525.Az

Siyasi fırtınalara barbarlığın təsiri


 

Siyasi fırtınalara barbarlığın təsiri <b style="color:red"></b>

(XIX əsr Argentinasının timsalında) 

Kəndlərdə qadınlar evə baxır, yemək bişirir, qoyun qırxır, inək sağır, pendir qayırır, qaba parçalar toxuyurdular, onlardan paltar tikirdilər.

Uşaqlar öz əyləncələri üçün lasso (kəmənd) atmaq sənətini öyrənir, yorulmaq bilmədən buzovları və keçiləri qovurdular. At çapmağı öyrəndikdən sonra - buna isə lap yeriməyə başlayandan yiyələnirdilər - daim bir veyilliklə məşğul olurdular. Onlar bəzi ev işlərinə köməklik göstərirdilər. Çox erkən gəncliklərindən onlara müstəqillik və bekarçılıq öyrədilirdi. Təhlükənin öhdəsindən gəlmək adəti, daim özünün təbiətdən güclü olduğunu sübut etmək istəyi, onu kimisə döyüşə çağırıb, bu döyüşdə qalib gəlmək bacarığı fərdin mühüm əhəmiyyəti olmaqla, bu üstünlüyə malik olmaq hissi insanı təəccüblü qaydada inkişaf etdirirdi. Argentinalı hansı sinfə aid olmasından asılı olmayaraq, özlüyündə milləti barədə yüksək təsəvvürə malik olur. Özünə inanmayan xalqların isə böyük işlər görməyə, özünü beynəlxalq aləmdə sübut etməyə gücü çatmır.

Bu adamlar uşaqlıqdan qaramalı kəsməyə adət etmişlər və bu zəruri olmaqla təkrarlanan iş onları qanın görünüşünə öyrətməklə, qan axıdılmasını onların gözündə adi bir hadisəyə çevirir.

Beləliklə, kənd həyatı qauçoda fiziki qabiliyyətləri inkişaf etdirdiyi halda, onun mənəviyyatı isə yalnız maneələri keçmək, təbiətlə mübarizə aparmaq adətinə əsaslanır. Heç bir təhsilə malik olmadan və buna elə bir ehtiyac da duymadan o, öz kasıblığına və çox saydakı məhdudiyyətlərinə baxmayaraq, özünü xoşbəxt hesab edir. Qauço, əslində, həyatı təmin etmək naminə işləmir, qidanı və paltarı öz evində o, hazır alır. Əgər qaramala malikdirsə, onların hər ikisini bu heyvanlar verir. Qaramala qulluq etmək isə yalnız at üstündə pampaya qısa müddətdə getmək, onu otlamağa ötürmək və öz əylənməsi xatirinə gəzməkdir.

Qauço atın belində oturub, mal-qaranın damğalanması tamaşasından həzz alır, bu səhnə ona istənilən teatrı əvəz edir. Əgər tamaşaçıların ümumi sevinci qauçonu ilhamlandırırdısa, o, tələsmədən atdan düşür, yanından qaçıb keçən öküzə ildırım surəti ilə lasso atıb, onu kəməndə salır.

Təbii şəraitlər, heç şübhəsiz, xalqlarda adətləri və vərdişləri yaradır. Yəqin ki, irqindən, məişətindən, ölkələrinin coğrafi vəziyyətindən asılı olmayaraq, bütün geridə qalmış xalqlarda ox və nizəyə rast gəlinir. Eyni təbii şəraitlər eyni cür olan vərdişləri, üsulları və vasitələri yaradır.

Latın Amerikasının çoban adətlərində bədəvi ərəblərin, digər nomad tayfaların xüsusiyyətlərində müəyyən oxşarlıq vardır və bu, onların paltarında, sərt sifətlərində və pampa sahiblərinin qonaqpərvərliyində özünü büruzə verir. Bədəvi ərəb gecə vaxtı tanımadığı yolçu, hətta sayından asılı olmayaraq, onun alaçığına yanaşdıqda ona hökmən qida, sığınacaq və od verir. Pampa sakinləri də tanımadığı adamlara göstərdikləri qonaqpərvərlikdə bədəvilərdən və köçəri türklərdən geri qalmırlar.

