525.Az

Ermənistanın yeni hakimiyyəti ilə ilk Qarabağ danışığı: Gözləntilər nədir?


 

Ermənistanın yeni hakimiyyəti ilə ilk Qarabağ danışığı: <b style="color:red">Gözləntilər nədir?</b>

Ermənistanda hakimiyyət dəyişikliyi və ondan əvvəl baş verən proseslər, etiraz aksiyaları fonunda Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində aparılan danışıqlar prosesində də fasilə yarandı.

Məlumat üçün bildirək ki, bu il münaqişə ilə bağlı ilk danışıqlar yanvarın 18-də Polşanın Krakov şəhərində xarici işlər nazirləri Elmar Məmmədyarov və Edvard Nalbandyan (keçmiş) arasında keçirilib. Görüşdən sonra Azərbaycan mətbuatına açıqlama verən E.Məmmədyarov bildirdi ki, həmsədrlər Krakovda münaqişənin nizamlanması ilə bağlı bir sıra kreativ fikirlər irəli sürüblər.

Ardınca fevral ayında ATƏT-in Minsk qrupunun həmsədrləri əvvəlcə Azərbaycana, daha sonra Ermənistana səfər etdilər. Mayın 15-də isə E.Məmmədyarovun Parisdə həmsədrlərlə görüşü olub.

Nəhayət, iyulun 11-də Brüsseldə xarici işlər naziri Elmar Məmmədyarovun və Ermənistanın yeni  xarici işlər naziri Zöhrab Mnatsakanyanın ATƏT-in Minsk qrupunun həmsədrlərinin İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və Endrü Shofer (ABŞ) vasitəçiliyi ilk görüşü keçirilib. 4 saata yaxın davam edən görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspişik də iştirak edib. Bundan əvvəl xarici işlər naziri Elmar Məmmədyarov ilə həmsədrlər arasında ayrıca görüş keçirilib.

Azərbaycan XİN-in yaydığı məlumata görə, tərəflər münaqişənin həlli üzrə danışıqlar prosesini ətraflı müzakirə edib, mövcud danışıqlar formatının davam etdirilməsi qeyd olunub. Həmçinin, danışıqlar prosesinin irəli aparılması üçün növbəti addımlara və həmsədrlərinin fəaliyyət planlarına dair fikir mübadiləsi aparılıb.

Minsk qrupunun həmsədrlərinin Məmmədyarov-Mnatsakanyan görüşünə dair yaydıqları bəyanatda deyilir ki, Brüssel görüşü Azərbaycan və Ermənistanda keçirilmiş seçkilərdən sonra ilk yüksək səviyyəli görüşdür. Bəyanatda vurğulanıb ki, nazirlər vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar və əsas müzakirələrə yenidən başlanması üçün növbəti addımları və parametrləri müzakirə ediblər. Tərəflər gələcək görüşlər üçün bəzi məsələləri razılaşdırıblar. Nazirlər yaxın zamanlarda yenidən ATƏT həmsədrlərinin vasitəçiliyi ilə görüşmək barədə razılığa gəliblər.

Həmsədrlər gərginliyin azaldılmasının vacibliyini vurğulayaraq tərəflərə Helsinki Yekun Aktının prinsiplərinə uyğun olaraq münaqişənin sülh yolu ilə həlli üçün dəstək ifadə ediblər.

Xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyan Brüsseldə keçirdiyi görüşlərdə münaqişənin nizalanması ilə bağlı doğru olmayan məlumatlar səsləndirib. Buna cavab olaraq Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki,  Paşinyanın Brüsseldə keçirdiyi görüşlərində Ermənistan-Azərbaycan sərhədi və qoşunların təmas xəttində guya gərginliyin artması barədə verdiyi məlumatlar yalan və dezinformasiyadır: "Real operativ vəziyyət və mövcud faktlar bunun tamamilə əksini sübut edir. Bu yolla Ermənistan rəhbərliyi beynəlxalq ictimaiyyəti aldatmağa çalışır. Amma beynəlxalq ictimaiyyət real vəziyyət barəsində dolğun və düzgün məlumata malikdir. Ermənistanın baş nazirinin bu kimi fəaliyyəti yalnız daxili istehlaka yönəlib və qeyri-legitim hakimiyyətini qorumaq məqsədi daşıyır. Eyforiya dövrü artıq başa çatmaqdadır. Paşinyan Ermənistanla heç bir əlaqəsi olmayan demokratiya və insan hüquqlarından danışaraq özünün demokratiya deyil dövlət çevrilişi yolu ilə hakimiyyətə gəlməsinə bəraət qazandırmağa çalışır. Ermənistanın rəhbərliyinə artıq ayılmağı və reallığı anlamağı tövsiyə edərdik. Reallıq odur ki, Ermənistanın üzləşdiyi problemlərin kökündə qonşulara münasibətdə yürütdüyü sui-qəsd xarakterli siyasət durur. Bu siyasət Ermənistanın müstəqilliyi və suverenliyini viran edir və Ermənistanı yoxsulluq və qeyri-sabitlik uçurumuna aparır".

