir. Bununla belə, ədalət, insaf naminə deməliyik ki, əvvəlki illərlə müqayisədə ölkəmizə gələn turistlərin sayı artmaqdadır. Bu məsələdə də inkişaf, irəliləyiş, müsbət tendensiya göz önündədir, bunları da demək lazımdır. Xüsusilə də, ərəb ölkələrindən Azərbaycana gələn, üz tutan turistlərin sayı ildən-ilə artır...

- Son zamanlar ölkəmizə axın edən turistlər, xüsusilə, ərəblərlə bağlı ciddi narazılıqlar, etirazlar səslənməkdədir. Elə parlamentin özündə, üzvü olduğunuz Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin İnsan hüquqları komitəsi ilə son birgə iclaslarından birində həmkarlarınız tərəfindən ərəb turistlərlə bağlı çox sərt ifadələr səsləndi, əsasən də, onların xalqımızın milli adət-ənənələrinə, əxlaq tərzinə uyğun gəlməyən davranışlara yol verdiyi ciddi təpkilərlə qarşılandı...

- Burada da həqiqət var. Həmkarlarımın dediklərinə də hörmətlə yanaşıram, çoxlarını da bölüşürəm. Turist olmaq o demək deyil ki, toxunulmaz şəxsdir. Bu, belə deyil. Turistin də Azərbaycan qanunlarına, adət-ənənələrinə hörmət etməsi vacibdir. Əgər kimlərsə, bizim əxlaq tərzimizə, milli dəyərlərimizə uyğun olmayan davranış nümayiş etdirirsə, ona qanunun sərt üzü göstərilməlidir. Hətta, lazım gələrsə, ölkədən çıxarılmalı, onun gəlişinə qadağa qoyulmalı, arzuolunmaz şəxslər siyahısına salınmalıdır. Eyni zamanda, kimlərsə pintiliyə, natəmizliyə (bu hallar da tez-tez dilə gətirilir) və sairə hallara yol verirlərsə, onları da təhlükəsizlik kameraları vasitəsilə müəyyən etmək, qayda-qanunlara, təmizliyə riayət olunmasına məcbur etmək lazımdır. Qoy onlar Azərbaycandan gedəndən sonra öz tanış-bilişlərinə, Azərbaycana gəlmək həvəsində olanlara da bildirsinlər ki, bəs, filan-filan hərəkətlərə yol vermək olmaz, olarsa, nələr gözləyir və sair. Dünyanın ən aparıcı, ən inkişaf etmiş ölkələrində qayda-qanunlara, yerli xüsusiyyətlərə əməl etməyənlərə qarşı qanunun sərt dili ilə danışılır. Amma bu heç də o demək deyil ki, bu hal bütün turistlərə aiddir və ya onlara şamil edilməlidir. Bu, düzgün olmazdı. Azərbaycan prezidenti özü də bir müddət öncə buraya gələn turistlərin nəticəsində ölkəyə 500 milyondan artıq gəlir daxil olduğunu bildirib. Bunun özü də balaca rəqəm deyil. Nəticədə bundan qazanan dövlətimiz, iş, biznes adamlarımız, turizm məkanlarında, hotellərdə çalışan insanlarımız olur. Bunları da unutmaq lazım deyil. Əksinə, elə etmək lazımdır ölkəmizə gələn turistlərin sayı daha da çoxalsın, həmçinin, öz insanlarımız kənarda deyil, burada qalıb istirahət etməyə üstünlük versinlər.

- Son illərin ən çox müzakirə mövzularından biri də uşaqlarla, yeniyetmələrlə, onların sağlamlığı ilə bağlı məsələlərdir. Parlamentin son iclaslarında da bu məsələ bir neçə dəfə qaldırıldı, elə Siz özünüz də çıxışlarınızdan birində məktəb yaşlı uşaqların fiziki durumlarının, sağlamlıqlarının ciddi narahatlıq doğurdunu vurğuladınız...