Ölkənin təbii şəraitləri və onların formalaşdırdığı təkrar olunmayan adətlər poeziya mənbəyi rolunu oynayır. Axı gecələr ayı, ulduzları müşahidə etmək də insanı reallıqdan ayırmaqla, onu sehrli aləmi dərk etməyə cəlb edir. Pampa sakinini belə kasad mühit əhatə edir, onun daim yanında olan sirdaşı isə tənhalıq, təhlükə, vəhşi yırtıcılar və ölümdür. Belə guşənişinliyin özü də onu poeziyaya cəlb edir. Bu cür nəhayətsiz səhnədə hərəkət edən insan qorxu anını hiss etsə də, ona, bu məchul fantastik görünüşlər xəyal kimi görünür, gecələrin ağır təəssüratı ona gündüzlər də rahatlıq vermir. Bu izahlardan görünür ki, Argentina xalqı öz xarakterinə görə poeziyaya meyillidir.

Adamların çöldə daha çox ölümünə səbəb olan ildırım barədə soruşduqda, o, bu atmosfer hadisəsinin mahiyyətinə bələd olmadığı halda, öz fərziyyəsi ilə reallıqla anladıqlarını qarışdırıb, bu sorğuya cavab kimi fantastik dünyaya bənzər bir mənzərə açır.

Çöllərdə əks-səda kimi yayılan xalq poeziyası, sadəlövh, qəribə qauço poeziyası bu ölkədə mövcud idi və o, şəhər poeziyasından ciddi surətdə fərqlənirdi. Həm də onlar obrazlı danışmağı, metaforik ifadələri sevir, nəyisə söylədikdə, söhbətdə bu naxışlarsız keçinmirdilər. Argentinalılar həm də musiqi sevəndirlər, elə bil ki, musiqi onlara qanla, genlərlə irs kimi ötürülür. Yay gecələri dükan qapılarının yanında susmaq bilməyən gitara səsi eşidilirdi, adamların şirin yuxusunu serenadalar və səyyar dolaşan musiqiçilərin mahnıları pozurdu. Qauço özü şeir qoşur, onu musiqiyə, melodiyaya salır və özü də ilhamla müəllifi olduğu bu mahnını oxuyurdu. Ədalət naminə qeyd etmək lazımdır ki, bu incəsənət növü klassik musiqidən nə qədər uzaq olsa da, xalq tərəfindən hörmətlə qarşılanır və sevilirdi.

Qeyri-adi qabiliyyət sahibi olan qauçolar 

Qauçolar xüsusi qabiliyyətlərə sahib olmağa görə bir-birindən fərqlənir və qeyri-adi bacarığa malik olanlar məşhurlaşır və çox vaxt region sahibləri də onlara müraciət etməli olurlar. Qauçolar arasında Rastreador və ya izçi xüsusilə böyük nüfuz sahibidir, bu qeyri-adi adam fövqəladə vəziyyətlərdə yerli Şerlok Holms rolunu Konan Doylun qəhrəmanından daha yaxşı oynayır.

Daxili əyalətlərdəki qauçoların hamısı izi oxumağı bacarır, bu, onların təkzib olunmaz vərdişidir. Hər cür istiqamətlərdəki yolların və cığırların kəsişdiyi geniş düzənliklərdə bu adamlardan, sayı minlərlə olan izlərin arasında lazım olanını tapmaq, həm də heyvanların necə hərəkət etdiyini öyrənməyi bacarmaq tələb olunur. Qauço bunun öhdəsindən nəticəyə görə asanlıqla gələ bilir. Qauço torpağa adi bir nəzər salır və deyir ki, buradan ala-bula rəngi olan olduqca yaxşı bir dişi qatır keçmişdir. Həm də o, sahibinin mindiyi yorğa qaçan atın ötən axşam buradan keçdiyini bildirir. Həmin adam öz mal-qara sürüsü ilə Buenos-Ayresdən evinə qayıdırmış. Qauço nişan verdiyi həmin dişi qatırı o, yalnız bir il əvvəl görmüşdü, onun izi isə yarım metr enindəki cığırda digər izlər arasında itmişdi. Bu, heç də ağılasığan bir iş deyildir, lakin onun bu qabiliyyətində qeyri-adi bir şey də yoxdur, həm də həmin peon (muzdur) sadəcə ilxıçı idi, heç də professional izçi deyildi.

İzçilərə hamı ehtiramla yanaşır, kasıb adam onun böhtan atması və ya çuğulçuluq etməsi ilə özünə bəla gələcəyindən qorxur, varlı isə özünün ifşa edilə biləcəyi ehtimalına görə ondan çəkinir.

