525.Az

“Azərbaycandakı tolerantlıq mühiti dini dözümlülüyə əsaslanan uğurlu siyasətin nəticəsidir”


 

“Azərbaycandakı tolerantlıq mühiti dini dözümlülüyə əsaslanan uğurlu siyasətin nəticəsidir”<b style="color:red"></b>

Müsahibimiz fəlsəfə elmləri doktoru Aydın Əlizadədir 

– Belə islamçı kəslər və qurumlar zaman-zaman Azərbaycan toplumunun bir kəsimi arasında kəskin çəkişmələrə gətirən ictimai-siyasi xarakterli problemləri qaldırırlar. Ümumiyyətlə isə bu kimi dini-ictimai qurumların fəaliyyəti nəzarət altındadır. Azərbaycan dövləti doğru olaraq ölkədəki dini durumu nəzarətdə saxlamaq və onu idarə etmək yolunu tutur. Bu sabitliyin qorunması üçün çox önəmlidir. Çünki Azərbaycan çox gərgin coğrafi yerdə yerləşməkdədir. Burada ölkəmizdəki iç durumu qarışdırmaqda maraqlı olan çeşidli dünya gücləri vardır. Dini sahədə yetərsiz davranma onların çeşidli topluluqları aktivləşdirməsinə, bununla da ölkədəki sabitliyin pozulmasına, o güclərin isə maraqlarının gerçəkləşdirilməsinə gətirib çıxara bilər.

Azərbaycanda müsəlman şiələr və sünnilər yaşayırlar. Bilindiyi kimi, bu qollar arasındakı münasibətlər dünyada çox zaman ixtilaflı olur. Yalnız Azərbaycanda dindarlığın az olması və ölkə rəsmilərinin bacarıqlı siyasəti sonu ölkəmizdə bu sahədə böyük problemlər yaranmır. Dini qurumların qanuna uyğun fəaliyyət göstərməsi sahəsindəki ölkənin uğurlu siyasətində hər hansı səhvə yol verilsə, bu iki müsəlman qolları arasında İraq, ya da Pakistanda olduğu kimi qarşıdurmalar yarana bilər. Günümüzdə Azərbaycanda yaşayan şiələrlə sünnilər arasında heç bir böyük qarşıdurma baş verməyib.

Beləliklə, Azərbaycanda məzhəblərarası münasibətlərin tənzimlənməsi ölkədə sabitliyin qorunması üçün çox gərəklidir. Günümüzdə ölkə rəsmilərinin bu sahədəki sərt nəzarət üsullarının tətbiq etməsi də bununla izah edilir. Bəlkə də bu siyasətin gerçəkləşməsi prosesində bəlli qədər səhiflərə də yol verilib ya da bürokratik əngəllər olub. Bu da qaçılmazdır, çünki hər bir işdə səhvlər ola bilər, hər şey praktikada sınaqdan keçirilməlidir. Ancaq bütün tənqidlərə və başqa fikirlərə baxmayaraq, Azərbaycan rəsmilərinin bu sahədəki işləri bu günə kimi uğurlu olub. Ən əsas məqsəd ölkədə sabitliyin qorunması, iğtişaşlara yol verilməməsi, ölkə vətəndaşlarını qanunla qorunmasıdır. Buna da nail olunub.

– Azərbaycanda islam dininin ümumi mənzərəsini təsvir etdiniz. Bəs müstəqillik dönəmində Azərbaycanda qeyri-müsəlman inanclarının yayılması və bugünü ilə bağlı nə deyə bilərsiniz?

– Din və xalqın inancları problemi Azərbaycan toplumunu vaxtaşırı həyəcanlandıran önəmli problemlərdən biri olaraq qalmaqdadır. Bu sahədə sovetlər sonrası dönəmdə nəzərəçarpan dəyişikliklər baş verib. Ötən illər boyu bu dəyişikliklər heç də birmənalı qarşılanmayıb, bir çox durumlarda ziddiyyətli olub. Bir yandan sovet ideoloji sisteminin dağılması insanların mənəvi yaşamlarında boşluqlar yaradıb. Əksəriyyət kommunist ideologiyasının əsassız olduğunu görüb, mənəvi yaşamlarını dəyişdirərək, çeşidli dinlərə üz tutub. Məsələ burasındadır ki, Sovet sistemi dinlərə təpki göstərib. Din, çox vaxt xalqın adətləri və milli dəyərləri ilə qarışıq şəkildə təqdim edildiyindən ona qayıdış mədəni və əxlaqi köklərimizə dönüş kimi dəyərləndirilib. Dinə dönüş proseslərinə Azərbaycandakı dayanıqlı olmayan hərbi-siyasi durum da öz təsirini göstərib.  Ermənistanla savaş, çoxlu sayda qurbanların verilməsi və qaçqınların ortalığa çıxması ilə nəticələnib. Elə bu olaylar da dinə meyilliliyə yol açıb. Çünki bu kimi ekstremal durumlarda bir çox insanlar faciələrin nədən yaranmasının köklərini arayaraq, bunların səbəblərini özlərinin və toplumun günahkar olmasında görürlər. Belə duyğular isə onları xilasın dində olduğu fikrinə gətirib çıxarırdı.

