525.Az

Gözəllik ikonu... Parlaq işıqlarda sönmüş həyat...


 

Gözəllik ikonu... Parlaq işıqlarda sönmüş həyat... <b style="color:red"></b>

“...kiçik bir qızam” 

“Yaxşı insanam, amma mələk deyiləm. Günahlarım var, amma şeytan deyiləm. Mən sadəcə bu qocaman dünyada sevəcək birilərini axtaran kiçik bir qızam”- deyirdi. Bəlkə də bütün problem məhz bu idi: “Sevgi! Axı özü deyirdi: “əlbəttə mənim də duyğularım var, mən də insanam. Tək istədiyim sadəcə mən olduğum və bacarıqlarım üçün sevilməkdir”.

Sevgi yoxsulluğu... Əslində, bircə uşaqlığında çəkmişdi bu yoxsulluğu. Kimsə tərəfindən sevilməmişdi, ya da sevildiyini kimsə ona hiss etdirməmişdi. Çətin, ağır, başqa-başqa evlərdə, başqa-başqa insanların əhatəsində keçən uşaqlığı ona bir ömürlük daşıyacağı travma və psixoloji problemlər qoyub getmişdi.

Amerikan kino aktrisası, müğənni və model, bütün dövrlərin seks simvollarından, pop ikonlarından biri Merilin Monrodan gedir söhbət.

O saf gözəlliyin, şıltaq gülüşün, macəralarla dolu həyatın arxasında bir dram, insanı sarsan bir faciə yatır əslində.

Onun faciəsi özündən öncə doğulmuşdu. Sonra isə o doğuldu 1 iyun 1926-cı ildə Los-Anceles Dövlət Xəstəxanasında Norma Cin Mortenson adı ilə. Anası Qledis Perl o doğulanda ikinci əri Martin Edvard Mortensonun soyadını daşıyırdı. Qızına da bu soyadı vermişdilər. Amma sonradan həm özünün, həm də qızının soyadını birinci ərinin soyadına dəyişdi: Beyker. Balaca qızcığaz sonralar hər dəfə anasından atasının kimliyini soruşanda o, müdürünün olduğunu deyirdi, amma daha artıq məlumat vermirdi. Bəzi mənbələrə görə, həmin adam anasının RKO studiyalarında film redaktoru olaraq birlikdə çalışdığı Çarlz Stenli Gifford adlı biridir. Ancaq bu da dürüst məlumat olmadığından nə Norman, nə də bu zamana qədər kimsə onun bioloji atasının kimliyini dəqiq bilmir.

Anası o, hələ 12 günlük ikən səhhətindəki problemlərə görə onu tanış bir ailəyə verir. Sonra isə şizofreniya xəstəliyi səbəbindən xəstəxanaya aparılmasının ardından balaca qız bundan sonrakı həyatını bir yetimxanada və müxtəlif baxıcı ailələrin yanında keçirmək məcburiyyətində qaldı. Dayısı Marion da həmçinin həmin xəstəxanaya yatırdılmış və xəstəxanadan çıxdıqdan sonra özünü asmış, nənəsi Della və babası Otis də manik depressiya xəstəliyindən əziyyət çəkmişdilər. Norma Cin yeddi yaşına qədər həddindən artıq dindar bir ailə olan Albert və Ida Bolender cütlüyü ilə yaşayır.

Uşaq evində ikən o, Bernis adlı ögey bacısı olduğunu öyrənir. Bu zaman onun sevincinin həddi-hüdudu olmur. Axı, o, tək deyildi, onun da bir bacısı vardı. Bacıdan doğma kim olacaqdı ki ona?! Amma balaca qızcığaz bu doğmalıqdan da məhrum qalır.

