525.Az

Yenə də dərsliklər haqqında...


 

Yenə də dərsliklər haqqında...<b style="color:red"></b>

Şagirdlərin bilik, bacarıq və vərdişlərə yiyələnməsində dərsliklərin rolu çox böyükdür. Buna görə də onların yüksək səviyyədə hazırlanması xüsusi əhəmiyyətə malikdir. Axı, təlimin məzmunu öz əksini xeyli dərəcədə məhz dərsliklərdə tapır.

İxtisasıma uyğun olaraq mən bir neçə il əvvəl orta məktəbin X və XI sinifləri üçün ədəbiyyat dərsliyini və müntəxəbat kitabını nəzərdə keçirdim. Həmin dərs vəsaitlərində çox ciddi səhvlər, nöqsanlar görüb təəccüb etdim. Hətta "Koroğlu" dastanının "Keçəl Həmzənin Qıratı qaçırması” qolu məni təşvişə saldı. X sinifin müntəxəbat kitabında verilmiş bu qolun məzmununda çox ciddi nöqsanlar vardır.

Həm X, həm də XI sinif üçün ədəbiyyat dərsliklərinin dili çox qəliz idi. Onlar elmi-kütləvi dildə deyil, əsasən, elmi dildə yazılmışdı. Daha doğrusu, müəlliflər əsasən elmi materialları dərslikləşdirməmişdilər. Mürəkkəb konstruksiyalı elə uzun cümlələr var idi ki, onların bəzisində 5-7 dənə feli sifət tərkibi işlənmişdi. Bütün bunlara görə də şagirdlər mətnləri oxuyub başa düşmür, onları mənimsəməkdə çətinlik çəkirdilər.

Dərsliklərdəki üçüncü qrup nöqsanlar bəzi əsərlərin uğurlu seçilməməsi idi. Yəni şair və yazıçıların elə əsərləri verilməli idi ki, onlar həm məzmun və forma cəhətdən, həm də dövrün tələbi baxımından tam məqsədəuyğun olsun.

Bütün bu nöqsanları qruplaşdıraraq müxtəlif vasitələrlə həm müəlliflərin, həm də ictimaiyyətin nəzərinə çatdırdım. Sağ olsunlar, tənqidi qeydlərə dərhal reaksiya verdilər. Məlum oldu ki, həmin dərsliklər tezliklə kurikulum əsasında hazırlanacaq və bu zaman bütün nöqsanlar aradan qaldırılacaqdır.

Mən səbirsizlikə yeni nəşrləri gözləməli oldum. Budur, həmin nəşr - X sinif üçün yeni ədəbiyyat dərsliyi cari tədris ilindən şagirdlərin ixtiyarına verilmişdir. ("Bakı" nəşriyyatı, 2017. Müəlliflər: Soltan Əliyev, Bilal Həsənov, Aynur Mustafayeva). Mən böyük maraqla kitabı oxuyub başa çatdırdım. Bəri başdan deyim ki, çox razı qaldım. Məni sevindirən birinci növbədə bu oldu ki, "Keçəl Həmzənin Qıratı qaçırması" qolu dəyişdirilmiş, nöqsanlarla dolu sonuncu variant deyil əvvəlki - ənənəvi variant dərsliyə daxil edilmişdi. Bu, çox gözəl, zəngin, düzgün variantdır.

Dərsliyin çox sadələşdirlimiş, şagirdlərin yaş səviyyəsi nəzərə alınmışdır. Mürəkkəb konstruksiyalı cümlələr yox dərəcəsindədir. Mətnlərdəki akademizm əvəzinə indi aydınlıq, anlaşıqlıq vardır.

Əvvəlki dərslikdə mövcud olan üçüncü qrup nöqsanlar da aradan qaldırılmışdır. Yəni ədəbi əsərlər tədris üçün seçilərkən onların ideya-məzmun və formaca əhəmiyyət dərəcəsi, həmçinin, şair və yazıçıların öz yaradıcılığındakı mövqeyi əsas götürülmüşdür. Məsələn, Q.Zakirin "Eylər" müxəmməsi şagirdlər üçün çox ağır əsər idi. Düzgün olaraq o, dərslikdən çıxarılmışdır. Bundan başqa, yeni nəşrdə Nəsiminin "Mən mülki-cahan..." qəzəlinin əvəzinə "Sığmazam" qəzəli, Füzulinin "Əql yar olsaydı" qəzəlinin əvəzinə "Məni candan usandırdı..." qəzəli, Vaqifin "Bəri bax" qoşmasının əvəzinə "Pəri" qoşması verilmişdir ki, bu da müsbət haldır. Yeni nəşrdə, həmçinin, qədim türk dastanları haqqında məlumat verilməsi, M.Əmaninin, M.V.Vidadinin, B.Şakirin, N.Vəzirovun da əsərlərinin dərsliyə daxil edilməsi təqdirəlayiq cəhətdir.

