525.Az

Müsəlmana açıq məktub


 

Müsəlmana açıq məktub<b style="color:red"></b>

Əziz müsəlman qardaşım.

Sözümü Allahın rəhmli və rəhman adı ilə başlayıram ki, anlaşılmazlıq yaranmasın: mən də müsəlmanam və sənə düşmən deyiləm. Mən qeyri-müsəlmana onun dini ilə bağlı müraciət edə, sorğu-sual apara bilmərəm, çünki Quran da deyir ki, “sənin dinin sənə, mənim dinim mənə”. Uman yerdən küsərlər, mən də səni doğma bilib üzümü sənə tuturam ki, bilmədiyim bəzi şeylərə aydınlıq gətirək.

İslam, başqa dinlər kimi, özü Şərq hadisəsi olsa da, yolu Qərbdən keçir. Mən də o yolu keçməli olmuşam: İslam haqqında daha çox Qərb mütəfəkkirlərinin əsərlərini oxumuşam və Qərbdə keçirilən konfranslarda iştirak etmişəm. Əlbəttə, bir neçə İslam ölkəsində də olmuşam: Türkiyə, İran, Əlcəzair, Qazaxıstan, Malayziya, Pakistan. Bu konfransların əhəmiyyəti mənim üçün daha böyük olub həmişə, çünki İslamın yalnız nəzəriyyəsi ilə deyil, praktikası ilə də tanış olurdum, o ölkələrin sakinləri ilə ünsiyyət qurub başqa ölkələrin müsəlmanları ilə ortaq məqamları axtarırdım. Gördüyün kimi, əsasən İslam dünyasında aparıcı rola və sözə sahib ölkələrdə olmuşam. 3-5 gün qəti söz demək üçün kifayət eləməsə də, düşünmək üçün material toplaya bilmişəm. Ziyarətində olduğum son müsəlman ölkəsindən topladığım təcrübə və öz ölkəmdə baş verən son hadisələr isə məni bu məktubu yazmağa vadar elədi. Çünki elə suallar, elə məsələlər var ki, heç cür anlamıram, anlasam da, qəbul edə bilmirəm. Buna görə də sənə açıq məktub yazmağa qərar verdim.

Müsəlmanlığın əsl mahiyyətini çox gec, artıq İslamın fəlsəfəsi ilə məşğul olmağa başlayanda dərk etsəm də, əksər Azərbaycan vətəndaşları kimi, mən də doğulandan nəslimin dininə aid olmuşam. Sözümü beynəlxalq konfransların birində baş vermiş bir hadisənin nəqli ilə başlayım. Orada iki fransız alim ərəb iştirakçılara çox yuxarıdan aşağı baxır, hər imkanda onları alçaldırdılar. Bir müsəlman kimi özümə borc bildim ki, ərəbləri müdafiə edim. Məlum oldu ki, bu fransızlar İslamı qəbul ediblər, hətta Həcc ziyarətində olublar. Onlardan biri üzrxahlıqla dedi: “Biz müsəlmanı yox, İslam adına ləkə gətirən bu şüursuzları tənqid edirik. Onlar müsəlmanlığın nə olduğunu anlamırlar, amma özlərini bu dinin sahibi kimi aparırlar. Elə buna görə hər cür təhqirə layiqdirlər, qoy kimliklərini anlasınlar”. Mən məhz sənə müraciət edirəm, çünki belə mübarək adı - müsəlman adını daşıyırsan, bununla qürur duyursan. Bəli, razıyam, müsəlmanlıq fəxr olunası addır. Amma sən də razılaşarsan ki, onun mahiyyətini dərk etmədən mənimsəyəndə, baş qaxıncına dönür.