Daha sonra anası Qledisin bir ev almasıyla təkrar onunla yaşamağa başlamasına baxmayaraq, anasının ağıl xəstəliyinin pisləşməsinə görə anasının ən yaxın yoldaşı Qreys Makkinin himayəsi altında yaşamalı olur. Bundan sonra bir neçə dəfə də müxtəlif ailələrin, bibisinin yanında yaşayan Norma Cin, hələ 16 yaşındaykən qonşusunun 21 yaşındakı oğlu Ceyms Dogteri ilə tanış olub bir müddət sonra onunla evlənir. Ancaq bu evliliyin əsl səbəbi yenidən uşaq evinə getməmək idi.

Merilin Monro

1944-cü ildə işlədiyi fabrikdə çəkilişə gələn bir fotoqraf tərəfindən kəşf edilən gənc qız onun sayəsində “The Blue Book” manekenlik agentliyində modellik etməyə başlayır. Agentlik onunla uzunmüddətli müqavilə imzalamaq istəyir. Amma buna görə o, subay olmalı idi. Norma da ərindən boşanır və müqavilə imzalanır.

Bu dövrdə o, dayanmadan öz üzərində işləyir, aktyorluq və müğənnilik kurslarına qatılır, saçını kəsdirib, sarı rəngə boyadır.

Qısa zaman ərzində “bu şirkətini ən məşhur modelinə çevrilən Norma, dəfələrlə maqazin jurnallarının üz qabığı oldu. Bu, “20th Century Fox”un baş icraçısı Ben Lyonun diqqətini cəlb etdi və onun üçün sınaq çəkilişi təşkil etdi. Eyni zamanda onunla altı aylıq müqavilə imzaladı. Lyon həm də ondan adını dəyişdirməyini istəmişdi. Dediyinə görə, onun adı səhnələrə yaraşmırdı, köhnə və bir az da uşaq tipli idi. Buna görə də ona Merilin adını məsləhət görür. Bunun səbəbi isə Lyonun qızı keçmiş sevgilisi Merilin Millerə bənzətməsi idi. Soyadını isə Norma özü seçdi: nənəsi Dellanın Monro soyadı. Beləcə səhnələrin yeni ulduzu doğuldu: Merilin Monro.

Artıq o, bir çox filmdə kiçik, epizodik rollara çəkilsə də hələ ki, heç kimin diqqətini cəlb etməmişdi. Elə bu dövrlərdə, daha dəqiqi 1949-cu ildə bir agentlik ona təqvimin üz qabığı üçün modellik təklif edir. Maddi sıxıntılar yaşayan qız kameralara 50 dollar qarşılığında çılpaq poz verməyə razılaşır. Ancaq bir şərtlə ki, onun adı fərqli qeyd olunacaqdı: Mona Monro olaraq. Təqvim yayılsa da, kimsə onu tanımır. 

“Ladies of the Chorus” adlı filmdə ilk dəfə mahnı oxuyaraq rəqs etmək şansı qazandı. 1953-cü ildə oynadığı “Niagara” filmiylə isə nəhayət ki, məhşurluq qapıları üzünə açıldı.

Ancaq elə bu dövrdə bir neçə il öncə təqvim üçün çəkilən çılpaq şəkilləri yenidən başqa bir təqvimdə istifadə olundu və o zaman Mona Monro adıyla gedən şəkillərdə onu heç kim tanımamışdısa, indi bütün xalq tanıyırdı. Bu şəkillər ölkədə böyük bir skandala çevrildi, xalq təəccüb içində idi. Axı daha öncə heç bir aktrisa bunu eləməmişdi. Bir tərəfdən də Merilinin soyuqqanlılığı və rahatlığı hər kəsi çaşdırmışdı. O, müsahibəsində həmin zamanlar pula ehtiyacı olduğunu və buna görə o şəkilləri çəkdirdiyini dedi, xalq da onu bağışladı. Hətta bu müsahibə və hadisəni danışarkən ifadə şəkli onu ulduz etdi, artıq o, seks ikonu kimi tamlıq qazanmışdı.

Beləcə o şəkillər yayıldı, hətta daha sonra “Playboy” jurnalının ilk buraxılışında yayımlandı.

