525.Az

KİVDF birgə yazı müsabiqəsinin nəticələrini açıqladı - Fotolar


 

KİVDF birgə yazı müsabiqəsinin nəticələrini açıqladı - <b style="color:red">Fotolar </b>

İyulun 19-da Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu və Suraxanı Rayon İcra Hakimiyyətinin birgə elan etdikləri "Suraxanı rayonunun sosial-iqtisadi inkişafı: görülmüş işlər, real vəziyyət və perspektivlər" mövzusunda fərdi jurnalist yazıları müsabiqəsinin nəticələri açıqlanıb, qaliblər mükafatlandırılıblar.

Tədbirdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Fondun icraçı direktoru Vüqar Səfərli, Milli Məclisin deputatı Ağacan Abıyev, rayonun idarə, müəssisə və təşkilatlarının, habelə 20-dək aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri, qalib jurnalistlər iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək xatirəsini ehtiramla yad ediblər. Daha sonra qonaqlar Heydər Əliyev muzeyində ulu öndərin dövlət idarəçliyi fəaliyyətinin müxtəlif mərhələlərini əks etdirən fotolarla tanış olublar.

Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov tədbir iştirakçılarını salamlayaraq Azərbaycan Milli Mətbuatının yaranmasının 143-cü ildönümünü respublikanın ictimai-siyasi həyatında əlamətdar hadisələrdən biri kimi dəyərləndirib. Əsası 1975-ci ildə Həsən bəy Zərdabi tərəfindən qoyulmuş milli mətbuatın zəngin tarixi inkişaf yolu keçdiyini Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı ölkəmizdə əldə olunan uğurların ictimaiyyətə çatdırılmasında, dövlətçilik maraqlarının müdafiəsində müasir medianın xidmətlərini yüksək dəyərləndirib.

Ölkəmizdə azad medianın inkişafı üçün hər cür şəraitin yaradıldığını, mətbuatın maddi-texniki bazasının gücləndirilməsi, jurnalistlərin sosial-məişət şəraitinin yaxşılaşdırılması, hüquqlarının qorunması istiqamətində mühüm işlərin görüldüyünü diqqətə çatdıran Suraxanı RİH başçısı həyata keçirilən tədbirlər nəticəsində KİV-lərin ölkənin ictimai-siyasi həyatına təsir imkanlarının artdığını diqqətə çatdırıb.

Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov son illər rayon icra hakimiyyəti ilə jurnalistlər arasında sıx və məhsuldar əlaqələrin qurulduğunu bildirib. Bu baxımdan keçirilən fərdi jurnalist yazıları müsabiqələrinin əhəmiyyətini xüsusilə qeyd edən rayon icra hakimiyyətinin başçısı müsabiqənin yekun nəticələri barədə danışmaq üçün sözü Fondun icraçı direktoru Vüqar Səfərliyə verib.

Fondun icraçı direktoru qonaqları salamlayaraq Azərbaycan Milli Mətbuatının yaranmasının 143-cü ildönümü münasibətilə media nümayəndələrini təbrik edib və onlara fəaliyyətində uğurlar arzulayıb. Azərbaycan Milli Mətbuatının 3 mərhələdə dinamik inkişaf yolu keçdiyini bildirən icraçı direktor birinci mərhələnin "Əkinçi" qəzetinin yaranmasından Azərbaycanda sovet hakimiyyətinin qurulmasına qədər, ikinci mərhələnin sovet dövrünü, üçüncü mərhələnin isə Azərbaycanın müstəqilliyi dövrünü əhatə etdiyini vurğulayıb.

