525.Az

“Azərbaycandakı tolerantlıq mühiti dini dözümlülüyə əsaslanan uğurlu siyasətin nəticəsidir” (davamı)


 

“Azərbaycandakı tolerantlıq mühiti dini dözümlülüyə əsaslanan uğurlu siyasətin nəticəsidir” <b style="color:red">(davamı)</b>

Müsahibimiz fəlsəfə elmləri doktoru Aydın Əlizadədir.

– XIX əsrin sonu, XX əsrin əvvəllərində müsəlman dünyasının vəziyyətini necə xarakterizə edərsiniz?

– XIX yüzilliyin sonu-XX yüzilliyin ilk onillikləri boyu müsəlman ölkələrində yenidənqurmaçıların hərəkatı güclənib. Bunun səbəbi Avropadan geridə qalma və Qərb istismarına məruz qalmaq olub. O zaman dini yaşamda köklü dəyişiklərin edilməsi, onun yeni çağa uyuşması ideyalarını Əfqani, Əbduh, Rıza kimi fikir sahibləri irəli sürüblər. O dönəmlərdə Azərbaycanda da dindən aralanma yönəlmələri olub. Bu sahədə Axundov, Sabir, Məmmədquluzadə kimi ədiblər və mütəfəkkirlər çalışıblar.

XX yüzillikdə dünyəvi baxışlar bütün inkişaf etmiş ölkələrdə yayılıb, üstünlük qazanıb. Bu yüzilliyin aparıcı fəlsəfələri olan ekzistensializm, pozitivizm, nihilizm, marksizm və başqaları dünyəviliyin prinsiplərilə qurulub. Bu yüzillikdə dünyəviliyin ifrat baxışları Albaniya, Sovetlər Birliyi, Çin, Komboca kimi kommunist ölkələrində rəsmi ideologiyaya çevrilib. O zaman Azərbaycanda da ifrat ateizm ideyası aşılanmışdı. Sovet dönəmi boyu bu siyasət sürməkdə idi. Bunun sonu olaraq, dinin toplumda payı ən aşağı səviyyəyə düşüb. XX əsrin ikinci yarısından başlayaraq bu günə kimi, dünyanın aparıcı ölkələrində daha çox dəyərlərin enməsi və itirilməsi prosesi baş verir. Dinə maraq azalmaqdadır, məbədlər boşalır. Statistikaya görə, öndə olan ölkələrdə dinə yönəlmənin dərəcəsi (bəzi istisnaları çıxmaqla) az olur.

Müsəlman ölkələrinin inkişafı dünyanın bir çox yerlərinə nisbətən geridədir. Son vaxtlar bu ölkələrdə dinin toplumda payının artması, dünyəviliyin sıxışdırılması, siyasi islam anlayışlarının yaranması prosesləri baş verməkdədir. Dünyəvi ölkə olan Azərbaycanda da bu yaşanır. Bu yönəlmələrin sonu nə ilə bitəcək bilinmir, çünki proses yaşanmaqdadır. Buna baxmayaraq, müsəlman toplumlarında dünyəvilik meyilləri də az deyil. Bu yolla ən ardıcıl gedən Türkiyədir.

Ümumiyyətlə, göründüyü kimi, dinə yönəlmələrlə dindən aralanma prosesləri bütün tarix boyu baş verib. Toplumun səviyyəsi aşağı olduqca dinə yönəlmə, yüksəldikcə dindən qaçma yönəlmələri güclənir. Bu qaydadan istisnalar olsa da, az olur. Bununla belə dindən aralanma heç də hər zaman ateizmə gətirib çıxarmır, dünyəviliyin başqa formalarında özünü göstərir. Bu dini ayinlərin həyata keçirilməsindən yayınmada, deistik və aqnoztik baxışlara qapanmada özünü göstərməkdədir. Dünyəviliyin dini üstələməyinə baxmayaraq, dinə bağlı olan qruplar hər yerdə olur, onlar dini göstərişləri zamanla uyğunlaşdırmağa, inanclarını inkişaf etdirməyə çalışırlar. Deməli, obyektiv ortam yarananda dinin toplumlarda rolu arta bilər. Bunun kimi, hər bir dinin üstün olduğu toplumda da dünyəvi baxışlar var, zaman yetişəndə onlar arta da bilər.

– Hər şey ifrata varanda fəsadlar törədir. Görünür, dünyəvilik də bu baxımdan istisna deyil...

– Doğrudur, dünyəviliyin də ifrat forması mənəviyyatsızlıqla, dəyərsizləşmə ilə nəticələnir. Bundan başqa qlobalizmin milli mənliyə, milli dəyərlərə, milli dilə, mənəviyyata böyük təhlükələri vardır. Buna görə də antiqlobalizm meyillərinin artmasına ehtiyac var. Bunun özüllərindən biri də dini dünyagörüşüdür. Beləliklə dini baxışlar çağdaş dünyada gərəklidir. Bəzi yerlərdə və bölgələrdə isə dini quruluşa yönəlmələr dünyəvi yönəlmələrdən daha məqsədəuyğun da ola bilər. Bəlkə də bu, bir çox müsəlman ölkələrinə aiddir. Ola bilsin, islam quruluşları onların gələcəkdə dünyəviləşməsinə gətirib çıxaracaq. Bununla belə, islam quruculuğu olsa belə, onun içində mütləq dünyəvilik yönəlmələri güclü olacaq, nə vaxtsa dini quruluşu üstələyə biləcək.

– Bəs, fikrinizcə, ən optimal variant hansıdır?