Sonralar film ulduzu deyirdi: “Hollivud sizə bir öpüş üçün 1000 dollar, ruhunuz üçün isə 50 sent verən yerdir. Bunu bilirəm. Çünki ilk təklifi dəfələrlə rədd edib, 50 sentə razı oldum”.

Monro sonrakı aylarda çəkildiyi “Gentlemen Prefer Blondes” və “How to Marry a Millionaire” adlı filmlərin böyük uğur qazanması ilə A sinif aktrisalar sırasına daxil oldu.

“Bir qadını güldürə bilirsinizsə, hər şey etdirə bilərsiniz”

Bir çox ünlü qadınlar kimi onun da eşq həyatı qarışıq, enişli-çıxışlı idi. Ömrünün sonuna kimi üç dəfə evləndisə də sevgililərinin sayı çox oldu. Sanki o, sevgi acı idi və qarşı cinsdən də yalnız sevgi gözləyirdi. Özünün də dediyi kimi, karyera mükəmməl bir şeydir, amma siz soyuq qış gecələrində karyeranızı qucaqlayıb yata bilməzsiniz.

Şöhrətin zirvəsinə ucaldığı həmin dövrlərdə uzun zamandır sevgili olduğu beyzbol ulduzu Co Dimaggio ilə evləndi. Bu evliliyi çox qısa çəksə də, ömrünün sonuna qədər, hətta ölümündən sonra belə bu cütlüyün adı həmişə bir yerdə anıldı, Co onun ən yaxın dostu, sirdaşı, xilaskarına çevrildi. Evlilikdən qısa zaman sonra Co ilə balayını Yaponiyada keçirirlər. Gənc qadın orada da çox böyük diqqət görür. Hətta ölkənin generalının təklifi ilə Koreya əsgərlərinə konsert vermək üçün dörd günlük səyahətə çıxmalı olur. Qısqanc və sərt Co buna qarşı çıxır, amma Merilin onu dinləmir və konserti verir.

Balayından sonra Nyu-Yorka qayıdan Merilin bir neçə filmdə. Sentyabrın 15-də Nyu-Yorkda məşhur ətək havalandırma səhnəsi çəkilir. Merilinin çəkiləcəyi söylənilmədiyi halda oraya 5000 adam və kameraman toplanır və aktrisa o vaxta qədər edilməmiş növbəti bir hərəkəti edir: metro hava ötürücüsü ilə ətəyini havalandırır. Dünyanı sarsıdan bu səhnə əri Conu çox əsəbləşdirir. Amma o, yenə də səbrlə çəkilişin bitməyini gözləyir. Merilin evə gələndə onu əsəbdən rəngi göyərmiş, ağlı başından çıxmış Co qarşılayır və aralarında düşən mübahisədə oğlan dayana bilməyib onu vurur. Bu hərəkət evliliklərinin bitməyinə səbəb olur.

Dörd gün sonra çəkilişə gələn Merilini görənlər şok keçirirlər. Onun bədənindəki göy ləkələri makyajla güclə örtə bilirlər. Cütlük 9 ay sonra 27 oktyabrda boşanır.

Əslində, Co, Merilini çox sevirdi və ondan ailəsinə, evinə bağlı bir qadın olmağını istəyirdi, dünyanın ən seksi qadını yox. Amma o da evlənərkən Merilin Monro kimi dünyanın diqqətini öz üzərində toplayan bir qadınla evləndiyini bilməli idi axı...

“Ağıllı sarışın”... Artur Miller... Depressiya...

Merilin uzun müddət filmlərin çoxunda pula, var-dövlətə həris, daş-qaş həvəslisi ağılsız sarışın qadını oynayır. Bu zaman onun “ağıllı qadın harda ağılsızı oynamaq gərəkdiyini bilə qadındır” sözləri yada düşür. Amma görünür bu rollar onu bezdirmişdi. Buna görə də 1955-ci ildə “The Seven Year Itch” adlı filmi bitirdikdən sonra müqaviləni ləğv edərək New-Yorkdaki “Actor's Studio”'ya incəsənət dərsi almağa getdi.