Bir dəfə bir oğurluq hadisəsi baş vermişdi, bu, aşkar olduqda, oğrunun izini tapmağa tələsdilər. İzi tapdıqda, adətən, onu nə iləsə örtürlər ki, külək süpürüb məhv etməsin. Sonra izçini çağırdılar. O, izə baxır ki, günlərlə onun arxasınca gedir, torpaqdakı nişanələrlə diqqət verir, elə bil ki, başqalarının görə bilmədiyi həmin izi öz gözləri ilə aydın görür. O, küçələrdən keçərək, müşahidəsini davam etdirir, bir bağdan keçib, evə girir və oradakı adamı göstərib, soyuqqanlılıqla deyir: “Bax, bu, odur”. Cinayət sübut olundu və bu ittihama zidd çıxan tapılmadı. Nəyisə inkar etmək də ağılsızlıqdır. Ona görə də oğru sakitcə tabe olmağa məcbur olur, başa düşür ki, istəməsə də, bu, onun taleyinin hökmüdür ki, izçi beləcə onu ifşa etdi.

Bir dəfə başqa bir izçinin özünün at yəhərini oğurlamışdılar. Oğrunun arvadı izi itirmək üçün yəhəri təknə ilə örtmüşdü. İki ay sonra geri qayıdan izçi pozulmaqda olan izə nəzər saldı. İl yarımdan sonra o, şəhərdə gəzərkən bir evə girib, orada divardan asılan öz yəhərini gördü. İki il keçdikdən sonra o, oğrunu tapmışdı.

Həmin izçini həbsxanadan qaçmış, ölümə məhkum edilmiş bir cinayətkarı tapmağa cəlb etdilər. O, daha böyük ciddiyyətlə bu işə girişdi, artıq onun izinə düşmüşdü. Nəhayət, o, kiçik bir çayın yanına çatdı, sahili ilə addımlayıb, otlara baxır və deyirdi: “Burada o, sudan çıxmışdır, izlər yoxdur, lakin ot üstündə su damlası vardır”. Sonra o, üzümlüyə yaxınlaşıb, çəpəri göstərərək deyir: “Buradadır”. Əsgər dəstəsi gedib, sonra heç nə tapmadığından yenə onun yanına qayıdır. İzçi isə israr edir: “O, buradan çıxmamışdır”. Doğrudan da, cinayətkar orada gizlənmişdi və sabahısı günü onun barəsindəki hökm icra olunmaqla, o, edam edildi.

Belə adamların sirrinin nədə olması çoxlarını düşündürür. Görən, onların baxışında hansı sehrli, görünməyən bir güc yuva salmışdır? Onların gözünü mikroskopla müqayisə etmək olardı. Belə qüdrət sahibi kimi yaranmış adamları, yəqin ki, Allah daha çox öz obrazına uyğun və özünə bənzər yaratmışdır.

Qauçoların başqa bir hissəsi isə bələdçilikləri ilə şöhrət tapmışdır. İzçidən sonra Bakeano - Bələdçi gəlir. O, özlüyündə görkəmli şəxsiyyətdir, heç də ayrı-ayrı sakinlərin deyil, bütün bir mahalın taleyi onun əlindədir. Bələdçi ciddi və təmkinli qauçodur, ətrafdakı 20 min kvadrat liqanı (liqa - 3 milə bərabər uzunluq vahididir) öz barmaqları kimi tanıyır. Bütün düzənlikləri, meşələri və dağları əzbər bilir. O, bu sahədə heç bir təhsil görməsə də, hər şeydən yaxşı baş çıxaran topoqrafdır, qoşun komandanları onları ən yaxşı xəritə kimi özləri ilə götürürlər. Bələdçi daim onların yanındadır, daim açıq olan və hərəkət edən xəritədir. Bu təvazökar və daş kimi dinməz adama bütün hərbi sirlər tanışdır, hər şey - ordunun taleyi, döyüşün və bütün kampaniyanın nəticəsi ondan asılıdır.

Gecənin qaranlığında, meşədə və ya nəhayətsiz düzənlikdə hansısa bir dəstə yolu azdıqda, bələdçi ətrafı dolanıb, ağaclara nəzər salır, əgər burada heç bir ağac yoxdursa, o, atdan düşüb yerə əyilir, hansısa kolu öyrənir, ətraf tərəflərə boylanır, ləngimədən atın belinə sıçrayır və inamla yol yoldaşlarına deyir: “O yerə çatmaq üçün düzünə gedincə bir neçə liqaya bərabər məsafə qət edilməlidir, həmin evlərin yanına getmək üçün cənuba tərəf hərəkət etmək lazımdır”. O, özünü itirmədən, tələsmədən yolu axtarıb, yoldaşlarının qorxudan irəli gələn etirazlarına cavab vermədən həmin istiqamətə yollanır.