– Bu iki yönəlmənin arasında qarşıdurma olmasın deyə, ən uyğun yol onların sintezidir. Sintez dünyada olan gerçəkliklərə uyğunlaşaraq, millətin istəyi ilə əldə oluna bilər. Bir ölkədə dinçilərin də, dünyəviçilərin də təmsilçiliyi varsa, onda onların arasında konsensus əldə olunmalı, barışığa doğru gedilməlidir. Bu durumda qarşılıqlı geriyə çəkilmələr və barışığa meyil olmalıdır. Hər bir dəyişmə təkamül yolu ilə əldə edilməlidir. Bunun üçün iqtisadiyyatın və təhsilin inkişafı, sosial problemlərinin çözülməsi, açıq və özgür toplumun qurulması gərəkdir.

– Bu sahədə Azərbaycanda durum necədir?

– Keçmiş Sovetlər birliyindəki ölkələrdən biri olaraq, Azərbaycan dünyəvi ölkədir. Ancaq Sovetlər dönəmindən ayrılan reallıqlar da ortalığa çıxıb. Bu da kommunikasiyaların açıq olması, çoxlu sayda dini axınların ölkəyə girməsi, informasiya-internet məkanının ortalığa çıxması yeni nəsillərin bu reallıqlarda böyüməsidir. İlk olaraq, ölkə-din ilişkilərinə baxışları dəyişmək, Sovet düşüncəsindən aralanmaq gərəkdir. Din toplumun bir parçasıdır, ondan ayrılmazdır, onun mədəniyyətinin və mənəviyyatının özülündə duran bir amildir. Ölkə nə dini, nə də dünyəvi olmalıdır. Bütün bu məsələlər üzrə ictimaiyyətdə dialoqlar aparılmalı, sosioloji sorğular keçirilməlidir. Bunun üçün toplum açıq olmalıdır. Fəlsəfi, sosioloji, mədəniyyət yönümlü fənlərə xüsusi yer verilməli, dinşünaslıq, dinlər tarixi kimi dünyəvi fənlərin tədrisi aparılmalıdır. Dini fundamentalizm əyintilərinə qarşı bu kimi profilaktik işlər görülməlidir. Beləliklə, dinə və dünyəviliyə, ölkə-din münasibətlərinə yenidən baxılmalı, yeni konsepsiyalar ortalığa qoyulmalıdır. Dəyişən dünyaya, yeni gerçəkliklərə uyğunlaşmaq gərəkdir, bu sahədə ciddi yenidənqurma işləri görülməlidir.

– Çağdaş Azərbaycanda islam dini ilə bağlı ümumi, tarixi mənzərəni təsvir etməyinizi istərdik.

– Məlum olduğu kimi, Azərbaycan əhalisinin çoxu müsəlmandır. Rəsmi rəqəmlərə görə, müsəlmanlar ölkə əhalisinin 96 faizini təşkil edirlər . İslam dini təkcə ibadət ediləcək inanclar sistemi deyil, həm də Azərbaycan xalqının mədəniyyətinin tərkib hissəsidir. İslama bağlılıq həmdə azərbaycanlıların çoxusunun milli düşüncəsində yer alıb. Azərbaycan müsəlmanlarının 60-70 faizinin şiə, 30-40 faizinin sünni olduğu güman edilir. Bununla belə, ölkəmizdə sekulyar (dünyəvi) baxışlar üstünlük təşkil edir. Buna görə, yurddaşlarımızın böyük çoxluğu öz gündəlik yaşamlarında İslam ehkamlarını tətbiq etmir və müsəlman təriqətlərinin arasındakı ayrılıqlara varmır. Beləliklə, Azərbaycanda şiə-sünni bölgüsü çox vaxt formal xarakter daşıyır. İslam ehkamlarının gündəlik həyatda tətbiq edilməsi məsələsi üzrə azərbaycanlıların çoxusunun münasibəti heç də birmənalı deyil. Yurddaşlarımızın çoxusunun bu ehkamlarla tam yaşamaması faktı göz önündədir. Örnək üçün, küçələrdə hicablı qadınlara çox az rast gəlmək olar; insanlar arasındakı münasibətlər, ticarət, sövdələşmələr və sair islam dininin ehkamlarına tam uyğun deyil. Bu da əhalinin çox hissəsinin dinə olan yanaşmasının göstəricisidir. Bu yanaşmalarda bəlli problemlər və ziddiyyətli baxışlar da mövcuddur. Bir yandan azərbaycanlıların çoxu özlərini müsəlman sayaraq bu dini öz mədəniyyətlərinin bir parçası sayırlar. Ancaq başqa yandan, onlar islam ehkamlarının toplumda artmasını da istəmirlər. Çoxluq bu ehkamları yalnız fərdi dini praktikada görür. Beləliklə, müstəqillik illəri boyu dini ehkamları öz həyatlarında tətbiq edən adamların saylarının artmasına baxmayaraq, dünyəvi dünyagörüşü Azərbaycan cəmiyyətində üstünlük təşkil etməkdədir.

Cənubi Qafqaz müsəlmanlarının arasında yayılan dünyəvi düşüncənin yeni dönəmimizdə artıq 150 illik tarixi var. Bilindiyi kimi, onlar rus-türk və rus-iran savaşlarının sonunda rus imperiyasının tərkibinə qatılıblar. Qafqazda yaşayan müsəlmanların çoxu türk soylular idi, onlar da çağdaş azərbaycanlıların çoxusunun əcdadları idilər. Onların soyu Səlcuqlara, Səfəvilərə, Əfşarlara, Qacarlara gedib çıxırdı. Türk soylular isə ruslardan öncə bu yerlərdə öndə olan hakim imperiya xalqı idi. Elə bu yerlərdə olan xanlıqları da türk soylular yaradıb idarə edirdilər.

(Ardı var)

Sevinc MÜRVƏTQIZI

 





24.07.2013    çap et  çap et