525.Az

“Şeypur” jurnalı erməni məkrini necə ifşa edirdi?


 

“Şeypur” jurnalı erməni məkrini necə ifşa edirdi?<b style="color:red"></b>

Hüseyn HƏŞİMLİ

filologiya elmləri doktoru, əməkdar elm xadimi,
Naxçıvan MR Ali Məclisinin deputatı

Azərbaycan satirik mətbuatı tarixində özünəməxsus yer tutan “Şeypur” jurnalının cəmi 14 sayı çıxıb, onlardan 11-i 1918-ci ilə, 3-ü isə 1919-cu ilə aiddir. Jurnalın ilk sayı 5 oktyabr 1918-ci ildə, son sayı isə 18 yanvar 1919-cu ildə işıq üzü görüb. Həftədə bir dəfə səkkiz səhifə həcmində çıxan bu mətbuat orqanı Bakıda elektrik “Turan” mətbəəsində nəşr olunurdu. Jurnalın müdiri, yəni redaktoru məşhur maarifçi Məhəmmədtağı Sidqinin oğlu, tanınmış jurnalist və publisist Məmmədəli Sidqi, naşiri istedadlı ədib Səməd Mənsur idi. “Şeypur”un səhifələrində Məmmədəli Sidqi, Səməd Mənsur, Salman Mümtaz, Cəfər Cabbarlı və digər tanınmış qələm sahiblərinin maraqlı yazıları dərc olunub.

Jurnaldakı materiallarla ətraflı tanışlıqdan sonra deyə bilərik ki, “Şeypur”a uzun illər birtərəfli, laqeyd münasibət bilavasitə onun mövzu-ideya mündəricəsi, izlədiyi qayə ilə bağlı idi. İctimai-siyasi hadisə və proseslərə aydın mövqedən münasibət bildirən jurnal Vətən və xalq taleyi üçün xüsusi önəm daşıyan məsələlərə həssaslıqla yanaşır, milli mənafelərin ardıcıl müdafiəçisi kimi çıxış edir, bu yolda heç nədən çəkinmirdi. Xüsusən Azərbaycanın yenidən işğalına yönələn rus bolşevizminin əsl mahiyyəti, onlara və digər havadarlarına arxalanan ermənilərin fitnəkar əməlləri, əsassız torpaq iddiaları, 1918-ci ilin martında soydaşlarımıza qarşı törətdikləri qanlı qırğınlar “Şeypur”un səhifələrində tutarlı faktlar və əhatəli təhlillər vasitəsilə gah ciddi, gah da satirik tərzdə öz ifadəsini tapıb. Məhz bu cəhətlərinə görə jurnal sovet dövründə “əksinqilabi” ruhlu mətbuat orqanı sayılaraq tədqiqə cəlb olunmayıb. Müstəqillik dövründə də bu yöndə xüsusi bir addım atılmayıb.

Azərbaycanın o dövrdəki mürəkkəb vəziyyəti, üzləşdiyi problemlər, xüsusən erməni basqınlarına və iddialarına məruz qalması “Şeypur”un səhifələrindəki bir çox materiallarda özünün dolğun bədii-publisistik ifadəsini tapıb. İlk saydakı “Altı ay” məqaləsində müəllif əsas diqqəti xalqımıza qarşı törədilmiş 1918-ci ilin qanlı mart qırğınından ötən altı aya yönəldərək həmvətənlərinə xitabən yazırdı: “Altı aydır ki, gülməmisən. Mart hadisatından, bolşeviklərin təbirincə, vətəndaş müharibəsindən sonra suya batmış toyuq kimi suyu süzülə-süzülə bir tərəfdə qalmışdın. Öz şəhərində, öz evində özgə yerdən gəlmişlərin əli altında əzilirdin. Küçədən keçəndə küçə dibi ilə yeriyib, öz ana dilində danışmağa ehtiyat edirdin...” Göründüyü kimi, M. Sidqi mart hadisələrini vətəndaş müharibəsi sayan bolşeviklərin də iç üzünü qısa ştrixlə açır. Həmin sayda “Yaftım” imzalı “Zəbani-hal” adlı şeirdə isə bolşeviklərin, Şaumyan kimi maskalı daşnakların Bakıdakı qanlı cinayətləri pislənilir:

Jurnalın naşiri Səməd Mənsurun ilk sayda “Pompuşalı” imzasıyla verilmiş “Qaçmaq günüdür” şeirində Azərbaycan və türk silahlı qüvvələrinin Bakını azad etmək üçün birgə hərbi əməliyyatları alqışlanır, torpaqlarımızdan çəkilməyə məcbur qalan ingilis və erməni bölüklərinə ironiya ilə xitab olunur. Bu sayda “Şeypur”un lüğəti” başlıqlı satirik şərhlərdə də ermənilərin iç üzü açılır.

“Şeypur”un 3-cü sayındakı “Teleqraf xəbərləri”ndə milli qüvvələrin Bakını yadellilərdən azad etməsi xəbərindən əndişələnən ermənilərin məkrli siması satirik tərzdə ifşa edilir: “...Andranik Bakının alınması xəbərini eşitcək canını  bədənindən çıxarıb, tezliklə özünü Bakıya yetirmək üçün propusk alıb havaya qalxdı. Andranikin keçəcəyi yollara xəbər verildi ki, hər yerdə onu müşayiət etsinlər...

Dünən Andranikin ruhu qara paltarda Şuşa şəhəri üzərindən Bakıya tərəf keçdi. İrəvan- Andranikin ruhunun Bakıya tərəf getməsi xəbəri alınan kimi ermənilər tərəfindən Hamazaspa təbrik teleqrafları göndərildi. Andranikin ruhu Bakıdan qayıdana qədər onun cəmdəyini saxlamaq lazım gəldiyindən İrəvandan Zəngəzura bir dəstə nümayəndə göndərildi ki, Andranikin cəmdəyini İrəvana gətirsinlər”

3-cü saydakı bir şeirdə mart hadisələrində ikibaşlı oyun oynayan bəzi qüvvələrin, həmçinin Andranik, Hamazasp kimi düşmənlərin mənfur siması satirik biçimdə üzə çıxarılır. 

Dördüncü sayda “Şeypur” imzası ilə dərc olunmuş “Tiflis duması” adlı məqalədə “sosialist dərisi örtmüş daşnakların” mart hadisələri haqqında uydurmalar yayması, Gürcüstandakı müəyyən dairələrin, xüsusən sol eserlərin (sosialistlərin) də onlara dəstək verməsi ürək ağrısı ilə dilə gətirilir. Müəllif bolşeviklərin erməniləri dəstəklədiyini, azərbaycanlılara münasibətdə ayrı-seçkilik etdiyini, həmvətənlərimizin əksinqilabçı adıyla qırdırıldığını da diqqət mərkəzinə çəkir: “Qafqaz islam əhalisi hamısı “kontrevolyusioner”, yəni əksinqilabçı olduqlarına görə onların qətli vacibdir. Lakin kirvələr əsl həqiqi sosialist, yəni cibgir olduqlarından onlar lazımlı adamlardırlar. Özləri də azdırlar. .. Onlara əl gəzdirib azaltmaq yaxşı deyildir”. Müəllif əsl vətəndaş yanğısı ilə belə bir haqlı sual verir: “Amma bircə burası var ki, bilmirəm, bu “rəhmli ağalar” bir neçə ildə bütün Qafqaziyada müsəlman qanı çay kimi axanda harada idilər?”

