525.Az

“Molla Nəsrəddin” Ensiklopediyası: böyük salnamənin işıqlı səhifələri


 

“Molla Nəsrəddin” Ensiklopediyası: <b style="color:red">böyük salnamənin işıqlı səhifələri</b>

Böyük ədibimiz Cəlil Məmmədquluzadə özünü ifadə etməyin ən münasib yolunu tapana qədər müxtəlif sahələrdə çalışmışdı. Ona isə ömürlük damğasını vuracağı bir ocaq lazım idi.

Nəhayət, həyatdakı hər şeyə Molla Nəsrəddinsayağı yanaşmağı qərara alır. Onun bu adı seçməsi və Mollanın kimliyi barədə ədəbiyyatşünaslıqda bir sıra tədqiqatlar aparılmışdır. Hənəfi Zeynallı “Molla Nəsrəddin” məqaləsində bu məsələyə toxunaraq yazır ki, “Nəsrəddin Xocanın nüfuzuna gəldikdə Köprülüzadənin göstərdiyinə görə o, serblərin, bolqarların, arnavudların, buşnakların, rumların, ermənilərin belə “ruhuna qədər gömülmüşdür”. Digər tərəfdən Mollanın lətifələri rus, fransız, ingilis və başqa dillərə də tərcümə edildiyi qeyd edilməlidir”. Belə bir obraz rəssamların da fırçasında xalqın qəbul edə biləcəyi qiyafədə təqdim olundu. Bu barədə jurnal yeni çap olunduğu dönəmlərdə Firudun bəy Köçərlinin yazdıqları maraqlıdır: “...Jurnalın bütün nömrələrində eyni qaydada təsvir olunan Molla Nəsrəddin isə əlinin hərəkəti və izahlı bir heyrət ifadə edən baxışı ilə bu mənzərəni seyr edir və görür ki, bütün mömin müsəlmanlar müxtəlif vəziyyətlərdə və paltarlarda yuxu allahı Morfeyin ağuşundadırlar”.

Anlaşılan odur ki, Mirzə Cəlil ən nüfuzlu “imza”dan yararlanmağa qərar vermişdi. Bu ad altında yayımlanan jurnalın tarixçəsi barədə Ü.Hacıbəyov “Molla Nəsrəddin haqqında bir neçə söz” məqaləsində qeyd edir ki, “Hələ iyirmi ildən bəri davam etmədə olan “Molla Nəsrəddin” məcmuəsi nəfasət məzhəkəsi ilə tarixi Mollanı bir yüz məruf etdi. Xalqımız Mollanı o qədər sevir ki, onun azərbaycanlı olduğunu belə rədd edir, Cəbrail qəzasında yaşadığını belə söyləyirlər”. Göründüyü kimi, bu molla kim idisə, nəçi idisə artıq onu həm bəşəri, həm də milli qiyafəsində sevdirə bilmişdilər.

7 aprel 1906-cı ildən 7 yanvar 1931-ci ilə qədər çap olunmuş ilk Azərbaycan satira jurnalı “Molla Nəsrəddin” müəyyən fasilələrlə 25 il nəşr olunmuşdur. Tiflisdə “Qeyrət” mətbəəsində ilk nömrəsi çapdan çıxan dərgi sanki yolu gözlənilirmiş kimi bir çox ziyalılar tərəfindən sevinclə qarşılandı. Abdulla Şaiq “Molla Nəsrəddin” məqaləsində bu barədə yazır ki, “Birinci nömrəsindən başlayaraq yüzlərcə azərbaycanlıdan biri tək mən də bu məcmuənin oxucusu oldum. Demək olar ki, onun bütün nömrələri məndə yüksək hiss və fikirlər oyadırdı... Mən tək deyildim. Çoxları belə idi”. Bununla belə, bir çox həmkar mətbu orqanları da jurnala xeyir-dua verməkdən çəkinməmişlər. Əlibəy Hüseynzadə “Molla Nəsrəddin” və “Dəbistan” məqaləsində öz mövqeyini bu cür ifadə etmişdir: “...Hər halda “Molla Nəsrəddin”in müdiri və Molla Nəsrəddinin müridi Cəlil Məmmədquluzadə cənablarını müvəffəqiyyətdən təbrik və qəzetəsinin qiraətini bütün qarelərimizə tövsiyə edəriz”.

