525.Az

"Ruh" Şabranda dəyirmi masa keçirdi


 

"Ruh" Şabranda dəyirmi masa keçirdi<b style="color:red"></b>

"Ruh" Jurnalistlərin Müdafiəsi ictimai birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə reallaşdırdığı "Elektron mediada və sosial şəbəkələrdə insan hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı ictimai fəallığın artırılması" layihəsi çərçivəsindəki sonuncu tədbir Şabran rayonunda keçirilib.

Şəhərin Heydər Əliyev Mərkəzində baş tutmuş toplantını giriş sözü ilə Şabran Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin  müdir müavini Elnur Şahmərdanov açıb. O, müzakirə edilən mövzunun əhəmiyyətini vurğulayaraq bildirib ki, elektron media və sosial şəbəkələr həyatımızın bütün sahələrinə təsir göstərməkdədir. Bu təsirin müsbət və mənfi tərəfləri var. "Ruh" Jurnalistlərin Müdafiəsi ictimai birliyinin, eləcə də digər qeyri-hökumət təşkilatlarının keçirdikləri tədbirlər məhz bunlara aydınlıq gətirilməsi, mövcud istiqamətdə ictimai müzakirələrin təşkili baxımından əhəmiyyətlidir.

"Ruh" Jurnalistlərin Müdafiəsi İctimai Birliyinin sədri Əvəz Rüstəmov rəhbərlik etdiyi layihənin məqsəd və vəzifələrindən söz açıb. O bildirib ki, 3 ay müddətində reallaşdırılmış layihə çərçivəsində indiyədək Tovuz, Balakən və Masallı rayonlarında dəyirmi masalar təşkil edilib. Şabran rayonundakı toplantı sayca dördüncü - sonuncudur. "Azərbaycanda internetin inkişafı bu sahəyə yanaşmanın da dəyişməsini zəruriləşdirməkdədir. Layihəmiz əsasən bununla bağlıdır. Azərbaycan dövləti prosesdə ciddi şəkildə maraqlıdır. Ona görə də belə layihələr maliyyələşdirilməkdədir. Məqsəd ondan ibarətdir ki, internet üzərindən fəaliyyət göstərən sosial şəbəkələrdə, o cümlədən, internet informasiya resurslarında milli-mənəvi dəyərlər qorunsun, hansısa hüquqi məsuliyyət yükü daşıyan xoşagəlməz məqamlar aradan qaldırılsın. Təbii ki, bu sahədə qanunvericilik də təkmilləşdirilməkdədir".

Layihənin eksperti, "Jurnalist Araşdırmaları Mərkəzi" İB-nin sədri Seymur Verdizadə Azərbaycanda elektron medianın və sosial şəbəkələrin vəziyyəti, bu məkanda müzakirə edilən mövzuların spesifikası, informasiya təhlükəsizliyi və şəxsi həyatın toxunulmazlığı baxımından mənfi meyllər barədə ətraflı məlumat verib, təcrübəsini bölüşüb.

Ekspert Teyyub Mirqasımov çıxışında sosial şəbəkələrin imkanlarından sui-istifadə meylləri barədə geniş məlumat verib, bildirib ki, ayrı-ayrı şəxslər və maraqlı qruplar saxta adlardan istifadə edirlər ki, bu da qanunla qadağandır.

Digər çıxış edənlər "Elektron mediada və sosial şəbəkələrdə insan hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı ictimai fəallığın artırılması" layihəsinin əhəmiyyətinə toxunaraq təcrübədə rastlaşdıqları bir sıra məqamlar barədə məlumat veriblər.

Dəyirmi masa qarşılıqlı müzakirələr şəraitində davam edib.

 





27.07.2018    çap et  çap et