525.Az

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində kollegiya iclası


 

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində kollegiya iclası <b style="color:red"></b>

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQIDK) cari ilin 6 ayının yekunları və qarşıda duran vəzifələrə həsr olunan kollegiya iclası keçirilib.

Iclasda çıxış edən Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib ki, bu ilin prezident ilham Əliyev tərəfindən ölkədə "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan edilib. Bu münasibətlə Komitə tərəfindən dini icmaların üzvləri arasında məqalə müsabiqəsi və tədbirlər keçirilib, eləcə də "Azərbaycan Xalq Cümhuriyyəti dövründə dövlət-din münasibətləri" mövzusunda kitab nəşr edilib.

M.Qurbanlı hesabat dövründə dini durumun öyrənilməsi, dini icmaların fəaliyyətinə nəzarətin gücləndirilməsi, radikal cərəyan və təriqətlərin fəaliyyətinin aşkarlanması, dini obyektlərin tikintisi barədə məlumatların yenilənməsi, dini təhsil müəssisələrinin fəaliyyətinin araşdırılması və əlamətdar dini mərasimlərlə bağlı tədbirlər görüldüyünü vurğulayıb.  O qeyd edib ki, din adı ilə milli və dövlət maraqlarımıza zidd, milli-mənəvi dəyərlərimizə yad ideoloji təlimlərin yayılmasına qarşı mümkün vasitələrlə mübarizə davam etdirilib, bu istiqamətdə Qafqaz Müsəlmanları İdarəsi, hüquq mühafizə orqanları, Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondu, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və digər qurumlarla birlikdə maarifləndirici, profilaktik və inzibati tədbirlər həyata keçirilib.

Komitə sədri milli-mənəvi dəyərlərimizə və mütərəqqi tarixi ənənələrimizə hər zaman yüksək qiymət və dəstək göstərən prezident İlham Əliyevin müvafiq fərman və sərəncamı ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondu və Azərbaycan İlahiyyat İnstitutunun yaradılmasını, eyni zamanda, Dövlət Komitəsinə olan yüksək etimadın göstəricisi kimi dəyərləndirib. Sözügedən qurumların ölkədə yüksək dini-mənəvi mühitin qorunub saxlanması və inkişaf etdirilməsi istiqamətində fəaliyyətə başladıqlarını bildirib.

Gəncədə baş verən terror hadisələrinə də toxunan Mübariz Qurbanlı bu cinayət əməllərinin Azərbaycanda ictimai-siyasi sabitliyi pozmaq, ölkəmizin müstəqilliyinə zərbə vurmaq niyyəti ilə törədildiyini qeyd edib. Ölkədə qarşıdurma yaratmaq məqsədilə dini şüarlarla çağırışlar edilməsini dövlətçiliyimizə, milli-mənəvi dəyərlərimizə qarşı təxribat kimi qiymətləndirib. Xaricdən idarə edilən din pərdəsi altında fəaliyyət göstərən radikal qrupların cəmiyyəti iğtişaşlara təhrik etmə, dövlətə qarşı terror, islami dəyərlərimizə zidd əməllərinə lazımi hüquqi qiymətin veriləcəyini deyib: "Belə təxribatçı cəhdlər möhkəm təməllər üzərində yaranan dövlətçiliyimizin əsaslarını heç bir vəchlə sarsıda bilməyəcək".

Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov isə ölkə ərazisində 2248 məscidin olduğunu, bunlardan 211-nin Naxçıvan Muxtar Respublikasının payına düşdüyünü qeyd edib. 778 məscidin dini icmasının Dövlət Komitəsində qeydiyyatdan keçdiyini bildirib. Hesabat dövründə dini qurumların dövlət qeydiyyatına alınması ilə bağlı 60 müraciətin daxil olduğu, 7 dini qurumun sənədlərinin qanunvericiliyə uyğun tərtib edilmədiyinə görə geri qaytarıldığı, ümumilikdə, 16 dini icmanın dövlət qeydiyyatına alındığı diqqətə çatdırılıb.

