525.Az

Türkiyə-Azərbaycan münasibətləri digər ölkələr üçün nümunədir


 

Türkiyə-Azərbaycan münasibətləri digər ölkələr üçün nümunədir<b style="color:red"></b>

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın prezident seçildikdən sonra ənənəvi olaraq ilk səfərini yenə də Azərbaycana etməsi iki ölkənin qardaşlıq, dostluq münasibətlərinin daha bir sübutu oldu. 

Ərdoğan andiçmə mərasimindən dərhal sonra Azərbaycana gəldi, Bakıda mühüm bəyanatlar verdi. Azəbaycan prezidenti İlham Əliyev də 11 aprel seçkilərindən sonra ilk səfərini qardaş ölkəyə etmişdi. Ərdoğan onda bildirmişdir ki, 25 iyun seçkilərindən sonra ilk səfərini Bakıya edəcək. Bu, iki ölkənin münasibətlərinin "Bir millət, iki dövlət" prinsipi əsasında olduğunu isbatlayan daha bir mühüm məqamdır. Ərdoğan Bakıda bəyan etdi ki, Türkiyə Dağlıq Qarabağ münaqişəsinin həlli üçün mümkün olan hər şeyi edəcək: "Azərbaycan ilə istər enerji sahəsindəki əlaqələr, istərsə də müdafiə sənayesi istiqamətində addımlar çox böyük əhəmiyyət daşıyır. Bundan sonrakı prosesdə də TANAP layihəsi, - bizim üçün, Azərbaycan üçün həyati əhəmiyyətli layihədir, - təkcə Azərbaycan-Türkiyə deyil, eyni zamanda, Azərbaycan-Avropa bağlantısını qurmaq baxımından böyük əhəmiyyət kəsb edir. Bu layihə bizi ciddi mənada maraqlandırır və bu, qardaşlığımızın bir təzahürü olaraq, eyni zamanda, strateji investisiya yatırılması baxımından da əhəmiyyətlidir. TANAP ilə əlaqədar Əskişəhərdə atdığımız addım həqiqətən də həyati bir addımdır. Bütün bunlardan başqa, Azərbaycanın sərmayə sahəsində Türkiyədəki Əliağa layihəsi həqiqətən hər cür təqdirdən daha böyükdür. Bu layihə təməli qoyulduğu gündən get-gedə davam edən, böyüyən bir sərmayə olaraq özünü göstərir. İndi də, inşallah, bu sərmayəni daha da genişləndirməyin və reallaşdırılmaqda olan bəzi layihələrin də payızda açılışını etməklə bunları birlikdə həyata keçirəcəyik".

Türkiyə Prezidenti əlavə edib ki, müdafiə sənayesi sahəsində Türkiyə ilə Azərbaycan arasındakı əlaqələr də bu baxımdan əhəmiyyət daşıyır: "Türkiyə müdafiə sənayesi sahəsində, bildiyiniz kimi, bundan 15 il əvvəl möhtac bir millət ikən, indi ehtiyaclarının böyük bir qismini artıq özü ödəyə bildiyi səviyyəyə gəlib - 20 faiz səviyyəsində ikən, hazırda 65 faizini özü ödəyən ölkəyə çevrilib. Bununla da müdafiə sənayesi sahəsində də ixracatı artıran bir Türkiyə var. Təbii ki, bunu qardaş ölkələrlə fərqli bir şəkildə bölüşmək istəyirik".

Türkiyə lideri deyib ki, ikitərəfli ticarət məsələsində hədəf mövcud rəqəmi iki, üç dəfə artırmaqdır: "Digər bir məsələ isə xüsusilə Dağlıq Qarabağ və Naxçıvanla bağlı problemləri aradan qaldırmaq üçün Türkiyə olaraq əlimizdən gələni etdik. Bu məsələni daim diqqət mərkəzində saxladıq, bundan sonra da saxlamaqda qətiyyətliyik. Naxçıvanla ölkəmiz arasında quru yolundakı problemlər həll edilmiş vəziyyətdədir. İndi yeni bir addım olaraq, - bu məsələ ilə əlaqədar daha əvvəl də İlham qardaşımla danışmışdıq, - lazım gələrsə dəmir yolu məsələsini də həll etməklə aradakı bu əlaqələri daha yüksək səviyyəyə çatdırmaq hər iki ölkəyə əlavə güc verəcək".

