525.Az

Siyasi fırtınalara barbarlığın təsiri - (XIX əsr Argentinasının timsalında)


 

Siyasi fırtınalara barbarlığın təsiri -<b style="color:red"> (XIX əsr Argentinasının timsalında)</b>

(Əvvəli ötən şənbə saylarımızda)

Bir dəfə adamları günəmuzd işə götürməsi barədə ondan sənədi soruşduqda, o, cibində nəyisə axtardığını nümayiş etdirdi, bıçağının zərbəsi ilə bu sualı verən həmin hakimi yerə sərdi.

1810-cu ildə o, ordu sıralarına daxil oldu, lakin o, intizam yükünü çəkməyə qadir deyildi, kazarma qaydasına da dözə bilmirdi. O, öz taleyini özü qurmaq istəyirdi, bunun üçün malik olduğu hər şeyi - igidliyini və cinayəti, hakimiyyətini və iradəsini işə salırdı. Onun zabit olduğu qoşunda əsgərlərin xidmətdən qaçması üzündən hərbi dəstənin tərkibi xeyli seyrəlməyə başladı.

Sonralar Kiroqa da, Rosas da dəfnə kölgəsində böyüyən bütün ilanlar kimi istiqlaliyyət uğrunda vuruşan ordu zabitlərinə nifrət bəsləmələri ilə seçildilər, onların hər ikisi inqilab mübarizələrini qanlı bir hamamda çimməyə qonaq etdilər.

Atası əclaf oğlunu tutdurmaq istəyəndə, Fakundo ona şillə vurub demişdi: “Sən mənim həbsimi istəyirdin? Al, indi isə çöldə küləkləri axtar”. Bir il keçdikdən sonra atasının yanına gəlib, onunla barışmışdı.

Onun marşrutu yollar, qumarxanalar, pampa idi, hər yerdə o, cinayətlər törədir, yeni qanlı mübahisələri ilə isə hökmən dava əmələ gətirirdi.

Fakundo dustaqxanaya salındıqda, orada da cinayətkarların arasında idi, onu azad edənin başını yarmışdı, keçdiyi küçə isə meyitlərlə dolu idi. Bəziləri onu müdafiə etmək üçün deyirdi ki, o, özünə süngü ilə yol açmağa məcbur olmuş, vur-tut üç adamı öldürmüşdü.

Beləliklə, Fakundonun iyrənc xarakterini, gördüyü pis tərbiyəni və qəddarcasına qaniçən instinktini açıb göstərən, eybəcərliklərdən xəbər verən hadisələrlə dolu həyatı yalnız ikrah hissi doğura bilərdi. O, bir qayda olaraq mərifətli, nəzakətli adamlara nifrət bəsləyirdi. Ancaq sərxoş edən içkiləri də heç vaxt içməmişdi. Allaha da sitayiş etmirdi, kilsəyə getməmişdi. General olanda özü etiraf etmişdi ki, heç bir müqəddəsliyə inanmır. Onu günahlandırmaq da olmazdı, o, məhz belə doğulmuşdu. O, ictimai pilləkənlə qalxırdı ki, əmr etsin, hökmünü göstərsin, şəhərlərlə, polislə vuruşsun. Yəhər üstündəki həyat təhlükələrlə və həyəcanlarla dolu idi, onun ruhunu möhkəmləndirmiş, ürəyini codlaşdırmışdı. Onu təqib edən qanuna qarşı könlü, qarşısı alınmayan bir nifrətlə dolu idi, onu cəzalandıran hakimlərə də, bütün cəmiyyətə də nifrət edirdi. Axı o, uşaqlıqdan cəmiyyəti özünün kor təbiəti ilə rədd etmişdi, cəmiyyət də ona eyni səviyyədə şübhə və nifrətamiz münasibət bəsləyirdi.

Fakundo - primitiv barbarlığın təcəssümü idi, O, heç bir tabeliyə dözmürdü. Onun qəzəbi vəhşi heyvan qəzəbi idi. Bir dəfə hirslənəndə o, təpiyi ilə birinin başını yarmışdı, səbəb də ondan ibarət idi ki, həmin adam qumar kartı stolunda onunla mübahisəyə girişmişdi. Ondan kiçik məbləğdə - 30 peso pul istədiyinə görə öz məşuqəsinin qulaqlarını dartıb qoparmışdı. Səsini kəsə bilmədiyi oğlu Xuanın başını balta ilə əzmişdi. Bu hərəkətlərinə görə o, ən azı, psixiatrik xəstəxanada müalicə olunmalı idi. 

