525.Az

Növbəti Xəzər sammiti: Konvensiyanı imzalamaq mümkün olacaq?


 

Növbəti Xəzər sammiti: <b style="color:red">Konvensiyanı imzalamaq mümkün olacaq?</b>

Məlum olduğu kimi, avqustun 12-də Qazaxıstanın Aktau şəhərində Xəzəryanı dövlət başçılarının növbəti sammiti keçiriləcək.

Sayca beşinci olan bu sammitdə böyük ehtimalla Xəzərin hüquqi statusuna dair Konvensiyanın imzalanması gözlənilir. Bundan əvvəl avqustun 11-də isə Xəzəryanı dövlətlərin Xarici İşlər Nazirləri Şurasının  iclası baş tutacaq. Xatırladaq ki, 5 Xəzəryanı dövlət - Azərbaycan, Qazaxıstan, Türkmənistan, İran və Rusiya dənizin hüquqi statusunun müəyyən ediməsinə dair uzun illərdir danışıqlar aparırlar. Əsas mübahisə dənizin milli sektorlara bölünmə prinsipinin razılaşdırılmaması idi.

Bir neçə gün əvvəl bu barədə məsələyə toxunan Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Ria Novosti agentliyinə bildirib ki, ötən illər ərzində həyata keçirilmiş böyük işlər Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya layihəsini razılaşdırmağa imkan verən nəticəyə gətirib. Onun sözlərinə görə, bu, Qazaxıstanda keçiriləcək Xəzəryanı dövlət başçılarının 5-ci zirvə toplantısında imzalanması üçün bütün lazımi şərtləri yaradıb:  "Bütün ölkələrin Konvensiyanın mətni ilə bağlı iradları  oldu. Bu, belə hüquqi sənədlərin işlənməsi üçün çox sadə beynəlxalq təcrübədir. Məlum olduğu kimi, 1996-cı ildə Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın hazırlanmasına dair Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin müavinləri səviyyəsində xüsusi işçi qrupu yaradıldı, bu format çərçivəsində 51 görüş keçirilib. Təbii ki, tərəflərin mövqelərinin razılaşdırıldığı bir vaxtda, iştirakçılar arasında Xəzər məsələləri üzrə ənənəvi Azərbaycan-Rusiya məsləhətləşmələri də daxil olmaqla,  əlaqələr qurulmuşdur".


Konvensiya layihəsində üç ölkənin Xəzər dənizində hərbi mövcudluğu barədə razılığa gəlmələri məsələsinə toxunan XİN rəhbəri deyib ki, belə bir sənədi imzalayan tərəflər ondan irəli gələn hüquq və öhdəliklərini yerinə yetirirlər: "Pacta sunt universal prinsipindən irəli gələrək, biz Konvensiyada təsbit olunmuş müddəalara sadiq olmalıyıq. Xəzərdə qeyri-sahilyanı ölkələrin silahlı qüvvələrinin olmaması belə razılaşdırılmış müddəalardan biridir. Ümumiyyətlə, sənəddə bildirilir ki, Xəzər sülh, mehriban qonşuluq, dostluq və əməkdaşlıq zonasıdır. O, ölkələrimizi birləşdirən, məhdudlaşdırmayan, əksinə, onların imkanlarını genişləndirən, milli iqtisadiyyatın inkişafı üçün optimal şərtlərlə təmin edən körpü olaraq qalır və qalmalıdır.

Xəzəryanı ölkələr uzun müddətdir ki, öz hüquqlarından istifadə edir və beynəlxalq əməkdaşlıq çərçivəsində resurslarının istifadəsi üçün səmərəli infrastruktur yaradıblar. Müvafiq investisiya mühiti var idi. Ölkələrimizin uğurları Xəzərdə gələcək əməkdaşlığın inkişafına, etimad tədbirlərinin mövcud mexanizmlərinə və hər kəsin faydasına xidmət edir".

