525.Az

Təhsil Nazirliyi jurnalistləri mükafatlandırdı


 

Təhsil Nazirliyi jurnalistləri mükafatlandırdı <b style="color:red"></b>

Bu gün Bakıda Təhsil Nazirliyinin təşkilatçılığı ilə təhsil sahəsində baş verən dəyişikliklərin cəmiyyətə çatdırılmasında fəal jurnalist mövqeyi ilə seçilən mətbuat nümayəndələrinin 22 İyul - Milli Mətbuat günü ilə əlaqədar təltif olunması mərasimi keçirilib.

Tədbirdə çıxış edən təhsil naziri Ceyhun Bayramov 143 il öncə Azərbaycan mətbuatının əsasının qoyulmasını milli düşüncə tarixinin canlı səhifəsi və müstəqilliyə doğru yolun başlanğıcı kimi dəyərləndirib. Həsən bəy Zərdabinin doğma ana dilində nəşr etdirdiyi “Əkinçi”nin əsl milli demokratik və xalq mətbuatı nümunəsi olduğunu qeyd edən nazir Azərbaycan Xalq Cümhuriyyətini yaradan şəxslərin imzasının da ilk məatbuat nümunələrində yer almasını diqqətə çatdırıb.

Təhsil nazirinin dediyinə görə, Azərbaycan mətbuatının yeni inkişaf mərhələsi Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır: “Ulu öndər Heydər Əliyev hər zaman mətbuatın cəmiyyətə təsir gücünü yüksək qiymətləndirib, mediada qaldırılan məsələlərə həssaslıqla yanaşıb. Söz və mətbuat azadlığını daim diqqət mərkəzində saxlayan prezident İlham Əliyev mətbuatın dostu olaraq ictimai rəyin vacib aləti olan medianın çoxşaxəli fəaliyyəti üçün bütün imkanların yaradılmasını təmin edib.

Nazir vurğulayıb ki, təhsil sahəsində aparılan islahatların cəmiyyət tərəfindən başa düşülməsi və qəbul edilməsi ümumi işə çox böyük fayda, töhfə verir. Onun sözlərinə görə, milli mətbuatımızın əsasında hər zaman maarifçilik, təhsilin vacibliyi dayanıb.

Nazir deyib ki, 143 illik Azərbaycan mətbuatı və müasir Azərbaycan jurnalistləri bu gün də həmin prinsiplərə əməl edərək təhsilə çox böyük diqqət yetirirlər: “Təhsil sahəsi çoxşaxəli olduğu qədər, həm də çox mürəkkəb və maraqlıdır. KIV-lərin ictimai nəzarət funksiyası var. Sizlər bu işin öhdəsindən layiqincə gələ bilirsiniz. Biz müşahidə edirik ki, ölkənin çox ucqar bölgələrinə gedən gənc müəllimlərlə bağlı hazırlanan reportajlar cəmiyyətdə çox maraqla qarşılanır. Buna görə sizə təşəkkür edirəm”.

C.Bayramov əlavə edib ki, Təhsil Nazirliyi media tərəfindən aparılan araşdırmalara hər zaman diqqətlə yanaşır, yaranan nöqsanları aradan qaldırmaq üçün əlindən gələni edir.

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov isə bildirib ki, mürəkkəb, lakin şərəfli inkişaf qolu keçmiş milli mətbuatımız xalqın maariflənməsində, milli dəyərlərin təbliğində mühüm vasitə olub.

Sonra təhsil sahəsində həyata keçirilən islahatların, əldə olunan nailiyyətlərin ictimaiyyətə çatdırılmasında fəallığı ilə seçilən media nümayəndələri və bu sahədə çalışan təhsil işçiləri təltif olunub.

S.QARAYEVA

 





20.07.2018    çap et  çap et