O, hərəkətlərinə görə adamları heyran edə və hörmət qazanmağa nail ola bilmədiyinə görə, məhz qorxu təlqin etməyə üstünlük verirdi. Dövlət həyatının sükanı arxasında dayanmaq imkanına malik olmadığından, bunun əvəzinə o, dəhşət səhnələrindən həzz alırdı. Tabeliyində olanlara, sahib olduqları vətənpərvərliyi və fədakarlığı özündən olan qorxu ilə əvəz edirdi. Cahil adam olduğundan özünü sirr və əlçatmazlıq haləsinə bürüyürdü. Təbii fərasəti ilə və bənzərsiz müşahidə qabiliyyətindən, həm də cahil adamların sadəlövh etibarından istifadə edərək, özünü elə göstərirdi ki, gələcək hadisələri qabaqcadan xəbər verə bilir. Bütün bunlar ona sadəcə cahil adamlar arasında hörmət qazandırırdı.

Hər cür fırıldağa əl atmaqla özü barədə yüksək fikir yarada bilirdi. Bir dəfə nəsə oğurlanmışdı və oğrunu tapmaq mümkün olmamışdı. O, öz dəstəsini yığıb dedi ki, çubuqlar eyni uzunluqda kəsilsin və əsgərlərə paylansın. Əminlik qaydasındakı uca səslə dedi ki, sabah səhər kimin çubuğu daha uzun olsa, onun oğru olduğu təsdiq olunacaqdır. Səhərisi günü dəstə toplaşdı, çubuqları yoxlamağa, müqayisə etməyə başladılar. Birinin çubuğunun başqalarından gödək olduğu gözə çarpdıqda, Fakundo onun oğru olduğunu bildirdi. Həqiqətən də, oğru həmin adam idi. Bu sadəlövh, hər şeyə inanan qauço çubuğunun böyüyəcəyindən qorxub, onu kəsib gödəltmişdi. Fakundo isə bu primitiv əməliyyatları ilə özünü hər şeydən hali olan İsrail çarı Solomon kimi göstərmək istəyirdi.

O deyirdi ki, əgər qauço ayaqlarını sürtə-sürtə yeriyirsə, deməli, o, aldadır. Oğurluqda ittiham olunan bir qauço qamçı zərbəsi altında boynuna aldı ki, bir cüt öküzü o oğurlamışdır. Bütün bunlara görə adamlar Fakundonun fövqəltəbii qüdrət sahibi olduğuna inanırdılar.  

Pampa sərkərdəsi 

Düzənliyin sakini bilir ki, o, ən bədbəxt, ən fağır və həm də vəhşi varlıqdır. Dünya haqqında heç nə bilmədiyindən, o, əgər yalnız acından əziyyət çəkmirsə, özündən razı olmaqla, özünü xoşbəxt hesab edəcəkdir.

La-Rioxa əyalətinə Kiroqanın gəlməsi ilə bu diyarda çoban stixiyası meydana gəldi. Elə bir gün gəlib çıxdı ki, kənardan dəstək zərurətini hiss etdikdə və ya qorxudan onlar öz aralarından bir cəsur adamı komandan seçdilər və əslində, bu, bədbəxt kütləni məhvə aparan Troya atı rolunu oynadı. Bu məkrin köməyi ilə yunanlar Troyaya daxil ola bilmiş və sakinləri məğlub etməklə bu gözəl şəhəri məhv etmişdilər.

Fakundo heç ordu generallarına da məhəl qoymurdu, sərəncam olmadan döyüşə başlayır və özü bildiyi kimi də hərəkət edirdi. Ordunun Ali Şurası generaldan onu tutmağı, mühakimə etməyi və güllələməyi tələb etdi. Lakin general bundan imtina etdi, bu imtina heç də zəiflikdən irəli gəlmirdi, yalnız ona görə belə hərəkət etdi ki, Kiroqa onsuz da, artıq ona tabe deyildir, daha çox onun bir heybətli müttəfiqidir. General Aldao hətta bir şəhəri tutmaq üçün ona əlavə dəstə də vermişdi. O, şəhəri tutub hakimiyyət nümayəndələrini həbs etdi və əmr verdi ki, öz qarşıdakı ölümlərinə hazırlaşsınlar. O, gücünü hiss etdiyindən şəhəri bütünlüklə dağıtdı.