Qarşıdakı sammitin mümkün nəticəsini şərh edən Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun Mərkəzi Asiya və Qafqaz Araşdırmaları Mərkəzinin analitik qrupunun rəhbəri, rusiyalı politoloq Stanislav Pritçin hesab edir ki, Konvensiyada əsas prinsip qoyulur, dənizin statusu ilə bağlı bütün bəyannamələri, sənədləri, siyasi bəyanatları birləşdirilir və bir növ Xəzər regionunun Konstitusiyasına çevrilir. O deyib ki, layihənin bəyannaməsinə əsasən, Xəzər dənizinin dialoq çərçivəsində delimitasiyası Rusiya, Azərbaycan və Qazaxıstan arasında şimal hissəsinin bölünməsi baş verdiyi kimi iki və üçtərəfli əsasda keçiriləcəkdir: "Sənəddə aydın şəkildə qeyd edilib ki, delimitasiyanın ən mühüm prinsipi razılaşma və konsensus prinsipidir".

 Konvensiyanın imzalanmasında risklər haqqında danışan politoloq belə risklərin mövcud olduğunu əlavə edib: "Son anda tərəflərdən birinin düşüncələrini dəyişdirəcəyi imkanları var. Məsələn, daha əvvəl qəti şəkildə sektorun bölünməsinə qarşı çıxan İran. Uzun müddət ərzində İran obyektiv səbəblərə görə  Konvensiyanın imzalanmasını qəbul etmədi. Çünki  dənizin şimal hissəsinin delimitasiyası üçün hazırkı orta xətt prinsipindən istifadə edilsə, onda İran ən kiçik sektoru alırdı.

Amma İran üçün hansısa bir anda xarici siyasətdə şimal istiqamətini inkişaf etdirmək çox vacib oldu və Xəzər regionu ölkələri bu mövzuda Tehran üçün əsas rol oynamağa başladılar. Və buna görə də İran bütün  prinsiplərlə razılaşdı və dənizin statusuna dair Konvensiyanı imzalamağa qərar verdi".

Pritçin deyib ki, Amerika Birləşmiş Ştatlarının İranın nüvə proqramı ilə bağlı müqavilədən çıxması  əslində, İslam Respublikasını bu Konvensiyanın imzalanması halında gözlədiyi faydalar  və bonuslardan məhrum edir. Ekspertə görə, ABŞ-ın İrana qarşı yeni sanksiyalar paketi təqdim etməsi Amerika bazarında İran üçün işləyən şirkətlər üçün ciddi maneə yaradır: "Əslində, belə çıxır ki, İran artıq altı ay əvvəl olduğu kimi, Konvensiyanı imzalamaqla bağlı stimuldan məhrumdur". Bununla belə, politoloq İranın yanaşmasının dəyişməyəcəyinə və Xəzərdə əməkdaşlığın bütün sahələrində fəal iştiraka davam edəcəyinə, sənədi imzalamaqdan imtina etməyəcəyinə ümidvar olduğunu vurğulayıb: "Çünki İslam Respublikası bu günədək dənizdə əməkdaşlığa dair müxtəlif sahələr üzrə bütün danışıqlarda fəal iştirak edib". Xəzəryanı dövlətlərin blokunun yaradılması mümkünlüyü barədə sualı cavablandıran politoloq bildirib ki, Konvensiyanın imzalanmasından sonra beşlərin  maraqları üçün "klub" formalaşdırılacaq:  "Məlum olduğu kimi, Rusiya və Qazaxıstan çox ciddi əməkdaşlıq edir, Qazaxıstan və Azərbaycan tranzit layihələri çərçivəsində fəal iş aparır, Rusiya, Azərbaycan və İran artıq əməkdaşlıq dialoquna malikdirlər. Yəni burda ayrıca tərəfdaşlıq maraqları da var".

PƏRVANƏ

 





10.08.2018    çap et  çap et