Jurnalın 5-ci sayındakı “Rəsmi-güşad” adlı yazıda azərbaycanlılarda düşmənə qarşı birliyin, səfərbərlik ruhunun güclü olmasının vacibliyi önə çəkilmiş, eyni zamanda mart hadisələrindən danışılarkən erməni namərdliyinin iç üzü konkret şəkildə açılmış, onların “müsəlmanları qırması, evləri çapıb talaması, bazarları yandırması” nəzərə çatdırılmışdır. Bu saydakı “Taziyanə” adlı şeir parçasında da “Bakı yandı, millət qırıldı” harayı eşidilir.

6-cı sayda “Şeypur” imzalı müəllifin “Nə istəyirlər?” adlı məqaləsində də erməni xislətinin böhtankeş mahiyyəti önə çəkilmişdir. Bu saydakı “Bir diplomat ilə müsahibə”də də erməni quldurların günahsız azərbaycanlıları qətlə yetirməsi nəzərə çatdırılmışdır: ”Erməni cümhuriyyətinin müsəlləh qüvvəsi Andranik başda olmaqla xırda uşaq-muşaqları qırmaqla rəşadətini göstərir” .

7-ci sayda “Mərqub” imzasıyla verilmiş “Təqsirkar gücsüzdür” adlı məqalədə 1918-ci ilin mart hadisələrində daşnakların təkcə Bakıda 13 min azərbaycanlını əsir götürməsi, onların ev-eşiyini talan  etməsi barədə danışılır: ”Bu on üç min nəfərin evi, məlum olduğu kimi, Caparidze və Məşədi bəyin söylədiyinə görə talanlanmışdır. Aparılan aparılıb, yerdə qalan stəkan, nimçə kimi şeylər sındırılmışdı. Bu bolşeviklərin dediyi... Daşnaksaqanlar Bakının neftini, benzinini, cövhərini, hökumət idarələrində olan nəqdiyyələrini, manufakturanı... və qeyrini paraxod rabatay... Əhaliyə məxsus olan paraxodlar da üstəlik getdi”. Məqalədə o da vurğulanır ki, ermənilərin törətdiyi vəhşilik və talanın miqyası daha böyük olmuş, bolşeviklər isə “camaatı həyəcana gətirməmək üçün birə üç dəfə az demişlər” .

8-ci saydakı “Bu gün” məqaləsində isə Andranikin “Qarabağda müsəlmanları qırmağa başlaması”, Ermənistan hökumətinin ona dəstək verməsi, ermənilərin əsassız iddiaları nəzərə çatdırılır: “Həyasız adamdan hər nə desən, baş verər. Bu həyasızlardan biri də Ermənistan hökumətinin baş komandanı Andranik kirvədir ki, yenə Qarabağda baş qaldırıb müsəlmanları qırmağa başlamışdır. Ermənistan hökuməti də gözlərini yumub, əli ilə işarə eləyir. Ermənistan hökumətinin nə tövr siyasət yeritdiyini və nə fikirdə olduğunu təfsir etmək artıqdır. Bu hökumət deyir ki, Qafqazda Gürcüstan və Azərbaycan ola bilməz. Burda ancaq bir Ermənistan ola bilər. Qafqazın hamısı ya gərək Ermənistan olsun, ya da Ermənistana tabe kimi bir şey olsun” . Məqalə müəllifi “Şeypur” (M. Sidqi) onu da vurğulayır ki, Tiflisdə çıxan “Qruziya” qəzeti Upuçnin adlı rus yazıçısının “Keçmiş xülyalar” adlı məqaləsini öz səhifələrində dərc etməklə ermənilərə cavab vermək istəmişdir. “Azərbaycan” qəzeti də həmin məqalənin tərcüməsini dərc etmişdir. Bu məqalədə Upuçnin aşkar şəkildə yazır ki, Qafqazda Ermənistan adlı bir şey olmayıbdır. Ruslar Qafqazı tutanda burada bir Gürcüstan olub, bir də Azərbaycan xanlıqları...Həmin saydakı “Teleqraf xəbərləri”ndə, eləcə də “Özciyəzim” imzasıyla verilmiş “Azərbaycan” adlı məqalədə Andranikin və Biçeraxovun Zəngəzur və Cəbrayıl qəzalarında soydaşlarımıza qarşı qırğınlar təşkil etməsi, Ermənistanın Kaçaznuni hökumətinin buna dəstək verməsi faktları önə çəkilmişdir.

