525.Az

Hüznlü notlarda ilahi məhəbbət nəğməsi


 

Hüznlü notlarda ilahi məhəbbət nəğməsi<b style="color:red"></b>

Filologiya elmləri doktoru,
professor

YUSİFİN “ANAMA MƏKTUBLAR” KİTABI HAQQINDA DÜŞÜNCƏLƏR 

Dünyada anasını sevməyən insan çətin ki, tapılsın. Çünki analar bizə həyat verən Tanrının özü qədər sirrli və müqəddəsdir. Bizi bu dünyaya gətirən, gecələr sübhədək yuxusuz qalan, kiprikləri ilə od götürə-götürə bizi böyüdən, içimizdə həyat çırağı yandıran, sabaha boylana bilməyimiz üçün bizə bir ümid pəncərəsi açan, sonsuz sevgisini heç vaxt bizlərdən əsirgəməyən ilahi varlıqdır analar. Bütün hallarda insan ruhuna hakim olan ANA mövzusu, təkcə cazibədarlığı ilə deyil, həm də mistik gücü ilə insanın qəlbini oxşayır. Mən Yusifin “Anama məktublar”ını oxuyanda bu hisslərin nə qədər ali, nə qədər güclü olduğunu, həm də insanda hüdudsuz duyğu burulğanı yarada bilmək qüdrətini hiss etdim.

Hər kəs üçün bir Tanrı mələyidir analar. Amma hər kəs bu mələk simaya özünün dərk olunmuş tükənməz sevgisini ömrünün fərqli çağlarında, fərqli zamanda dərk edir, onu ifadə etməyə, əbədiləşdirməyə çalışır. Əlbəttə, ana sevgisini ağılla dərk etmək məsələnin bir tərəfidir, əsas məsələ onu necə, hansı formada ifadə etmək, könül rübabını necə dilləndirməkdir. Bəşər mövcud olandan insanlar bu sevginin şəninə nəğmələr qoşsa da, onu daş, kağız və kətan üzərində ən müxtəlif formalarda ifadə etsələr də, bu mövzu tükənmir, zaman-zaman yenə ana sevgisi haqqında danışmaq ehtiyacı yaranır, çünki mövzu əbədi, istək bəşəridir. Yaradıcı insanlar analara həsr etdikləri bütün sənət əsərlərində, o cümlədən xirda şeirdən tutmuş qalın romanlaradək həmişə ilahi məhəbbət qarşısında imtahan verirmiş kimi görünürlər. Bu baxımdan Yusifin “Anama məktublar”ı da bir övlad imtahanıdır. Zərif, ülvi duyğularla yaşayıb onu dilə gətirməyi bacaran, bütün vücuduna hopmuş, tükənməz  ana məhəbbətini həyat və əxlaq kredosuna çevirmiş bəşər övladının ictimai imtahanıdır bu əsər.

“Anama məktublar” təkcə cazibədar mövzusu ilə deyil, həm də  elegiya ilə adi həyat hekayətinin qovuşuğuna söykənən yeni forması, bədii-publisistik  üslubu və intonasiya əlvanlığı ilə də mənə bir az qeyri-adi göründü.  Əsl Azərbaycan qadını, ləyaqətli ömür-gün yoldaşı, mehriban bir anaya – Şəfiqə xanıma ünvanlandığı məktublarla Yusif həsrətini bir az ovutmağa, səsini-ününü anasına çatdırmağa çalışır. Bu səbəbdən də əsərin əsas mövzusu müəllifin bir növ analıq rəmzi kimi təqdim etdiyi Şəfiqə xanımın böyüklüyü, ucalığı barədədir. Onun bütün keşməkeşli ömür yolu, ibrətamiz bioqrafiyası müəllifin kifayət qədər maraq doğuran şirin təhkiyəsi ilə verilir.

Həyat gözəldirsə, onun bir parçası olan ölüm də gözəldir (L.Tolstoy). Lakin anası üçün özünü fəda etməyə hazır olan bütün övladlar kimi Yusif də bu “gözəllik”lə barışmaq istəmir. O, ürəyinin odu ilə yazdığı lirik məktublarda analı dünya qurmağa, Ana hənirtisini duymağa, həmin virtual dünyada bir könül xoşluğu tapmağa çalışır. Şübhəsiz ki, bu qeyri-adi dünyaya aparan yollar qeyri-adi sevgidən keçir. Müəllifin bu sevgisini isə bizlərə qanadlı sətirlərə səpələnərək  sanki sözlərdə canlanan qəlb yanğısı, hüznlü könül çırpıntıları, həzin notlarla süzülüb gələn ürək pıçıltıları duydurur.  İstər-istəməz burada adamın Nitşenin “valideynlər sonradan övladlarının cismlərində yaşayırlar” sözlərinə inanmağı gəlir.

Əsərin birinci cümləsindən son sözünə kimi bir övlad varlığında çırpınan tükənməz ana sevgisi həzin layla kimi oxucunu öz qanadlarına alaraq qeyri-adi bir ovqat yaradır. Bu ovqat hər zaman beynimizdən keçən suallara yenidən qol-qanad verir: dünyada ana qucağından isti, ana qoynundan məhrəm, ana ürəyindən geniş ikinci bir məkan varmı? Hansı yaşda oluruqsa-olaq, analarımızın isti qucağına, şirin nəfəsinə, məhrəm əllərinin sığalına hər zaman ehtiyac duyuruq. Ona görə də ən yaxın  sirdaşımız olan anaları itirəndə heç cür ovuna, təsəlli tapa bilmirik.