Fəaliyyəti zamanı mövhumat və cəhalət əleyhinə “susmağın əhəmiyyəti”dən, müsəlman ruhanilərinin və müsəlman arvadlarının özəl həyatından, “Qızıl İranın” və imperialist dövlətlərin “sarsılmaz qüdrətindən”, uşaqların təhsil problemlərindən və s. bəhs edən jurnal müəyyən “xeyirxahlar” da qazanmışdır. Qafqaz general-qubernatoru və başqa vəzifəli şəxslər “Molla Nəsrəddin” jurnalını məhkəməyə vermiş, bir sıra nömrələrinin mətnini ruscaya çevirib yuxarı dairələrə göndərmişdilər.

Tiflisdən sonra Təbrizdə çap olunan dərginin “Təbriz üzrə abunə dəftəri”nin sıra nömrəsində qeyd olunan 252 nəfər jurnalın abunəsini qran, tümən, qəbz, abbası ilə ödəmişlər. Abunəçilər sırasında şahzadə, general, ağa, xan, bəy, tacirbaşı, konsul kimi titullarla yanaşı, hacı, məşədi, seyid kimi titullar da olmuşdur. Təbrizdən sonra jurnal bağlanana kimi Bakıda nəşr olunmuşdur.

Molla Nəsrəddin jurnalı təkcə Azərbaycanda, Qafqazda və Rusiyada deyil, Asiya və Afrikanın, Şərqi Avropanın bir çox mərkəzlərində, Daşkənd, Aşqabad, Həştərxan, Ufa, Səmərqənd, Tehran, İstanbul, Qahirə və s. kimi şəhərlərdə də yayılmışdır. Jurnal bütün uğurları ilə yanaşı, daim “düşmən əhatəsində” yaşamağa məhkum edilmişdi. Bu barədə Üzeyir Hacıbəyovun “Molla Nəsrəddin” adlı yarımsəhifəlik yazısında oxuyuruq: “...Və Haqq və həqiqət acı olduğuna görə. Bizim həmişə “şirni” yeməyə öyrənmiş hökumətimizin xoşuna gəlmədi və gəlməyən surətdə “hökumət” hökumətə danos verib, haqq və həqiqət ağzını yumurdu”.

Mirzə Cəlilin vəfatından sonra jurnal çıxmasa da, onun qoyduğu iz bir çox yollara bələdçilik etmişdir. İstər bədii, istərsə də elmi yaradıcılıqda mollanəsrəddinçilərin fəaliyyəti daim diqqət mərkəzində olmuşdur.

Ə. Haqverdiyev “Molla Nəsrəddin” haqqında xatiratım” əsərini yazmış, bir sıra müəlliflər jurnalla bağlı keçmişlərindən söz açmışlar. Xalq şairi Rəsul Rzanın Mirzə Cəlil əsərlərinin motivləri əsasında qələmə aldığı lirik-fəlsəfi silsiləyə “Bəhlul, İsgəndər və mən”, “Kefli İsgəndər”, “İsgəndər, Çatski və Çayld Harold”, “Ölülər”, “Zeynəbin qisası”, “Bəlkə də qaytardılar”, “Kamança”, “Nazlılar”, “Anamın kitabı” şeirləri daxildir. Mir Cəlalın “Yolumuz hayanadır” (1957) romanında mollanəsrəddinçilərin obrazları yaradılmış, onun  “Dirilən adam” romanını Həmidə xanım Məmmədquluzadə rus dilinə çevirmişdir.

T.Hacıyevin “Molla Nəsrəddin”in dili və üslubu”, Ə.Mirəhmədovun “Azərbaycan Molla Nəsrəddini”, F.Hüseynovun “Molla Nəsrəddin” və mollanəsrəddinçilər”, Mir Cəlalın “Cəlil Məmmədquluzadə realizmi haqqında”, Qulam Məmmədlinin “Molla Nəsrəddin salnaməsi”, Nazim Axundovun “Molla Nəsrəddin” və s. tədqiqatlarda jurnalın gördüyü böyük işlərdən bəhs edilmişdir. Bütün bunlarla yanaşı, Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsində “Molla Nəsrəddin” ensiklopediyası hazırlanır.