Merilin göründüyündən daha ağıllı, zəkalı qadın idi, mütaliəni çox sevər, incəsənətə maraq göstərərdi. Dostoyevski heyranı idi, rəssamlardan isə Qoyyanı sevirdi.

Bir dəfə rəfiqələrindən biri ilə ən bəyəndikləri kişilərin siyahısını tutmuşdular. Merilinin siyahısının başında Albert Eynşteyin və dövrün məşhur yazıçısı Artur Miller gəlirdi. Çox keçmədən o, Artur Millerlə eşq yaşamağa başladı və 1955-ci ilin 22 iyununda cütlük 4 dəqiqəlik ziyafətlə evləndi. Bu evlilik boyunca Monro üç dəfə müxtəlif səbəblərdən doğulmamış uşağını itirməyə məcbur olub. Uşaqlığından yaşadığı travmalar, keçirdiyi sarsıntılar, uşaqları çox sevməyinə rəğmən ard-ardına hamiləliklərinin sonlanması, çətin və yorucu iş rejimi artıq onun psixologiyasının pozulmağına gətirib çıxarırdı. Ən yaxın bir-iki adamına hələ gənclik illərindən beyninin içərisində səslər eşitdiyini deyən aktrisa yuxusuzluq xəstəliyindən də əziyyət çəkirdi. Əlbəttə, bütün bunların kökündə həm də genetik faktor da dayanırdı.

Bu dövrdə Zanuk onu geri çağırıb istədiyi şərtlərlə yeni kontrakt imzalatdı. Monro, bundan sonra sadəcə təsdiqlədiyi ssenarilər və təyin etdiyi yollarla işləyəcək və “Fox”dan başqa digər şirkətlərlə də işləyə biləcəkdi. 1955-ci ildə şirkətlə imzaladığı müqaviləyə görə istehsal şirkətinə bağlı olaraq Joshua Logan tərəfindən “Bus Stop”a çəkildi. Bu filmdə salon müğənnisi Cherie rolu ilə ilk dram performansını göstərərək tənqidçilərdən böyük tərif qazandı və Qızıl Qlobusa namizəd oldu.

Bu filmdən sonra yoldaşı Artur Millerlə Londona gedərək Lourens Olivye ilə birlikdə “The Prince and the Showgirl” adlı filmə çəkildi. Film ona Oskara bərabər olan italyan “David di Donatello” və fransız “Crystal Star” mükafatlarını qazandırdı. Eyni zamanda da İngilis BAFTA mükafatına da namizədliyini irəli sürdü.

Merilin 1959-cu ildə karyerasının ən mühüm filmi, onu məşhurluğun zirvəsinə aparan Billy Wilderın rejissorluğu ilə çəkilən “Some Like It Hot” oldu. Monro bu filmdəki aktyor qabiliyyətinə görə bir Qızıl Qlobus mükafatı da qazandı. Ancaq bu filmlə birgə aktirisanın getdikcə səhhətinin pisləşməyi onun çəkilişlərə gecikməyinə, hətta günlərlə getməməyinə, tez-tez mətndəki sözlərini unutmağına səbəb olurdu. Rejissor Billy Wilder isə bunları qəbul edə bilmir. Elə bu vaxtlarda- yəni, film təzə bitərkən Monro hamilə olduğunu öyrəndi və tez bir zamanda uşağını itirdi.