Bu gün Azərbaycan və Türkiyəni həm də beynəlxalq əhəmiyyətə malik böyük layihələr birləşdirir. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars, TANAP və digər layihələr  təkcə iki ölkə, region üçün deyil, ümumilikdə dünya üçün önəmlidir.

Bu günə qədər Azərbaycan Türkiyə iqtisadiyyatına 13,9 milyard dollar sərmayə qoyub. Türkiyə şirkətləri isə Azərbaycana 12 milyard dollardan çox vəsait yatırıblar. İki ölkəni birləşdirən TANAP artıq gerçəkləşdi, "Cənub Qaz Dəhlizi" layihəsinin uğurla icrası da başa çatır.

Qeyd etmək lazımdır ki, Ərdoğanın ölkəmizə səfəri regionda baş verən bir sıra hadisələrin ardınca reallaşdı. Bura işğalçı Ermənistanda hakimiyyət dəyişikliyinin yaratdığı yeni reallıqlar, təcavüzkar ölkənin baş nazirinin populist çıxışları, xüsusilə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı verdiyi açıqlamalar və s. daxildir. Belə bir vəziyyətdə Ərdoğanın səfəri və Dağlıq Qarabağ münaqişəsində qardaş ölkənin dəstəyini bir daha ifadə etməsi çox vacib idi. Bu, həm də Türkiyə-Azərbaycan birliyini sarsıtmağın mümkünsüz olması barədə bəzi qüvvələrə aydın mesaj idi.

Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral hesab edir ki, Rəcəb Tayyib Ərdoğanın prezident seçildikdən sonra ilk səfərini məhz Azərbaycana etməsi təsadüfi deyil. Səfir xatırladıb ki, Azərbaycan prezidenti də növbəti dəfə prezident seçildikdən sonra ilk rəsmi səfərini Türkiyəyə etmişdi: "Bu səfərlər Türkiyə ilə Azərbaycan arasında çox mühüm ənənə halını alıb. Azərbaycanla Türkiyə hər zaman birlikdə olan iki dövlətdir. Hər zaman bir-birimizə dəstək olmağa davam edəcəyik".

Diplomat qeyd edib ki, hər iki qardaş ölkə bir-birinə dəstək olduğu müddətdə daha da irəliyə gedəcək: "Türkiyə və Azərbaycan yalnız iqtisadi baxımdan deyil, digər sahələrdə də əməkdaşlıq edir və bundan sonra da etməyə hazırdır. Türkiyənin imkanları Azərbaycanın imkanlarıdır. Əlimizdə nə varsa, sizinlə paylaşmağa hazırıq".

KAFKASSAM-ın direktoru, eləcə də Beynəlxalq "Vizyon" Universiteti rektorunun müavini Hasan Oktay bildirib ki, Türkiyədə 24 iyunda keçirilmiş seçkidən sonra yeni dövlət idarəetmə sistemi dövriyyəyə girib. "Prezidentliyin yeni idarəetmə sistemi olduğu və baş nazir vəzifəsinin ləğv edildiyi yeni sistemdə Türkiyə daxili və xarici siyasət sahəsində olduqca aktiv fəaliyyət göstərəcək. Bu mənada, Türkiyənin xarici siyasətdə daha çox önəm verdiyi iki ölkə var: Azərbaycan və Şimali Kipr Türk Cümhuriyyəti. Ərdoğanın andiçmə törənini bitirər-bitirməz Bakıya səfər eləməsi Azərbaycan üçün çox vacibdir. Çünki Türkiyənin dəstəyini almış Azərbaycan və KKTC beynəlxalq sistemdə və regional siyasi münasibətlərdə mövqelərini xeyli gücləndirəcəklər. Türkiyənin Azərbaycana daha çox diqqət ayırması və bu dəstəyini mütəmadi şəkildə artıraraq davam etdirməsi yaxın gələcəkdə Türkiyənin yürüdəcəyi xarici siyasətin ip uclarını aşkara çıxarır. Yəni bu o deməkdir ki, Azərbaycan və KKTC hər zaman Türkiyə üçün çox vacib maraq dairəsidir".

PƏRVANƏ

 





20.07.2018    çap et  çap et