Lakin yeni dərslik barədə də bəzi irad və təkliflərimizi bildirmək istərdik. Yuxarıda qeyd etdiyim kimi, dərslik həm məzmun baxımından, həm də dil baxımından xeyli sadələşdirilmişdir ki, bu da ümumən yaxşı cəhətdir. Lakin təəssüf ki, bu sadələşdirmə bir çox hallarda bəsitləşdirməyə gətirib çıxarmışdır. Yəni ədəbi simaların həyat və yaradıcılığı haqqında yeni nəşrdə çox bəsit, səthi məlumatlar verilib. Nəzərə almaq lazımdır ki, hər bir yazıçının, şairin həyatı həm də mənalı ömür yoludur, onların həyatı da əsərləri kimi gənclərin mənəvi tərbiyəsində mühüm rol oynayır. Bu baxımdan şair və yazıçıların zəngin həyatlarının qeyri-zəngin, çox qısa şəkildə verilməsi təəssüf doğurur. Məsələn, əvvəlki dərsliklərdə M.F.Axundovun həyat və yaradıcılığına dair materiallar 15-16 səhifə idi. Bu, əlbəttə, həddindən artıq çox idi (Bax: "Çaşıoğlu" nəşriyyatı, Bakı-2009). İndi isə yeni dərslikdə M.F.Axundzadəyə aid mətn cəmi 4-5  səhifədən ibarətdir. Bu da həddidən artıq azdır. Bu qədər də ixtisar olmaz axı! Əvvəlki 15-16 səhifədən heç olmasa, 8-10 səhifəyə enmək lazımdır. N.Gəncəvi, M.Füzuli, Q.Zakir və başqalarının da həyat və yaradıcılığı 3 dəfə ixtisarla verilmişdir. Qeyd edək ki, biz hələ yalnız şair və yazıçıların özləri haqqında olan oçerklərin - elmi mətnlərin həcmini müqayisə edirik, onların dərsliyə daxil edilmiş bədii əsərlərini hesaba almırıq. Belə olsa, fərq daha böyül olar.

Yeni nəşrin narazılıq doğuran cəhətlərindən biri də budur ki, dərsliklə müntəxəbat bir kitabda yerləşdirilmişdir. Məncə, məhz buna görə də müəlliflər həm elmi materialı, həm də bədii əsərlərin özlərini çox qısa şəkildə vermək məcburiyyətində qalmışlar. Məsələn, N.Gəncəvinin "İsgəndərnamə"si, M.Füzulinin "Leyli və Məcnun"u, Xətainin "Dəhnamə"si və bəzi başqa məşhur əsərlər uşaqların öz dili ilə desək, "bir qırıq" verilib. Sonra mənbə kimi həm elektron vəsait, həm də həmin əsərlərin bütöv nəşr tarixi göstərilir. Uşaqlara tapşırılır ki, həmin mənbələrdən əsərləri tapıb oxusunlar. Beləliklə, şagirdlər əsərləri əldə etmək çətinliyi ilə qarşılaşırlar. Halbuki ayrıca müntəxəbat kitabı olsa, müəlliflər dərsliyi və müntəxəbatı indikinə nisbətən bir qədər geniş və zəngin hazırlaya bilər, şagirdlər isə əsəri bütöv axtarmaq çətinliyindən azad olar.

Orta məktəblər üçün ədəbiyyat proqramında göstərilir ki, ədəbiyyat fənni şagirdlərin mədəni inkişafını, onların cəmiyyətdə, ailədə rəftar qaydalarını, vətəndaşlıq borcunu, humanist keyfiyyətlərini, insanlıq şərəf və ləyaqətini hər an formalaşdıran mühüm vasitədir. Ədəbiyyat dərslikləri məhz proqramdan irəli gələn bu yüksək vəzifələrə uyğun hazırlanmalıdır.

Göründüyü kimi, mənim qeydlərim yalnız X sinif üçün yeni ədəbiyyat dərsliyi barədədir. XI sinif üçün yeni ədəbiyyat dərsliyi şagirdlərin istifadəsinə veriləndə onun haqqında fikir və mülahizələrimizi bildirərik. Yaxşı olar ki, dərsliyi hazırlayan müəlliflər həm onu, həm də müntəxəbatı ayrıca kitab şəklində tərtib etsinlər. Bu həm müəlliflərin işinə, həm də ümumi işə fayda vermiş olar.

Sərvər ŞİRİNOV

 





27.07.2018    çap et  çap et