525.Az

“Sevgi izi”- sevdiklərinizin iziylə


 

“Sevgi izi”- sevdiklərinizin iziylə <b style="color:red"></b>

Ötən həftə ictimaiyyət yeni bir gündəm mövzusu ilə narahatlığa büründü. İyulun 22-də Xaçmaz rayonunun Nabran qəsəbəsindəki istirahət mərkəzində bir azyaşlı naməlum şəraitdə itkin düşdü.

Onun itkin düşməsi ilə yenə də fərziyyələr, müxtəlif fikirlər, iddialar ortaya atıldı. Kimi valideynlərini qınadı, kimi olduğu istirahət mərkəzini. Qısacası, aləm dəydi bir-birinə. Uşağın axtarışlarına təkcə ailə üzvləri, istirahət mərkəzinin işçiləri deyil, eləcə də bütün rayon sakinləri qoşuldu.

Təbii ki, dövlətimiz də baş verən hadisə qarşısında səssiz qalmadı. Naməlum şəraitdə itkin düşmüş 2015-ci il təvəllüdlü Novruzov İsmayıl Elçin oğlunun axtarışlarına Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin “Mi-17” helikopteri də cəlb olundu. Axtarışlar yaxınlıqdakı meşə ərazisində və dənizdə FHN-in Şimal Regional Mərkəzinin, Mülki Müdafiə Qoşunlarının, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin, Xüsusi Riskli Xilasetmə Xidmətinin şəxsi heyəti və xüsusi təlim keçmiş itləri tərəfindən aparıldı. Dövlət Sərhəd Xidmətinin kinoloqları və xüsusi təlim keçmiş itləri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə təsərrüfatı idarəsinin əməkdaşları və könüllülər də axtarışlarda iştirak etdilər.

Nəhayət ki, bir gün sonra - iyulun 23-də bu axtarışlar öz müsbət nəticəsini verdi və azyaşlı istirahət mərkəzlərindən birinin ərazisində çayın kənarında cəngəllikdən tapıldı. Uşaq tapılandan sonra yaxınlıqda olan tibb məntəqəsinə aparıldı və çox şükür ki, tibbi müayinə zamanı hər hansı probleminin olmadığı aşkarlandıqdan sonra valideynlərinə təhvil verildi.

İtkini olan ailələrin sözlərinə görə, itkin ölümdən daha betərdir. Vəfat edən yaxınının heç olmasa məzarı olur, harda olduğunu bilirsən və istədiyin an ziyarət etmək imkanın olur. Amma itkinin harda, necə olduğu ilə bağlı heç bir məlumatın olmur və bu müəmma gündən günə deyil, hər dəqiqə keçdikcə insanı içdən içə məhv edir.

Balaca İsmayılın itkin düşməyi yadıma Müge Anlı adlı türkiyəli məşhur araşdırmaçı jurnalist və onun bu istiqamətdəki bir sıra layihələrini saldı.

Problemlilərin dostu Müge Anlı

Artıq on bir ildən çoxdur ki, Müge Anlı Türkiyə kanallarının birində itkin ailələrinə kömək məqsədi daşıyan televiziya proqramının müəllifi və aparıcısıdır. Onun həm özü, həm də əməkdaşlarının işini hər dəfə böyük təqdirlə izləyirik. Bu illər ərzində neçə itkinləri tapıb ailələrinə qovuşdurub, neçə cinayətlərin üstünü açıb, qatillərin tapılıb həbs olunmasında yaxından iştirak edib. Öz dili ilə desək, yüzlərlə qatillə elə studiyada, verilişin çəkilişləri sırasında birbaşa ünsiyyətdə olub.