Bu sayda “Kənarçı Pompuşalı”nın (Səməd Mənsurun) “Ziyalılarımız” felyetonunda bolşevik-daşnak qüvvələrinin azərbaycanlılara qarşı törətdiyi kütləvi qırğınlardan danışılmış, həmçinin tarixi saxtalaşdıran, hətta Nuh peyğəmbərin, Adəm ilə Həvvanın erməni olduğunu iddia edən ermənilərin cəfəng uydurmaları satirik tənqid hədəfinə çevrilmişdir.

Jurnalın 9-cu sayındakı “Siyasət” adlı məqalədə də (müəllifi “Şeypur”- M. Sidqi) bədnam Andranikin törətdiyi qırğınlardan danışılır. Həmin sayın “Teleqraf xəbərləri”ndəki tarixi faktlar isə “Bakı-Şamaxı mahalında mart hadisələrində 50 min müsəlmanın qanını axıdan Styopa Lalayevin”, həmçinin Qarabağda məskunlaşmış ermənilərin iç üzünü açır. O da vurğulanır ki, daşnaklar mart hadisələrində bolşevik cildinə girərək azərbaycanlıları əksinqilabçı kimi qələmə verməklə onları qırmalarına haqq qazandırmaq istəmişlər. Jurnalın 10-cu sayındakı “Teleqraf xəbərləri”ndə də Andranikin vəhşilikləri faktlarla ifşa olunmuşdur .

11-ci saydakı “Şeypur” imzalı “Gürcü-erməni vuruşması” adlı məqalə də siyasi kəskinliyi və o dövrün hadisələrinin obyektiv təhlili ilə səciyyələnir. Müəllif sərhəd məsələlərini və digər mübahisəli mətləbləri müzakirə etmək üçün Tiflisdə keçirilməsi nəzərdə tutulan konfransda iştirakdan hər dəfə bir bəhanə ilə boyun qaçıran ermənilərin əsassız mövqeyini, gürcülərə qarşı da iddialar irəli sürmələrini, vəhşi daşnakların Borçalıdakı soydaşlarımıza da divan tutduqlarını ifşa etmişdir. Təhlillər sonunda müəllif belə nəticəyə gəlir ki, bütün bu oyunlar “Ermənistana Ermənistan verilməsinə”, yəni Qafqazda qondarma Ermənistan formalaşdırılmasına yönəlmişdir. Bu saydakı “Havadan qapılmış xəbərlər”də ermənilərlə gürcülər arasında keçirilən Sinain konfransından, ermənilərin Gürcüstan parlamentindəki siyasi riyakarlığından, Qafqazın müxtəlif bölgələrində soydaşlarımıza qarşı törətdikləri qətllərdən bəhs olunur. 12-ci saydakı “Teleqraf xəbərləri”ndə də ermənilərin şərəfsiz əməlləri barədə bəzi faktlara rast gəlirik. 13-cü sayda “Azərbaycanlı” imzasıyla dərc olunmuş “Erməni yuxusu” adlı maraqlı felyeton daşnakların yalanlarına səciyyəvi nümunədir.