Uyğunsuzlar

Günlər keçdikcə vəziyyət daha da pisləşirdi. 1961-ci ildə aktrisa ilk və son dəfə əri Artur Millerin yazdığı filmdə rol aldı. Baş rolunu Clark Gable ilə paylaşdığı “Uyğunsuzlar” filmində də öncəki filmlərə bənzər hallar, hətta daha pisini yaşayırdı. Film boyunca psixoloji və fiziki problemləri, alkoqol və həb asılılığı, iki dəfə yorğunluq və əsəb pozğunluğu səbəbilə xəstəxanaya yatması çəkilişlərə tez-tez gecikməsinə səbəb olurdu, çox böyük problemlərin olduğu bu film tənqidçilərin və izləyicilərin diqqətini çəkdi. Gözləniləndən daha az satılması və tənqidlərin çoxluğu filmə olan gözləntiləri doğrultmadı. “Uyğunsuzlar” eyni zamanda Clark Gable ilə son filmi olacaqdı. Çünki film çəkilişlərindən çox qısa zaman sonra 59 yaşlı məşhur aktyor qəfildən ölür. Xalq və ətrafdakı hər kəs bu ölümdə Merilini günahlandırır. Çünki çəkiliş prosesində Merilin dəfələrlə problem çıxarır, Gableni çox pis şəkildə əsəbləşdirirdi. Onun ölümündən sonra hətta vəziyyət o həddə çatır ki, yolda insanlar maşını saxlayıb, ona “qatil olmaq necə bir hissdir?” - deyə aqressiyayla yanaşarmışlar.

Bütün bunlar azmış kimi çoxdandır problemlər yaşadığı əri Artur Millerdən də boşanır. Üst-üstə yaşanan xoşagəlməz hallar onda dərin depressiya yaradır. Hətta o bir neçə dəfə intihara cəhd edir. Bir dəfəsində Nyu-Yorkda 13-cü mərtəbədən özün atmaq istəyir, amma son anda vaz keçir. Ona yaxın insanlar deyir ki, bütün bu şöhrətin içərisində o, acı çəkirdi. Bu da onu insan edirdi.

Xilaskar Co

Bunlardan sonra onu güclə dəlixanaya aparırlar. Onun aparılarkənki qışqırıqları hər tərəfi bürüyür. Dəlixanada bağırır, çıxmaq istəyir, amma bacarmır. Dərmanları da yanında yox idi, telefondan istifadəni belə qadağan etmişdilər. O isə təslim olmur. Nəhayət, tualetin pəncərəsini qırıb şüşə qırıntısını biləyinə tutur. Səsə həkimlər gəlir. Əslində, o, illər öncə oynadığı filmdən bir səhnəni canlandırırdı. Həkimləri isə inandıra bilmişdi. Axı onsuz da o, intihara meyilli idi. Merilin sonunun anası kimi olacağından, xəstəxana divarları arasında ölüb gedəcəyindən qorxurdu. Bu hadisədən sonra ona tək bir telefon haqqı verdilər. O isə ikinci əri Coya zəng elədi, ağlaya-ağlaya hər şeyi danışdı. Həmin vaxt Floridada olan Co ilk təyyarə ilə Nyu-Yorka gəldi və böyük çətinliklə onu xəstəxanadan çıxartdı. Daha sonra o, Merilindən daha yaxşı bir xəstəxanada yatmağını istədi. Merilin isə Conun hər gün gəlib ona baş çəkəcəyi şərti ilə razılaşdı və Payne Whitney Psixiatrop Klinikasında 3 həftə yatdı. O, oradan çıxarkən yenə də onu böyük bir izdiham qarşıladı.

“Mən ABŞ prezidentini sevən bir qadınam”

Co ilə münasibətləri düzəlsə də aralarında yenidən sevgi yaranmır. Həmin dövrdə o, başqa birinə - Amerikanın prezidenti Kennediyə aşiq olur. Bu eşq ona çox böyük əzablar yaşadır. O özü bunu belə etiraf edir: “İnsanlar məni görüb çox gözəl bir həyat yaşadığımı düşünürlər. Amma mən dünyanın ən çox təhlükə altında olanı adamını - ABŞ prezidentini sevən bir qadınam və böyük acılar içində qıvrandığımı bilmirsiniz”.