Bizim də bəzi televiziya kanallarımızda həmin verilişin formatında bir sıra verilişlər var və düzünü demək lazımdırsa, bir çox əyləncə xarakterli mənasız verilişlərdənsə bu cür xalqa faydası toxunan proqramlara daha çox üstünlük verirəm. Nə qədər də internet əsri, texnologiya zamanı olduğunu iddia etsək də, həqiqətən də televiziyaların yetişdiyi auditoriya daha genişdir. Buna görə də bu cür itkinlərin tapılmağında dəfələrlə televiziyanın müstəsna rolunun şahidi olmuşuq.

Müge Anlı illərdən bəridir yalnız müəllifi və aparıcısı olduğu proqramla deyil, həm də o proqram daxilində həyata keçirdiyi bir sıra layihələrlə də insanlara faydalı olmaqda davam edir. Məsələn, onun fiziki məhdudiyyətli vətəndaşlar üçün həyata keçirdiyi əlil arabası, ucqar kənd məktəbləri üçün məktəb ləvazimatları və kitab kampaniyaları, eləcə də oxuma-yazmağı bilməyən insanlar üçün təşkil etdiyi kurslar bu işlərin bir qismi kimi yadımıza düşənlərdir.

Bu layihələr içərisində daha çox səs salan və bizim də mövzumuza bilavasitə aidiyyatı olan layihə isə “Sevgi izi” layihəsidir.

Nədir “Sevgi izi”?

Əqli problemi, huş zəifliyi və ya bənzər narahatlığı olan, eləcə də azyaşlı uşaqlarımızın bir gün qəfildən itəcəyi qorxusunu həmişə yaşayarıq. Bu cür insanlar xüsusi qayğı və diqqət tələb edir. Təəssüf ki, bəzən ani diqqət dağınıqlığı onların yoxa çıxmağına, əgər vaxtında tapılmazlarsa, daha ağır nəticələrə gətirib çıxara bilir. Bu, təkcə Türkiyədə, ya da Azərbaycanda deyil, bütün dünyada önəmli bir problemdir. Ən pisi isə bu cür insanların özlərini ifadə edə bilməmələridir. Yəni onlar yollarını azsalar hara gedəcəkləri, nə edəcəkləri haqqında fikirləri olmaz, hətta əgər kimlərsə tərəfindən tapılsalar belə, kim olduqlarını, harda yaşadıqlarını deyib kömək ala bilməzlər. Necə deyərlər, ağzı var, dili yox. Bu məsum insanlar hər cür təhlükələrə qarşı köməksizdirlər. Bəs onları necə qoruya bilə, yarana biləcək bu cür xoşagəlməz situasiyada nələr edə bilərik?!

Bu cür problemlərlə qarşılaşmamaq üçün illərdir itkin insanları ailələrinə qovuşduran, bu sahədə saysız-hesabsız uğurlara imza atan, çox insanların gözlərini yollardan yığan Müge Anlı bu dəfə “Sevgi izi” layihəsinə imza atdı. Bunun üçün www.beni.buldular.com saytını açdı ki, məhz bu sayt və bu layihə vasitəsilə həm polis orqanlarına, həm də itkin ailələrinə kömək ola biləcək.

Adətən itkin düşən şəxsin axtarışıyla bağlı elan verilən zaman xarakterik əlamətləri, evdən çıxarkən əynindəki geyimlər tanınması üçün qeyd olunur. Lakin təklif edilən yeni metod, yəni “Sevgi izi” layihəsi bu siyahını iki kəlmə və bir neçə rəqəmlə genişləndirir - qoldakı qeydiyyat kodu.

Türkiyəli teleaparıcı Müge Anlının müəllifi olduğu “Sevgi izi” layihəsi əsasən cəmiyyətdə özünü ifadə edə bilməyən, xüsusi qayğıya ehtiyacı olan vətəndaşlar üçün nəzərdə tutulub. Lakin bu siyahıya sağlamlıq imkanı məhdud olmayan insanlar da qoşula bilər.

Bu zamana kimi Türkiyədə milyonlarla insan (həmçinin, Müge Anlının özü və əməkdaşları da) bu layihəyə qoşulublar.