Mənim sənə müraciətimdə əvvəlcə milli kimlik haqqında danışmayacağıma söz vermişdim, çünki İslamda ümmət öndə durur. Ancaq sonra yadıma düşdü ki, ayrı-ayrı müsəlman ölkələri həm də mənsub olduqları millətin mədəniyyətinin, psixologiyasının daşıyıcılarıdır. Məsələn, Əlcazairdə həm qipti, həm fransız, həm də ərəb nəfəsi var. Malayziyada - malay, hind və islam, Pakistanda hind, islam və adını unutduğum xırda millətlərin mədəniyyətləri öz izini açıq-aşkar qoruyub saxlayır. Mən bilərəkdən bəzən ərəb, bəzən də islam deyirəm, çünki bəzi xalqlar bədəvi ərəblərin, bəziləri isə İslam mədəniyyətini mənimsəyiblər və bunun fərqli anlayışlar olduğunu dərk eləmirlər. Hərdən düşünürəm ki, bəlkə fərqli mədəniyyətlərdir ki, vahid ümməti heç cür yaranmağa qoymur? Daha da vacibi, əziz qardaşım, bu gün müsəlmanın qatili əksər hallarda elə müsəlmandırsa, hələ də tək ümmətdən danışmağa haqqımız varmı? Əgər milli təfəkkür dini təfəkkürü üstələyibsə, bu, imanın zəifliyinə dəlalət etmirmi? Əgər milli kimlik bu qədər inkişaf edibsə, nə üçün Pakistanda ingilis dili hələ də rəsmi dövlət dilidir, Əlcəzair milli hərəkat nümayəndələrinin başları Fransa muzeylərində, milli dəyərləri fransızın arxivlərində çürüyür, İraqın tarixi inciləri Luvrda eksponata çevrilib? Bu neçə əsr ərzində millət və ümmət arasında seçim eləmək beləmi çətindir? Doğrudanmı, bir gövdə üzərində şaxələnmiş ağac kimi İslam dini üzərində milli kimliyini dərk etmək yerinə qardaşa düşmən kəsilmək daha asandır? Maraqlıdır, bir-birini tamamlaya və gücləndirə bilən bu iki düşüncəni bir-birinə necə düşmən etmək olar? İslam ürəklər, ruhlar arasında sağlam körpüdür, yüksək mənəviyyata aparan yoldur, sağlam həyat tərzi, yüksək mənəviyyatdır. Əcəba, bu gün İslamı siyasətə oyuncaq, əlində qanlı bıçağa dəstək edənə müsəlman demək düzgündürmü? Bilirəm, adətən belə vaxtlarda, “Qərbin təxribatıdır” deyib, günahı üstündən atırsan. Amma əlində bəşəriyyətin ən güclü biliklərini verən, ən təmiz mənəviyyatını təbliğ edən, ən uca həqiqətlərin dərkinə aparan yolu təbliğ edən bir Kitab - Qurani Kərim varsa, kiminsə təxribatına necə uya bilirsən?