1962-ci ildə aktrisa “Something's Got to Give” adlı komediya filmində oynamağa qərar verdi. Bu film eyni zamanda Monronun ilk çılpaq səhnələrinin olacağı film idi. Ancaq film boyunca xəstə olduğunu deyən və eşq yaşadığı irəli sürülən J.F. Kennedinin ad günü üçün mahnı oxumağa getməsinə görə Fox şirkəti tərəfindən filmdən qovuldu, müqaviləsi ləğv edildi.

Ölüm “gəlirəm” deyir

Sonradan Monronun səyi nəticəsində yenidən filmə çağırılır və avqustun 1-i yeni müqavilə imzalanır. Oktyabr ayında çəkilişlər başlamalı idi. Amma müqavilə imzalanandan cəmi 3 gün sonra Monro yüksək dozada sakitləşdirici qəbul edərək 5 avqust 1962-ci ildə Brentvud, Los-Ancelesdəki evinin yataq otağında hələ 36 yaşında həyatdan köçdü. Ölümün ardından fərqli fikirlərin irəli sürülməsi və yüksək dozda Barbitürat alımı nəticəsində intiharın elan edilməsinə qarşı, hadisə yerində dəlil çatışmazlığı, klinik testlər üçün götürülənlərin sonradan yoxa çıxması və başda köməkçisi Eunice Murray olmaqla hadisə şahidlərinin fərqli ifadələri ölüm səbəbinin cinayət olduğuna və siyasi səbəblərdən Cia, Mafiya və Kennedi ailəsinin buna səbəb olduğuna dair bir çox təsdiq olunmamış fərziyyələr ortaya atıldı. Monronun bədəni daha sonra köhnə yoldaşı Co Dimacioya təslim edildi və onun təşkil etdiyi dəfn mərasimi ilə 8 avqust 1962-ci ildə Westwood Village Memorial Park Məzarlığında dəfn edildi.

Hələ evli ikən Merilin ikinci əri Codan bir şey xahiş etmişdi: ölümündən sonra hər həftə onun məzarına gül qoysun. Co bu sözünə əməl edir və düz 20 il boyunca hər həftə onun məzarını tər çiçəklərlə bəzəyir.

Bu günə qədər də onun ölümünün əsl səbəbi naməlumdur. Doğrudur, o, intihara meyilli idi. Hətta ölümündən əvvəlki bir ay ərzində də eyni səbəbdən - yüksək dozda dərman qəbulundan ölümün bir addımlığından qurtulmuşdu, amma hər şeyin düzəldiyi vaxt, o qədər səy göstərib filmə geri çağırılmışkən birdən birə intihar etməyi qəribədir. Ögey qardaşı tətildə olduğundan ölümünü çox gec öyrəndi. Anası yəqin ki, səhhətindəki problemlərə görə qızının vida mərasiminə qatılmadı. Özü isə ondan sonra hələ 20 il də yaşadı.

Cazibədar aktrisanın ölümündən bir həftə sonra Nyu-Yorkda intihar statistikası heç görünməmiş şəkildə artdı - gündə 12-yə qədər yüksəldi. İntihar edənlərdən biri ölümündən öncə belə bir məktub yazmışdı: “Dünyanın ən gözəl və ən möhtəşəm insanı yaşamaq üçün bir səbəb görmürsə, mən necə görüm?”

Cazibədarlığı, incə zəkası, saf gözəlliyi, macəralarla dolu həyatı ilə Merilin Monro bu gün də haqqında ən çox danışılan qadınlardan biridir. O, 1999-cu ildə Amerika Kino İnsitutunun bütün zamanların ən böyük qadın kino ulduzları sıralamasında altıncı sıraya layiq görülmüşdür. Haqqında 200-ə yaxın kitab yazılıb. Sağlığında isə cəmi bir avtobioqrafik roman yazılmışdı. Bir çox mahnı ona ithaf olunub.

 





05.08.2018    çap et  çap et