Ensiklopediyada jurnalın gizli imzalarından Hop-hop, Sancaq, Cırcırama, Dabanı çatdax xala, Hərdəmxəyal, Xortdan, Kefsiz, Qızdırmalı, Lağlağı, Məşədi Mozalan bəy, Mozalan, Filankəs, Molla Nəsrəddin, Dəmdəməki, Məşədi Sijimqulu, Heyvərə, Dərviş, Cüvəllağı, Teleqraf Güllü, Mirzə Qoşunəli, Qəmişqulu, Anaş qurbağa, Əbunəsr Şeybani və s. haqqında ətraflı bilgilər verilir. Bundan başqa, ensiklopediyada jurnalın əsas janrları olan “Felyeton”, “Karikatura”, “Elanlar”, “Atalar sözləri”, “Tapmacalar”, “Ordan-burdan”, “Səyahətnamələr”, “Lüğət”, “Poçta qutusu”, “Bəhri-təvil”, “Yoldaşlıq şarjı”, “Taziyanə” və s. haqqında da yazılar yer alır.

Jurnalın müxbir və publisistlərindən Nəsrulla Qənbərov, Əli Razi Şəmçizadə, Rzaqulu Nəcəfov və başqaları ilə yanaşı, nisbətən az tədqiqata cəlb olunmuş Bayraməli Abbaszadə (Mirzə Gülzar Sərabi), Həbibulla Səmədzadə, Əli Səbri, Hüseyn Minasazov, Şürbi Mirzəyev, Fərhad Ağazadə, Əbdülxalıq Axundov, Mirzə Məhəmməd Axundov kimi mollanəsrəddinçilər də ensiklopediyaya daxil edilən mövzulardandır. Həmçinin, şairlərdən Mirzə Ələkbər Sabir, Əli Məhzun, Əli Razi, Mirzə Əli Möcüz, Əliqulu Qəmküsar, Əliabbas Müznib, Molla Mahmud Çakər və s. rəssamlardan O.Şimerlinq, İ.Rötter, Əzim Əzimzadə, Seyidəli Behzad, Xəlil Musayev, İsmayıl Axundov, Qəzənfər Xaliqov və başqaları haqqında məlumatlar da ensiklopediyada yer alır. Ensiklopediyanın önəmli tərəflərindən biri də odur ki, jurnalla bağlı tədqiqat aparmış Qarayev Yaşar, Kamal Talıbzadə, Əli Nazim, İsa Həbibbəyli, Mir Cəlal, Məhəmməd Əmin Rəsulzadə və b. kimi tədqiqatçılar barəsində də məqalələr vardır.

Bütün bunlarla yanaşı, ensiklopediyada jurnalın əməkdaşlıq etdiyi və ya hər hansı bir formada əlaqəsi olduğu mətbu orqanları barədə də yazılar nəzərdə tutulub. Belə jurnallara “Kukureku”, “Əqrəb”, “Zənbur”, “Füyuzat”, “Çayan” gülgü jurnalı (Kazan), “Nəsrəddin Xoca” (Türkiyə) və s. aid etmək olar. Qəzetlərdən isə “Kavkazski raboçi listok”, “Nəsimi-Şimal” (Tehran-Şiraz), “Təbriz”, “Türkmənistan” (Aşqabad), “Zəhmət” (Aşqabad), “Məzhər” (Tiflis), Yeni fikir” (Tiflis), “Açıq söz”, “Novruz”, “Qoç-Dəvət” və s. adlarını çəkə bilərik.

Günümüzdən baxanda isə “Molla Nəsrəddin” bu gün də öz həmkarları ilə əməkdaşlıq edir. Mirzə Cəlilin “doğrunu yazmaq” tövsiyəsinə əməl etməklə onun əbədi yaşarlılığını təmin etmək olar.

 





23.07.2018    çap et  çap et