İxtisasıma görə tez-tez bu sualla rastlaşmalı oluram: İslam fəlsəfəsi deyəndə nə nəzərdə tutulur - İslamın fəlsəfəsi, yoxsa müsəlmanın yazdığı fəlsəfə? Bəzən bunun İslam mədəni bölgəsində yazılan fəlsəfə olduğunu da iddia edirlər. Çox dolaşıq məsələdir, ona görə də sənə müraciət edərək aydınlaşdırmaq istəyirəm. Səncə, Suriyada, İraqda indi fəlsəfə yazılır? Bəs illər əvvəl İrandan Avropaya, Amerikaya köç etməli olan filosoflar hansı kateqoriyaya aiddirlər? Səncə, adı müsəlman olub, özü Qərb filosoflarının yazılarını təqlid olan şəxslərin əsərləri necə, İslam fəlsəfəsinə aid edilə bilərmi? Sualların cavabını bəlkə də əvvəlki əsrlərdə axtarmaq lazımdır. Özün düşün! İslamın öz fəlsəfəsi varsa, niyə yarıda qırılıb? Hətta dərsliklərdə orta əsrlərdən bu yana keçmirlər. Əgər bu, universal dindirsə, niyə indi davam etdirilmir? Gücü, potensialı elə orta əsrlərə qədərmi yetdi? Doğrudanmı, o qədər dərin biliklər, uca həqiqətlərə aparan ipucu verən Qurani-Kərim, dərsliklərə istinadən desək, Fərabi, İbn Sina və İbn Ərəbi ilə bitir? İcazə ver, mən deyim. Sən öz filosoflarınla o qədər fəxr edirsən ki, hələ də onların sözünün üstünə söz deyə bilmirsən. Sən Quranın öz hikmətini yox, onun haqqında yazanları oxuyursan. İslam ancaq onlardan ibarət deyil axı! Deyilməmiş sözlər çoxdur hələ, sadəcə, mənbənin özünə baxmaq lazımdır. Əgər belə fəxr edirsənsə, bugününü yaratmaqla keçmişinə sahib çıx! Yox, onların sözü ilə bütün hikmətin bitdiyini zənn edirsənsə, yadına sal ki, İslam dini bir şəxsin, hətta onun mübarək peyğəmbərinin (s.) belə şəxsiyyətindən çox fövqündədir. Xatırladım ki, İslam dininin müqəddəs kitabı - Qurani-Kərim əsrlərdir qorunub saxlanır. O, Allahın kitabıdır. İslamın fəlsəfəsini yazmaq və dərk etmək isə ilk növbədə müsəlmanın üzərinə düşən missiyadır. Allah onu da sənin yerinə yazmayacaq. Molla Sədra, Cəmaləddin Əfqani, Məhəmməd İqbal və daha neçə istisnanı nəzərə almasaq, belə güman etmək olar ki, müsəlman orta əsrlərdə yalnız ideyalarını deyil, ağlını, dərrakəsini də Qərbə bəxşiş verib. Özünə isə ləzzət almaq, kef eləmək və müsəlman qardaşını öldürmək texnikalarını saxlayıb. Bir az ağır ittiham oldu, amma görünən həqiqət budur. Əgər dininin müdrikliyini bilirsənsə, nə üçün onu öyrənmirsən, öyrətmirsən, yox, bilmirsənsə, bilmək istəmirsənsə, niyə müsəlman adını qəbul edirsən? Ya bu hikməti dünyaya tanıt, onun fonunda özün də ucal, ya da onu tənqid etmək üçün şərait yaratma. Axı öz biliksizliyinlə müsəlmanın cahil obrazını yaradırsan! Axı, cahil və müsəlman sözləri yanaşı olmamalıdır, niyə onları qoşalaşdırırsan?

Müsəlman qardaşım, sənin dinin sülh dinidir, amma adın terrorla az qala əkizləşdirilib. Başqa dinlər tarixi boyu qan töksələr də, hətta öz filosofları, mütəfəkkirləri bunu qeyd etsələr də, bunu möhür kimi üzərlərində gəzdirmirlər, bunun hallanması üçün şərait yaratmırlar. Başqa dinlər həqiqətən öz dinlərini qılıncın, nizənin ucunda daşıyıb, alov dilimləri ilə insanlara dağ basmaqla yayıblar. Sənin babaların isə fəth elədiyi torpaqlarda İslamı qəbul edən şəxslərdən vergini belə yüngülləşdirilmiş şəkildə alıb, dinini təsəvvüf vasitəsilə eşqi tərənnüm edə-edə yayıblar. Amma bü gün sənə “qılınc müsəlmanı” deyirlər, gizli dumanların içindən görünməyən Vatikan papası isə bir cinayətkarın ayağını öpdüyünə görə, mərhəmət rəmzi elan edilib? Bunun səbəbini heç düşünmüsənmi? Yenə Qərb təranələrini oxuyacan. Qardaşım, başqası sənin obrazını səhv yaradırsa, bəs əsl obrazın hanı, niyə öz obrazını özün tanıtmırsan? Yox, yaradılan obrazlar düzdürsə, o terrorçunu özünə din qardaşı kimi qəbul edirsənsə, bunun İslamla bir əlaqəsi olmadığını da bilməlisən axı! Sənin dinin səndən bunu istəmir, hətta qadağan edir. Elə isə, nə üçün sənə məxsus olmayan o mübarək adı daşıyırsan, onu niyə çirkləndirirsən? Öz dinini tanıyırsansa, müdrik prinsiplərini dərk edirsənsə, niyə ayrı-ayrı bəndələrin məhdud ideyalarına uyub, kimlərinsə dəyirmanına su tökürsən, gizli bir əlin qardaşlar arasında hördüyü divara kərpic olursan? Sən müsəlmansan, deməli, Allahın tövsiyələrini qoyub, öz gizli maraqlarını güdən bir bəndənin dediklərinə inanmamalısan. İnanırsansa, deməli, müsəlman deyilsən!

