525.Az

İtaliya prezidentinin Azərbaycan səfəri: Əməkdaşlığın inkişafına yeni töhfə


 

İtaliya prezidentinin Azərbaycan səfəri: <b style="color:red">Əməkdaşlığın inkişafına yeni töhfə</b>

İtaliya prezidenti Sercio Mattarellanın Azərbaycana səfəri iki ölkə arasında əməkdaşlığın daha da inkişafı, möhkəmlənməsi  üçün yeni təkan oldu.

Səfər zamanı bir sıra sahələrdə gələcək əməkdaşlığı gücləndirəcək sənədlər paketi imzalanıb.  Bu səfər İtaliya prezidentinin Azərbaycana ilk səfəridir. Bakıda keçirilmiş müzakirələrdə iki ölkə arasında regional inkişaf və regional təhlükəsizlik məsələləri, Avropa İttifaqı-Azərbaycan əlaqələri, siyasi, iqtisadi ikitərəfli əlaqələr müzakirə edilib.

Ümumiyyətlə, Azərbaycan-İtaliya münasibətlərinin tarixi qədimə gedir. Hələ orta əsrlərdə indiki İtaliya ərazisindəki şəhər-dövlətlər Azərbaycandakı Səfəvilər, Ağqoyunlular dövlətləri ilə davamlı əlaqələr saxlayıblar. 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Demokratik Cümhuriyyəti dövründə də İtaliya və Azərbaycan arasında diplomatik münasibətlər yaradılıb. Həmin vaxt Bakıda İtaliyanın  diplomatik təmsilçiliyi fəaliyyət göstərib. Sovetlər birliyi dövründə də bu əlaqələr davam etdirilib.

Azərbaycan ikinci dəfə dövlət müstəqilliyi bərpa etdikdən sonra iki ölkə arasında əlaqələr yeni müstəvidə inkişaf etməyə başlayıb.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün 1992-ci ilin martında yaradılmış ATƏM-in (indiki ATƏT) Minsk qrupunun ilk sədri İtaliya olub. O zaman İtaliya nümayəndəsi Mario Rafaelli münaqişənin dayandırılması üçün bir sıra diplomatik addımlar atıb. Hazırda İtaliya ATƏT-ə sədrlik edir. Azərbaycanın ən böyük ticarət tərəfdaşı olan İtaliyadan gözləntilər həm də ATƏT-də sədrliyi dövründə münaqişənin nizamlanmasında qətiyyətli addımların atılmasıdır.

Prezident İlham Əliyev italiyalı həmkarı Sercio Mattarella ilə birgə mətbuata bəyanatlarla çıxışı zamanı bu məqama toxunub: "İtaliya hazırda ATƏT-in sədridir. Biz ümid edirik və əminik ki, İtaliya ATƏT-in sədri kimi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli işində fəal rol oynayacaqdır. Mən cənab prezidenti münaqişə ilə bağlı məlumatlandırdım, danışıqların hazırkı vəziyyəti ilə bağlı Azərbaycanın mövqeyini ifadə etdim. Biz istəyirik ki, bu münaqişə beynəlxalq hüququn norma və prinsipləri əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində tezliklə öz həllini tapsın. Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan tarixi torpaqları - Dağlıq Qarabağ və onun ətrafında yerləşən 7 rayon uzun illərdir ki, Ermənistanın işğalı altındadır. Bu işğal və etnik təmizləmə siyasəti nəticəsində torpaqlarımızın 20 faizi işğal altındadır və 1 milyondan çox azərbaycanlı məcburi köçkün, qaçqın vəziyyətində yaşayır. Xalqımıza qarşı hərbi cinayətlər törədilib. İşğal edilmiş torpaqlarda bizim tarixi, dini abidələrimiz məhv edilib. ATƏT işğal edilmiş bölgələrə iki dəfə faktaraşdırıcı missiya göndərib. Bu missiyaların məruzələrində göstərilir ki, bütün tarixi abidələrimiz, infrastruktur obyektləri Ermənistan tərəfindən dağıdılıb. Münaqişənin həlli üçün hüquqi əsas var. BMT Təhlükəsizlik Şurası 25 il bundan əvvəl 4 qətnamə qəbul edib. Bu qətnamələrdə göstərilir ki, erməni silahlı qüvvələri işğal edilmiş torpaqlardan dərhal və qeyd-şərtsiz çıxarılmalıdır. Bu qətnamələr qüvvədədir və bu qətnamələrin icrası təmin edilməlidir. Əfsuslar olsun ki, Ermənistan uzun illərdir bu qətnamələrə məhəl qoymur, öz işğalçı siyasətini davam etdirir və status-kvonu saxlamaq istəyir. Bu məsələ ilə birbaşa məşğul olan Minsk qrupunun həmsədr ölkələri prezidentlər səviyyəsində dəfələrlə bəyan ediblər ki, status-kvo qəbuledilməzdir, dəyişdirilməlidir. Biz bu mövqeyi dəstəkləyirik və hesab edirik ki, tezliklə münaqişənin həlli üçün addımlar atılmalıdır, Ermənistanın işğalçı qüvvələri bizim tarixi torpaqlarımızdan çıxarılmalıdır".