Fakundo istənilən vasitədən istifadə edərək, öz gəlirlərini artırmaq qayğısına da qalırdı.  İki il keçdikdən sonra o, artıq qubernatorlarından qaramal şəklində vergini almaq istəmədi, sadəcə olaraq öz damğasını malikanələrə göndərdi ki, onların sahibləri onun özünə məxsus olan mal-qaranı orada saxlasınlar, çünki hələ bu qaramal ona lazım deyildi. Onun naxırı yeni ianələr hesabına böyüyürdü. On ildən sonra çoban əyalətlərindən birinin qaramalının yarısı artıq komandana məxsus idi və onun damğası ilə damğalanmışdı. Heç kəsə məxsus olmayan naxır əvvəllər dövlət xəzinəsinə daxil olduğu halda, Fakundo belə naxırların özünə verilməsini tələb etdi. Artıq o, ildə 6 min bala verən inək naxırının sahibi idi. Onun qoşunu göründüyü yerlərdə bazarı ətlə təmin etmək hüququ da təkbaşına ona məxsus olurdu.

Axı Fakundo üçün yeganə qoşun onun kobud gücü idi. Həm də o, öz atından başqa heç nəyə inanmırdı. Başqalarının rəyi də onun üçün elə bir əhəmiyyət kəsb etmirdi.

Müharibə də böyük xərclər tələb edirdi və onun bütün ağırlığı əyalət sakinlərinin üzərinə düşürdü. Fakundo artıq qırxılmış qoyunları yenidən qırxmağa adət etmişdi. Qədim Roma imperatoru Tiberi (b.e. I əsri), azğınlıqla daha çox vergi yığmağa can atan öz valiləri haqqında deyirdi ki, mən onlara qoyunları qırxmağı tapşırmışam, onlar isə bunun əvəzində qoyunların dərisini soyurlar.

Fakundonun tamahı heç bir hədd tanımırdı. Ərləri, ataları və qardaşları ondan gizlənmiş qadınlardan da təzminat ödəməyi tələb edirdi və bu, ona heç də az gəlir gətirmirdi. Meydanda öz bədbəxtliklərinə görə ağlayıb hıçqıran və qışqıran qadınları onun banditləri qamçılamaqla və güllələməklə hədələyirdilər. O, nə qədər qəddar və qaniçən olsa da, hər şeydən əvvəl sadəcə barbar idi, öz ehtirasının coşmasını saxlaya bilmirdi. Bu iyrənc terrorist bir şəhəri tutanda kimisə güllələyir, kimisə qamçılayırdısa, o, bunlara elə bir əhəmiyyət də vermirdi. Güman edirdi ki, bu, onun hüququdur, haqqıdır və onların icrası yalnız adamların ram etmək üçündür. Qorxu, vahimə heç də tüfəngdən zəif silah deyildir.

Fakundoda, ümumiyyətlə, heç bir mərhəmət hissi yox idi. O, adamları qətlə yetirməkdən, edam etdirməkdən yırtıcı heyvanlara məxsus olan bir qaydada həzz alırdı. İnsanların taleyi, həyatı ilə oynamaq ona əyləncə təsiri göstərirdi. Bir dəfə ponçosunda ağac kölgəsində dincələndə, onun yanına bakirəlik, gözəllik işarələri saçan gənc qızlar gəldi. Qızlar qorxur, danışmağa cəsarət etmirdilər. Nəhayət, o, qızlardan nəyə görə gəldiklərini soruşdu. Onlar bir ağızdan yalvarmağa başladılar ki, dustaqxanada öz edamlarını gözləyən zabitlərə mərhəmət göstərib, onları əfv etsin. Fakundo vaxtı uzatmaq üçün onların hansı ailədən olmaları ilə də maraqlandı. Qızlar ruhlandılar ki, o, qərarını dəyişəcəkdir. Bir qədər sonra Fakundo onlara dedi ki, “Güllə səslərini eşidirsinizmi?” Sonra əlavə etdi. “Gecdir! Artıq onlar güllələnmişlər.” Bu mələk simalı qızlar dəhşətə gəldilər. Öz əmri ilə Fakundo 33 zabiti güllələtmişdi. O, edam edilənlərin cəsədlərini təhqir etməyi də unutmurdu. Onun süvariləri meyitləri lasso ilə sarıyıb qəbiristanlığa sürüyürdülər. Sürünən vaxt itirilən başlar, əllər Tukumanın şəhər meydanında itlərin qidalanmasına xidmət edirdi.