İslam xilafəti dövründə elə bir yüksək mədəniyyət yaradılıb ki, tarix boyu düşmənlərin belə, əli gəlmir onu dağıtmağa. Amma yəqin fikir vermisən ki, o tarixin kölgəsindən çıxmağa qorxursan? Sənə gün işığı, təzə hava lazımdır ki, böyüyəsən. Tarix şərəfdir, şandır, kökdür, dəyərdir, ancaq keçmişdir. Axı, sabahkı nəsil də tarix axtaracaq, sən onlara nə təqdim edəcəksən? Təsəvvür elə, Cahan şahın tikdirdiyi möhtəşəm sarayın ara-sıra bərpaya ehtiyacı olur, onu da gəlib ingilis bərpa edir. Sənə qalır əlin cibində müsəlman olmağınla fəxr eləmək. Doğrudanmı, nadir bir tarixi abidəni UNESCO gəlib öz dəyərlər sisteminə salmalıdır ki, sən onun qədrini bilib, qoruyasan? Belədirsə, bəlkə elə müsəlman adı da qorunan mənəvi irs sırasına salınsa yaxşıdır?!

Bu gün dünyada mənəviyyatın, ismət-namusun dəyər-dəyməzinə satıldığı bir vaxtda Qurani-Kərim insanlığın, kamilliyin meyarını qoruyub saxlayır. Bir neçə il əvvəl beynəlxalq fəlsəfə konfranslarının birində iki katolik keşişlə rastlaşmışdım. Onlardan biri universallıq, bəşəriyyətə mərhəmət haqqında məruzə edirdi və şərhlərində İslamın adını çəkmədən onun prinsiplərini təqdim edirdi - öz dəyərləri kimi. İclasdan sonra ona yaxınlaşıb: “Bu dedikləriniz Qurandandır, bilirsinizmi?” - dedim. Cümləmi bitirmədən, xoş olmayan bir təbəssümlə: “Əlbəttə, bilirəm, sizin reaksiyanızı da gördüm”, - dedi. Üzümdəki təəccübə baxıb əlavə elədi: “İslam əslində, bizim dindir, sizin yox. Onun prinsiplərini biz daha yaxşı anlayırıq və həyata keçiririk, nəinki siz. Bütün Avropa bu dəyərlərlə yaşayır”. Bu qədər üzsüzlük gözləmirdim: “Bəs niyə İslamın adını çəkmirsiniz?” Adam yenə saymazyana təbəssüm etdi: “Bütün dinlər Allahdandır, bunu da siz müsəlmanlar deyirsiniz. Əsas məqsəd onları bəşəriyyətə çatdırmaqdır. Adını çəkməyə ehtiyac yoxdu”. Mübahisəmizin davamı və yekunu maraqlı deyil, çünki ümumi nəticə bu gün göz qabağındadır: Xristianlıq mərhəmət, İslam zorakılıq təcəssümü kimi qələmə verilir. Anladığım bir həqiqəti sənə də xatırladım. Əziz müsəlman qardaşım, başda xatırlatdığım kimi, İslam ərəbin yox, farsın yox, bəşəriyyətindir. O, xəzinədir və onu düzgün istifadə edənə xeyir verir.

Səncə, İslam adına ciddi ləkə olan məsələlər “onun İslama aidiyyatı yoxdur,” “əsl İslam bu deyil” deməklə həll edilirmi? Hələ də dəstəmazın necə alınması, 4 arvadın nə vaxt günah olmadığı, cariyənin, siğənin mövcudluğunun qanuni olması, yeməklərin haram-halal sertifikatının hazırlanması ilə məşğul olursansa, Allahın yerinə günahı-mükafatı paylamaq missiyasını üzərinə götürürsənsə, sən İslamın mümkün təhrifinin qarşısını ala bilərsənmi? Məncə, nəinki yox, hətta özün yeni təhriflərə yol verərsən. Əsl İslam bu deyilsə, bəs hansıdır? Göstər öz dinini bütün gözəlliyi, möhtəşəmliyi ilə! Hələ XX əsrin əvvəllərində, Mirzə Cəlil, Sabir müsəlmanı “oyatmağa” çalışırdı. Axı, onlar təsadüfən: “Harda müsəlman görürəm, qorxuram”, deməyiblər. Bu, bir həyəcan təbilidir ki, əsrlərdi çalınır, əks-sədası hələ də cingildəyir. Əcəba, “müsəlmanın” Qurani-Kərimdən xəbəri varsa, deməli, az qala hər surədə “heç düşünürsünüzmü?” “bunu sizə düşünmək üçün söylədik” kəlmələrindən də xəbərdardır, bəs niyə düşünmür?! Yox, oxumursa, o müsəlmandırmı?