Azərbaycan mətbuatının müstəqilliyin ilk illərində ciddi problemlərlə üzləşdiyini, müxtəlif təzyiqlərə, senzuraya məruz qaldığını xatırladan Fondun icraçı direktoru Ümummilli lider Heydər Əliyevin xalqın istəyi ilə hakimiyyətə qayıdışından sonra cəmiyyət həyatının digər sahələri kimi, KİV-lərin inkişafında da keyfiyyətcə yeni mərhələnin başlandığını bildirib. Vüqar Səfərli ümummilli liderin siyasi iradəsi ilə 1998-ci il avqustun 6-da KİV üzərində senzuranın ləğv edildiyini, sonrakı mərhələdə söz və mətbuat azadlıqlarının etibarlı təminatına xidmət edən mükəmməl qanunvericilik bazasının formalaşdırıldığını, qəzetlərin "Azərbaycan" nəşriyyatına olan borclarının dondurulduğunu, Mətbuat və İnformasiya Nazirliyinin ləğv edildiyini və digər mütərəqqi islahatları diqqətə çatdırıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ulu öndərin formalaşdırdığı mütərəqqi ənənələri son 15 ildə uğurla davam etdirdiyini deyən icraçı direktor ötən dövrdə ölkə mətbuatının 130, 135 və 140 illik yubileylərinin yüksək səviyyədə qeyd edildiyini, onlarla jurnalistin fəxri adlara layiq görüldüyünü, qəzetlərin "Azərbaycan" nəşriyyatına olan borclarının dövlət büdcəsi hesabına silindiyini, KİV əməkdaşları üçün 2 yaşayış binasının inşa edilərək istifadəyə verildiyini, daha bir binanın tikintisinin davam etdirildiyini vurğulayıb.

Fondun icraçı direktoru KİV-ə dövlət qayğısının sistemli və ardıcıl şəkildə həyata keçirilməsi məqsədilə ölkə başçısının 2008-ci ildə imzaladığı müvafiq sərəncamla Azərbaycan Respublikasında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Konsepsiyasının təsdiq edildiyini xatırladıb. Vüqar Səfərli, həmçinin Konsepsiyadan irəli gələn vəzifələrin gerçəkləşdirilməsi üçün 2009-cu il aprelin 3-də Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradıldığını qeyd edib. İcraçı direktor ötən illərdə Fondun KİV-in maddi-texniki bazasının təkmilləşdirilməsi, ölkə jurnalistlərinin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, sosial vəziyyətlərinin yaxşılaşdırılması və digər proritet istiqamətlərdə gerçəkləşdirdiyi layihələr barədə də ətraflı məlumat verib.

Vüqar Səfərli bildirib ki, Fondun əsas fəaliyyət istiqamətlərindən biri də mərkəzi və yerli icra hakimiyyəti orqanları ilə əməkdaşlığın inkişaf etdirilməsidir. Fondun indiyədək Suraxanı RİH-lə 3 dəfə fərdi jurnalist müsabiqəsi keçirdiyini xatırladan Vüqar Səfərli icra hakimiyyətinin rəhbərliyinin mediaya açıq olmasını yüksək dəyərləndirib. V.Səfərli, həmçinin, birgə müsabiqənin təşkilinə verdiyi dəstəyə görə Suraxanı RİH rəhbərliyinə təşəkkürünü bildirib.

İcraçı direktor Fondun Suraxanı RİH-lə birgə keçirdiyi "Suraxanı rayonunun sosial-iqtisadi inkişafı: görülmüş işlər, real vəziyyət və perspektivlər" mövzusunda fərdi jurnalist yazıları müsabiqəsinin martın 14-dən aprelin 30-dək davam etdiyini, müsabiqəyə 22 KİV-dən 35 yazının təqdim edildiyini bildirib: "Müsabiqənin ilkin şərtlərinə əsasən 6 nəfər jurnalistin əsas, 10 nəfər jurnalistin həvəsləndirici mükafata layiq görülməsi nəzərdə tutulmuşdu. Lakin sonradan yazıların çoxluğu nəzərə alınaraq, Suraxanı RİH rəhbərliyi ilə həvəsləndirici mükafatların sayının 15-ə qaldırılması barədə razılıq əldə olundu".

Tədbirdə çıxış edən Milli Məclisin deputatı Ağacan Abıyev, "Xalq qəzeti"nin baş redaktoru Həsən Həsənov, "Palitra" qəzetinin baş redaktoru Namiq Əliyev, "Təzadlar qəzetinin baş redaktoru Asif Məmmədov, "Teleqraf" Media Qrupunun rəhbəri Aynur Camal media nümayəndələrini Milli Mətbuat Günü münasibətilə təbrik edib, eləcə də keçirilən birgə müsabiqənin əhəmiyyətindən söz açıblar. 

Sonra müsabiqənin qaliblərinə diplom və mükafatlar təqdim edilib.

İclasa yekun vuran Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov jurnalistlərlə səmərəli əməkdaşlığa və birgə müsabiqələrin təşkilinə görə Fondun rəhbərliyinə təşəkkürünü bildirib, belə layihələrin gələcəkdə də davam etdiriləcəyini vurğulayıb.

 

 





20.07.2018    çap et  çap et