525.Az

106 yaş nədir ki...


 

106 yaş nədir ki...<b style="color:red"></b>

Eşitmişdim ki, Bərdədə 106 yaşında, xanım-xatun, qənirsiz gözəl olan qaçqın bir nənə yaşayır.
 
İstinin tüğyan elədiyi bir vaxtda onun görüşünə getdim. Oğlu Tofiq məni mehribanlıqla qarşılayıb, "keçək içəri" - dedi. Gördüm uzunömürlü yatağında uzanıb eynəksiz televizora baxır.

- Xoş gördük, Güldanə xanım!

Başını qaldırıb mənə xoş gəldin elədi. Sonra dik gözümün içinə baxdı, üzündə şirin bir təbəssümlə "siz kimsiniz, oğul" - deyə soruşdu. Bakıdan gəldiyimi, şəxsən onunla görüşmək istədiyimi bildirdim. Xeyli dinmədi və birdən qərib bir ah çəkdi. Keçdiyi həyat yolundan, Şuşalı günlərindən asta-asta, həm də aydın və sərrast kəlmələrlə şirin-şirin danışmağa başladı. Söhbətimiz boyu ona yarızarafat, yarıciddi şəkildə "dünya gözəli", "xanım" deyə müraciət etdim. Məndən 40 yaş böyük olsa da, ona nənə deməyə dilim gəlmədi. Bu yaşında belə qəddi-qamətli, gözəl qalmasına təəccüb etdim. Heyrətləndim, öz-özümə dedim: İlahi, insan bu yaşında, doğma yurdsuz, dərd-qəm içində ola-ola belə təravətli, gözəl qalarmı? İnanın, bu sözlərimdə qətiyyən şişirtmə yoxdu.

Bərdəyə yola düşərkən, yalnız onun yaşının işığına can atırdım. Doğrusu, düşünürdüm ki, alnı qırış-qırış, çöhrəsi solmuş, gözləri çuxura düşmüş, beli bükülmüş, saçı qar kimi ağarmış, ruhu sarsılmış, danışığı rabitəsiz bir qoca qarı ilə görüşəcəm. Fəqət, yanılmışdım. Barmaqları sanki mərmərdən yonulmuş, təbəssümü Cıdır düzünün sübh şehi kimi təmiz, danışığı Sarı babanın beçə balı kimi şirin, yanaqları Şuşanın çiyələyi kimi al-qırmızı, Xarı-bülbülə bənzər şairanə bir xanımla söhbətimiz, 106 ilin kürəyini yerə vuran müdrik ağbirçəklə dialoqumuz dərin və mənalı idi.

...Yerimdə bir az qurdalandım. Elə bil sinəsinin közünü üfürdüm. Şuşanın tarixi əzəmətindən, büllur kimi saf havasından, Ağa Bəyim Ağanın Xarı-bülbül sevdasından, Natəvan nənəsinin dərd əlində giryan olmasından elə gözəl, yanıqlı-yanıqlı danışdı ki, ruhum sarsıldı. Mən də ona Şuşalı xoşbəxt günlərimi sadaladım. Dərdimiz-ağrımız, yaramızın sızıltıları, yurd-yuva həsrətimiz bir-birinə qarışdı. Güldanə nənə hərdən qəribə, qeyri-adi fikirlər söyləyirdi. Ona hər sözünün başında təskinlik verirdim, tezliklə Şuşaya qayıdacağız - deyirdim. Bu sözümdən sonra bir az susdu və belə dedi: "Hə, oğul, mən də o arzudayam. Ürəyimə damıb ki, Şuşanı görməsəm, ölməyəcəyəm. Əgər Şuşada olsaydım, bəlkə də 120-130 il yaşayardım. 106 yaş nədir ki... Ürəyim təpərlidi, məni incidən ayaqlarımdı. Üç ay bundan əvvəl qırğı kimiydim. Arzu edirdim ki, Şuşaya qayıtsaq, yeddi qatı birnəfəsə çıxacam. Gəncə qapısından evimə süzə-süzə gedəcəm. Ya qismət! Ənvər bala, sənə gördüyüm qəribə bir yuxumu danışmaq istəyirəm. Üç dəfə ağ paltarlı kimlərsə gəlib mənə dedilər: "Dur, əyin-başını sahmana sal, vaxtındır, getməliyik". Üzlərinə bozardım: "Siz nə danışırsınız, Şuşada gələrsiniz, onda söhbətləşərik". Qəribə görkəm aldılar, ancaq təkid etmədilər. Hiss etdim ki, sir-sifətimə zəndlə baxırlar. Görünür, mənə rəhmləri gəlib. Təbii danışığımı, bağışlayın, sərrast danışığımı, gözümün işığının tükənmədiyini, qulaqlarımın yaxşı eşitdiyini görüb bir-birinə baxdı və getmək istədilər. Birdən onların arasındakı ən ahılı qayıdıb nə desə yaxşıdır? Dedi: - Nənə, telefonunuz varmı? Dedim, var! Sonra üzümə bir də diqqətlə baxıb qımışdı və dedi: "Nə vaxt özün istəsən, zəng et, onda səni təm-təraqla qarşılayıb hər cür şərait yaradarıq. Həm də behiştə bərabər şərait". Bunu deyib bir anda gözdən itdilər. Qorxdum ki, qayıdıb məni apararlar. Amma qayıtmadılar. Mən and  içmişəm, Şuşada, öz evimizdə hələ ürəyim istəyən qədər yaşamalıyam. Onlara zəng etmərəm. Bir də, bala, canı yanmışlar telefon nömrəmi götürdülər!...

...Bu kiçik yazımı daha rəngli, boyalı, obrazlı və ağrılı yaza bilərdim. Sadəcə Güldanə xanımın həyatının bir yarpağını silkələdim. Bir daha gördüm ki, o, ən xoşbəxt və uzunömürlü analardan biridir. Sinəsi söz ümmanıdır. Həyatı hədsiz dərəcədə sevən ağbirçəyin böyük nəsil şəcərəsi var. 8 övladından ikisi vəfat edib, 23 nəvəsi, 40 nəticəsi, 5 kötükcəsi var.

Güldanə Azad qızı 15 yanvar 1912-ci ildə Şuşa qəzasının Zarıslı kəndində dünyaya gəlib. Onu çox sorğu-suala tutdum. Övladlarından, nəvə və nəticələrindən kimi çox istədiyini soruşdum. Bir qədər susdu, gülümsədi, sonra belə dedi: - Oğul, bar ağacının bütün meyvələri eyni tamda olur. Həyat yoldaşımdan sonra bu böyük nəslin nəhəng bar ağacıyam. Hamısını ürəkdən sevirəm. Ancaq oğlum Mehdini daha çox sevirəm, - desəm, yəqin o biri balalarımın və nəvələrimin xətrinə dəyməz. Ürəyim, canım, mənəviyyatım, qanım, iliyim məni yaşatdığı kimi, övladlarım, nəvələrim, nəticələrim, kötükcələrim də məni elə yaşadırlar. Qürur hissi duyuram. Bircə dərdim var, Şuşa dərdi. Kaş orda təzədən yaşayaydım. Dünyada heç bir dərdim olmazdı. Allaha pənah, hər şey onun əlindədir!

Biz də Güldanə nənəmizi Tanrıya tapşırıb, onunla sağollaşdıq.

Ənvər ƏHMƏD
Ədəbiyyat üzrə fəlsəfə doktoru, professor, şair, Beynəlxalq Kadrlar Akademiyasının akademiki

 





10.08.2018    çap et  çap et