Əsər üçün seçilən forma orijinaldır, ana itkisindən qovrularaq qalmış bir övladın dünyasını dəyişmiş müqəddəs anaya məktubları formasında düşünülmüşdür. Bu üç poetik məktubda həm poeziyanın emosional çalarları, həm nəsrin ortaya çıxartdığı qeyri-adi formalar, həm də publisistikanın sənədli gücü tam vüsətlə iştirak edir. Bütün bunların arxasında isə dilin poetik imkanlarından bəhrələnən, sözləri inci kimi sapa düzən odlu bir ürək və güclü qələm sahibi dayanır. Kitab, sözün həqiqi mənasında anaya tükənməz məhəbbət dastanıdır. Onun qızmar sətirləri arasında “səhərləri ilıq bir ümidlə qarşılayan, axşamları soyuq nigarançılıqla yola salan” bir övladın ürək çırpıntılarında sözlə ifadə oluna bilməyəcək ilahi məhəbbəti görünür.

Bu məktublarda anaya sevginin geniş miqyası, sanki qüdrətli bir energetik gücə çevrilərək müəllifin dil və təfəkkürünün də dərinə işləməsi  üçün sehirli və həm də hüdudsuz imkanlar açır. Müəllif anasına olan ilahi məhəbbətin qüdrəti ilə kitab səhifələrinə hər biri bir batman gələn sözlərdən incə ləpirlər salır. Oxucu bu ləpirlərin izi ilə Şəfiqə ananın gəncliyindən ömrünün son günlərinədək olan həyat lövhələrini bir-bir göz önündən keçirir. Bu epizodlarda nə qədər çətinliklər, nə qədər fədakarlıqlar, ailə, həyat yoldaşı və övladlar üçün nə qədər can yanğısı var.

Başdan-ayağa səmimi bir kövrəkliklə yazılmış “Anama məktublar”  oxucuya bir çox hikmətləri təlqin edir. Müəllifə görə, haqq dünyaya təmiz, ləkəsiz bir ruhla üz tutan insan bu dünyada nigaran qala bilməz. Bu dünyadan köçsələr belə anaların ruhu övladların üzərinə kölgə salır, onları xəta-bəladan qoruyur. Tərbiyə anadan gəlir, ailədə kişinin zəhmi müəyyən hava yaratsa da övladlar üçün yol göstərən anadır və s.

Ölkəmizin nəşriyyat təcrübəsində ciddi yenilik kimi diqqəti cəlb edən kitabın bədii dizaynı (tərtibçi Tərlan Qorçu, səhifə düzümü Hikmət Aydınoğlunundur) haqqında ayrıca danışmaq lazım gəlir. Zövqlə seçilib düzülmüş fotolar məzmunca çox informativdir, bir ailənin, bir ocağın timsalında bütöv bir nəslin və epoxanın ab-havasını canlandıra bilir. Ona görə də “Anama məktublar” ürəyində tükənməz ana sevgisi yaşadan bir fərdin duyğuları çərçivəsindən kənara çıxaraq ictimai məzmun ala bilir. Çünki  Yusifin qeyri-adi söz çələngi ilə övladların ürəyindən süzülüb gələn ilahi məhəbbətin poetik mənzərəsini yarada bilir. Bu mənzərədə hər kəsin sevgi payı var, hər kəs öz anası ilə danışa biləcəyi kodları tapa bilir.

lll

Kim nə deyir desin könül yarpaqlarını tərpədə bilən istənilən bədii əsər (şeirli, nəsrli, publisistikalı) də musiqi kimi müəyyən ovqata bağlıdır, çünki insan ruhunun ehtiyaclarına köklənə bilir. Daha doğrusu, həmin əsər hansısa düşüncə anında rahatlıq tapmayan duyğu və düşüncələri oxşayır, qəlb çırpıntılarının sirli hayqırtılarını ovudaraq sakit bir məcraya yönəldə bilir. Belədə insan düşdüyü situasiyanın bütün rənglərini görə bilir. “Anama məktublar” belə bir poetik gücə malik əsər olduğu üçün onun haqqında söz demək ehtiyacı hiss etdim. Amma burada başqa məqam da var.

Bu əsəri  oxuduğum günlərdə xəstə anama da baş çəkir, onunla daha çox ünsiyyətdə olmağa çalışırdım. Anam neçə vaxtdır ki, xəstədir. Qaçqınlıq onun da həyatının məcrasını dəyişdi, qəddini əydi, tez qocaltdı onu. Əvvəl üzünün təbəssümü ərşə çəkildi, sonra gözünün işığı azaldı. Yavaş-yavaş yaddaşını, indi isə taqətini itirib, yatağa düşüb. Zəifləmiş əlləri heysizdir, daha mən boyda “uşağa” nəvaziş göstərə bilmir.  Həmişə əzizlədiyim balaca barmaqları ovcumun içində dəmirə  dönüb, adamı ən çox qorxudan da baxışlarının uzun müddət qeyri-müəyyən nöqtəyə zillənməsidir. Hansı yaşda olursa-olsun heç kim anasını itirmək istəmir. “Anama məktublar” həm də buna görə mənə misilsiz və həyati bir əsər təsiri bağışladı.

 





29.07.2013    çap et  çap et