525.Az

Makedoniyalı İskəndərin sirli adı - Araşdırma


 

Makedoniyalı İskəndərin sirli adı - <b style="color:red">Araşdırma </b>

27 ilə yaxındır ki, Yunanıstanla Makedoniya arasında “Makedoniya” adı ilə bağlı mübahisələr yaranıb. 

1991-ci ildən Postyuqoslaviya Fedarasiyasından ayrılmış, 1993-cü ildə müstəqilliyini elan etmiş Makedoniya Respublikasının adı Yunanıstan dövlətində etirazlara səbəb olmuş, ciddi olaraq siyasiləşdirilmişdi. Makedoniyanın NATO və Avropa İttifaqına daxil olmasına Yunanıstan dövləti veto qoymuşdu. Eyni zamanda, iki xalqın qonşuluq münasibətində soyuqluq yaranmışdı. 

Nəhayət, yaxın günlərdə əldə edilmiş razılığa əsasən, Makedoniya Respublikası “yuxarı”,”şimali” və ya “yeni” Makedoniya adlandırılacaq.

Əgər Makedoniya dövlətinin əhalisinin tərkib hissəsinə diqqət yetirsək, 65%-dən çoxunun slavyan mənşəli olduğunu görərik. Bu iki xalq qonşu olsalar da, dil qrupuna görə fərqlənirlər. Makedoniya xalqı XX əsrin əvvəllərinədək uzun müddət yunanların, romalıların, Ərəb Xilafətinin, Osmanlı İmperiyasının və nəhayət, son vaxtlarda Yuqoslaviya Federasiyasının əsarəti altında olub. Son dövrlərdə dilləri, adət-ənənələri təzyiqlərə məruz qalaraq sıxışdırılır. Yunan dilindən fərqli olaraq Makedoniya xalqının dili slavyan dil qrupuna daxildir.

Böyük İskəndərin adı niyə Makedoniya ilə bağlıdır?

Çox qərinələr keçsə də dünya fatehi olan İskəndərin tarixdə “Böyük İskəndər”, “Makedoniyalı İskəndər”, ”İskəndər Zülqərneyn” və avropalaşmış “Aleksandr Velikiy”, ”Aleksandr Makedonskiy” kimi adları qalıb. Haqqında yaranan əfsanələr Azərbaycan folklorunda da özünəməxsus yer tutur. Hətta müsəlman xalqları övladlarına İskəndər adını verirlər. Azərbaycanlı məktəblilər “İskəndərin buynuzu var, buynuzu” xalq nağılını oxuyub, pedoqoji-psixoloji tərbiyəsindən yararlanıb. Böyük Azərbaycan şairi Nizami Gəncəvi daha irəli gedərək özünün “Xəmsə”sində “İsgəndərnamə” poemasını yaradıb. Poemada İskəndərin həyatından, hərbi səfərlərindən, fəlsəfi görüşlərindən bəhs etmiş, onu xalqımıza yaxınlaşdırmaq üçün Azərbaycanın qədim Bərdə şəhərinin hakimi Nüşabə ilə görüşünü təsvir etmişdi. Dahi Azərbaycan şairi xalqımızı İskəndər Zülqərneynin məktəbindən faydalanmaq üçün bu poemanı yaratmışdı. Zülqərneynin adı “Tövrat”da və “Quran”da da çəkilib.

Makedoniyalı İskəndərin tərcümeyi-halında göstərilir ki, e.ə. 356-cı ildə Yunanıstanın Pella şəhərində anadan olub, e.ə. 323-cü ildə Babil – İskəndəriyyə şəhərində vəfat edib. 16 yaşına qədər yunan filosofu Aristoteldən dərs alıb. Atası II Filipin ölümündən sonra e.ə. 336-cı ildə 20 yaşında taxta çıxan İskəndərə miras olaraq güclü dövlət, təcrübəli yenilməz ordu qaləb. 30 yaşına qədər dünyanın ən böyük imperiyalarından birini (Yunanıstandan Misirə və Şimal-qərbi Hindistana qədər) yaradıb. E.ə. 334-cü ildə Anatoliyanı (şərqi) idarə edən Əhəmənilər imperiyasını fəth edib, 10 il davam edən hərbi əməliyyatlara başlayıb. Həlledici döyüşlərdə, xüsusilə, İss və Qavqamel döyüşlərində İran ordularını məhv edib. İran hökmdarı III Daranı hakimiyyətdən salıb, ilk olaraq İranın torpaq ərazilərini fəth edib. ”Dünyanın sonuna və Böyük Xarici Dənizə” çatmaq istəyən İskəndər e.ə. 328-cı ildə Hindistanı alıb, ancaq ordusunun tələbi onu geri qayıtmağa məcbur edib.