“Sevgi izi” Azərbaycanda

Sevindirici haldır ki, çox qısa zamanda Türkiyədə böyük bir populyarlıq qazanan bu layihəyə ölkəmiz də qoşulub. Artıq bir ildən çoxdur ki, bizdə də “Sevgi izi” layihəsi fəaliyyət göstərir və öz müsbət nəticələrini verir.

“Sevgi izi” layihəsinin Azərbaycan üzrə təsisçisi Gülgün Qocayeva layihə haqqında məlumat verərkən deyib: “İki fotoşəkil, şəxsiyyəti təsdiq edən sənəd və birinci dərəcədən yaxını bizə müraciət edir, biz onu sistemdə qeydiyyatdan keçiririk. Sistemdən gələn qeydiyyat kodunun bir nüsxəsi vətəndaşa verilir, digər nüsxəsi polis bölməsinə yönləndirilir. Bu sistemə yalnız polislər nəzarət edə bilir. Hazırda Abşeron Rayon Polis bölməsi layihəmizə dəstək verir, nəzarəti onlar həyata keçirir”.

Yəni şəxsə verilən kodun rəqəmləri onun sol biləyinə həkk olunur və beləliklə, polis itən şəxsin sistemdə olan şəkli və üzərindəki nömrəyə əsasən axtarış aparır.

Şəxsi kod həmin şəxsin harada olduğundan asılı olmayaraq bədbəxt hadisə, qəza zamanı müəyyən sistem vasitəsilə öyrənilərək həmin adamın kimliyindən xəbər verə bilər.

Məhz bu layihə ilə bağlı türkiyəli aparıcı Müge Anlı keçən ilin mart ayında Azərbaycanda qonaq oldu. Anlı veriliş çərçivəsində yayımlanan “Sevgi izi” layihəsinin ilk çəkilişini də Bakıda gerçəkləşdirdi.

Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədovanın dəvətilə Bakıya gələn Müge xanım Türkiyəyə qayıtdıqdan sonra martın 7-də ATV-də yayımlanan “Müge Anlı ilə tatlı sert” verilişində Bakı ilə bağlı təəssüratlarını da bölüşdü:

“Sevimli tamaşaçılarımız, sizə Azərbaycandan sevgi gətirdik. Hər kəsə Azərbaycana getməyi məsləhət görürəm. Təhlükəsiz bir ölkədir. Gecə yarısı küçədə necə istəyirsən gəzə bilərsən. Heç kim sənə “bu nə geyimdi, dar şalvar nədir?” deyə söz atmaz. Küçəyə zibil atmırlar. Uşaqlar itlə, pişiklə gəzmirlər. Gözəl sahillər, parklar var. Heyran qaldım. Möhtəşəm memarlıq əsərləri var... Şəhidlər Xiyabanında olduq. Dilimiz də eynidir, heç özümüzü yad bir yerdə hiss etmədik”.

Bəs “Sevgi izi” necə həyata keçirilir?

Gülgün Qocayeva bu suallara da cavab verib: “Kodun yazılışı ağrısız olur, amma hər ehtimal üçün yerli keyitməylə yazılır. Qiyməti 10 manatdır. Bundan artıq heç bir ödəniş edilmir. 24 351 insan “Sevgi izi” layihəsində qeydiyyatdan keçib. Onlardan 55 nəfəri Azərbaycandan qoşulanların payına düşür. Bunun 8 nəfəri sağlam insanlar, yerdə qalanı xüsusi qayğıya ehtiyacı olanlardır.

Layihəyə qoşulmaq üçün benibuldular.com saytında Azərbaycan butonuna daxil olmaqla müraciət edəcəyi ünvanı öyrənə bilər. Layihə qardaş ölkə ilə yanaşı, Almaniya, Belçika, Fransa, ABŞ kimi ölkələri də əhatə edir.