Onu da vurğulamaq lazımdır ki, daha əvvəl yüksək səviyyədə keçirilmiş Vyana və Sankt-Peterburq sammitlərində münaqişə bölgəsində ATƏT müşahidəçilərinin sayının artırılması ilə bağlı tərəflər ilkin razılığa gəlmişdilər. Amma bu günlərdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bəyan etdi ki, bu məsələdə yekun qərara gəlmək mümkün olmayıb. M. Zaxarova bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı 2016-cı ildə Vyana və Sankt-Peterburqda keçirilən görüşlərdə Azərbaycan və Ermənistan prezidentləri münaqişə zonasında sabitliyə istiqamətlənən addımları, sülh prosesinə yardım edən atmosferin yaradılmasını müzakirə ediblər: "Bu məqsədlə onlar münaqişə bölgəsində beynəlxalq müşahidəçilərin sayının artırılması ilə bağlı razılığa gəliblər. Bu mövzu xarici işlər nazirlərinin bu ilin əvvəlində Krakovda keçirilən görüşündə müzakirə olunub, əlavə müşahidəçilərin olması və bununla əlaqədar digər məsələlərlə prinsipial anlaşma əldə olunub. Lakin tərəflər bununla bağlı hələ ki, yekun qərara gələ bilməyiblər. Hazırda Ermənistanda yeni rəhbərlikdir. Ümid edirik ki, tərəflərin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı, müşahidəçilər məsələsi da daxil olmaqla, bir sıra geniş məsələləri müzakirə edəcəyi yenə görüşlər olacaq".

Politoloq Qabil Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasındakı hazırkı vəziyyət və Brüsseldə keçirilmiş danışıqları şərh edib. Onun sözlərinə görə, Paşinyan hakimiyyətə gəldikdən sonra Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fasilənin olması belə təsəvvür yaranırdı ki, bütövlükdə təmasları yenidən bərpa etmək çox çətin olacaq. Çünki qarşı tərəf danışıqlara mane olan şərtlər irəli sürürdü.

ATƏT-in Minsk qrupunun Rusiyanın köməyi ilə danışıqlar prosesini bərpa etməyə nail olduğunu deyən politoloq söyləyib ki, Brüssel görüşü həlledici sayıla bilər: "Ona görə ki, bu görüşdən sonra tərəflərin mövqeləri aydın olacaq. Ermənistan sülh istəyirsə, indiyədək aparılan danışıqların nəticələri ilə hesablaşmalı və görüşlər seriyasını həmin silsilədən davam etdirməlidir. Amma belə görünür ki, düşmən ölkə Rusiyanın təzyiqi altında görüşlərə getsə də, bu danışıqlara tam hazır deyil. Çünki onlar danışıqlarda qondarma separatçı rejimin iştirakının təminini istəyirlər".

Politoloq Avropa İttifaqının, NATO-nun dövlətlərin ərazi bütövlüyünü nəzərə alaraq, separatçı baxışlara, görüşlərə son verməyə çağıran bəyanat yaydığını xatırladıb: "Ermənistan tərəfi beynəlxalq hüququn şərtlərini də nəzərə almaqla görür ki, Azərbaycan siyasi üstünlük qazanmaya yaxındır. Danışıqlar prosesində Azərbaycanın ərazi bütövlüyünü sual altına ala biləcək iddia irəli sürmək mümkün deyil. Bu nöqteyi-nəzərdən deyə bilərik ki, düşmən ölkə ilə danışıqlar prosesi çətin olacaq".

Q.Hüseynli vurğulayıb ki, Ermənistan tərəfi təcavüzkar, Azərbaycan isə təcavüzə məruz qalan ölkədir. Bu nöqteyi-nəzərdən düşmən ölkənin qeyri-konstruktivliyi, təkəbbürlüyü üçün heç bir əsas yoxdur: "Xüsusilə də bölgədə gedən dəyişiklikləri hökmən nəzərə almaq lazımdır. Beynəlxalq hüququ və onu müdafiə edən dövlət birmənalı olaraq Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Bu da onu deməyə əsas verir ki, danışıqlarda ölkəmizin əli daha qüvvətlidir".

PƏRVANƏ

 





19.07.2018    çap et  çap et