Dövlət başçısı əlavə edib ki,  İtaliya Azərbaycanın birinci ticarət tərəfdaşıdır. Azərbaycan böyük həcmdə neftini İtaliya istiqamətinə göndərir, enerji sahəsində çox gözəl əməkdaşlıq var.  Prezident vurğulayıb ki, Azərbaycan tərəfdaş ölkələrlə birlikdə hazırda "Cənubi Qaz Dəhlizi" layihəsini uğurla icra edir. Bu, 40 milyard dollar dəyərində olan layihədir, onun böyük hissəsi icra edilib. Bu il Cənub Qaz Dəhlizinin rəsmi açılışı Bakıda olub. Onun böyük hissəsini təşkil edən TANAP layihəsinin Əskişəhər şəhərində açılışı olub. Bu istiqamətdə işlər uğurla gedir və bu, eyni zamanda, Avropa İttifaqı-Azərbaycan əlaqələrinin inkişafı üçün mühüm rol oynayır.

Sercio Mattarella isə vurğulayıb ki, İtaliya ATƏT-də sədrliyi çərçivəsində Azərbaycana öz töhfəsini verəcəyini bir daha vurğulayır: "İtaliya, xüsusən regionda olan problemlərlə bağlı, həmçinin Azərbaycanın Dağlıq Qarabağ problemi ilə bağlı ATƏT-ə sədrlik çərçivəsində öz dəstəyini göstərəcək. Biz istəyirik ki, bu sahə üzrə danışıqların formatlarını dəyişmək əvəzinə, əksinə, regionda təhlükəsizliyi təmin edə biləcək yeni danışıq yolları tapılsın. Çünki bizim fikrimizcə, bu münaqişənin həlli hərbi yolla deyil, siyasi yolla baş verməlidir. Bu həll yolu sabit, uzunmüddətli və beynəlxalq hüquq çərçivəsində olmalıdır".

Millət vəkili Tahir Mirkişili hesab edir ki, Azərbaycan-İtaliya münasibətləri son illərdə sürətlə inkişaf edib. Hazırda ATƏT-ə sədrlik edən İtaliya ilə münasibətlər həm iqtisadi, həm də siyasi cəhətdən hər iki tərəf üçün vacib əhəmiyyət kəsb edir.

Deputatın sözlərinə görə, nəzərə alsaq ki, TAP kəmərinin sonuncu təyinat nöqtəsi İtaliya ərazisidir, təbii ki, bu zaman İtaliya ərazisindən Avropanın bir çox ölkələrinə qazın, eyni zamanda, nəql olunan neftin paylanılması həm İtaliyanın rolunu kifayət qədər artırır, həm də Azərbaycanın münasibətini daha da inkişaf etdirir: "Həmçinin, bu layihə İtaliyanın özü üçün böyük gəlir əldə etmək və yeni iş yerləri açmaq imkanı yaradır. Düşünürəm ki, bu baxımından hər iki dövlətin münasibətləri konstruktiv, eyni zamanda, praqmatik iqtisadi və siyasi əsaslara söykənir. Azərbaycan və İtaliya prezidentlərinin görüşündə də bu məsələlər səsləndirilib".

Politoloq Elxan Şahinoğlu isə hesab edir ki, İtaliya ilə əməkdaşlıq Azərbaycan üçün bir neçə baxımdan vacibdir: "Birincisi, İtaliya hazırda ATƏT-ə sədrlik edir. Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. İtaliya birmənalı olaraq Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Buna görə də rəsmi Bakı ümid edir ki, İtaliya ATƏT-ə sədrlik etdiyi dövrdə Dağlıq Qarabağ münaqişəsinin həllinə çalışacaq. İtaliya prezidenti də çıxışında bu məsələyə diqqət ayırdı.

İtaliyanın ATƏT-ə sədrliyi dövründə Dağlıq Qarabağ münaqişəsinin həll olunacağını proqnozlaşdırmaq çətindir. İtaliyadan əvvəl digər dövlətlər də ATƏT-ə sədrlik ediblər. Həmin dövlətlər İtaliya kimi Azərbaycanın strateji tərəfdaşlarıdır. Ancaq həmin dövlətlər də münaqişənin həllinə nail ola bilmədilər. Səy göstərdilər, ancaq alınmadı. Buna baxmayaraq, İtaliyanın münaqişənin həllində fəallığını artırması Azərbaycan üçün az əhəmiyyət daşımır".

Digər tərəfdən, politoloq hesab edir ki, İtaliya Azərbaycanın Avropa İttifaqı və NATO ilə inteqrasiyasına dəstək verir: "İtaliya Brüssellə Bakı arasında strateji tərəfdaşlıq sazişinin qısa müddətdə imzalanmasına çalışır. Azərbaycanın Avropa İttifaqının 9 ölkəsi ilə strateji tərəfdaşlıq sazişi var, bunlardan biri İtaliyadır. İki ölkə arasında saziş 2014-cü ildə imzalanıb”.

PƏRVANƏ

 





20.07.2018    çap et  çap et