Cari ildə Dövlət Komitəsi tərəfindən Ramazan ayı ilə bağlı həyata keçirilən ardıcıl tədbirlər barədə də danışan sədr müavini ay boyunca dini durumun nəzarətdə saxlanıldığını, məscid və ziyarətgahlarda mütəmadi monitorinqlərin aparıldığını, bütün dini icmaların QMİ-nin rəsmi dini təqviminə uyğun fəaliyyət göstərməsinin mütəmadi diqqət mərkəzində saxlanıldığını deyib. Onun sözlərinə görə, 2018-ci ildə Ramazan ayı ölkəmizdə mənəvi dəyərlərimizə uyğun formada keçirilib,  dini icmalara dövlət tərəfindən lazımi qayğı və dəstək göstərilib.

G.İsmayılovun dediyinə görə, ölkədə dini duruma mənfi təsir göstərə biləcək zərərli dini təyinatlı ədəbiyyatın aşkarlanması, siyahısının hazırlanması və təkmilləşdirilməsi sahəsində işin davam etdirilib, idxalla bağlı 2018-ci ilin yanvar-iyun ayları ərzində Dövlət Komitəsinə daxil olan müraciətlər əsasında 483 adda dini məzmunlu ədəbiyyatdan dini dözümsüzlüyü, ayrı-seçkiliyi və radikallığı təbliğ edən 19 adda kitabın ölkəyə idxalının və yayılmasının qarşısı alınıb: "Ölkədə nəşr olunmaq məqsədilə təqdim edilmiş 104 adda dini ədəbiyyatın 22-sinin çapı məqsədəuyğun sayılmayıb. 171 adda dini təyinatlı ədəbiyyata yapışdırılması üçün nəzarət markaları verilib. Hüquq mühafizə orqanları tərəfindən müsadirə olunaraq Dövlət Komitəsinə göndərilən 224 adda dini təyinatlı ədəbiyyat və məmulat materiallarından 56-sının zərərli, yaxud müvafiq razılıq alınmadan idxal və istehsal edildiyi müəyyən edilib".

Sədr müavini Dövlət Komitəsinin ötən müddət ərzində hüquq mühafizə orqanları ilə birgə qeyri-ənənəvi dini cərəyan mənsublarının qanunsuz fəaliyyətlərinə, eləcə də ixtisaslaşmış satış məntəqələrindən kənarda dini ədəbiyyat nümunələrinin satışının həyata keçirilməsinə qarşı inzibati tədbirlərinin intensiv şəkildə davam etdirdiyini vurğulayıb.

Komitənin dini maarifləndirmə istiqamətində həyata keçirdiyi  işlər barədə danışan G.İsmayılov bu istiqamətdə dini icmaları, yerli icra hakimiyyətlərini, orta və ali təhsil məktəblərini, cəzaçəkmə müəssisələrini, müxtəlif peşə sahələrini, eləcə də dini təhsil müəssisələrini əhatə edən, ümumilikdə, 300-dən artıq tədbirin baş tutduğunu bildirib.

Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov Fondun mənəvi dəyərlərin təbliği işinin gücləndirilməsi istiqamətində həyata keçirdiyi tədbirlərdən söz açıb. O bildirib ki, prezidentin müvafiq sərəncamı ilə Fonda ayrılan vəsait hesabına ölkəmizdə mənəvi dəyərləri təbliğ edən şəxslər qismində Qafqaz Müsəlmanları İdarəsi tərəfindən rəsmi olaraq təyinat almış, ümumi sayı 1068 nəfər olan imam, imam müavini və mütəvəllilərə maddi dəstək göstərilir. Fondun tərkibində Mənəvi Dəyərlərin Təbliği üzrə Məşvərətçi Komitənin yaradıldığını bildirən icraçı direktor mənəvi dəyərlərin və Azərbaycançılıq məfkurəsinin təbliği ilə bağlı maarifləndirici tədbirlərin, müxtəlif fond və mərkəzlərlə birgə seminar, konfrans və xeyriyyəçilik fəaliyyətnin təşkili, kitab nəşri işləri davam etdirilib.

Sonda Dövlət Komitəsinin 2018-ci ilin növbəti 6 ayı  üçün fəaliyyət planı və qarşıya qoyulan məqsədlər, görüləcək işlər, problem və perspektivlər geniş müzakirə edilib. Qarşıdan gələn Məhərrəm ayı ilə bağlı müvafiq işlərin görülməsi barədə Dövlət Komitəsinin bölgə şöbələrinə müvafiq tapşırıqlar verilib.

S.QARAYEVA

 





20.07.2018    çap et  çap et