Təbii ki, günbəgün bu rəqəmlər artmaqda, bu layihədən faydalanan insanların sayı çoxalmaqdadır. Artıq həm Türkiyədə, həm də Azərbaycanda məhz “Sevgi izi” layihəsinin köməyi ilə bu və ya digər səbəbdən yaşadığı ərazidən, ailəsinin yanından itkin düşən insanlar qolundakı rəqəm sayəsində cəmi yarım saat ərzində öz doğmalarına qovuşurlar. Və layihənin ən gözəl tərəfi də odur ki, “Sevgi izi” tətbiq edilən şəxs haqqında heç bir məlumat, heç bir fotoşəkil və ya onunla bağlı heç bir bilgi saytda yayımlanmır, məlumatlar tamamilə gizli saxlanılır. Sadəcə həmin şəxs tapıldıqda haqqındakı məlumatlar aidiyyatı dövlət orqanlarına verilir.

Uzun illərdən bəridir Müge Anlının proqramlarını izlədiyini və gördüyü işləri təqdir etdiyini deyən “Yeni Həyat” Humanitar və Sosial Dayaq İctimai Birliyinin sədri Nailə İsmayılova “Sevgi izi” haqqında düşüncələrini də bizimlə bölüşdü: “Əslində, bu layihə sağlamlıq imkanları məhdud olan insanlar üçün nəzərdə tutulub, yaşından asılı olmayaraq. Uşaqlar valideynlərin nəzarətindədir. 3 yaşlı uşağın itməsinə valideyn məsuliyyətsizliyi də səbəb ola bilər. “Sevgi izi” gözəl layihədir. Onun üçün müəyyən sistem olmalıdır. Belə ki, həmin izi daşıyan insanlar Daxili İşlər Nazirliyində qeydiyyatda olmalıdırlar və Nazirlikdə xüsusi komputer proqramı fəaliyyət göstərməlidir”.

Dünyadakı örnəkləri

Bu cür problemlər dünyanın hər yerində olduğundan zaman-zaman bir çox ölkələr bu problemlərlə mübarizə aparmaq üçün bəzi tədbirlər görüblər. Məsələn, 2013-cü ildə İngiltərənin West Sussex bölgəsində Alzheimer və ya bənzər xəstəlikləri olan insanlara elektornik qandal taxılmış və onlar GPS yoluyla həmişə təqib edilirdilər. Polis də bu yolla itkinlər sayının azalacağını güman edərək bu layihəyə dəstək vermişdi.

Türkiyənin özündə isə bir bələdiyyələr əqli problemli insanlar itdiklərində daha rahat tapılmaqları üçün 104 nəfərin barmaq izini götürmüşdü. Başqa bir bələdiyyə isə həmin insanların qoluna xüsusi bilərzik taxılması layihəsini həyata keçirdi.

“Sevgi izi”nin fərqi

Yuxarıdaki örnəklərin hamısı itkinlərin tapılmağında müəyyən qədər rol oynasa da, onlar da tam deyildi. Onların da özünə görə çatışmazlıqları var idi. Məsələn, elektronik qandal xəstəni günahkar, cinayətkar kimi göstərirdi. “Sevgi izi” isə milyonlarla insanın hobbisi olan tatuajdan təsirlənərək həyata keçirildi. Televiziyadan gördüyümüz qədərilə bu vaxta qədər tatuaj edilən insanların məmnunluğu bu layihənin doğruluğuna sübutdur.

Fikrimizcə, “Sevgi izi” və bənzər layihələr nə qədər fəal olarsa, balaca İsmayıllarımız da gecəni qaranlıq və vahiməli meşədə keçirməli olmaz, ailələr öz doğmalarına daha tez qovuşar, əqli məhdudiyyətli insanlarımız da daha təhlükəsiz şəkildə həyatlarına davam edərlər.

 





28.07.2018    çap et  çap et