525.Az

"Bu cür şəraitdə uğursuz nəticə göstərən namizəd günahı özündə axtarmalıdır"


 

"Bu cür şəraitdə uğursuz nəticə göstərən namizəd günahı özündə axtarmalıdır"<b style="color:red"></b>

İyulun 16-dan start götürən ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsi davam edir.

İbtidai sinif müəllimliyi üzrə (Azərbaycan bölməsi) keçirilən test imtahanlarında 3094 nəfər iştirak edib, namizədlər arasında ən yüksək nəticə olaraq 59 bal qeydə alınıb. İbtidai sinif müəllimliyi üzrə imtahanlar iyulun 19-da günün birinci yarısınadək davam edəcək. Günün ikinci yarısından sonra ingilis dili müəllimi olmaq istəyənlər imtahan verəcək. Bu fənni tədris etmək istəyən 3505 namizədin imtahanda iştirakı nəzərdə tutulur.

İmtahanlarda iştirak edənlər, əsasən, son illərin məzunlarıdır. İbtidai sinif müəllimliyi üzrə imtahanlara qatılanlar arasında qadınların sayı kişilərdən xüsusilə çoxdur.

Qeyd edək ki, müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsi Azərbaycan Texniki Universitetinin İdman Kompleksində keçirilir. Namizədlərə ixtisaslarına uyğun olaraq ümumtəhsil məktəblərinin fənn proqramının məzmunu üzrə 40, metodika, təlim strategiyaları üzrə 10 və məntiq üzrə 10 sual olmaqla ümumilikdə 60 sualı cavablandırmaq üçün 90 dəqiqə vaxt verilir.

İmtahanların gedişini izləyən millət vəkili Elman Nəsirli imtahan prosesinin təşkilini yüksək qiymətləndirib: "Bu cür şəraitdə imtahan verib uğursuz nəticə göstərən namizəd günahı özündə axtarmalıdır. Hesab edirəm ki, bu, unikal bir şansdır. Müsabiqədə iştirak edib həm işə qəbul olunur, həm də yüksək maaş alanlar siyahısına daxil olursan. Bu gün həm də onun şahidi oldum ki, müəllimlik peşəsinin nüfuzu bərpa olunub. Hər gün hörmətdən düşmüş bir peşənin necə dirçəldiyinin şahidi oluruq. Bir vaxtlar müəlimliyi atanlar indi öz peşəsinə qayıtmaq üçün can atır, çaba göstərirlər".

Millət vəkili Tahir Mirkişili müəllimliyin artan nüfuzunda yaradılan ədalətli rəqabət mühitinin rolunu xüsusi qeyd edib: "İmtahanları çox yüksək qiymətləndirirəm. Xüsusən, təşkilati cəhətdən çox yüksək səviyyə müşahidə etdim. Müəllim olmaq istəyənlər üçün bərabər imkanların yaradılması, şəffaflıq şəraitində mübarizə mühiti formalaşdırılması, nəticədə ədalətli rəqabətin təmin edilməsi müəllimliyin nüfuzunun artmasında olduğu qədər, müəllimlərin peşəkar inkişafında - gələcəkdə daha sağlam nəslin yetişməsində çox önəmlidir".

"Xalq Cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli isə bu fikirdədir ki, bu proses ali təhsil pilləsində də tətbiq edilməlidir: "Təşkilatçılıqdan tutmuş bu istiqamətdə həyata keçirilən bütün proses marağıma səbəb oldu. İmtahanları bu səviyyədə təşkil etməyin çətin olduğunu bilirəm. Bu çətinliyin öhdəsindən gəlib təhsil sahəsində şəffaflığa nail olunması çox müsbət haldır. Bir vaxtlar təhsildən uzaqlaşan, indi isə bu sahəyə qayıtmaq istəyən və qayıdan yaxınlarım da var. Təhsilə bu münasibət artıq kütləviləşib və bunda, heç şübhə yoxdur ki, Təhsil Nazirliyinin həyata keçirdiyi islahatların çox böyük rolu var. Ümid edirəm bu proses gələcəkdə ali təhsil müəssisələrində də tətbiq ediləcək".

Təhsil eksperti Etibar Əliyev imtahanların nəticələrinin təhlilinə zərurət olduğunu vurğulayıb: "İmtahanlar çox şəffaf təşkil edilib. Hesab edirəm ki, imtahanların nəticələrinin təhlilinə də önəm verilməli, hətta əvvəlki illərin nəticələri ilə müqayisəli təhlili aparılmalıdır. Əvvəlki illərlə müqayisədə müəllimliyə namizədlərin imtahanlarında hansı tendensiyanın müşahidə edildiyi müəyyənləşdirilməlidir".

S.QARAYEVA

 





20.07.2018    çap et  çap et