Sovet sisteminin dağılması və sərhədlərin açılması xarici dini missionerlərin ölkəmizə gəlməsinə gətirib çıxarıb. 1980-ci illərin sonundan etibarən azərbaycanlıların ayrı-ayrı dinlərə və təriqətlərə axını başlayıb. Missioner aktivliyini ilk olaraq Beynəlxalq Krişna Şüuru Cəmiyyətinin ardıcılları göstərib. Bakı və başqa şəhərlərin mərkəzi küçələrinə çıxaraq öz inanclarını mütəmadi təbliğ edən krişnaçıların yığıncaqlarında həmin dövrdə çoxlu adam iştirak edib. Adi insanlarla söhbətlər etmək, onları yığıncaqlarına çağırmaq, kitabları satmaq onların təbliğat formaları idi.

1980-ci illərdə apardıqları aktiv təbliğata baxmayaraq, krişnaçıların populyarlığı azaldı, xalq kütlələri arasında öz inanclarını yaya bilmədilər. Onların təlimi bir çox məqamlarda mürəkkəb olduğundan, sadə insanlar onu qavramaqda çətinlik çəkirdilər. Beynəlxalq Krişna Şüuru Cəmiyyətinin vitse-prezidentinin sözlərinə görə, günümüzdə Bakıda yerləşən krişnaçıların yığıncaqlarına 350 nəfərdən artıq insan qatılmır. Onlardan isə inanclarında aktiv olanların sayı 150-dən çox deyil.

Qeyri-xristian dinlərdən yalnız yəhudilik (İslam istisna olmaqla) Azərbaycanda ənənəvi din hesab olunur. Bu dinin ardıcıllarının sayı respublikada on minlərlədir, onların əksəriyyətini tatlar təşkil edir. Quba rayonunun Qırmızıkənd qəsəbəsində kompakt halda yaşayan tatlar Oğuzda və respublikamızın digər şimal rayonlarında da məskunlaşıblar. Paytaxtımızda isə onlardan başqa Avropa yəhudiləri də yaşayırlar. Bakıda, Qubada, Oğuzda müstəqillik dönəmində bir neçə yeni sinaqoq tikilmiş, bəzilərində isə əsaslı yenidənqurma və bərpa işləri aparılıb.

Müstəqillik illərində bəhai icmaları da Azərbaycanda fəaliyyətlərini bərpa edib. Bəhailik XIX yüzilliyin sonu – XX yüzilliyin ilk illərində indiki Azərbaycan Respublikası ərazisində yayılmağa başlayıb. Bu inancın kökləri o zaman İranı bürümüş Babilər hərəkatından gəlir. Bəhailər XX əsrin 90-cı illərində Gəncə, Bakı, Sumqayıt və Salyanda öz dayaqlarını yaradıblar. Hazırda respublikamızda fəaliyyət göstərən bəhai icmalarının fəaliyyəti rəsmi dövlət qurumları ilə razılaşdırılıb.

Azərbaycanın ənənəvi xristian kilsələrindən biri Rus Pravoslav Kilsəsidir. Onu təmsil edən ən böyük və nüfuzlu qurum Bakı və Azərbaycan Yeparxiyasıdır. Ölkəmizdəki pravoslavların sayı müsəlmanlardan sonra ikincidir. Son zamanlar respublikada bir çox əski pravoslav kilsəsi təmir olunub ibadət üçün açılıb. Rus Pravoslav Kilsəsinin və digər pravoslav kilsələrin yüksək nümayəndələri vaxtaşırı Azərbaycana gəlir, onların ölkə başçıları və müsəlman xadimləri ilə çox yaxşı münasibətləri var. Azərbaycanda yaşayan pravoslavların fəaliyyəti ölkə qanunvericiliyinə tam uyğundur.

2003-cü ildə Alban-Udin xristian icması rəsmi olaraq qeydiyyatdan keçib. Bu da keçmişdə mövcud olmuş Alban kilsəsinin yenidən qurulması yönündə ilk addım kimi dəyərləndirilir.

Respublikamızda katolik və lüteranlar azlıq təşkil edir. Lüteranlar yığıncaqlarını Rusiya imperiyası dönəmində paytaxtımızda inşa edilən Kirxada keçirirlər. Bundan başqa, vaxtilə böyük alman icmasının yaşadığı Xanlar rayonunda da tarixi lüteran kilsəsi təmir edilib, ibadət üçün açılıb. Katoliklər üçün isə Bakıda kilsə ucaldılıb. Onlar həmçinin kimsəsizlərə kömək edirlər.

Digər xristian təriqətləri və denominasiyaları isə Ermənistanla savaşın qızğın çağlarında Azərbaycanda xüsusi fəallıq göstərməyiblər. Bu da onların təhlükəsizliyi baxımından doğru addım olub. Çünki həmin dövrdə xristian yönümlü inancların yayılmasına cəhd edilməsi düşmən təbliğatına dəstək vermək kimi dəyərləndirilə bilərdi. Əslində Azərbaycan-Ermənistan savaşı heç zaman dinlərarası qarşıdurma halını almayıb. Buna baxmayaraq, savaşın aktiv fazası zamanı xristian təbliğatçıları öz inanclarını açıq şəkildə yaymaqdan çəkiniblər. Bəzi xristian təriqətləri isə hələ o çağlarda öz işlərini yarıgizli olaraq həyata keçiriblər.

(Ardı var)

Sevinc MÜRVƏTQIZI

 





26.07.2013    çap et  çap et