Bir-iki sualım da ayrıca müsəlman bacıma var. Quranda qadına böyük dəyər verilir və onlara ayrıca müraciət edilir. Bəzən hicablı bacılarımın ictimai yerlərdə insanlara göstərdikləri təkəbbürlü münasibətlərinin ya şəxsən şahidi oluram, ya da sosial şəbəkələrdə yayırlar, oxuyuram.  Müsəlman bacım, sənin baş örtüyün ismət, sədaqət rəmzidir və hər qadına yaraşır, amma o, İslamın rəmzi deyil. Bu, dərin hörmətə layiqdir, amma o, səni başqalarından nə əskik edir, nə artıq. Səndən bir şey soruşmaq istəyirəm: üzündəki laqeydlik, sərtlik, təkəbbür maskası kimə ünvanlanıb? Quran bunu öyrətmir axı? Doğrudanmı düşünürsən ki, ətrafda hamı üzü cəhənnəmə, bircə sən üzü cənnətə gedirsən? Eyni ifadəni, kobudluğu örtüksüz bir xanımda görəndə bu qədər məni narahat eləmir, amma səndə edir, çünki Quran insanlara mərhəmət, sevgi öyrədir, sən də bunu bilirsən. Müsəlmansan axı! Bunu da bilirsən ki, iman Allah-qul arasında gizli bir əhddir və başörtüyü ilə təyin edilmir. Ən vacibi isə, başörtüyü nəfsin örtüyüdür, təfəkkürün, düşüncənin deyil. Necə bilirsən, Allahla bəndənin arasındakı bir sirri, əhdi bəndənin sorğu-sual eləməyə haqqı çatırmı? Səncə, bu gün zahiri görkəmindən müsəlmanlığı bəlli olan bir bacı və ya qardaş görən kimi niyə elə təsəvvür yaranır ki, mütləq dinə, imana aid sorğu-sual, tövsiyələr başlanacaq? Doğrudanmı, bir müsəlmanın dünyagörüşü belə dar çərçivəyə sığışır və işi ətrafdakıları tərbiyə eləməkdir? Axı, Qurani-Kərimdə də Allah Təala peyğəmbərə bildirir ki, imana gətirmək ancaq Allahın işidir, sənin işin ancaq xəbər verməkdir. Səncə, Allaha məxsus bir işi üzərinə götürməyə sənin səlahiyyətin çatırmı?

Əziz müsəlman, sənin adın terrorla, cəhalətlə eyniləşdiriləndə, səndən qorxanda, səndən təhlükəli od kimi gen gəzəndə ilk əziyyət çəkən yenə sənin qardaşın, bacın olur. Bəlkə də sənin qolunun zoru var, kimlərə isə şiddət göstərə bilirsən, amma sənin zəif bacın var, onu necə, qoruya bilirsənmi? Yox, çünki heç ondan xəbərin yoxdur. Ramazan günlərində ərəb şeyxlərinin dolu masaları ilə acından ölən sudanlının qoşa şəkillərinə baxmaq, müsəlman bacıların qul bazarında “İslam ordusu” tərəfindən satıldığını görmək, düşünməyən, marionet kimi əllərdə oynadılan müsəlmanın İslam adına danışdığının şahidi olmaq sadəcə xəcalət verir.   

Qardaşım, bacım, sənə İslamın ən dərin, ən uca, ən xoş hikmətlərinin dərkini arzu edirəm! Sənə öz dininə, imanına sahib çıxmağını arzu edirəm! Allahdan sənə əlində nahaq qan tökən bıçaq yox, Haqq söz yazan qələm tutmağı diləyirəm. Amin.

 





23.07.2018    çap et  çap et