525.Az

Kəlbəcər Mədəniyyət Evində ustad aşıqların və gənc ifaçıların iştirakı ilə tədbir


 

Kəlbəcər Mədəniyyət Evində ustad aşıqların və gənc ifaçıların iştirakı ilə tədbir <b style="color:red"></b>

"Aşıq Şəmşir" Mədəniyyət Ocağı İctimai Birliyi (İB) Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının yardımı ilə "Qaçqın və məcburi köçkün bölgələrindən olan ustad aşıqlara məxsus dastançılıq ənənəsinin qorunması" layihəsi çərçivəsində Gəncə şəhərində yerləşən Kəlbəcər Mədəniyyət Evində kəlbəcərli ustad aşıqların və gənc ifaçıların iştirakı ilə tədbir keçirib.

Tədbirdə qeyd olunub ki, layihənin məqsədi azərbaycanlıların tarixən məskunlaşdıqları Göyçə, Kəlbəcər və Laçından olan aşıqlara məxsus dastan ifaçılıq ənənəsini qorumaq, yazıya almaq və gələcək nəsillərə ötürməkdir.

Tədbirdə ustad aşıqlardan Aşıq Xalıqverdi Həmidoğlu, Əməkdar mədəniyyət işçisi Aşıq Əhliman Kəlbəcərli və başqaları çıxış edərək bildiriblər ki, aşıq sənətinin xalqımızın mədəni tarixində mühüm yeri var. Aşıq sənəti və dastançılıq ənənələri Kəlbəcər, Laçın və Göyçədən olan aşıqlar tərəfindən hər zaman inkişaf etdirilib və özünün orijinallığı ilə fərqlənib.

Sənətkarlar vurğulayıblar ki, adıçəkilən mühitdə Sarı Aşıq, Aşıq Alı, Aşıq Ələsgər kimi azman sənətkarların dastançılıq ənənələri sonralar Dədə Şəmşir, Aşıq Umbay, Aşıq Cabbar, Qəmkeş Allahverdi kimi ustad sənətkarlar tərəfindən davam və inkişaf etdirilmişdir. Kəlbəcər aşıq mühitində xüsusilə, ustad sənətkar Dədə Şəmşir həm dastan ifaçısı, həm də bir neçə dastanın yaradıcısı kimi tanınır.

Lakin təəssüflə qeyd edilib ki, bu gün həmin bölgələrdən olan insanların kompakt halda yaşamaması və eyni zamanda, ustad sənətkarların dünyasını dəyişməsi nəticəsində bu sahə kifayət qədər araşdırılmır. Ona görə də, bu məsələ diqqətdə saxlanılmalıdır ki, həmin torpaqlar işğaldan azad edildikdən sonra da aşıq sənəti və eyni zamanda dastançılıq ənənələri inkişaf etsin. Çünki adları çəkilən bölgələrin əhalisi tarixən ozan-aşıq mədəniyyətinin qorunmasında mühüm rol oynayıb.

ŞAHANƏ

 





10.08.2018    çap et  çap et