Başqa bir misal. Fakundodan xahiş edildi ki, həbs etdirdiyi nüfuzlu adama öz vəsiyyətini yazmağa və bir xristian kimi günahlarını tövbə etməyə vaxt versin. O, həmin xahişlə müraciət edənlərin hamısını dustaqxanaya göndərdi, onlar da digər həbs edilmişlərlə birlikdə o dünyaya yollanacaqdılar.

General Lamadrid böyük qəhrəmanlıq göstərib, həlak olmuşdu. O, qeyri-adi igid adam idi, 14 yaşı olanda ispanlarla müharibədə vuruşmuşdu. O, süvari zabiti və həm də şair idi. Lamadrid Tukumanda Fakundonun dörd dəfə artıq qüvvəsini məğlub etmişdi. Döyüş qurtarana qədər Fakundo meydanda görünməmişdi. Ağır döyüşdə Lamadridi güllə atəşi və süngü zərbəsi ilə vurmuşdular. Sonra onun cəsədini yandırdılar. Məlum oldu ki, bədənindəki 11 yara ilə o, sürüşüb kolluğa çatmış, “Mən təslim olmuram!” sözlərini sayıqlamışdı. Həqiqətən də, o, heç vaxt təslim olmamışdı. Fakundo belə cəsur insana da hörmətlə yanaşmaq əvəzinə, qələbə qəniməti kimi generalın qılıncını ələ keçirmişdi.

Fakundonun qəddarlığı ilə yanaşı, bir ehtiras mənbəyi də var idi, bu da qumar idi. Qumar onun daimi əyləncəsi olmaqla, həm onu narazı salır, həm də ona həzz verirdi. Qumar oyunu onu əsəbiləşdirirdi, canlandırırdı, həm də əzirdi. Oyun ona, əslində, narkotik təsiri göstərirdi. O, uşaqlıqdan qumarbaz idi. Qumar onun yeganə sevinci. istirahəti, bütöv həyatı idi. Ondan heç kəs böyük miqdarda pul uda bilmirdi. Udan adama isə stolun arxasından durmağa icazə vermirdi. O bədbəxt də bütün udduqlarını itirməli olurdu. Bir gənc Fakundodan böyük məbləğdə pul udmuşdu, Fakundo artıq oynamaq istəmirdi. Lakin həmin gənc oynamağı davam etdirməyi təkid edirdi. Fakundo bütün uduzduqlarını qaytardı və bu barbar, gəncə qumarbaz olduğuna görə 2 min qamçı vurulmasını əmr etdi.

Barbarlıq dühası olan Fakundo hökmranlıq etdiyi diyara malik olduqda, idarəetmə adətləri bütünlüklə korlandı, iflasa uğradı, qanunlar kobud əllərdə kövrək oyuncaqlara çevrildi. Bir qayda olaraq, at ayaqlarının dəfələrlə tapdaladığı düzdə heç nə bitmir.

Dəlisovluq, bekarçılıq və veyillik - qauço üçün ən yüksək həyat tərzidir. Qauço yalnız özünü, özünə məxsus olanları düşünür, digər dəyərlər isə onun üçün heç nədir. O, pis adətlərini tərgitmirdi, müqəddəs olanı da qəbul etmirdi. Şəhərdəki heykələ tamaşa etmək, ehtiram bəsləmək əvəzinə, ondan atının yüyənini bağlamaq üçün istifadə edirdi.

Argentina qauçosunun vətənpərvərliyi ölkəsinə ünvanlanmırdı, yalnız öz əyalətinə sədaqət çərçivəsində qalırdı. Bütün digər əyalətlər onun gözündə düşmən idi və ona yaddır. Onlar elə bil ki, aralarında müharibə gedən ayrı-ayrı tayfalardır. Çingiz xana qədər monqol tayfaları da bir-birinə belə münasibət bəsləyirdi. Respublikanın barbarlıq əlaməti altında birləşməsi də əyalətlərdə sərgərdanlıq edən həmin bəd qauço əhvalatından başlayırdı.

(Ardı var)

 





06.08.2018    çap et  çap et