Gəlin, Makedoniyalı İskəndər adının etimologiyasını təhlil edək. Bu gün dünyanın ensiklopedik mənbələrində adı “Alexandros Ho Megas” kimi qeydə alınıb. Yunan dilində “Alexandros” sözünün birinci hissəsi “alexo” – “müdafiə etmək”, ”kömək etmək”; ikinci hissə “aner” – “adam” kimi mənalandırılır. Adın ikinci sözü  “Megas” isə “böyük” mənasında verilmir. “Makedoniya” sözün yunan dilində “Makedonia”, latın dilindəsə “Macedonia” kimi yazılır. Çox vaxt bu “Macedo” kimi də işlədilir. Əgər latın dilində yazılan “Macedonia” sözünün etimologiyasını fonetik səslərin iştirakı ilə açsaq, sözün ayrı mənası ortaya çıxar. Sözün birinci hissəsi “mace” latın dilində “gürz” mənasına gəlir. ”Gürz” sözü semantik cəhətdən mifolojidir. ”Gürz” hakimiyyətin simvolu sayılır. Qədim hökmdarların rəsm təsvirlərində bunu açıq görmək mümkündür. Firdovsinin “Şahnamə”sinin qəhrəmanı Firudinin, rus çarları İvan Qroznunun, Yekatrinanın təsvirlərində, hətta Rusiya imperiyasının gerbində də “ikibaşlı qartal”ın caynağında  “gürz” təsviri var. ”Gürz” sözünün semantik mənası “buynuz” sözündəndir. Sözün mənşəyi Misir mifologiyasındandır. Firon taxta çıxanda Misirdə çoxtanrıçılıq hökm sürürdü. Gecə-gündüz misirlilər Firondan çox, öz tanrılarının hüzurunda ibadətlə məşğul olurdular. Firon vəziyyəti belə gördükdə misirliləri meydana yığaraq car çəkib, elan edir ki, bu dünyanın və axirətin tanrıları Osirus və İsıdın oğlu “Günəş Tanrısı Qor“ onun himayəçisi, özü isə onun yer üzərində “köməkçisi”dir. Bununla Misirdəki tanrıların hamısını Qora tabe etdirdi. ”Qor” adı “Od Tanrısı” kimi tək türk dillərində özünün semantik mənasını “qor”u (odun közünü) bildirir. Türk tanrıçılığında “Qorqut” tanrısı folklorumuzda “Dədə Qorqud” kimi günümüzə gəlib çıxıb. Elmi mənbələrə görə, ”Qor Tanrısı” Misirdə yaransa da, sözün mənası qədim qibti dilinə tərcümə olunaraq “firr”, yəni “günəşin odu, şəfəqi” kimi mənalanır. Elə Fironun (Firovn) adının mənası da titulunu tamamlayır. ”Firr” qibti dilində “od”, ”ovn” isə köməkçisi” deməkdir. Bütövlükdə “Od Tanrısı Qorun köməkçisi” mənasını bildirir.

Çox təəssüf ki, ensiklopedik mənbələrin heç birində bu cür verilməyib. Qədim qibti dilində “qor” sözü yeni məna kəsb edərək “qərn” – “buynuz” mənasını bildirir. Bu, ibtidai insanların tanrı təsəvvürlərindən doğulub. İbtidai insanlar Tanrını insandan fərqləndirərək “buynuzlu” təsəvvür edirdilər. ”Qor” sözü latın dilinə də “koruna” – “buynuz” sözü kimi daxil olub (həm ərəb, həm də latın dillərinin leksikasında mifoloji paralelizm nümunəsi). İbtidai insanlar dəmir dövründən əvvəl “gürz”ün toppuz hissəsini heyvan buynuzlarıyla bəzəyirdilər. ”Gürz” sözünün semantik mənası tanrıçılıq təsəvvürünün (buynuzun) məhsuludur.

Sözün ikinci hissəsinin kökü “do” latın dilində “iki, qoşa” mənasını bildirir. ”İki” sözü buynuzun qoşa olmasını tamamlayır. ”İya” isə mənsubiyyəti bildirir. Elə burada “Makedoniya” sözüylə ərəb dilindəki epiteti “Zülqərneyn” sözünü müqayisəli-tarixi aspektdə təhlil etsək, hər şeyə aydınlıq gəlmiş olarıq. ”Zülqərneyn” sözünün ərəbcə birinci hecası “zül” – “sahibi olma”; ikinci heca ”qərn” – “buynuz”; üçüncü heca “eyn” – “eyni, cüt, qoşa” mənasnı bildirir. Dilçiliyin elmi əsaslarından “müqayisəli-tarixi metod” nəzəriyyəsi bunu dəqiqliklə sübut edir. Azərbaycan folklorunu da bu semantik məna ilə müqayisə etsək, “İskəndərin buynuzu var, buynuzu” məfhumu bu təhlilin elmi isbatına dayaq vermiş olur. Elmi mənbələrdə bu cür maraqlı müqayisəli təhlil dilçi alimlər tərəfindən aparılmayıb.

“Makedoniyalı İskəndər” adının ikinci tərkibi olan “İskəndər” sözünü təhlil edək. (Əslində dilçilik elmi tarix elmi ilə birlikdə öyrənilmədikcə, bu sahədə heç vaxt doğru nəticə əldə etmək olmur. Çünki tarixi hadisələr, coğrafi ərazilərinin adları, tarixi şəxsiyyətlərin titulları, qədim yazı nümunələri və s. mifoloji dilçiliyin miraslarıdır.)