Əgər bu tədbirlər kömək etməsə və əgər yolçuları pampada gecə haqlamışdırsa və hər tərəf zülmət qaranlığa bürünmüşdürsə, bu vaxt o, bir neçə yerdə otu torpaqdan çıxarır, onların kökünü və torpağı iyləyir, otu ağzında çeynəyir, həm də bu proseduranı bir neçə dəfə təkrar edir, yaxın məsafədə şirin və ya duzlu suyu olan gölün və ya kiçik çayın olduğuna əminlik tapdıqdan sonra axtarışa yollanır ki, vəziyyətdən düzgün baş çıxara bilsin. Hətta onu da qeyd edirlər ki, general Rosas da Buenos-Ayresdən cənubda olan bütün otlaqlardakı otun dadını bilirmiş.

Düşmən çox yaxınlaşanda bələdçi tozu öyrənir və onun sıxlığına görə düşmən dəstəsinin gücünü müəyyən edib deyir ki, “2 min adamdır” və ya “500”, “200”-dür. Onun bələdçilik etdiyi dəstənin komandiri də bu məlumatlara uyğun olaraq hərəkət edir və onun məlumatları daim səhvsiz olur. Əgər kondorlar (Amerika qrifi növündən olan quş) və qarğalar hansısa bir yerin üstündə uçub dövrə vururlarsa, o deyə bilər ki, orada kimsə gizlənmişdir, yaxud ora tərk edilmiş dayanacaqdır və ya onlar qida kimi tapdıqları leşin üstündə dövrə vururlar. Bələdçiyə bir yerdən digərinə olan məsafə məlumdur, ora getməyə neçə gün və gecə lazım olduğunu da bilir, yaddan çıxmış, heç kəsin bilmədiyi cığırı da yadına salır, məhz bu cığırla da diqqəti cəlb etmədən və ikiqat tez qaydada mənzilə çatmaq mümkündür.

Bəd qauço tipinə bəzi yerlərdə, bir sıra hallarda rast gəlmək olur. Bu qanundan kənar, izqoy adamlar, əslində, mizantropdurlar, insana qarşı nifrətləri ilə seçilirlər. Belə adamı Bəd qauço adlandırırlar, bu epitet onun üzərinə heç də kölgə salmır. Ondan qorxurlar, hətta onun adını yavaşca, ehtiyatla tələffüz edirlər, özü də nifrətlə deyil, daha çox hörmət bəsləməklə. Bu sirli bir adamdır, pampada yaşayır, onun məskəni qanqalla örtülmüş səhra əraziləridir. Kəklik və zireh gəzdirən məməlilərlə qidalanır, əgər birdən ürəyi öküz dili yemək istəsə, heç kəsin köməyi olmadan, öküzü təkbaşına yıxıb öldürəcək, dadlı dilini kəsib götürəcək və qalan öküz cəmdəyini quzğunların şikarı olmaq üçün öldürdüyü yerdə də atıb gedəcəkdir.

Pampa nadir hallarda bu adamı tutmaq üçün onun arxasınca düşür. Hətta mühasirəyə alındıqda o, bıçağı ilə polisin bədəninə və sifətinə zərbə vurmaqla özünə yol açır, atı ilə qovuşub, onu təqib edənlərin güllə atəşindən yayınmaq üçün pampanın genişliklərinə cumur. Beləliklə, onu təqib edənlərdən xeyli uzaqlaşa bilər. Bəzi vaxtlarda bəd qauço kənd rəqs meydanına qaçırdığı qızla birlikdə gəlir, o, qızla bir neçə dövrə vurur, bir qədər rəqs edir, elə gəldiyi kimi də qəflətən yoxa çıxır. Sabahısı günü o, ləyaqəti təhqir edilmiş ailənin evinə gəlir, şirnikləndirib qaçırdığı qızı atdan düşürür və qızın valideynlərinin ünvanladıqları lənətlərə məhəl qoymadan sakitcə öz yaşayış yerinə - ucsuz-bucaqsız çöllərə üz tutur.

(Ardı var)

 





23.07.2018    çap et  çap et