“Şeypur”un 14-cü sayında “Özciyəzim” imzalı müəllifin “Azərbaycan və İran” adlı felyetonunda dövrün bir sıra mühüm hadisələri ilə yanaşı, qədim Azərbaycan torpaqları olan qondarma Ermənistan ərazisində günahsız yerə qanı axıdılan, şərəfi tapdanan minlərlə soydaşımızın acı taleyinə, həmçinin ermənilərin riyakar oyunlarına sərt münasibət ifadə olunmuşdur: “Daşnaklar Hayastan məmləkəti dairəsində yüz minlər ilə nahaq yerə qanı axıdılan, namus və irzi paymal olan müsəlmanlar şayəd birdən hökumətə üz tutub desə ki: “A kirvə! Axı belə hökumət aparmaq olmaz. Bunca zülm və qədər Afrika vəhşilərinə belə yaraşmaz, əlbəttə, bu, dövlətə xəyanətdir. Amma üç erməni bir yolda iki adamın yolunu kəsib libasını alsa, yainki bir kəndin ermənisi bir karvan arvad-uşağı qiymə-qiymə doğrasa, yainki bir xain, cani, qaniçən, adam əti yeyən başına bir neçə min özü kimi vəhşi yığıb, kəndləri, qəsəbələri oda və qurşuna tutsa, əlbəttə, bu iş inqilabçılıq və bu işi görənlər inqilab qəhrəmanı, hürriyyət fədakarı, azadlıq pəhləvanlarıdırlar”. Bu sayın “Teleqraf xəbərləri”ndə ermənilərin Naxçıvan və Ordubada hücum edərək vəhşiliklər törətmələri satirik tərzdə diqqət mərkəzinə çəkilmişdir: ”Andranik öz dəstəsi ilə bərabər Ordubada “qonaq” gələcəkdir. Şəhər əhalisi bu “qonağı” istiqbala hazırlaşır. Ordubad ətrafında olan səngərlərdə tədarük vardır. Səngərlər torpaq ilə içi dolu meşoklar ilə bəzənmişdir...Naxçıvana Andranik deyil, İrəvan tərəfindən “erməni” adlı qonaqlar hərəkət edirlər...” Ermənilər üzdə vəhşiliklərdən əl çəkdiklərini desələr də, daima öz çirkin işlərini davam etdirmişlər: “Zəngəzurda olan ermənilər dəfələrlə müttəfiq dövlətlər nümayəndələri yanında müsəlman kəndlərini dağıtmağı və müsəlman öldürməyi tövbə etdiklərini iqrar etmişdilər. Bu dəfə ermənilər bundan belə tövbə etməyi tövbə etdiklərini hamıya xəbər vermişlər...” “Teleqraf xəbərləri”ndəki başqa bir fakt on minlərlə soydaşımızın qaçqın vəziyyətinə düşməsini diqqət mərkəzinə çəkir: “Qarabağdan xəbər verirlər ki, erməni zəlzələsindən ev-eşikləri dağılıb dərbədər düşən qırx min nəfər qaçqın ordusu Bakı üzərinə yürüş etməkdədir”.

Ümumiyyətlə, “Şeypur” jurnalındakı çoxsaylı materiallar 1918-1919-cu illərdə nankor ermənilərin azərbaycanlılara qarşı törətdiyi qanlı qırğınları, ağlasığmaz vəhşilikləri real faktlara istinadən bədii-publisistik tərzdə əks etdirir.

Bütün bunları nəzərə alaraq ədəbi-ictimai fikir tariximizdə mühüm mövqeyi olan “Şeypur” jurnalının bütün saylarını latın əlifbası ilə çapa hazırlamışam. Yaxın vaxtlarda kitab halında işıq üzü görəcək. Azərbaycan milli mətbuatının yaranmasının 138-ci ildönümü ərəfəsində “Şeypur” jurnalından ikcə materialı hörmətli oxuculara təqdim edirəm.

 

NƏ İSTƏYİRLƏR? 

Erməni kirvələrin qədimdən bəri bir adətləri vardır ki, bir şey olan kimi elə bağırardılar ki, səsləri birbaş Yevropaya gedərdi. Yevropanın başı qarışıq olduğuna görə indi də Ermənistanın Tiflisdə olan vəkili Camaliyan əlini qulağının dibinə qoyub Kiyev komissarına qışqırır ki, – Adə, ay dığa! Qoyma, Gürcüstanda olan erməni qaçqınları soyuqdan, aclıqdan qırıldı.