Tarixdən məlum olduğu kimi, Makedoniyalı İskəndər İskəndəriyyə şəhəri də daxil olmaqla, öz adını daşıyan təqribən 20 şəhərin əsasını qoyub. Əsasən, Dəclənin şərq hissəsində adına şəhərlər salınıb. Birinci və ən böyük olanı Misirdəki İskəndəriyyə şəhəridir. Ərəb dilində bu şəhərin adı “Əl İskəndəriyyə” adlanır. Sözün birinci hecası “əl” ərəb dilində isimlərin qarşısında işlənən artikldır. İkinci söz “iskan” ərəb dilində “məskən saldırma, əhali yerləşdirməklə bir yeri abad etmə” mənasını bildirir. Dilimizdə ərəb sözü kimi işlənən “məskun, məskən” sözündəndir. Üçüncü söz “dər” ərəb dilində olan “dairə, dərun” – “böyük tikili, şəhər idarəsi, rayon” mənasını bildirir. (Türkiyədəki İskəndərun şəhəri də həmin silsilədəndir.) Söz bütövlükdə “məskunlaşdırılmış abad şəhər” mənasına gəlir. Dünyanın dilçi alimləri qəti olaraq bildirirlər ki, ”İskəndər” sözü “Aleksandr” sözünün tərib (ərəbləşdirmə) formasıdır. Bu fikir tam əksinədir. Əslində, hər hansı dildə sözün etimologiyası öyrənilərkən birinci növbədə sözün semantik mənasını bədii təsvirlərlə yox, fonetik semantikasına diqqət çəkilir. Burada sözün yaşı, assimlatik-disimlatik dil hadisələri, hətta əksər xalqlarda müəyyən səslərin əvəz olunma variantları təhlil edilməlidir. Bir çox hallarda sözün birinci hərfinin düşməsi, həmin sözün bərpası üçün dilçilik məharəti tələb edir.

İndi latın sözü olan “Alexander” sözü ilə ərəb dilindəki “Əl İskəndəriyyə” sözlərinin hərf tərkibini, tarixi-semantik məntiqə uyğunluğunu müqayisə edək. Əgər ərəb dilində “Əl İskəndəriyyə” sözündə “k” hərfi ilə “s” hərfinin yerini şərti olaraq dəyişsək, söz “Əl İksəndəriyyə” kimi oxunacaq. Dilçilikdə bu hadisə “metateza” adlanır və bütün dillər üçün keçərlidir. Burada sözün hərf tərkibi ərəb dilindəki məna çalarlığı ilə üst-üstə düşür. Hər iki dildə eyni hərflər iştirak edir. Semantik məna ərəb dilinə söykənir. İskəndəriyyə şəhəri tarixi-semantik baxımdan Böyük Fatehin saldırdığı şəhərlərdən ən birincisi hesab edilir.

Nəticədə tamamilə bu qənaətə gəlmək olur ki, Aleksandr adı Əl İskəndəriyyə şəhərinin adından götürülüb.

Böyük Fatehin buynuzlu təsviri onun e.ə. 332-ci ildə Misiri fəth etməsi ilə yaranıb. Əhəmənilər padşahı III Dara Misir xalqına o qədər zülm edib ki, onlar bu xilası yalnız Tanrıdan gözləyiblər. Böyük Fateh Liviya səhrasında, Siva vahəsinin orakulunda “Yeni kainatın sahibi” və “Tanrı Amonun oğlu” elan edilib. Bu ad onu Misir xalqının gözündə  özlərinin “Qor tanrısı”nın səviyyəsinə qaldırıb. Bundan sonra Böyük Fatehin atası “Zevs-Amon” adlandırılıb. Hakimiyyəti dövründə dövriyyəyə buraxılan sikkələrdə onun ilahiliyinin simvolu olan qoç (ram) buynuzu ilə bəzədilmiş rəsmlər təsvir olunub.

Tarixdən məlumdur ki, dünya miqyasında tanınan fateh, hökmdar və digər məhşurların adları həmişə gizli olub, xalq tərəfindən verilən adlarla tarixin səhifələrində qalıblar. Məsələn, “Misir Fironu” – “Od tanrısının köməkçisi”, “Dara” – Babil şəhərini aldıqdan sonra Babil sözünün (ərəbcə “bab” – “qapı”, “il” – illah sözündən) fars dilinə olan tərcüməsindəki “Dar-ra” – ”Tanrının qapısı” sözündən, ”İsus Xristos” – “Tanrının köməkçisi”və s.

Bu gün bəlkə də Yunanıstan və Makedoniya dövlətləri bu adların təsnifatını bilsəydilər, iki ölkə arasında bu qədər mübahisələr yaranmaz, bunu tarixin hökmünə buraxardılar.

Həsən ƏLİYEV
Politoloq, sosioloq
E-mail: [email protected]

 





24.07.2018    çap et  çap et