- Çox yaxşı oldu ki, bu məsələyə toxundunuz. Bu məsələni diqqətdə saxlamaq çox vacibdir. Çünki adi məsələdən söhbət getmir, söhbət gələcəyimizdən, mill genefondumuzdan, onun təhlükəsizliyindən gedir. Bu məsələdə həqiqətən çox ciddi, narahatlıq doğuran məqamlar var. Bu gün uşaqlarımız, yeniyetmələrimiz fiziki, sağlamlıq cəhətdən çox ciddi problemlər yaşayırlar. Xüsusilə də, savadlı, bilikli, ölkənin gələcəyinə böyük töhfəsi ola biləcək uşaqlar, yeniyetmələr arasında bu problemlər özlərini ciddi şəkildə göstərməkdədir. Bildiyiniz kimi, hər il təhsil ilinin yekunları ilə bağlı Təhsil Nazirliyi millət vəkillərinin, tanınmış ziyalıların, media mənsublarının iştirakı ilə müşavirə, fənn olimpiadalarının qalibləri ilə görüşlər keçirir. Mən də demək olar ki, bu təbdirlərin hər birində iştirak edirəm. Bir dəfə lap ön sıralarda, elə birinci cərgədə əyləşmişdim və hər şeyi daha yaxından izləmək imkanım olmuşdu. Orada gördüyüm mənzərədən, yəni nümunəvi, müxtəlif fənlər üzrə olimpiada qalibi olan şagirdlərimizin fiziki durumundan dəhşətə gəldim, çox üzüldüm. Demək olar ki, hamısı arıq, çəlimsiz, beli əyilmiş, dəriləri sanki sümüklərinə yapışmış vəziyyətdə idi. Çoxlarının gözündə də eynək vardı. Tədbir zamanı da, elə tədbir başa çatandan sonra da əsas müzakirəmiz, narahatlığımız bax bu vəziyyətlə bağlı oldu. Hamı bu mənzərədən üzüldüyünü ifadə etdi.

Hesab edirəm ki, burada əsas məsələ normal qidalanmadır. Yəni uşaqlarımızın, şagirdlərimizin çoxu normal qidalana bilmirlər. Bunu üçün ilk olaraq, məktəblərdə uşaqların, şagirdlərin normal qidalanmasına ciddi fikir yetirilməlidir. Dövlət ən azı dövlət məktəblərində bu məsələni təmin etməlidir. Onsuz da özəl təhsil müəssisələrində belə bir problem yoxdur. İmkanı olan valideynlər öz övladlarını həmin məktəblərdə oxutdurur və onların normal qidalanmasında da hansısa problem yaşanmır. Amma dövlət məktəblərində belə deyil. Burada durum ağırdır. Odur ki, dövlət öz nəzarətində olan təhsil müəssisələrində təhsil alan şagirdləri hər gün ən azı südlə təmin etməlidir. Bu məsələ bir neçə il öncə qardaş Türkiyədə də yaşanmışdı, orada da uşaqların cılızlaşması, boyunun, çəkisinin azalması müşahidə olunurdu. Bu məsələni həll etmək üçün dərhal məktəblərin pulsuz südlə təmin edilməsinə başlanıldı və nəticədə də, uşaqların çəkisində, həmçinin, boy artımında yüksəliş baş verdi. Bu gün dünyada boy artımı 11 sm civarında olsa da, Azərbaycanda əksinədir, 6 sm geriləmə var. Bu, çox düşündürücü və narahatedici məsələdir. Bununla yanaşı, uşaqlar həddindən artıq dərs yükü ilə yüklənir, repetitorluq da bir ayrı bəladır. Çünki məktəblərimizin əksəriyyətində artıq normal təhsil verilmədiyi üçün uşaqlar repetitor yanına getməyə məcbur olurlar, bir çox valideynlər də əyinlərdən, boğazlarından kəsərək, övladlarını repetitor yanına göndərirlər ki, bu isə nəticə etibari ilə onların ağır maddi durumunu bir az da ağırlaşdırır

Kamil HƏMZƏOĞLU

 





19.07.2018    çap et  çap et