Qəzetlərin verdiyi xəbərlərə görə, Camaliyanın səsindən Tiflis yaxınlığında olan bir körpü bir balaca şikəst olmuşdur. Bundan əlavə, Tiflisdə çıxan erməni qəzetləri bütün Qafqaziyanın Ermənistana verilməsindən ötrü müharibə edib qırılan ermənilərin tələf olmasından şikayət edib, Gürcüstan hökumətini bu “qırğının“ qabağını almağa məcbur etmək üçün uzun-uzadı məqalələr yazmaqdadırlar.

Gürcüstan parlamanı da keçən günlərdə bir iclas qurub, Gürcüstanda olan ermənilərin Gürcüstan hökumətindən nə istədiklərini müzakirəyə qoymuşdur. Erməni qəzetlərinin “şirin dilli” məqalələrindən bəzi parçalar dəxi parlamanda oxunmuşdur.

O gün Gəncədən iki teleqraf gəlib ki, erməni saldatları Göyçə sərhəddini keçib müsəlmanlara hücüm etmişdilər. Altmış min müsəlmanın irzü namusu, həyatı, malı və mülkü təhdid edilir. İndi Tiflisdə olan Camaliyana və erməni qəzetlərinə deyəsən ki, balam, bu nə əhvalatdır? Özlərini eşitməməzliyə vurub deyəcəklər ki, qoymayın, erməni milləti qırıldı, qurtardı. Bu işlərdən belə görünür ki, ermənilər Ermənistana qənaət etməyib, Rey havasına düşmüşdürlər.

Xülasə, erməni kirvələr çox ərköyün bəslənmişlər. Onlar deyir ki, biz hər nə eləsək, siz danışmayın. Ancaq siz bir balaca əl tərpətsəniz, qiyamət qopardarıq.

Başını ağrıtmayım. Bu axır vaxt heç ermənilər özləri də bilməyir, nə istəyir.

“Şeypur”

“Şeypur” jurnalı, № 6, səh. 1,

9 səfər 1337, şənbə (16 noyabr 1918)

ERMƏNİ YUXUSU

Bu yaxınlarda ermənilər bir çox yuxular görməyə başlamışlar.

O gün bir nəfər erməni Tiflisdən Bakıya gələndə vaqonda yatıb yuxusunda gördü ki, Hacıqabul stansiyasında müsəlmanlar vaqondan on üç ədəd ermənini çıxarıb camaatın gözü qabağında güllələyirlər. Həmən erməni axper Bakıya çatan kimi ayılıb bu yuxusunu Bakıda olan yoldaşlarına nağıl etmişdir. Yoldaşları da bu xəbəri (daha doğrusu, bu yuxunu) götürüb qəzetdə yazıblar.

Parlamanda olan müsəlman sosialistləri bu əhvalatı təhqiq etməkdən ötrü hökumətə bir sorğu vermişdilər. Hökumət rəisi də gəlib parlamanda əhvalatı təfsilən nağıl elədi ki, heç bir belə əhvalat olmayıbdır. Həmən yuxu görən erməni, Bakı qubernatoru və bir nəfər də erməni şurayi-milli üzvü Hacıqabula gediblər, belə bir əhvalat olduğunu soruşublar. Axırda məlum olub ki, heç belə iş olmamışdır.

Qərəz, ermənilərin bu axır vaxt Azərbaycanda otura-otura belə yuxular görməsi, Qarabağ, Naxçıvan və Ordubad mahallarında nə hərəkətlərdə bulunması aydın məsələlərdən biridir ki, bu barədə bir çox dəfələr yazılmışdır.

“Azərbaycanlı”

“Şeypur” jurnalı, № 13, səh. 5-6,
8 rəbiül-axır 1337, şənbə
(11 yanvar 1919)

 





24.07.2013    çap et  çap et